Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Duyğu və qavrayış

Duyğu və qavrayış haqqında anlayış.
Duyğu və qavrayışın müqayisəli təhlili. Duyğuların fizioloji əsası: analizatorun quruluşu
Duyğuların insan həyatında rolu və onların öyrənilməsinin əhəmiyyəti
Duyğuların reseptor nəzəriyyəsi. C.Müllerin spesifik enerji qanunu.
Reflektor nəzəriyyə.
Duyğular həm xarici aləm hadisələri, həm də orqanizmin daxilində baş verən proseslər barədə informasiya verir və bizi əhatə edən predmetlərin keyfiyyət və xarakteristikalarını dərk etməyə zəmin yaradır. Məsələn, «soyuq», «şirin», «qırmızı» və s. haqqında təsəvvürlərimiz duyğudur.
Digər psixi proseslərə, məsələn, hafizə, təfəkkür, təxəyyül və s. işlənilmək üçün materialı duyğu və qavrayış verir. Duyub, qavramadığımız hər hansısa bir şeyi yadda saxlamaq, üzərində düşünmək qeyri-mümkündür.
Duyğu - indiki anda bilavasitə reseptorlara təsir edən cisim və hadisələrin ayrı-ayrı keyfiyyət və xassələrinin beyində əks olunmasından ibarət psixi prosesdir.
Qavrayış isə, cisim və hadisələrin bütün keyfiyyət və xassələri ilə beyində tamlıqla əks olunmasından ibarət bir psixi prosesdir.


Duyğu - indiki anda bi­lava­sitə reseptorlara təsir edən ci­sim və hadisə­lə­rin ayrı-ayrı keyfiyyət və xassələrinin beyində əks olunmasından ibarət psi­xi prosesdir.
Qavrayış - cisim və hadi-sələrin bütün keyfiyyət və xassələri ilə beyində tamlıqla əks olunmasından ibarət psixi prosesdir.
Qavrayış sensor sistemlərdən gələn informasiyaların sistemləşdi­rilməsi, interpretasiyası və onların dərk edilməsini özündə ehtiva edir. Deməli, duyğu surətlərində cismin yalnız müəyyən keyfiyyətləri əks olunur. Qavrayış surəti isə onun tam bir predmetə aid olduğunu əks etdirir.
Duyğu ayrı-ayrı keyfiyyətlər səviyyəsində informasiyaların ilkin işlənilmə prosesidir. Bu səviyyədə informasiyaların işlənilməsi sensor adlanır. Burada duyğu yaradan təzahür haqqında tam təsəvvür olmur. Yəni, duyğu – qavrayış səviy­yə­sində formalaşan psixi obrazın sadəcə ilkin materialıdır.
Informasiyaların işlənilməsinin bu cür 2 səviyyəsinin ayırd edilməsi – sensor və perseptiv proseslər – əsasən mücərrəd, abstrakt xarakter daşıyır. Onları əslində biri-birindən ayırmaq çox çətindir. Psixoloqlar duyğu və qavrayış prosesləri arasında zəif bir sərhəd çəkirlər.

Duyğu və qavrayışın müqayisəli təhlili. Duyğuların fizioloji əsası: analizatorun quruluşu
Duyğu və qavrayış proseslərinin bir-biriylə bağlılığı və onlar arasındakı əlaqə barəsində təsəvvür yaratmaq üçün hər iki prosesin oxşar və fərqli cəhətlərinin izah olunması məqsədə­uy­ğun olardı. Belə ki, həm duyğu, həm də qavrayış obyektiv reallığın hiss orqanlarına bilavasitə təsiri nəticəsində hissi inikasdır. Lakin duyğu predmet və yaxud təzahürün ayrılıqda hansısa bir keyfiyyətinin (iyi, dadı, səsi, isti-soyuqluğu və s.) inikasıdırsa, qavrayış həmin təzahürün bütün keyfiyyətləri ilə ümumilikdə hissi şəkildə dərk olunmasıdır. Məhz bu cəhət də qavrayışı, duyğudan fərqli olaraq, təfəkkür prosesləri ilə əlaqələndirir.


