Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bədbinlik

Ağrı-acılı və şirin xatirələrlə dolu olan həyat insanın qısa ömrünü əhatə edir. O hər cür çətinliklə qarşılaşır və bu inkar olunmaz həqiqət əsasında da insanın həyatı daim çətinlikdə və ya asayişdə olur. Biz həyatın qanunlarını ürəyimiz istədiyi kimi dəyişə bilmərik, lakin həyatla yaxından tanış olduqdan sonra, yaşadığımız dünyada bizi əhatə edən varlıqlara müsbət münasibət bəsləyib orada mövcud olan və hər birinin öz əsrarəngiz sirr və gözəlliyi olan məxluqata qarşı yönələn mənfi münasibətləri aradan qaldıra bilərik. Yaxud əksinə olaraq varlıqların gözəlliklərini unudub diqqətimizi onların mənfi xüsusiyyətlərinə də cəlb edə bilərik. Bir sözlə hər bir insan öz tərzi-təfəkkürünü istədiyi istiqamətə yönəldib dünyanı öz istədiyi rəngə boyaya bilər. Həyatda qarşımıza çıxan maneələri aradan qaldırmağa hazır olmalı və hər şeydən əvvəl soyuqqanlığımızı qoruyub saxlamalıyıq. Əks təqdirdə ağır xəsarətlərlə qarşılaşıb, bir çox hallarda hətta məhv olub aradan gedə bilərik.
Bəziləri belə bir fikirdədirlər ki, əgər dünyada baş verən hadisələr bir qədər fərqli həyata keçsəydi, səadətə qovuşar və xoşbəxt olardılar. Halbuki, onların bədbəxtçilik və müvəffəqiyyətsizlikləri hadisələrin baş verməsindən deyil, onlara olan baxış və münasibətlərindən asılıdır. Belə ki, xarici amillərin qoyduğu təsirləri istənilən kimi dəyişib uğur qazanmaq olar.

Özlərini bədbəxçiliyə düçar edən şəxslər isə ömürlərini-günlərini qan-qaraçılıq və iztirab içində keçirərlər. Onlar qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında nə qədər sə’y göstərsələr də öz sə’y və zəhmətlərini hədərə vermiş olurlar və eyni zamanda yaşadıqları dünyada onları əhatə edən gözəlliklərdən xəbərsiz qalmış olurlar.

BƏDBİNLİYİN VERDİYİ ZƏRƏRLƏR

«Bədbinlik», ümidsizlik və nakamlıq nəticəsində meydana gələn olduqca qorxulu bir ruhi xəstəlikdir. İnsanın şəxsiyyətinə məhvedici təsir bağışlayan bu mənfi xüsusiyyət daim ona mənəvi əzab verir. Bir çox hallarda iztirab və nigarançılıqlardan meydana gələn bu xüsusiyyət insanın daxilində bəzi ciddi dəyişiklərin meydana gəlməsinə səbəb olur.

Ruhu bədbinlik xəstəliyinə düçar olan şəxslər nəinki yaradılışın gözəlliyini dərk etmir, hətta öz xoşbəxtliyini belə əldən verir. Başqaları barədə mənfi fikirdə olduqları üçün onların gördükləri işlərə daim irad tutur və yalnış təsəvvürə malik olurlar. Mənfi ruhiyyəyə yiyələnən bu şəxslər adətən müsbət xüsusiyyətə malik olmurlar. Daim yanlış təsəvvürləri ilə özlərinə çətinlik yaradırlar və bəzən zehnlərini heç vaxt qarşılaşmayacaqları məsələlərlə məşğul edib özlərini tələf edirlər.

