Qavrayış bir neçə nöqteyi-nəzərdən təsnif olunur.
1. Qavrayış prosesində hansı analizatorun üstün rol oynamasına görə;
2. Qavranılan obyektin, başqa sözlə materiyanın mövcudluq formasına görə;
3. Qarşıda məqsədin olub-olmamasına görə.
Birinci bölgü onunla əlaqədardır ki, bəzən qavrayış prosesində hansısa bir analizator daha üstün şəkildə iştirak edir. Nəticədə duyğularda olduğu kimi qavrayışın görmə, eşitmə, lamisə, kinestezik, iybilmə və dadbilmə kimi sadə növləri əmələ gəlir. Belə bir cəhəti qeyd etmək lazımdır ki, bu növlərə təmiz halda çox az-az rast gəlmək olur. Adətən qavrayış prosesində müxtəlif duyğular birləşir, birlikdə iştirak edir və mürəkkəb qavrayışı yaradır. Məsələn, şagird mətni oxuyarkən onun qavrayışında görmə, eşitmə, kinestezik duyğular birlikdə iştirak edir. Daha doğrusu qavrayışın bu növlərində duyğudan fərqli olaraq bir deyil, bir neçə analizator iştirak edir.
İkinci növ təsnifat isə, qavranılan obyektin, materiyanın mövcudluq formasına görə aparılır. Bu baxımdan qavrayışın məkan, zaman və hərəkət kimi mürəkkəb növləri mövcuddur.
Məkan qavrayışı. Məkan materiyanın mövcudluq formasıdır. Məkanın qavranılması dedikdə cisimlərin obyektiv məkan xüsusiyyətlərinin və münasibətlərinin formasının, həcminin, relyefinin, fəzada tutduğu yerin, uzaqlığının qavranılması başa düşülür.
Məkanın qavranılmasında bələdləşmə hərəkət analizatoru əsas rol oynayır. Onun köməyi ilə müxtəlif analizatorlar arasında əlaqə yaranır. Məkan bələdləşməsinin xüsusi mexanizmlərinə analizator fəaliyyətinin hər iki yarımkürə arasındakı sinir əlaqələrini: binokulyar görməni, binaural eşitməni, bimanual lamisəni, dirinik iybilməni və s.aid etmək lazımdır. Əşyaların məkan xassələrinin inikasında bütün qoşa analizatorlar üçün xarakterik olan asimmetriya mühüm rol oynayır.
Cisimlərin məkan xüsusiyyətlərinin beynimizdə inikası mürəkkəb prosesdir. Məkan qavrayışında başlıca olaraq görmə analizatoru iştirak edir. Lakin tədqiqat göstərmişdir ki, bu mürəkkəb prosesdə təkcə görmə deyil, bununla birlikdə lamisə, əzələ-hərəkət duyğuları, bəzi hallarda eşitmə duyğuları da iştirak edir. Bu duyğuların birgə və qarşılıqlı fəaliyyəti, cisimlərin məkan xüsusiyyətlərini və münasibətlərinin tam və dəqiq qavranılmasını təmin edir. Məkanın qavranılmasında həyat təcrübəsi də böyük əhəmiyyətə malikdir.
Cisimlərin həcminin qavranılması onların gözün torlu qişasında alınan əksinin böyüklüyündən və həmin cisimlərin müşahidəçinin gözündən nə dərəcədə uzaqda olmasından asılıdır. Bununla bağlı olaraq uzaqda olan cisimlərin həcminin düzgün qavranılması iki cür mexanizmin: akkomodasiya və konvergensiya vasitəsilə həyata keçirilir. Akkomodasiya göz büllurunun əyriliyinin dəyişməsindən asılı olaraq onun işığı sındırma qabiliyyətinin dəyişməsindən ibarətdir. Göz bülluru qavranılan cismin yaxın və ya uzaqda olmasından asılı olaraq öz əyriliyini dəyişir. Məsələn, yaxında olan cisimlərə baxdıqda əzələ yığılması baş verir və nəticədə göz büllurunun gərilmə dərəcəsi azaldığına görə onun forması daha qabarıq olur. Qavradığımız cisim uzaqda olduqda isə əksinə hal baş verir. Bu hal yaxında və uzaqda olan cisimlərin həcmini düzgün qavramağa imkan yaradır. Adətən, yaş artdıqca büllur cismin elastikliyi tədricən azalır və göz özünün akkomodasiya qabiliyətini itirir. Nəticədə uzaqgörmə inkişaf edir. Ona görə də göz büllurunun həmin funksiyasını (gərilmə və açılma funksiyasını) eynəkdə qoyulan linzalarla əvəz etmək lazim gəlir.
