Psixoterapiyada art terapiya metodu ən cavan metodlardan biridir. İlk dəfə bu terapiyanı 1938-ci ildə Adrian Hill vərəm dispanserində xəstələr üzərində tətbiq etmişdir. Onun 1945-ci ildə nəşr etdirdiyi “Təsviri sənət xəstəliklərə qarşı.” kitabı uzun müddət psixiatr və psixoloqların masaüstü kitablarından biri oldu. Kitabda xəstəliklərdən azad olma və orqanizmin bərpası prosesində şəkil çəkmə prosesinin müsbət təsirini göstərən emperik təcrübələr verilmişdi.
Zamanla bu növ terapiya çox geniş yayıldı və demək olar ki sərhədsiz tətbiq sahəsinə sahibdir. Bu terapiyanı istənilən qrup insanlarla və məqsədlərlə istifadə etmək olar. Tədris müaəsisələrdən başlayaraq, psixiatrik klinikalara qədər auditoriyaya sahib olan art terapiyanı müxtəlif incəsənət növləri ilə keçirtmək mümkündür.
Art terapiya emosiyalar üzərində bir eksperimentdir. Ona görə də ilk olaraq gizlənmiş emosional problemlər art terapiyada asanlıqla üzə çıxır. Emosional yaşamlar kağız üzərində simvollar şəklində ifadə olunur. Art terapevtin əsas işi bu simvoları açmaqdır. Bunun üçün ilk olaraq o qrafo-analizi bilməlidir.
Öz emosional yaşantılarını çəkərək əks etdirməyin ilkin tarixi qədim dövrlərə, mağara rəsmlərinə çəkilməsi dövrünə düşür. İnsanlar öz varlıqlarını, kosmik dünyada mövcudluq əlamətlərini divar rəsmləri ilə simvolizasiya etmişlər. Bu divar rəsmləri insanların təfəkkür fəaliyyətinin inkişafını göstərən ən gözəl nümunəlrdir. Əl-əzələ sisteminin təkmilləşməsi prosesi ilə baş beynin aktivliyi arasında sıx əlaqəlilik burda özünü ən gözəl şəkildə göstərir. Rəng seçimi, basqı və mövzu seçimi. Bunlar kor-təbii ahəngdarlıq yaradan tərəflər deyil.
İlk olaraq incəsənətlə müalicənin tarixi çox qədimlərə gedir. Ən bariz nümunə qədim dini mənbələrdən biri olan Tövratdan gətirilir. Belə ki orda qeyd olunur ki, Davud peyğənbər musiqi alətində, arfada çalaraq Saulu əsəb pozuntusundan sağaltmışdır. Qədim yunanda isə rəssamlığın, teatrın, musiqinin, rəqsin insan orqanizminə təsirini öyrənirdilər. Məsələn: Pifaqor, Aristotel, Platon musiqinin terapevtik və proflaktik təsirindən danışırdılar. Bununla əlaqədar Pifaqorun evritimiya nəzəriyyəsi də vardı.Bu nəzəriyyəyə əsasən insan müsiqi dinləmə, rəqs etmə, yeriş zamanı və danışma tərzində öz ritmini saxlamalıdır. Onun mikrostrukturu kainat ilə hormoniyada olmalıdır. Hal-hazırda da art terapiyanı tam harmoniya keçirtmək əsas qaydalardan biridir.
