Hisslər yaranma sürətinə, qüvvəsinə və davamlılığına görə müxtəlif şəkildə keçirilə bilir. Bu baxımdan hisslərin aşağıdakı əsas keçirilmə formalarını qeyd etmək olar: əhvallar, affektlər, gərginlik, frustrasiya.
Əhvallar. Əhval tədricən yaranan, orta qüvvəyə malik olan, xeyli müddət davam edən emosional haldır. Səhər eşitdiyimiz xoş bir xəbər bütün gün gümrah, şən əhval-ruhiyyə keçirməyimizə səbəb ola bilər. Bu baxımdan əhval xeyli müddət insanın davranışına və psixi proseslərinə təsir edən ümumi emosional haldır. İnsanda yaranan əhvallar müsbət və ya mənfi xarakter daşıya bilər. Məsələn, müsbət xarakter daşıyan gümrah, şən, işgüzar əhval xeyli müddət, bəzən bir və ya bir neçə gün davam etməklə insanın fəaliyətinə də öz müsbət təsirini göstərə bilir. Bunun təsiri altında insan öz işini ruh yüksəkliyi, inamla yerinə yetirir. Mənfi əhval-ruhiyyə isə insanın fəaliyyətinə ləngidici təsir göstərir. Bir çox hallarda əhvalın yaranması və dəyişməsi böyük emosional təəssürat yaradan, bəzi hissləri canlandıran, digərlərini zəiflədən müxtəlif həyat hadisələrindən ibarət ola bilər. Ona görə də birinci növbədə məktəblilərdə pis əhvalın yaranmasına təsir edən mənbələrin aşkara çıxarılması, imkan daxilində onların aradan qaldırılması, məktəbliyə nəzakətli yanaşmaq lazım gəlir. Bu prosesdə şagirdin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınması da zəruridir.
Affektlər. Affektlər surətlə yaranan, qüvvətli, nisbətən tez keçib gedən emosional hallardır. Affektlər insanı tez bürüyən, sürətlə ötüb keçən, iradi nəzarətin pozulması ilə səciyyələnən emosional prosesdir. Bu zaman insan keçirdiyi qorxu, hiddət, qəzəb və s. hisslərə güclü şəkildə qapılır. Adətən, insana qarşı ədalətsiz, normalara uyğun gəlməyən, mənliyə toxunan hərəkətlər onu bir anda, sürətlə özündən çıxarır və kəskin hərəkətlərə yol verməsinə səbəb olur. İnsan bu cür hərəkətlərin icrasına əvvəlcədən hazırlaşmır. Onun bütün hərəkətləri şüurun nəzarətindən kənar baş verir. Fizioloji affekt adlanan bu hal tez də keçib gedə bilir.
Stress (ingiliscə – stress – təzyiq, gərginlik deməkdir) – insanın fəaliyyət və ünsiyyət prosesində çətin və mürəkkəb fiziki, zehni işlər görərkən, eləcə də təhlükə zamanı təcili və məsuliyyətli qərar qəbul etmək zərurəti qarşısındaqaldıqda keçirdiyi psixi vəziyyətdir. Mahiyyətcə stress – insanın keçirdiyi normal vəziyyətlərdən biridir. Onun insana pis təsiri həmin emosional vəziyyətin hansı səviyyədə baş verməsi ilə bağlıdır. Belə ki, stress halı bəzi vaxtlarda insanın məqsədyönlü fəaliyyətinə pozucu təsir göstərir, bəzən isə əksinə qüvvə və enerjini artırır, fikrin cəmləşməsinə müsbət təsir göstərməklə, çətin məsələnin tez və asanlıqla həll olunmasına şərait yaradır. Bu mənada görkəmli Kanada fizioloqu H.Selye stressi «ümumi adaptasiya sindromu» adlandırmış və onun üç mərhələdən ibarət olduğunu göstərmişdir: 1. həyəcanlanma. 2. müqavimət. 3. əldən düşmə və üzülmə. H.Selye stressi – hər hansı fövqaladə təsirə qarşı qeyri – spesifik müdafiə reaksiyası adlandırmışdır. Deməli psixi proseslərin diqqətin, qavrayışın, hafizənin, təfəkkürün gedişinə dolaşıqlıq yaradan psixi vəziyyəti distress adlandırmaq olar. Uzunmüddətli distress vəziyyəti insanda bəzi xəstəliklərin (infarkt, beyin insultu, keçəllik, diş tökülməsi və s.) yaranmasına səbəb olur. Psixoloji stress emosional və informasion stressə bölünür. Emosional stress təhlükəli, çətin, qorxulu şəraitdə özünü biruzə verir. Belə olan halda psixi fəaliyyətin gedişində neqativ məzmunlu dəyişiklik təzahür edir. İnformasion stress isə informasiya gününün həddən ziyadə çoxluğu nəticəsində tapşırığın öhdəsindən gələ bilməkdə özünü göstərir.