Yüksək əhval-ruhiyyəyə malik olan və bir an da olsun öz ümidlərini üzməyən şəxslər ətrafındakılara ruhiyyə verib, onlara mənəvi dayaq olduqları kimi, bədbin insanlar da ünsiyyətdə olduqları şəxsləri öz əməl və dediyi sözlərlə iztirab və nigarançılığa salır və onları gələcəyə işıq saçan ümid çırağından məhrum edirlər. Bədbinlik yalnız ruha deyil, cismə də mənfi təsir göstərir və bir çox xəstəliklərin müalicəsində böyük maneələr yaradır. Məşhur tibb mütəxəssislərindən biri deyir: «Hamı və hər şeylə müxalif olan şəxslərin müalicəsi intihar qəsdində olaraq özünü dənizə atan şəxsi xilas etməkdən daha çətindir. Daim narazı və həyəcan içində yaşayan şəxsə dərman vermək qaynar zeytun yağına su tökmək kimi bir şeydir. Çünki, istifadə olunan dərmanın müsbət təsir göstərməsi üçün ilk növbədə xəstənin özünə və başqalarına etimad bəsləməsi, yüksək əhval-ruhiyəyə yiyələnməsi və özünü idarə edə bilməsi lazımdır.

Zərəri fərd və cəmiyyət üçün aradan qaldırılmaz olan bəzi ədavət və düşmənçiliklər yanlış təsəvvür və gümanlardan irəli gəlir. Bədbinlik cəmiyyətin müxtəlif təbəqələrinə, hətta alim və filosoflara belə öz təsirini göstərir. Tarix boyu müxtəlif dövrlərdə, bütün cəmiyyətlərdə alim və mütəfəkkirlər meydana gəlmiş və bədbinlik üzündən yanlış tərzi-təfəkkürə yiyələnmişlər. Öz elm və məlumatlarından istifadə edərək bəşəriyyətə xidmət etmək əvəzinə, yaradılış aləminə eyib və nöqsanlar tutaraq heç bir əsası olmayan nəzəriyyələr irəli sürmüşlər və nəticədə insanların tərzi-təfəkkürünə ağır zərbə vuraraq onlara yiyələndikləri əxlaq və əqidəyə görə istehza etmişlər. Bədbinlik onların bəzilərində o qədər güclü olmuşdur ki, yer üzündə əhalinin artmasını və müxtəlif millət və irqlərin meydana gəlməsini ciddi təhlükə hesab etmiş və bunun üçün də bu məsələnin qarşısını almağı zəruri hesab etmişlər. Onlar hətta minlərlə günahsız insanın qanının tökülməsini adi hal hesab etmiş və tarix boyu yüzlərlə cinayətlərə əl atmışlar. Əgər bəşəriyyət onların tərzi-təfəkkürlərinə tabe olsaydı, bu günlər nə mədəniyyətdən, nə də inkişafdan söz açmaq olardı.

İSLAMIN BƏDBİNLİKLƏ MÜBARİZƏSİ

Qurani-Kərim, zənn-gümana qapılmağı böyük günah adlandıraraq müsəlmanlara ondan uzaq olmağı əmr etmişdir.
Əli(ə) buyurur: „Zənn və gümana arxalanaraq hər hansı bir məsələdə hökm çıxaran şəxslər ədalətdən uzaq olarlar. “
Bədgümanlıq xeyirxah insanlara qarşı bir növ haqsızlıq və ədalətsizlikdir: „Xeyirxah insanlara qarşı bədgüman olmaq onlara qarşı ədalətsizlikdir və ən böyük günahlardan biridir. “

Bədbinlik insanın həyatına mənfi təsir qoyduğu kimi, başqalarının da əxlaq və ruhiyyəsinə mənfi təsir göstərər. Belə ki, haqqında yalnış fikirdə olan şəxslər bəzən deyilənlərin təsiri altına düşərək xoşagəlməz əxlaqi xüsusiyyətlərə yiyələnməyə başlayırlar. „Bədbinlik, zənn və güman hər şeyi öz axarından çıxarar və çox xoşagəlməz hadisələrə səbəb olar.“

Doktor Marden bu barədə deyir: »Evində xidmətçilərdən istifadə edən şəxslər bəzən onlara qarşı bədgüman olub daim oğurluq edəcəklərinə ehtimal verirlər. Xidmətçilər də onlara qarşı olan bu münasibəti hiss edərək oğurluğa əl atırlar. Deməli, bədgümanlıq dilə gətirilməsə də öz mənfi təsirini qoyur. Xidmətçiyə qarşı bədgüman olmaq onun ruhiyyəsinə ağır zərbə vurur və nəticədə onu oğurluğa sövq edir".