Analizator - duyğunun əmələ gəlməsi üçün zə­ruri olan anatomik-fizi­oloji apparatdır.
Duyğu və qavrayış üçün ümumi cəhət odur ki, cisim və hadisə bilavasitə hiss üzvlərinə təsir edir, hər ikisi real gerçəkliyin subyektiv surətidir. Bunlar mexanizm etibarilə də bir-birinə tamamilə yaxındır. Belə ki, istər duyğu, istərsə də qavrayış prosesində analizatorun fəaliyyət halına gəlməsi zəruridir. Əks təqdirdə nə xarici, nə də daxili aləmdən gələn qıcıqlayıcılar əks etdirilə bilməz.
Analizator 3 hissədən ibarətdir:

Xarici qıcığı qəbul edən səth –reseptor: göz, qulaq, dəri və s.;
Mərkəzəqaçan – afferent sinir və mərkəzdənqaçan – efferent sinir;
Analizatorun beyin nahiyəsi (qabıqaltı və qabıq şöbələri).
Duyğu və qavrayışın baş verməsi üçün bütün analizatorun bir tam kimi işləməsi lazımdır. Analizatorun hər-hansısa bir hissəsində problem olduqda, duyğu yaranmır.


Reseptor – qıcıqlandırıcıları resepsiya etmək (mənimsəmək, qəbul etmək) üçün uyğunlaşmış orqandır.
Reseptorlar istənilən qıcıqlandırıcı­ları deyil, hər bir reseptor müəyyən bir qıcığı qəbul etməyə uyğunlaşır. Məsələn:
Tanqoreseptorlar – toxunmanı;
Qustoreseptorlar – dadla bağlı qıcıqları;
Stiboreseptorlar – iylə bağlı;
Fonoreseptorlar – səsi;
Fotoreseptorlar – işığı resepsiya etmək üçün uyğunlaşır.
Görmə analizatoru işığı, eşitmə analizatoru səsi və s. əks etdirməyə uyğunlaşmış olur. Bir analizator sistemi başqa hərəkət formaları barədə məlumat vermir. Duyğunun bu keyfiyyəti monomodallıq adlanır.
Qavrayış surətləri üçünsə, polimodallıq xasdır. Yəni, onlar bir neçə analizatorun birgə fəaliyyəti sayəsində baş verir. Çünki qavrayışın əsasında analizatorlararası əlaqə durur. Duyğu surətində cismin yalnız müəyyən keyfiyyətləri əks olunduğu halda, qavrayış onun tam bir predmetə aid olmasını əks etdirir.
Qavrayış duyğuya nisbətən daha mürəkkəb idrak prosesidir. Onun tərkibinə duyğularla yanaşı, insanın keçmiş təcrübəsi də daxildir. Eyni zamanda, qavrayış prosesi daha mürəkkəb idrak prosesləri – nitq, təfəkkur və başqaları ilə də üzvü surətdə bağlıdır.

Duyğuların insan həyatında rolu və onların öyrənilməsinin əhəmiyyəti
Duyğular bizim ətraf mühit və öz daxili mühitimiz, bədənimiz haqqında olan bütün biliklərimizin əsas mənbəyini təşkil edir. Ətraf aləmin bütün təzahürlərini – səsləri, rəngləri, iyləri, temperaturu, dadı, ağrını və s. biz duyğular vasitəsilə əks etdiririk. Bu yeganə kanaldır ki, buradan ətraf aləmdəki təzahürlər və orqanizmin daxili vəziyyəti haqqında informasiyalar beyinə gedib çatır və insana ətraf aləmdə, eləcə də, öz bədənində bələdləşməyə şərait yaradır.
Insan üçün ətraf aləm haqqında daima məlumat almaq zəruridir. Orqanizmin ətraf mühitə uyğunlaşması üçün orqanizm­lə mühit arasında mütləq daimi bir məlumat, informasiya mübadiləsi mövcud olmalıdır. Məlumatla həddindən artıq yüklənmə və məlumatın çatışmazlığı (sensor təcrid) orqanizmdə ciddi funksional pozuntular yaradır. Bu baxımdan, son illərdə sensor təcridlə bağlı çoxsaylı tədqiqatlar aparılmışdır.