19-cu əsrdən başlayaraq art terapiya daha çox psixiatrik klinikalarda istifadə olunmağa başladı: İngiltərədə M.Riçardson, C.Debuffe, E.Qutman və s. psixiatrlar ilkin diaqnostik vasitə kimi rəsm çəkmədən istifadə etmişdilər. Daha sonra Z.Frey və K.Yunq bu sahədə ilk dəfə normal insan şüurunun tədqiqi üçün istifadə etmişdilər. Freyd ilk olaraq şəkil çəkməni psixodiaqnostik metod olaraq görürdü. Yunq bu prosesi inkişaf etdirərək psixoterapevtiv səviyəyə gətirir. Şüursuzluq anlayışı bu anlamda art terapiyanın funksiyasını daha artırdı. Freydə əsasən sıxışdırılmış arzu və istəklər mütləq şəkildə bayıra çıxmaq, maddiləşmək meylində olurlar. Bu baş vermirsə daxili konfliktlər yaranır. Nəticədə onlar bəzi xəstəliklər, nevrozlar halına çevrilərək gizlin şəkildə üzə çıxırlar.
Yunq düşünürdü ki, rəsm çəkmə prosesində bu sıxışdırılmış istəklər, qorxular kağız üzərinə keçdikcə daha idarə olunan olur, təhlükəliliyini itirir, pasient onlara fərqli tərəfdən baxmalı olur və nəticədə katarsistik boşalma baş verir. Pasient rahatlanır.Yunqun ideyalarından istifadə edərək R.Pikford, M.Milnen, D.Vinnikott art terapiya sahəsinə böyük bəhrələr vermişlər. İndi Amerika, İngiltərədə, Rusiyada art terapiya assosiasiyaları fəliyyət göstərir. Bir çox proyektiv metodlar, art terapiya növləri bu assosiasiyaların dəstəklədiyi məktəblər tərəfindən tətbiq edilib. İlk defə İngiltərə Art terapiya Assosiasiyası tərəfindən təsviri sənət metodlarının orta məktəblərdə tətbiqi layihəsi keçirilmişdi.
ABŞ-da art terapiyanın əsasçıları M.Naumburq və E.Kramer olmuşdur. Onların hər biri ayrı bir məktəbin təsisçiləri sayılır. M.Naumburq Freydin nəzəriyyəsinə əsaslanaraq art terapiyanın sadəcə psixoterapevtik metod kimi qəbul edir. Haumburq pasientlərdən öz yuxu və ya qorxularını tasvir etməyi xahiş edir, rəsmlərə əsassən onları analiz edir. E.Kramer isə art terapiyanın müalicəvi əhəmiyyətinə üstünlük verir və daha çox K.Yunqun nəzəriyyəsinə söykənərək fəaliyyət göstərir. Həmçinin H.Rid və E.Kramer təsviri sənəti psixoterapevtik və psixokarreksion vasitə kimi uşaqlar üzərində keçirtmişdi.
Rusiyada bu sahənin inkişafında L.Brusilovskiy, B.Rojnova, A.Kopıtin tərəfindən inkişaf etdirilmişdi. Moskvada və Sank Peterburqda art terapiya məktəbləri açılmışdır. Rusiyada art terapiya psixiatriya və psixoterapiya çərçivəsində inkişaf etmişdir.Sank Peterburqda mövcud olan “Art-terapiya assosiasiyası”na A.İ.Kopıtın rəhbərlik edir. O eyni zamanda “İmoton” tədris mərkəzinə də rəhbərlik edir. Moskvada isə Psixoterapiya və kilinik psixologiya institutunda art terapiya fənn olaraq D.M.Lebedeva tərəfindən tədris edilir.
Art terapiyanın musuqi-terapiya, imaqo-terapiya, foto-terapiya, izoterapiya, oyun terapiya, biblio-terapiya, qum-terapiya, rəqs-terapiya, maska-terapiya və s. növləri var.
Art terapiyada ən çox “Mandala”, “Mövcud olmayan heyvan”, “Mən kiməm?”, “Avtoportret”, “Əhval-ruhiyyəm”, “Vəziyyətim”, “Kollektiv avtoportret”, “Ailə gerbi”, “Hədiyyələr”, “Güzgü”, “Xeyir və şər” adlı çalışmalar istifadə olunur.
Tarix: 27.11.2014 / 12:54 Müəllif: Aziza Baxılıb: 178 Bölmə: Ümumi Psixologiya