İmam Əli(ə) buyurur: «Nəbadə (həyat yoldaşınıza qarşı bədgüman olaraq) qeyrətinizi lazım olmayan yerdə büruzə verəsiniz. Çünki belə bir hərəkət günahsız insanları günaha və əməli saleh şəxsləri əli-əyriliyə sövq edir.

Doktor Karl deyir: „Elə adətlər də vardır ki, insanın həyat və qüdrətinə (sağlamlığa) mənfi təsir göstərərək onun zəifləməsinə səbəb olur. Hamıya qarşı bədbin olub, onları tənqid etməyi buna misal çəkmək olar. Belə ki, bu mənfi xüsusiyyət insanın bəzi daxili orqanlarına mənfi təsir göstərərək bir çox hallarda onlardan bəzilərinin fəaliyyətinin dayandırılmasına səbəb olur.“

Doktor Marden deyir: „Bədbinlik sağlamlığa mənfi təsir göstərir və əxlaqi dəyərlərin zəifləməsinə səbəb olur. Hər bir normal insan heç vaxt başqalarından pislik gözləmir və daim ona qarşı mehriban olub yaxşılıq edəcəklərini ümid edir. Çünki o, yaxşılıq və xeyirxahlığın əbədi həqiqət olduğuna ümid bəsləyir. Qaranlıq özü-özlüyündə müstəqil bir məfhum olmadığı kimi (çünki qaranlıq nurun olmamasından meydana gəlir), pislik də müstəqil məfhum olmayıb xeyirxahlıq olmadıqda meydana gəlir.“

Helen Şaxter deyir: „Özlərinə etimad etməyən şəxslər cüzi məsələlərdən inciyir və hər şeyi yadda saxlayırlar və bütün bunlar onların rəftar və davranışlarına öz təsirini qoyur. Belə ki, bu şəxslər bir çox hallarda qəmgin, tündxasiyyət və ya bədbin olurlar və onlar özləri nə üçün bu ruhi xəstəliklərə düçar olduqlarını bilməyirlər. Çünki, başqaları barədə yiyələndikləri mənfi təəssüratları heç vaxt zehnlərindən çıxarmayırlar. Lakin gizli düşmənlərimiz yenə də kin və düşmənçilikdən əl çəkməyirlər. Onlar əxlaq və ruhiyyəmizi ixtiyarlarına alıb özlərinə tabe etmək istəyirlər. Bəzən özümüzdən və başqalarından təəccüblü sözlər eşidir və hərəkətlər görürük, lakin bir qədər diqqət yetirsək görəcəyik ki, bütün bunlara səbəb olan illər boyu unutmadığımız acı xatirələrdir. “

Əlbəttə, diqqət etmək lazımdır ki, bədgümanlıq dedikdə insanın zənn və gümana qapılması və bu mənfi xüsusiyyətdən əl çəkməməsi nəzərdə tutulur. Bir sözlə, o şeylər ki, din qadağan etmişdir. Deməli, bu mənfi xüsusiyyətdən yaxa qurtarmaq üçün ilk növbədə onun yaranma səbəblərini müəyyən etməli və sonra qarşısını almaq üçün lazımi tədbirlərə əl atmaq lazımdır.


Tarix: 27.11.2014 / 12:27 Müəllif: Aziza Baxılıb: 221 Bölmə: Ümumi Psixologiya
loading...