Simiclik və qənaətcillik arasında keçən sərhəddin dəqiq yerini öyrənmək üçün balaca bir araşdırma apardım. Sən demə elə pulu olan simic olar və qənaət edər. Pulu olmayan isə qənaətin nə olduğunu bilməz. Daha aydın olmaq üçün milyonçuların yaşam tərzini bir araşdıraq.
Pul pulu çəkər
ABŞ tədqiqatçılarının şahidliyinə inansaq hər 4 milyonçudan biri ayağına 100 dollardan baha olmayan ayaqqabı geyinir. Hər 10 milyonçudan biri əynindəki kostyumun 200 dollardan artıq olmadığını deyib dədəsinə, allahına, nə bilim nəyə də and içə bilər. (Onları «Binə» ticarət mərkəzində gəzdirsək, onlar gözləriylə insanların son qəpiyini verib pal-paltar aldığını görsələr yəqin ki, ürəkləri partlar). Deyirlər ki, milyonçuların yalnız 50 faizi 240 dollardan baha olan saat almağı özünə qıyır. Zənginlərin yalnız üçdə biri qət təzə, yaşı 3 ildən artıq olmayan maşında gəzir. Qalanları, lətifəsi bizdən iraq, maşınının köhnəliyini vecinə almır. Sən demə miloynçular da normal adamlar kimi yaşaya bilirlər və adi adamların işlətdiyi əşyalardan onlar da alıb evlərinə düzürlər. Əlbəttə, biz onlara əcaib-qəraib adam kimi baxırıq. Amma tarixə nəzər salsaq hacıqaralıq fenomeninin, yəni qənaətcillik və simicliyin milyonçular arasında paranoyaya çevrilməsi halları kasıbın pul tapması hallarından daha çox olduğunu görərik.
Ana oğluna qıymadı
Dünyanın ən böyük simiclərindən biri amerikalı Qenrietta Xoudend Qrin adlı 20-ci əsrin dahiyanə finansist qadını sayılır. 1916-cı ildə vəfat edəndən sonra bu xanım özündən sonra 100 milyondan çox varidat qoyub. İndi bu kapital 20 milyarda çatıb. Amma o, yulaf sıyığını batareyada qızdırırdı ki, plitəni bir də işə salmasın. Milyonçu xanım ömrü boyu ən ucuz yaşayış yerlərində ev kirayələyirdi. Buna baxmayaraq o, Çikaqonun bir neçə kvartalının sahibi idi. Öz mənzillərindən birini özünə qıymırdı. Bi r dəfə isə 2 sent qiyməti olan markanı axtarmağa düz bir sutka vaxt sərf eləmişdi. Onun «qənaətcilliyi»nin ən yüksək nöqtəsi o sayılır ki, oğlu anasının simicliyindən ayağını itirir. Çünki Qenrietta xəstə oğlunu evdə zarıya-zarıya qoyub düz 3 gün havayı xəstəxana axtarmışdı. Tapanda isə artıq gec idi. Oğlunun ayağını kəsməli oldular. Allah bu xanıma pul da, hələ ömür payı da vermişdi. O, əgər 82 yaşında qulluqçunun üstünə hirslənməsəydi bir az da yaşaya bilərdi. Aşbaz qadının bir qab südə görə həmişəkindən artıq pul verdiyini görüb əsəbləşdi və buna görə də iflic olub həyatını itirdi.
Baladan da şirindi nəvə?!
Neft kralı Con Pol Getti 30 il əvvəl 4 milyard dolları ilə dünyanın ən varlı adamlarından idi. Amma o da hər şeydə qənaət etməyi sevirdi. Məsələn, onun villasında taksafon yerləşdirilmişdi ki, gələn qonaqlar danışmaq istəsə ev sahibinin hesabına danışmasınlar və məcbur olub əllərini ciblərinə salsınlar. Neft kralı başqalarının telefon danışığını ödəmək fikrində deyildi. 1973-cü ildə onun nəvəsi Conu babasından pul qopartmaq məqsədilə oğurlayanda baba 17 milyonu verməkdən boyun qaçırdı. Pul onun üçün nəvəsindən qiymətli idi. Adam oğruları uşağın qulağını kəsib konvertin içində göndərəndə babası bir qədər rəhmə gəldi. Amma yenə də «qənaətcilliyindən» qalmadı. Nəvəsini geri qaytarmağa onun cəmi 2,7 milyon xərci çıxdı.