Sensor təcrid - insan orqanizminin ətra­fındakı çoxlu sayda qıcıq­landırıcıların təsirin­dən məhrum edilməsidir.
Elm aləmində sensor təcridlə bağlı ən məhşur eksperiment 1956-cı ildə Amerikanın Mak-Gill Universi­tetində Geron və onun əməkdaşları tərəfindən aparılmışdır. Alimlər kö­nüllülərə gündə 20 dollar müqabilində xüsusi düzəldilmiş, təcrid olunmuş kameralarda mümkün qədər çox qalmağı təklif etmişlər. Onlar taxt üzərində uzanıb əllərini uzun karton boru içərisində (toxunma duyğusunun qarşısını almaq üçün) saxlamalı idilər. Gözlərinə işığı tamamilə bulanıq, cüzi keçirən eynəklər taxılmış, eşitmə duyğusunun qıcıqlandırıcılarının qarşısını almaq üçün isə kondisioner və ya ventilyatorun daimi, kəsilməyən səsindən istifadə etmişlər.
Müəyyən vaxtlarda tədqiq olunanları yedizdirir, içizdirir və lazım olduqda öz gigiyenası ilə məşğul olmaq üçün şərait yaradırdılar. Lakin onlardan tələb olunurdu ki, qalan vaxtı maksimum dərəcədə tərpənməz qalsınlar.
Üzərində eksperiment aparılan şəxslərin əksəriyyəti eksperimentin əvvəlində tam əmin idilər ki, bu pul qazanmağın ən asan üsuludur, hələ üstəlik, uzunmuddətli rahat istirahətdir.
Təcridin ilk saatlarında bu, elə həqiqətən də, belə idi. Lakin bədən istirahət etdikdən sonra, situasiya elə şəkil aldı ki, onlar bu şəraitə 2-3 gündən artıq dözüş gətirə bilmədilər. Yalnız çox az adam 2-3 gündən artıq dözə bildi, amma bu da 6 gündən artıq olmadı.
Bəs situasiya nəyə görə bu qədər dözülməz idi?
Bu suala aydınlıq gətirmək üçün eksperimentdə iştirak edən insanların yaşadıqları hisslərə diqqət yetirək: əvvəlcə, onlar öz şəxsi problemlərində, gündəlik qayğıları və işləri üzərində düşünməyə başlasalar da, bir müddətdən sonra, ümumiyyətlə, nə isə haqqında fikirləşmək iqtidarında olmamışlar. Bu cür sensor təcrid vəziyyətinin uzanması onlarda müxtəlif hallüsinasiyaların yaranmasını stimullaşdırmışdır. Belə ki, tədqiq olunanların 80%-i görmə hallüsinasiyalarının olmasını söyləmişlər.
Maraqlıdır ki, tədqiqat zamanı təcridlik kamerasında və ondan kənarda yoxlanılanları psixoloji testlərdən keçirmişlər. Məlum olmuşdur ki, onlardan əksəriyyəti kameralarda adi riyazi misalları yerinə yetirə bilməmiş, çoxunda isə hafizədə müxtəlif xarakterli pozuntular əmələ gəlmişdir. Lakin kameradan çıxdıqdan az sonra tədqiq olunanlar həmişəki əqli qabiliyyətlərini bərpa edə bilmişlər.
Bu eksperiment alimləri belə qənaətə gətirdi ki, xaricdən qıcıqlandırıcıların olmaması, sensor təcridlik orqanizmin, qısa müddətə də olsa, funksional pozuntularına gətirib çıxarır.
1923-cü ildə I.P.Pavlov da travma nəticəsində bütün hissiyat orqanlarından yalnız gözü və qulağı fəaliyyət göstərən xəstənin gözünü bağlayıb, qulağını tıxayan kimi o dəqiqə yuxulamasını müşahidə etmişdir. Bunun da nəticəsində I.P.Pavlov belə nəticəyə gəlmişdir ki, baş beyin yarımkürələri qabığının normal fəaliyyət göstərməsi üçün ətraf mühitdən müəyyən stimul axınının olması zəruridir. Afferent impulsların zəifləməsi və ya işləməməsi ləngimənin yaranmasına gətirib çıxarır.
Məşhur rus həkimi S.P.Botkinin (1832-1889) də analoji müşahidələri olmuşdur. Xəstə yalnız bir gözü ilə görməkdən və əlinin kiçik bir hissəsindəki toxunma hissindən başqa bütün həssaslıq növlərini itirmişdir. Xəstə gözünü örtdükdə və əlinin həmin hissəsinə heç kəs toxunmadıqda yatmışdır.
Elmi ədəbiyyatlarda həmçinin surdokameralarla bağlı aparılan tədqiqatlar haqqında da çox geniş məlumatlar var. Bu kameradakı xüsusi avadanlıqlar lazımi fizioloji-gigiyenik rejimi saxlamağa, tədqiq olunanın üzərində fasiləsiz müşahidə aparmağa, həmçinin yoxlanılanın fizioloji və psixoloji göstəri­ci­lərini obyektiv qeydə almağa şərait yaradır. Surdokameralardakı eksperimentlər də göstərdi ki, yoxlanılanlarda xarici impulsların zəifləməsi hallüsinasiyaların yaranmasını şərtləndirir. Tədqiqatçıların fikrinə görə, sensor təcrid şəraitində yaranan bu hallüsinasiyalar şəxsiyyətin deqradasiyasına gətirib çıxara bilər.
Eyni zamanda çoxsaylı tədqiqatlar göstərir ki, uşaq vaxtı informasiya axınının karlıq və korluqla əlaqədar pozulması psixi inkişafda da kəskin pozuntular yaradır. A.A.Kroqius yazırdı ki[5], korluq insanda nə qədər tez baş verirsə bir o qədər də bütün psixi inkişafda güclü əks olunur.
Anadangəlmə kar-korları və ya karları, korları toxunmanın köməyilə sensor sistemdəki problemləri kompensasiya edən xüsusi üsullara öyrətməsələr, onların psixi inkişafı haqqında söhbət belə gedə bilməz.
Bu və ya bu kimi digər faktlar insanda duyğulara olan tələbatın nə qədər güclü olduğunu diqqətə çapdırır.
Duyğu və qavrayışın öyrənilməsi praktik baxımdan sensor-perseptiv sistemdə pozuntuları olan insanların aşkara çıxarılması və onların müalicə edilməsi üçün alimlərə bilik və bacarıqların aşılanması baxımından da çox əhəmiyyətlidir. Məsələn, eşitməni öyrənən psixoloqlar eşitmənin xarakterik zəifləməsini güclü səs-küyün uzunmuddətli təsiri ilə bağlayırlar.
Beləliklə də, duyğular ətraf aləm və bizim özümüz haqqında biliklərimizin mənbəyi olduğuna görə insanın həyat və fəaliyyətindəki rolunu danmaq, qiymətləndirməmək olmaz.