Akkomodasiya hadisəsi konvergensiya ilə əlaqədardır. Konvergensiya görmə oxlarının qavranılan cismin üzərinə düşməsindən ibarətdir. Adətən müəyyən akkomodasiya vəziyyəti görmə oxlarının müvafiq qovuşma dərəcəsini tələb edir və əksinə, müəyyən akkomodasiya dərəcəsi görmə oxunun bu və ya digər kəsişməsinə uyğun gəlir. Bunlar olmadan cisimlərin həcmini düzgün qavraya bilməzdik.
Zaman qavrayışı. Zaman da məkan kimi materiyanın mövcudluq formalarından biridir. Zaman qavrayışı gerçəkliyin hadisələrinin obyektiv müddətinin, sürətinin və ardıcıllığının inikasından ibarətdir. Zaman qavrayışı obyektiv gerçəkliyi əks etdirməklə insana, ətraf mühitə bələdiləşmək imkanı verir.
Zaman qavrayışında müxtəlif analizatorlar iştirak edir, bununla belə kineztesik (hərəki) və eşitmə duyğuları əsas rol oynayır. Hərəkət duyğuları hadisələrin müddətini, surətini, ardıcıllığını daha dəqiq əks etdirməyi təmin edir. Bu duyğu ritmin qavranılmasında da mühüm rol oynayır.
Ritmin qavranılması, adətən hərəkətlə müşayət olunur. Psixoloqlardan B.M.Teplovun yazdığına görə «ritm hissi öz əsasına görə hərəki təbiətə malikdir». Ritmi eşitmək mümkün deyil. Biz ritmdən o zaman təsirlənirik ki, biz onu icra edirik.
Zaman obyektiv mövcudluqdur, lakin onun qavranılması subyektiv xarakterdə olur. Əgər qavradığımız zaman maraqlı hadisələrlə zəngindirsə, bizə elə gəlir ki, vaxt əslində olduğundan sürətlə keçir. Əksinə, həmin vaxtda baş verən hadisələr maraqsızdırsa biz vaxtın çox ağır, ləng keçdiyini zənn edirik. Hadisələrə münasibətimiz keçirdiyimiz hisslər də zamanın qavranılmasına təsir edir. Hadisələr bizdə müsbət hisslər yaradırsa vaxt sürətlə keçir. Deməli, zaman qavrayışı çox dəqiq olmur, ona subyektiv amillər təsir göstərir, adam vaxtı qiymətləndirməkdə ciddi səhvlərə yol verir. Elə buna görə də vaxtı düzgün qiymətləndirmək üçün saatdan istifadə edirik.
Hərəkət qavrayışı. Hərəkət qavrayışı həm məkan, həm də zaman amillərindən - cismin uzaqlığından, onların yerdəyişmə sürətindən, həm də qavrayanın özünün məkanda hərəkətindən asılıdır. Məsələn, saatın əqrəbinin hərəkətini bilavasitə görmək olmur. Onun əvvəlki yeri ilə hazırki yerini müqayisə etməklə hərəkət etdiyini söyləyirik. Həddən artıq surətli hərəkətləri də qavramaq mümkün olmur. Hərəkətin qavranılması bir sıra analizatorların fəaliyyəti ilə bağlıdır. Belə ki, görmə, hərəkət, eşitmə analizatorları hərəkətin qavranılmasında iştirak edir.
Hərəkətin qavranılmasında hərəkətin müxtəlif xassə və xüsusiyyətləri əks olunur. Məsələn, hərəkətin səciyyəsi (əyilmə, qalxma), forması (düzxətli, əyrixətli), istiqaməti (aşağı, yuxarı, sola, sağa), müddəti (uzun, yoxsa qısa müddət), sürəti (cəld, ağır və s.).
