Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Psixologiya elmi

Elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bu dövr yeni elm sahələrinin meydana gəlməsi ilə fərqlənən bir dövrdür. Özünün qədim tarixi­­liyi ilə fərqlənən elm sahələri ilə yanaşı tamamilə yeni elmlərin meydana gəlməsi onları bir-birlərindən fərqləndirməyi, onlardan yerli-yerində bəhrələnməyi tələb edir. Bu elmlərin bir çoxunun obyekti eyni olduğu halda, onlar öz predmetlərinə görə bir-birlərindən fərqlənirlər. Hər bir elmin predmetini özünəməxsus hadisələr təşkil edir. Bu hadisələrdən bəziləri olduqca mürəkkəb, çətin dərk olunan hadisələrdir. Psixologiya elminin predmetini təşkil edən hadisələr də məhz özünün mürəkkəbliyi və çətin dərk olunması ilə fərqlənir. Həmin hadisələr hələ qədim zamanlardan insanların diqqətini cəlb etmiş, bu sahədə müxtəlif fikirlərin, görüşlərin meydana gəlməsinə səbəb olmuşdur. Psixologiyanın öyrəndiyi bu hadisələr psixi hadisələr adlandırılmışdır. Psixi hadisələrin təsnifi və onun strukturu müxtəlif mövqelərdən şərh olunmuşdur. Bu sahədə daha çox diqqəti cəlb edən psixi hadisələrin üç qrupa ayrılması ilə bağlı olan fikirlərdir: psixi proseslər, psixi hallar, psixi xassələr.
1. Psixi proseslər insan davranışının ilkin tənzimləyicisi kimi meydana çıxır. Psixi proseslərə duyğu, qavrayış, hafizə, diqqət, təfəkkür, təxəyyül, hissləri və iradəni daxil edirlər. Psixi proseslərin müvafiq başlanğıcı, gedişi və sonu vardır. Məhz buna görə də psixoloqlar psixi proses termininin psixi faktın prosessuallığını nəzərə çarpdırmağını qeyd edirlər. Psixi prosesləri üç qrupa ayırırlar: idrak prosesləri, emosional və iradi proseslər.

İdrak prosesləri gerçəkliyi dərk etmək, gerçək aləm haqqında məlumatların qavranılması və işlənməsi ilə bağlı olan psixi proseslərdir. Bunlara duyğular, qavrayış, hafizə, diqqət, nitq, təfəkkür, təxəyyülü aid etmək olar.
Emosional proseslərə insanların gerçəkliyə müna­si­bət­ləri ilə bağlı olan hisslər daxildir. Gerçək aləmdə baş verən hər hansı bir hadisə insanda müsbət və mənfi emosiya yarada bilir ki, bu da onun fəaliyyətinə müvafiq təsir göstərir.
İnsanın həyat və fəaliyyətində iradi proseslərin də rolu az deyildir. İradi proses özünü insanın qərar qəbulu, çətinlikləri aradan qaldırmaq, öz davranışını idarə etmə şəraitində aydın şəkildə göstərir.

2. Psixi hallara gəldikdə onlar bütövlükdə insanın psixi vəziyyətini xarakterizə edirlər. Onlar da psixi proseslər kimi özlərinin dinamikliyinə, istiqamətinə, nisbi davamlılığına, intensivliyinə görə fərqlənirlər. Bununla yanaşı olaraq psixi hallar psixi proseslərin gedişinə və nəticələrinə təsir göstərə, fəaliyyəti gücləndirə və ya ləngidə bilər. Psixi hallara dirçəliş, məyusluq, qorxu, ümidsizlik, ruhdan düşmə, gümrahlıq və s. aid etmək olar.

3. Psixi hadisələrin üçüncü qrupuna şəxsiyyətin psixi xassələrini aid edirlər. Şəxsiyyətin psixi xassələri özlərinin yüksək davamlılığı və sabitliyi ilə fərqlənirlər. Psixi xassələrə şəxsiyyətin istiqamətini, temperament, xarakter və qabiliyyətləri aid edirlər. Psixoloqlar belə qənaətə gəlmişlər ki, bu xassələrin inkişaf səviyyəsi, eləcə də psixi proseslərin inkişaf səviyyəsi və psixi halların üstünlüyü insanın təkrarolunmazlığını, fərdiyyətini təmin edir.

Bütün qeyd olunanları nəzərə alaraq psixologiyaya bir elm kimi belə tərif vermək olar: Psixologiya obyektiv gerçəkliyin beyində əks olunmasından ibarət psixi hadisələr, onların yaranma və inkişaf qanunları haqqında elmdir.


Tarix: 27.11.2014 / 11:52 Müəllif: Aziza Baxılıb: 105 Bölmə: Ümumi Psixologiya
loading...