«Xruşovka»da yaşayan milyarder
«Forbs» jurnalının sorğusuna görə dünyada ən varlı insanların siyahısında ikinci olan amerikalı Uorren Baffet (varidatı 44 milyard hesablanır) Uoll-strit küçəsində əhatəsinin bəyənmədiyi, hətta bəzilərinin ayıb saydığı köhnə «Lincoln Towncar» maşınında gəzir. Bu maşında nömrə əvəzinə «THRIFTY» yəni «qənaətcil» yazılıb. Özü isə 40 əvvəl 30 min dollara aldığı mənzildə hələ də yaşayır və deyilənə görə onu bu yaxınlarda dəyişdirmək fikrində deyil. Məişətində də çox israfçı deyil. Təmtərağın yalnız bir növündən istifadə edir: arabir çox tələsəndə şəxsi təyyyarədə uçur. Bununla belə gündəlik həyatda tələsik yemək hazırlayan qəlyanaltı yerlərində yeməyi sevir. Oranın yeməklərini o qədər bəyənir ki, özünü evdəki kimi hiss etmək üçün şəbəkə dükanlarından birini alıb da. Ona görə də deyə bilər ki, «öz evimdə yemək yeyirəm».
Morris Minor əvəzinə 12 yaşlı Niva
Varlı skandinav, «Tetra Pak» qablaşdırılma materiallarının (karton qablaşdırılma içinə süd, şirələr dolduraraq bütün dünyanı dolaşıb) istehsalı üzrə kompaniyanın təsisçisi Hans Rausinq kəm-köhnə Morris Minor maşınında gəzişməkdən utanmırdı. Varidatı 8 milyardı ötən milyarder bir neçə il əvvəl köhnə maşınıla vidalaşıb. Əvəzində isə 12 il sürülmüş rus «Niva» markalı maşını alıb. Rausinq hər dəfə dükana nəsə almağa girəndə satıcılar qaragünlüyünü qablaşdırır. Çünki o, möhkəm sövdələşəndir.
Bax, pis oxusan milyonçu olarsan!
«İKEA» kompaniyasının təsisçisi, ən varlı isveç İnqvar Kamprad hazırda 28 milyonluq varidatını hələ məktəb skamyası arxasında olarkən yığmağa başlayıb. Qələm və pozanları ucuz qiymətə alıb yığan və sonra onu üçqatına başa satan gələcək mebel maqnatı bu işdə ad da çıxarmışdı. Satışdan qazanc qalan pulu o, yığırdı. Deyilənə görə o, hələ də ucuzvari restoranlarda yeyir, səfərə gedəsi olsa ekonom-klassla uçur, avtobusa minir və ehtiyac olarsa 3 ulduz otellərdə qalır. İstirahət etmək istəyəndə bahalı, gəzməli, görməli yerlərdənsə İsveçin ucqar, gözdən uzaq çaylarının birində sahildə çöməlib balıq tutmağa üstünlük verir. İşdə isə İnqvar öz işçilərindən kağızın hər iki üzünü işlətməi tələb edir. Köhnə kreslo və ayaqüstü saatdan başqa onun evindəki bütün mebel «İKEA»dandır. Adıçəkilən köhnə mebeli o, artıq 32 ildir ki, işlədir. O, arabir etraf edir ki, «Arvadım mənə təzə kreslo almağı tövsiyyə edir, çünki bu artıq çox çirklənib. Bu, kreslonun yeganə qüsurudur. Yoxsa mən yenisini almaq istəməzdim».
İnqvar sürtülmüş gödəkcədə və köhnə «Volva»da gəzir. Onu tez-tez ictimai nəqliyyatda görmək olar. Amma o, qoca təqaüdçü görkəmiylə heç kimdən fərqlənmir. Danışırlar ki, uzun illər başını qırxdırdığı dəlləyin xidmətlərindən imtina edərək başqasının yanına ona görə gedir ki, o birisi bir az ucuz saç kəsirmiş. Bir dəfə isə onun şərəfinə İnqvar adlandırılmış böyüdüyü şəhərdə adına ucaldılmış abidənin açılışında lenti kəsməkdən də imtina etmişdi. O, lenti açaraq merə uzatmış və demişdi ki, onu daha lazımlı şəkildə istifadə edə bilər.