Stressin bir forması da eustressdir. Eustress – xoş xəbər, yaradıcılıq müvəffəqiyyəti, xoşa gələn fiziki iş və s. nəticəsində yaranan müsbət gərginlik vəziyyətidir. Eustress – əmək fəaliyyətini artırır və bədənin xəstəliklərə qarşı müqavimətini gücləndirir.
Frustrasiya.Frustrasifa — (latınca frustrasio – aldanma, nahaq gözləmə, əhval pozuntuluğu) – insanın düşdüyü psixi vəziyyət formasıdır. İnsanın öz məqsədinə çatmasına maneçilik törədən real və ya xəyali maeələrlə rastlaşması nəticəsində keçirdiyi emosional hal – frustrasiya adlanır. Onun mahiyyətini daha yaxşı başa düşmək üçün aşağıdakı nümunə ilə tanış olaq:
İmatahan olduğu üçün, gecə saat 3-ə qədər yatmayıb suallara hazrlaşmısınız. Gec yatdığınıza görə, otaq yoldaşınızın da nə vaxt oyandığını və evdən çıxdığını da bilməmisiniz. Zəngli saatı da qurmağı unutmusunuz. Belə olan halda, imtahana gecikdiyiniz üçün bir fincan çay da içməyib tələsik avtobus dayanacağına yollanırsınız. Dayanacağa çatan kimi universitetin yanından ötən avtobusun elə indicə uzaqlaşdığını görürsünüz. İmtahana gecikməmək üçün universitetə qismən yaxın gedən başqa avtobusla getməyə qərar verirsiniz. Əl qaldırmağınıza baxmayaraq, onlar da dolu olduğu üçün sizi götürmək üçün saxlamırlar. Artıq sınağa yarım saat qalıdığı üçün məcbur olub taksi saxlayırsınız. Yolda tıxac olduğu üçün taksi sizin zənn etdiyinizdən də ləng getməyə məcburdu. Elə universitetə azacıq qalmış arxadan gələn maşın sizin maşınla toqquşur. Sürücü maşını yolun kənarında saxlayaraq, həmin sürücü ilə mübahisə etməyə başlayır. Bu halda siz həyəcanla saata baxıb imtahana 8 dəqiqə qaldığını görürsünüz. Sürücü «Mən gedə bilmərəm» – deyib, yol polisinin gəlməsini gözləyir. Sürücünün haqqını ödəyib, qalan yolu piyada getməyə məcbur olursunuz. Auditoriyaya girəndə müəllimin sizi soruşduğunu eşidirsiniz. Bileti çəkib əyləşəndə, qələmi unudub evdə qoyduğunuz məlum olur. Belə bir şəraitdə başınızı əlləriniz arasına alaraq durur və yaxında olan tələbə yoldaşınızdan qələm istəyirsiniz.
Yuxarıda göstərdiyimiz misalda, tələbənin düşdüyü psixi vəziyyət onun keçirdiyi emosional hal, frustrasiya halıdır. Bu cür halı, psixi vəziyyəti elə dilimizdə işlədilən əngəllənmə sözü ilə ifadə etmək olar. Onda frustrasiyanı, əngəllənmə duyğusu, hissi kimi xarakterizə etmək olar.
Beləliklə, insanın qarşısına qoyduğu məqsədə nail olmasına, onu əldə etməsinə real və xəyali surətdə əngəllər törədən cisim və hadisələrlə qarşılaşdığı zaman keçirdiyi hisslər frustrasiya və ya əngəllənmə hissi adlanır. Başqa sözlə frustasiya insanın hər hansı bir uğursuzluğa, itgiyə əlacsızlıq hissi, bihadə sərf olunan cəhdlə müşayət olunan mənfi – emosional təəssüratıdır.
Frustrasiya əsasən insanın narazılıq və ya təmin olunmamaq səviyyəsi onun dözüm səviyyəsindən üstün olduqda əmələ gəlir. Frustrasiya özünü itirmək, qəzəb aqressiya, küskünlük, həyəcan, inamsızlıq və s. şəkildə təzahür edir. Həyəcan – frustrasiya halətinin katalizatorudur. Həyəcan – mövcud vəziyyətin və davranışın gələcəkdə ortalığa çıxaracağı nəticə ilə bağlı olaraq yaranır. Bu hiss insanı gələcəkdə arzu etmədiyi bir durumda olmaqdan qorunmasına yönəldir.