Duyğuların reseptor nəzəriyyəsi. I.Müllerin spesifik enerji qanunu.
Elmi ədəbiyyatlarda hiss orqanları reseptor anlayışı ilə ifadə olunur.
XIX əsrdə belə bir fikir hökm sürürdü ki, duyğuları yaradan yeganə, əsas apparat hiss orqanlarının (reseptor) özüdür. Bu cür «reseptor» yanaşma hiss orqanlarını duyğuların yeganə və müstəqil bir orqanı kimi qəbul edir, duyğuların özünü isə bu və ya digər reseptorun qıcıqlanmasının ilkin anı kimi qəbul edirdi.

Cohannes Peter Myül­ler
(1801-1858) Alman alimi,
müasir fiziologiyanın, mü­-
qa­yisəli anatomiya və embriologiyanın əsasını qoyanlar­dan biri olmuşdur. Onun əsas tədqiqatları mərkəzi sinir sisteminin və hiss orqanlarının öyrənilməsinə həsr olunmuşdur.
Myüller hiss orqanlarının fiziolo­giyası sahəsində «spesifik enerji» konsepsiyasına əsaslanırdı ki, bu ideyaya görə, ətraf aləmin qavranıl­ması zamanı insanda yaranan duy­ğular obyektiv mövcud olan reallığın inikası olmayıb, hiss orqanlarının özünün daxili xüsusiy­yətlərinin təzahürüdür.
Həmin dövrdə belə bir təsəvvür formalaşmışdır ki, hiss orqanı (reseptor) təsir edən qıcıqlara passiv cavab verir və bu passiv cavab da həmin hiss orqanlarında yaranan müvafiq duyğunun özüdür. Bu konsepsiya duyğuların reseptor nəzəriyyəsi adlanır. Bu nəzəriyyəyə görə, duyğu passiv proses kimi aktiv proses olan hərəkətə qarşı qoyulur.
«Reseptor» konsepsiya subyektiv-idealist fəlsəfəyə əsaslanırdı. Subyektiv–idealist fəlsəfə də, öz növbəsində, bu konsepsiyadan öz mövqeyini müdafiə etmək üçün istifadə edirdi.
Reseptor konsepsiya üçün xarakterik cəhət odur ki, bu nəzəriyyəyə görə, duyğuların spesifik keyfiyyəti reseptorların və ötürücü sinir yollarının xüsusiyyəti ilə müəyyən olunur. Bu fikir C.Myüller tərəfindən «hiss orqanlarının spesifik enerjisi» nəzəriyyəsi kimi formalaşdırılmışdır.
Myüller bu nəzəriyyəni özünün «Insan fiziologiyası üzrə kurs» əsərində aşağıdakı tezislərdə ifadə etmişdir:
«Eyni bir xarici səbəb (qıcıqlandırıcı) müxtəlif hiss orqanlarında həmin orqanların təbiətinə uyğun olaraq müxtəlif, fərqli duyğular yaradır»;
«Biz öz hiss orqanlarımızın vəziyyəti ilə yaradılan duyğularımızdan başqa kənar, xarici səbəblərdən yaranan hər-hansı bir duyğumuzun olduğunu deyə bilmərik»;
«Duyğu hər bir hiss orqanına xas olub, bir çox, həm xarici, həm də daxili təsirlərlə yarana bilir»;
«Duyğularımız bizim şüurumuza xarici predmetlərin xüsusiyyətlərini və vəziyyətlərini deyil, hiss orqanlarımızın xüsusiyyət və vəziyyətini çatdırır. Elə bu xüsusiyyətlər də müxtəlif hiss orqanları üçün fərqli xarakter daşıyır».