«İKEA» mağazalar şəbəkəsinin belə adəti var ki, açılış günlərində adamın çoxluğundan rəhbər vəzifələrdə olanlar da kassada dayanıb kömək edərək qabalşdırmağa əl tuturlar. Bir dəfə növbədə dayanmış qadın İnqar Kampradiyə (yeri gəlmiş dünyanın ən varlı kişisindən birinə) baxıb nəvəsinə belə deyir: «Bax, dərslərini pis oxusan bu baba kimi qoca yaşında yad adamlara qablaşdırılmada kömək etməli olacaqsan».
«Google»nin direktoru dəyircəkli konkidə işə gəlir
Hər gün minlərlə, milyonlara insan «Google» axtarış sistemindən istifadə edir və bu sistem hər dəfə reklam linkinə tıklananda sahibinə gəlir gətirir. Onun sahibi və yaradıcısı 33 yaşlı Sergey Brin artıq 11 milyard qazanıb. İndi o, ABŞ-da yaşayır. Hazırda milyarder 3 otaqlı sadə mənzildə qalır. «Yanlış milyarder»in nə yaxtası, nə də villası var. Onun heç super avtomobili də yoxdu. Şaiyələr dolaşır ki, Sergey gözoxşamayan «Prius»da gəzir. Ucuzvari «Toyota» markalı bu maşın təkcə benzinlə deyil, həm də ekoloji təmiz yanacaqla- elektriklə işləyir. Amma o, arabir bu maşınından da bezib işə «Google»nın başqa direktorları kimi diyircəkli konkidə gedir. İşdə istirahət zamanı avtodayanacaqda diyircəkli konkilərini yenə də ayağına çəkib xokkey oynayır. Onu da deyirlər ki, acıyanda San-Fransiskonun rus restoranlarının birində, çox vaxt «Katyanın çayxanasında» yemək yeyir.
Simic ulduzlar
Şou biznesin ulduzları milyonları asanlıqla qazandığı kimi asanlıqla da xərcləyirlər. Amma arabir elə simiclik göstərirlər ki, təəccübdən heyrətlənirsən. Ulduz cütlüyü - Bekxemlər ailəsinin xanımı «Spice Girls» qrupunun keçmiş solisti Viktoriya Bekxemi əri Mançester stadionunda top vurarkən tramvaya minib ora getdiyini dəfələrlə görüblər. Məlumlur ki, xanım Bekxemin şəxsi varidatı 18 milyondur. Amma onun ucuzvari «Blue Nun» şərabı üçün ürəyi gedir və tez-iez düşüb yaxınlıqdakı marketdə bu şərabı soruşur. Gündəlik geyimini isə o, hamı düşündüyü kimi «Christian Dior», ya da «Versace»dən deyil Matalan mağazalarından alır. Sevimli dükanlarının adını soruşanda isə «Top Shop» mağazasından geyindiyini deyir.
Uğurlu kommersiya fəaliyyəti nəticəsində 72 milyonu qazanmış kino rejisyoru Maykl Uinner arabir şüşəsi 6 min olan şərab içir. Amma buna baxmayaraq o, köhnə poçt markalarını bir neçə dəfə işlətməyə çalışır ki, bir qədər qənaət etsin. Deyirlər ki, o, diş pastası qurtarana az qalmış tübiki iki yerə qayçılayır ki, qiymətli pastanın bir damcısını da itirməsin. Estradanın ulduzu Madonna 150 milyonun sahibi olsa da arabir telefon danışıqları siyahısını şəxsən özü arıtlayır ki, kənar danışıqlara görə qulluqçunu danlayıb bu məbləği onun maaşından çıxa bilsin.