Frustrasiya həyəcan və aqressivliklə müşayət olunan prosesdir. Yuxarıda, imtahana gecikən tələbənin həm həyəcan, həm də frustrasiya halətinə düşməsi bunu sübut edir.
İmtahandan müvəffəqiyyət qazanıb-qazanmamasını düşünərkən həyəcanlanan tələbə, onu oyatmadığı üçün otaq yoldaşına, saatı qurmadığı və qələmi unutduğu üçün özünə hirslənir, acığı tutur. Frustrasiya şəraitində narazılıq səviyyəsi üstünlük təşkil etdiyi üçün ətrafda baş verən hadisələri qavrayarkən və qiymətləndirərkən emosional qiymətləndirmə ön plana keçir. Belə olan halda insanlar, xüsusilə ekstravertlər hər şeydə qərəz axtarırlar və tapırlar.
Frustrasiyanın müxtəlif formaları var. Onlardan biri sosial frustrasiyadır. Sosial frustrasiya yalnız ayrıca götürülmüş bir şəxsdə deyil, həm də ayrı-ayrı qrup və zümrələrdə, hətta xalqın böyük əksəriyyətində özünü biruzə verən psixoloji vəziyyətdir. Frustrasiya haləti müxtəlif səbəblərlə bağlı şəkildə meydana gəlir. Lakin, burada ən əsas şəxsiyyət amilidir. Yəni baş verən səbəblər, maneə və əngəllərə insanın münasibəti necədir? İstər azərbayan dilli, istərsə də əcnəbi dilli mənbələrdə frustrasiyanın mərkəzində əsasən gecikmə, ləngimə, sosial və ya etnik qadağanın, konfliktin və s. səbəblərin dayandığı qeyd olunur. Şəxsiyyətdaxili konfliktlər frustrasiyanın daha tez təzahür etməsinə səbəb olur. Frustrasiya ilə bağlı 3 cür konflikt müəyyən edilmişdir.
1.Arzu olunan – arzu olunan tipli konflikt – İnsanın istədiyi iki arzudan birini seçmək zəruriyyəti qarşısında qalması. Məsələn: həm erkən yatıb yaxşı dincəlmək, həm də televiziyadakı gecə proqramına tamaşa etmək istəyi ilə bağlı.
2.İnsanın istəmədiyi iki, lakin birini seçmək məcburiyyəti qarşısında qaldığı zaman düşdüyü konflikt şərait. Məsələn, bir tərəfdən amansız ögey ananın acı sözlərini, kinayəli baxışlarını qəbul edərək onunla bir evdə yaşamaq, digər tərəfdən sevmədiyin 3 uşağı olan dul kişiyə ərə getmək məcburiyyəti.
3.Bu tip konflikt arzu etdiyiniz, gerçəkləşdirmək istədiyiniz müəyyən hərəkət qorxu, ağrı ilə nəticələnən və ya müşayət olunan halda meydana çıxır. Məsələn: ziyafətdə iştirak edən şəxsin bir tərəfdən spirtli içki içmək, şənlənmək istəməsi, digər tərəfdən isə içkili halda maşınla evə qaytmaq üçün uzun yol qət edəcəyini və bu zaman qəzaya düşməsindən ehtiyat etməsi buna misaldır.
Qeyd etdiyimiz konfliktlər frustrasiya törədən amillərdir. Frustrasiya həm də insanın özünü reallaşdıra bilməməsi, özünü aktuallaşdırma tələbatını ödəməməsi ilə də bağlı olaraq yaranır və inkişaf edir. Çox vaxt belə hallar insanın öz peşəsindən, onun məzmunundan və nəticəsindən razı qalmadıqda daha da inkişaf edir. Belə olan halda insan həyatda heç bir iz qoymadığını, öz həyat enerjisini boş-boşuna sərf etdiyini, halbuki daha yaxşı və mənalı yaşamağın mümkün olduğunu etiraf edir. Belələri ömrünün qalan hissəsində psixoloji müdafiə vasitəsi kimi şəraitin olmamasını, maddi vəziyyətin çətinliyini, ailə qayğısının çoxluğunu və başqa bir bəhanə gətirərək özlərindən başqa hamını və hər şeyi günahlandırırlar.
Beləliklə, frustrasiya haləti neqativ emosional vəziyyət kimi insanların davranış və rəftarına mənfi təsir edir.
Tarix: 27.11.2014 / 12:13 Müəllif: Aziza Baxılıb: 121 Bölmə: Ümumi Psixologiya