Bu tezislərdən çıxış edərək Myüller belə bir nəticə çıxarır: Duyğularımız bizə xarici aləm cisimləri, bizə təsir edən predmetlərin keyfiyyətləri haqqında məlumat verə bilmir. Çünki hər bir hiss orqanı kənar təsirlərə öz spesifik enerjisi ilə cavab verir.
Bu nəzəriyyəyə görə, hiss üzvü (göz, qulaq, burun, dəri, dil) ətraf aləmin təsirini əks etdirmir, ətraf mühitdəki real proseslər haqqında informasiya vermir, o, yalnız özündəki prosesləri hərəkətə gətirmək üçün ətraf mühitdən gələn təsirlərdən bir növ təkan alır. Myüllerə görə, hər bir hiss üzvü ətraf mühitdən gələn istənilən təsirlə qıcıqlanan özünün «spesifik enerjisinə» malikdir. Məsələn, gözə istər işıqla, istər elektrik cərəyanı ilə, istərsə də təzyiqlə təsir etdikdə işıq duyğusu alınır və yaxud qulağa həm elektrik cərəyanı, həm də mexaniki qıcıqlandırıcı ilə təsir etsək səs duyğusu yaranacaqdır. Buna görə də, duyğular qıcıqlandırıcıların keyfiyyətindən deyil, həmin qıcıqlandırıcıların təsir etdiyi hiss üzvlərinin spesifik enerjisindən asılıdır. Başqa sözlə, bu o deməkdir ki, hiss orqanları bizi ətraf aləmlə bağlamır, əksinə, ondan uzaqlaşdırır. Buradan da asanlıqla görmək olar ki, bu nəzəriyyə son nəticədə o fikrə gətirib çıxarır ki, insan obyektiv aləmi qavraya, dərk edə bilməz və yeganə reallıq varsa, o da subyektiv proseslərdir.
Bütün bu fikirlər subyektiv idealizm fəlsəfəsinin əsasında dayanır. Subyektiv idealizm də göstərirdi ki, insan yalnız özü-özünü dərk edə bilər və özündən başqa nəyinsə mövcud olması haqda onun əlində heç bir sübutu, əsası yoxdur.
Myüllerin gətirdiyi faktlar əslində düzgün olsa da ümumi əhəmiyyət kəsb etmir. Əvvəla, heç də bütün qıcıqlandırıcılar elektrik cərəyanı və ya mexaniki qıcıqlandırıcılar kimi universal olmur. Səs, iy və başqa qıcıqlandırıcılar gözə təsir etməklə görmə duyğusu yaratmır. Eləcə də, işıq və iy də eşitmə duyğusu yarada bilməz. Ikincisi, eyni hiss orqanına təsir edən müxtəlif qıcıqlandırıcılar tərəfindən yaradılan duyğular keyfiyyət etibarilə eyni olmur. Məsələn, mexaniki zərbə və ya elektrik cərəyanı qulağa təsir etdikdə kobud eşitmə duyğusu yaradır ki, bunu səs dalğalarının yaratdığı eşitmə duyğularının zənginlikləri ilə müqayisə etmək olmaz.
Sonralar da duyğu haqqında konkret bir elmi fikirlərin olmaması bu subyektiv-idealist fikrin geniş təbliğinə şərait yaratmışdır. Reseptor nəzəriyyə baxımından bunu, doğrudan da, rədd etmək olmazdı.
Hazırda bu cür reseptor nəzəriyyə əksər tədqiqatçılar tərəfindən qəbul edilmir. Çünki onlar duyğunu aktiv proses kimi qəbul edirlər. Elə məhz bu fikir də digər nəzəriyyənin – duyğuların reflektor nəzəriyyəsinin əsasında dayanır.

