Mütəmadi danlanan uşaqlar qorxaq və əsəbi olurlar. Ən kiçik səhvlərinə, nadincliklərinə görə uşaqlara qışqırmaq, danlamaq onların qorxaq, qəzəbli və nifrətə meylli olmasına gətirib çıxarır.
Mütəxəssislərin fikrincə, bu şərtlərdə böyüyən uşaqlar məktəbdə və yaşadıqları yerlərdə başqaları ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər.
Azyaşlılara qarşı sərt davranmaq onların psixologiyasına mənfi təsir göstərir. Mütəmadi təsir altında olan uşaqlarda özünə inam azalır, həmin azyaşlılar özlərini idarə edə, yaşıdları və digər insanlarla ünsiyyət qura bilmirlər. Bu cür davranış onların dərslərinə də mənfi cəhətdən təsir edir. Digər tərəfdən, bu, uşaqlarda nifrət hissini aşılayır. Etdikləri hər hərəkətin böyüklər tərəfindən qəzəblə qarşılanacağını fikirləşən uşaqlar əsəbi olurlar, başqalarına, hətta ata-analarına qarşı sevgiləri azalır. Bəzən də özlərinə qapanırlar, qorxaq olurlar.
Mütəxəssislər bildirirlər ki, tükənməz enerjiyə malik olan uşaqlar evdə, küçədə, hər yerdə mütəmadi olaraq, hərəkət edirlər, ora-bura qaçırlar. Bu yolla onların əzələləri inkişaf edir, oynamaq və çox hərəkət etmək onları psixoloji cəhətdən rahatladır.
Sağa-sola qaçan uşaqları böyüklərin “sakit dur, əşyaları sındıracaqsan, yıxılıb, bir yerini əzəcəksən”, — deyə danlaması, qışqırması düzgün deyil. Bunun əvəzinə, evdəki lazımsız əşyalar yığışdırılmalı, azyaşlıların rahat oynaması üçün şərait yaradılmalıdır. Çünki heç bir əşya uşaqdan qiymətli ola bilməz.
Mütəxəssislər hesab edirlər ki, problemin ən asan və təsirli çıxış yolu uşaqlarla onların başa düşəcəyi dillə danışmaqdır. Onları başa salmaqla səhvlərini təkrar etməmələrinə nail olmaq mümkündür. Uşaqlarla danışarkən, onlara bir şəxsiyyət olduqlarını hiss etdirmək vacibdir. Azyaşlılarla bu şəkildə ünsiyyət qurmaq onların özlərinə inamını qaytarar, psixoloji cəhətdən rahatladar, hər iki tərəfin əsəbiləşməməsinə, rahat bir şəraitdə yaşamasına imkan yaradar.
Tarix: 27.11.2014 / 12:22 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Ümumi Psixologiya