Milyonlarla qonorar alan ulduzlar da simicliklərindən qalmır. Aktyor Ceremi Payven ofisiantlara «şirinlik» əvəzinə özünün çəkildiyi serialların disklərini verir. Britni Spirs isə ofisiant lap gözünün içinə baxanda ciblərini çevirib yalnız dəmir pullara qıyır. Ümumilikdə amerikalılar «şirinlik» verməyi, bizimki kimi «hörmət etməyi» sevmirlər. Bu simiclər ölkəsində hər iki nəfərdən biri maşınında içdikdən sonra kofenin plastik qabını atmayıb saxlayır. Çünki buraların qaydasına görə müştəri kofenin pulunu veribsə daha bir pay kofeni pulsuz ala bilər. Ona görə də amerikalılır bu qabı əllərinə alıb pulsuz kofe üçün növbəyə dayanırlar. İnsanlar bəzən simicliklərində hətta heyrətedici də ola bilirlər. Bir ailə ildönümlərini «Xollmark» mağazasında qeyd etməyi qərar vermişdi. Onlar bütün açıqcaları ucadan bir-biri üçün oxuyaraq təbrikləri qəbul etmiş, axşamüstü mağazadan pulları ciblərində və əhvalları yüksək şəkildə çıxıb getmişdilər. Simiclikdə ad çıxarmış Amerikada Loren Veberin «Qənaətcilliyə bel bağlayırıq: anlaşılmaz Amerika məziyyətlərinin tarixi» kitabı əldən-ələ gəzir. Burda danışılır ki, müəllifin atası soyuq havalarda evi 10 dərəcə istilikdə saxlamaqla, tualet kağızına məhdudiyyət qoymaqla qənaət etdiyinin hesabına uşaqlarını istədiyi kollecdə oxutdura bilib.
Hərisliyin qarşısında imic heç nədir
Bir neçə il əvvəl milyonçu Nikolas fon Xooqstrateni tərəf müqabilini öldürdüyünə görə həbs etmişdilər. Onun varidatı 800 milyona yaxındır. Qətldən sonra onun evində axtarış aparan polislər tapdıqları qəribəlikləri qəzetçilərə danışmışdılar. Milyonçunun mətbəxində işlədilmiş çay paketlərindən bir qalaq tapılmışdı. O, paketi işlətdikdən sonra sərib qurudurmuş ki, yenidən çay dəmləyə bilsin. Milyonçu bir ildən sonra azadlığa çıxsa da hamı ona çox pis baxırdı.
İtə də ərə gedərəm
23 yaşlı aktrisa Uendi Dorkas milyonçu kinorejisyoru Rodjer Dorkasa ərə gedəndə ərindən 3 dəfə kiçik idi. Amma aktrisa ərinin tezliklə öləcəyinə və varidatı ona qoyacağına ümid edirdi. Evliliyin birinci ilini qeyd edəndən sonra kişi həqiqətən də vəfat etdi. Amma vəkillər vəsiyətnəməni oxuyanda məlum oldu ki, o, cavan arvadına cəmi 1 sentlik miras qoyub. Qalan 64 milyon dolları iti Maksimiliana vəsiyyət edib. Məhkəmə itin xeyrinə qərar çıxarsa da aktrisa çıxış yolu tapır. Sən demə Dorkas itin adına hesab açmaq üçün onu ABŞ-ın vətəndaşı kimi rəsmiləşdirməli olmuşdu. Bir vətəndaş kimi bu itə ərə getmək də olardı, çünki bütün kağızları qaydasında idi. Onlar, yəni aktrisa və it evləndilər. Yalnız Maksimilian ayaqlarını uzadandan sonra «dul qalmış» xanım bütün varidatı ələ keçirə bilir.
***
Bayaqdan ləzzətlə onun-bunun milyonçularının dalıyca danışıram, heç özümüzküləri yada salmıram. Amma deyirlər ki, onnan bizdə də var, özü də nə qədər istəsən. Amma onlar ya pulun hardan gəldiyini deməyə utanır, ya da qorxur. Pulun da kı, qəribə xasiyyəti var: gəldiyi kimi getməyi sevir. Çətinliklə qazanılan pulun bərəkəti olur. Sel kimi gələn pul isə elnən gedir. Bu da bir xalq məsəlidir.
Tarix: 05.12.2014 / 15:45 Müəllif: Aziza Baxılıb: 191 Bölmə: Ümumi Psixologiya