Duyğuların reflektor nəzəriyyəsi
Ümumiyyətlə faktlar göstərir ki, duyğular fizioloji baxımdan heç də passiv proses olmayıb, öz tərkibində həmişə hərəki komponentləri olan bir prosesdir.
Belə ki, Amerika psixoloqu Neff tərəfindən aparılan müşahidələr göstərmişdir ki, əgər mikroskop altında iynə ilə qıcıqlandırılan dərinin həmin sahəsini müşahidə etsək görə bilərik ki, duyğunun yaranması anı dərinin bu sahəsinin reflektor hərəki reaksiyası ilə müşayiət olunur. Sonralar da çoxlu sayda aparılan tədqiqatlar göstərdi ki, hər bir duyğunun tərkibində hərəki komponentlər olur ki, bəzi vaxtlarda bu hərəki komponentlər vegetativ reaksiya kimi (damarların yığılması, dəri-qalvanik refleksi və s.), bəzi vaxtlarda isə əzələ reaksiyası kimi (gözün hərəkəti, əlin hərəkəti, əlin hərəki reaksiyası və s.) özünü göstərir.
Məlum olmuşdur ki, predmetlərin tanınmasını və ya fərqləndirilməsini şərtləndirən mürəkkəb duyğular ümumiyyətlə aktiv hərəkətlər olmadan yarana bilməz. Məsələn, gözüyumulu predmeti fərqləndirmək üçün mütləq onu aktiv şəkildə əllə hərtərəfli yoxlamaq lazımdır. Hətta predmetlərin hamar və ya kələ-kötür olması, böyüklüyü və s. yalnız duyan əlin həmin predmetlər üzərində aktiv hərəkəti zamanı qavranılır. Əlin passiv şəkildə predmetin üzərində saxlanıldığı vaxt alınan duyğu qeyri-təkmil sayılır.
Eyniilə bu qanunauyğunluq görmə qavrayışında da müəyyən olunub. Hələ I.M.Seçenov göstərirdi ki, predmeti görmə vasitəsilə qavramaq üçün gözün aktiv hərəkəti lazımdır. Son dövrlərdə aparılmış tədqiqatlar da sübut edir ki, görmə qavrayışı, doğurdan da, yalnız gözün aktiv hərəkətləri sayəsində mümkün olur. Hansı ki, bəzən bu hərəkətlər iri, bəzən isə mikrohərəkətlər kimi özünü göstərir. Eşitmə duyğusu da həm eşitmə aparatının, həm də onunla bağlı olan səs aparatının hərəki komponentlərinin yaxından iştirakı ilə həyata keçirilir.
Bütün bu deyilənlər göstərir ki, duyğular heç də passiv proses olmayıb, aktiv xarakter daşıyır. Həmçinin, hərəki komponentlərin duyğularda iştirakı müxtəlif səviyyədə ola bilər. Yəni, bəzən elementar reflektor proses kimi (məsələn: damarla­rın sıxılması və ya əzələ gərginliyi zamanı), bəzən isə mürəkkəb aktiv reseptor fəaliyyət prosesi kimi (məsələn: predmetin aktiv əllənməsi və ya mürəkkəb təsvirə baxan zaman) özünü göstəirir.
Bütün bu proseslərin aktiv xarakter daşımasının göstərilməsi duyğuların reflektor nəzəriyyəsinin əsasını təşkil edir.
Ümumiyyətlə, duyğuların passiv deyil, öz tərkibində hərəki elementləri ehtiva edən aktiv bir proses olması ilə bağlı faktlar yalnız I.M.Seçenov və I.P.Pavlovun reflektor nəzəriyyəsi baxımından izah oluna bilərdi. Hələ I.M.Seçenov idealist mövqedə duran alimlərin əksinə olaraq, hiss orqanlarının baş beyinin analitik bir aparatı olmasını qeyd edirdi. Seçenovun bu cür hiss orqanları ilə baş beyinin vəhdət təşkil etməsi ilə bağlı ideyaları onun baş beyinin fəaliyyətinin reflektor təbiəti ilə bağlı materialist fikirləri ilə birbaşa əlaqəli idi.
I.P.Pavlovun ali sinir sisteminin fəaliyyəti ilə bağlı nəzəriyyəsi isə, hiss orqanlarının müstəqil olması və onların beyinin reflektor fəaliyyətindən asılı olmaması ilə bağlı fikirlərə birdəfəlik son qoyur. Pavlovun təlimi hiss orqanlarının spesifik enerjisi ilə bağlı idealist tezisi də kökündən dağıdır.