Qarşıda məqsədin olub-olmasından asılı olaraq qavrayışın iki növü mövcuddur:
Qeyri ixtiyari qavrayış
İxtiyari qavrayış
Qarşıya xüsusi məqsəd qoymadan hər hansı bir obyektin qavranılmasına qeyri-ixtiyari qavrayış deyilir. Öz qeyri-adiliyi, yeniliyi, cazibədarlığı ilə fərqlənən bu cür obyektləri xüsusi niyyət olmadan qavrayırıq.
Qarşıya qoyduğumuz məqsədə müvafiq olaraq bir obyekti başqalarından ayıraraq qavradıqda baş verən inikas prosesinə ixtiyari qavrayış deyilir. Müəllimin mühazirəsini dinlədikdə, teatr tamaşasına baxdıqda, kitab oxuduqda biz bu cür hərəkət edirik.
Qavrayışda illuziyalar. Hiss üzvlərimizə bilavasitə təsir edən cisimlər bəzən olduğu kimi deyil, təhrif edilmiş şəkildə qavranılır. Belə təhrif edilmiş, düzgün olmayan qavrayışa illuziya deyilir. (bax: şəkil 13).
Görmə qavrayışında illuziya daha çox özünü göstərir. Şəkildə göründüyü kimi, üfüqi düz xəttlər fondan asılı olaraq, əyri xəttlər kimi qavranılır. İlluziyalar təkcə görmə ilə bağlı deyil, hərəkət, lamisə, ağırlıq, temperaturun qavranılmasında da baş verə bilir.
İnsanın psixoloji haləti ilə bağlı olaraq da qavrayış təhrif olunur. Məsələn, diqqətin zəifləməsi, affekt halı zamanı illuziya hadisəsi özünü göstərir.
Müşahidə və müşahidəçilik. İxtiyari qavrayışın tipik nümunəsi müşahidədir. Müşahidə hər hansı fəaliyyət sahəsində müəyyən plan üzrə cərəyan edən davamlı və müntəzəm qavrayışa deyilir.
Təlim işində, elmi-tədqiqat işlərində, bədii yaradıcılıqda bir sözlə, insanın fəaliyyətinin bütün sahələrində müşahidənin böyük əhəmiyyəti vardır. Müşahidənin müvəffəqiyyəti bir çox cəhətdən asılıdır:
1. Hər şeydən əvvəl müşahidənin səmərəliliyi insanın qarşısında duran məqsəddən, müşahidənin planından asılıdır. Müəyyən edilmişdir ki, insan gözü gündə 100000-ə qədər sıçrayışlı hərəkət edir. Bu sıçrayışlar bir-biri ilə əlaqələndirilməmiş, məqsədsiz olur. Belə vəziyyətdə müşahidə edən həmin qarma-qarışıq təəssüratlardan baş çıxara bilməz. Ona görə də müşahidənin istiqamətini göstərən, necə deyərlər, bir «kompas» lazımdır. Belə bir «kompas» məhz, müşahidənin planı və qarşıya qoyulan məqsəddir.
2. Müşahidənin müvəffəqiyyətli olması üçün ona qabaqcadan hazırlaşmaq, keçmiş təcrübə, müşahidəçinin biliyi böyük əhəmiyyət daşıyır. İnsan nə qədər geniş biliyə, zəngin təcrübəyə malik olarsa, onun qavrayışı da bir o qədər zəngin olar.
3. Nəhayət, müşahidə səbr və təmkin tələb edir. Hər hansı bir obyekti müntəzəm olaraq, dəfələrlə həm də, müxtəlif cəhətdən müşahidə etmədən düzgün nəticəyə gəlmək olmaz.
İnsanın sistematik, uzun müddət həm də planlı şəkildə qavrama qabiliyyəti müşahidəçilik adlanır. Müşahidəçilik qabiliyyəti olan insan predmetlərə, hadisələrə sadəcə olaraq baxmır. O, cisim və hadisələrdən mühüm olan, yeni olan cəhətləri görməyi bacarır. Müşahidəçi adam cisimlərdə oxşar olan, fərqli olan cəhətləri görür.
Müşahidəçilik şəxsiyyətin ən mühüm, qiymətli keyfiyyətidir. Bu xüsusiyyət ona ətraf aləmdə baş verən hadisələri düzgün qavrama və onlarla düzgün münasibətdə olmaq imkanı verir.
Tarix: 27.11.2014 / 12:03 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Ümumi Psixologiya