Histeriya (yunan sözündən götürülb mənası “hystera” – uşaqlıq deməkdir) müxtəlif psixiki amillərlə əlaqədar olaraq meydana çıxan və çox vaxt hərəki, hissi pozulmalar şəklində təzahür edən nevrozdur.
İ.P.Pavlovun fikrinə görə, histeriya, siqnal sistemlərinin fəaliyyəti kifayət dərəcədə səlis olmayan adamlarda ali sinir fəaliyyətinin pozulması, birinci siqnal sistemi fəaliyyətinin ikinci siqnal sisteminin fəaliyyətindən üstün olması nəticəsində baş verir. Histerik simptomların özləri emotivliyi və təlqinə həssaslığın artması nəticəsi hesab olunmalıdır. İ.P.Pavlov histeriyanın əmələ gəlməsində bu iki amilin əhəmiyyətini qeyd edir.
Simptomları: Bütün histerik simptomların ruhi iztirabla aydın əlaqəsi olub, kəskin surətdə baş verməsi və xüsusilə birmomentli təlqin təsirindən qəflətən keçib getməsi, onların fərqləndirici cəhətidir.
Xəstələrdə histerik tutmalar şüurun tam itmədiyi halda baş verir və 30-40 dəqiqə davam edir.Tutma müddətində bəbəklərin işığa reaksiyası qalır. Dilin dişlənməsi, qeyri-iradi diurez və defekasiya müşahidə edilmir. Yuxu zamanı histerik tutma olmur. Xəstə mənzildə tək olduqda belə tutmalar əmələ gəlmir.
Tutmadan qabaq xəstələrin çoxunda boğaza sanki kürə diyirlənir kimi (globus hysterius) hissiyyat törənir.
Histeriya zamanı müxtəlif yerli hiperkinezlər müşahidə edilir. Orqanik hiperkinezlərdən fərqli olaraq bunlar psixoterapiya nəticəsində aradan qaldırılır.
Histerik ifliclər bədənin hər hansı bir hissəsindəki əzələləri, innervasiyanın anatomik xüsusiyyətlərindən asılı olmayaraq zədələyir. Bunlar orqanik mənşəli ifliclərdən vətər reflekslərinin və əzələ tonusunun dəyişilməməsilə fərqlənir. Histerik ifliclərdə çox vaxt belə bir hal müşahidə edilir: qaldırılmış ətraf qəflətən buraxılarsa, birdən-birə (qamçı kimi) deyil, çox ahəngdar hərəkətlə aşağı enir.
Histerik ifliclər çox vaxt hemiplegiya (bədənin bir hissəsinin əzələ gücünün zəifləməsi) şəklində olur. Histerik ifliclərdə qollar və ayaqlar cansız bir əşya kimi sallanır, yeridikdə ayaq tipik yarımdairə cızmayıb, xəstənin ardınca döşəmə ilə “asılmış” əşya kimi sürünür.
Histerik hərəki pozulmanın xüsusi növlərinə astaziya-abaziya da daxildir. Yataqda ayaqlarla adi hərəkətlərin icrası mümkün olduğu halda, durmağın və gəzməyin mümkün olmaması müşahidə edilir.
Hərəkətin özünəməxsus histerik pozulmasına nitqin tamamilə itməsi və tam lallıqla xarakterizə olunan histerik mutizm də aid edilir.
qadınlarda histeriya
Histerik anesteziya və hipesteziya tez-tez rast gəlinən pozulmalara aiddir. Histerik anesteziyalar müxtəlif şəkildə olur. Histerik hemianesteziya daha tez-tez rast gəlinir.
Vegetativ sinir sisteminin pozulması aerofagiya, yemək borusunun spazmı,mədə çıxacağının spazmı (qusma),bağırsaq peristaltikasının artması kimi simptomlarla özünü büruzə verir. Histerik cingiltili (səsli) hıçqırma xəstəlik üçün çox xarakterikdir.
Müalicəsi:İlk növbədə, uzunmüddətli psixoterapevtik tədbir tələb olunur.Ayrı-ayrı histerik simptomlar hipnozla aradan qaldırılır.Histerik ifliclərdə təkidlə, inandırmaqla bir vaxtda faradizasiya aparılır.
Təlqinlə müalicə zamanı bütün mümkün olan başqa müalicə üsulları; masaj, passiv gimnastika, elektrizasiya və s. tətbiq edilə bilər.Xəstələrə vitaminlər və sakitləşdiricilər təyin olunur. Histeriyada sinir sisteminin tonusunu qaldıran (su və əmək müalicəsi, müalicəvi bədən tərbiyəsi, hava vannaları) ümumi müalicə üsulları da təyin etmək faydalıdır.
Histeriyanın profilaktikası uşağın düzgün tərbiyə edilməsindən ibarətdir. Ailədə sakit olmayan gərgin şərait, uşaqlara qarşı haqsızlıq, şəxsiyyətdə histerik xüsusiyyətlərin meydana çıxmasına imkan yaradır. Lakin uşağı ərköyün böyütmək, çox əzizləmək də zərərlidir. Belə hədsiz nazlanan uşaqlarda müxtəlif histerik reaksiyalar meydana çıxa bilər.
Tarix: 27.11.2014 / 12:47 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Ümumi Psixologiya