I.P.Pavlov (1849- 1936) – rus fizioloqu, akademik, Nobel müka­fatı laureatı, ali sinir fə­aliyyətinin fiziologi­yası sahəsinin və həzm sisteminin ni­zam­lanması prosesləri haqqında təsəvvürlərin banisidir.
Pavlova qədərki hiss orqanlarının fiziologiyası özü­nün mərkəzi və yeganə anlayışı kimi reseptor anlayışını götürürdü. Onları yalnız hiss orqanlarının quruluşu və funksiyası maraqlandırırdı. Məsələn: görməni öyrənərkən daxili və xarici örtüyün quruluşu, funksiyası öyrənilir, çox az səviyyədə diqqət, görmə sinirlərinə, onların baş beyin yarımkürələrinə gedən yollarına yetirilirsə də, mərkəzəqaçan sinirdə nöqtə qoyulurdu və görmənin fiziologiyası baş beyinin fiziologiyasından bununla ayrılırdı.

I.M.Seçenov (1829-1905) – Rus fizioloqu «Baş beyinin refleksləri» əsərində (1963) psixi fə­aliyyətin reflektor təbiətə malik olduğunu və bütün psixi təza­hür­lə­rin əsasında fizioloji proseslərin durduğunu əsaslandırmışdır.
I.P.Pavlovun apardığı tədqiqatlara qədər fiziologiya sa­həsində yalnız baş beyin ya­rım­kürələrinin ayrı-ayrı hissələ-rinin funksiyaları öyrənilirdi və orqanizmin tamlığı haqqında tə-səvvür belə yox idi. Buna görə də hiss orqanları ilə baş beyinin əlaqəsi qeyri-aydın qalır, baş beyin fiziologiyası sahəsində aparılan tədqiqatlardan alınan mühüm faktlar, yəni baş beyinin böyük yarımkürələri qabığının müəyyən hissələrinin operativ kəsilib götürülməsi, ekstripasiyası ilə bağlı faktlar izah oluna bilinmirdi. Bu faktlarla müəyyən olundu ki, gözün və göz sinirlərinin saxlanılmasına baxmayaraq, heyvanlarda böyük yarımkürələrin ənsə hissəsi kəsilib götürüldükdə görmə qabi­liy­yəti itirilir. Həmçinin heyvanlarda gicgah hissə zədə­ləndikdə, kəsilib götürüldükdə, eşitmə orqanının və eşitmə sinirlərinin saxlanılmasına baxmayaraq, eşitməyə qabilliyin itirildiyi də aşkar olunmuşdu. Bu kimi heyvanlar üzərində aparılan eksperimental faktlar klinik sahədə, yəni sinir sisteminin üzvi xəstəlikləri sahəsində alınan faktlarla uyğunluq təşkil edirdi. Təbabət sahəsində belə faktlar artıq çox-çox qabaqlardan məlum idi. Beyinin müxtəlif sahələrinin zədələnməsi, silkələnməsi, damar xəstəlikləri zamanı müxtəlif duyğu orqanlarında fərqli dərəcədə pozuntular yaranırdı. Məsələn, beyin qabığının ənsə hissəsi zədələndikdə insanın görməsi kəskin şəkildə pozulur(xüsusən də, rəngli görmə, predmetlərin qavranılması, tanınması və s.). Bu cür xəstəliklər gözün və ya göz sinirinin zədələnməsi nəticəsində yaranan adi korluqdan fərqli olaraq «psixi» və ya «ruhi» korluq adlandırılırdı.
Lakin bu cür faktlar elmi şəkildə izah olunmurdu. Hiss orqanlarının fəaliyyətində baş beyin qabığının rolu ilk dəfə olaraq dəqiq şəkildə I.P.Pavlov və onun analizatorlar haqqında təlimində göstərilmişdir.
Pavlov analizator anlayışını aşağıdakı kimi müəyyən etmişdir: «Analizator xarici, qabuledici aparatdan başlayıb beyində qurtaran mürəkkəb sinir mexanizmidir». Bu cür mürəkkəb mexanizmə aiddir:

Xaricdən gələn enerjini sinir prosesinə çevirən reseptor;
Beyinlə əlaqəni təmin edən ötürücü yollar, sinirlər;
Analizatorun beyin hissəsi və ya baş beyin böyük yarımkürələri qabığının qəbuledici mərkəzləri.
Yalnız analizatorun beyin hissəsi ilə vəhdətdə reseptor ətraf aləmin mürəkkəbliyini duya bilər. Analizatorun beyin hissəsinin özünün də mexanizmi vardır. O aşağıdakılardan ibarətdir:

Beyində olan əsas qəbuledici mərkəz və ya analizatorun beyin sonluğundakı nüvəsi;
Baş beyin qabığında səpələnmiş həmin analizatorun elementləri.
Pavlova qədər alimlər beyində olan qəbuledici mərkəzin yalnız müəyyən sahədə cəmlənən hüceyrələrdən təşkil olundu­ğunu (proyeksiya zonası) qeyd edirdilər. Heyvanların ali sinir fəaliyyətini öyrənərkən, məşhur şərti refleks metodunun sayəsin­də I.P.Pavlov beyin qabığına yayılmış qəbuledici beyin hüceyrə­lərinin olduğunu aşkar etmişdir və onu analizatorun dağınıq elementləri adlandırmışdır.
Analizatorun dağınıq elementləri analizatorun beyindəki nüvəsinin kənarında yerləşir və digər analizatorların nüvələri ilə yaxın, qarışıq olan sahələrə açılır.
Beləliklə, məlum olmuşdur ki:
a) Beyin qabığının özündə müxtəlif analizator nüvələri arasında hüceyrə əlaqəsi var;
b) Ayrıca götürülmüş duyğu aktında baş beyin qabığının əksər hissəsinin iştirakı var.
Təcrübələr göstərmişdir ki, itdə hər iki yarımkürənin ənsə hissəsi kəsilib götürüldükdə (yəni görmənin beyindəki qəbuledici mərkəzi) o, həqiqətən predmetləri görə bilməmişdir. Lakin elə həmin it işıqlanmanın səviyyəsini (işıqdan qaranlığa keçəndə) fərqləndirə bilmiş, hətta əşyaların sadə formalarına da reaksiya vermişdir. Yəni belə nəticəyə gəlmək olar ki, görmə analiza­toru­nun nüvəsinin dağılmasına baxmayaraq işığı ayırd etməyə ümumi qabiliyyətin saxlanılması həmin analizatorun beyin qabığının digər sahələrində dağınıq elementlərin qalması ilə izah oluna bilər.
Itdə gicgah hissəsinin (eşitmə analizatorunun qəbuledici mərkəzi) kəsilib götürülməsindən sonra o, mürəkkəb səsləri ayırd edə bilmirsə də, bir səsi başqasından (tonu tondan) ayırd edə bilir. Həmin itdə bələdləşmə refleksi saxlanılır. Yəni bunun da izahı dağınıq elementlərin saxlanılması ilə əlaqədardır.
Tədqiqatlar və aparılmış təcrübələr göstərmişdir ki, analizatorun nüvəsi xarici təsirlərin ən incə və ali analizini (məsələn: görmə, eşitmə) həyata keçirir. Dağınıq elementlər isə analizatorun həmin nüvəsindən nə qədər uzaqda yerləşirsə, bir o qədər də beyin yarımkürələri tərəfindən xarici təsirlərin kobud və ümumi təhlili aparılır.
Bir məqamı qeyd etmək lazımdır ki, hiss orqanı reseptor olmaqla bərabər, həm də effektordur. Yəni, reseptor və beyin arasında nəinki birtərəfli (mərkəzəqaçan), həm də ikitərəfli (mərkəzdənqaçan) əlaqə mövcuddur. Bu cür fikir bizi duyğunu bütöv bir reflektor bir proses kimi nəzərdən keçirməyə vadar edir. Məsələn: görmə duyğusu gözdən başladığı kimi gözdə də qurtarır.
Əks əlaqə prinsipi I.M.Seçenov tərəfindən açılmışdır. Burada əsas əhəmiyyətli cəhət, idrak fəaliyyətində əzələnin rolunun müəyyənləşməsindən ibarətdir. Seçenov göstərmişdir ki[3], «mürəkkəb duyğuların yaranmasında daima hiss orqanlarının əzələ-hərəki aparatı iştirak edir. Bunlar da beyinin duyan hissəsi ilə xarici reaksiyanı təmin edən effektorlardır».
Beləliklə, duyğu psixoloji baxımdan ən sadə psixi proses olsa da, fizioloji baxımdan mürəkkəb xarakter kəsb edir.


Tarix: 27.11.2014 / 11:50 Müəllif: Aziza Baxılıb: 346 Bölmə: Ümumi Psixologiya
loading...