Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Emosional (affektiv) sindromlar

Maniakal sindrom əhvalın səbəbsiz yüksəlməsi, fəaliyyətin və təfəkkürün (nitqin) sürətlənməsi ilə xarakterizə olunan haldır. Bu tip insanlar özlərini çox şən və çevik aparırlar. Müxtəlif hərəkətlər nümayiş etdirirlər. Bir sıra hallarda maniakal sindrom özünüböyütmə ideyaları ilə birlikdə müşahidə olunur. Onlar özlərini güclü, istedadlı adamlar kimi qələmə verir. Lakin onların hərəkətlərində məqsədəuyğunluq, ardıcıllıq olmur, müxtəlif yersiz, mənasız tələblər irəli sürürlər. Yerinə yetirilmədikdə qəzəblənirlər (qəzəbli maniya).

Maniakal sindrom MDP (Maniakal Depressiv Psixoz)-nin maniakal fazasında və dövri (sirkulyar) psixozda, bəzən isə toksik hallarla əlaqədar meydana çıxa bilər.

Depressiv sindrom maniakal sindromun əksinə olan əlamətlərlə; fəaliyyətin enməsi, hərəkətlərin və nitqin tormozlanması ilə xarakterizə olunur. Xəstələr bütün günü qəmgin halda başlarını aşağı dikərək çarpayıda oturur. Ətraf mühitdə olan əşyalar solğun, adamlar məyus görünür.

Stupor (donuq) vəziyyətində olan xəstələrdən fərqli olaraq belə xəstələrlə kontakt yaratmaq mümkün olur. Lakin suallara ləng, asta və yekcins səslə cavab verirlər. Depressiya vəziyyətində olan xəstələr bəzən özünü kiçiltmə, izləmə və müflisləşmə sayıqlamaları söyləyirlər. Bəzən isə narahat, həyəcanlı olurlar (ajitalı depressiya). Özünə qəsd etmə fikirləri olarsa, xəstələrə nəzarəti gücləndirmək tələb olunur.

Depressiv sindrom əsasən MDP-nin depressiya fazasında qocalıqönü psixozlarda və reaktiv hallarda rast gəlinir.

Apatiya sindromu tam laqeydlik, fəaliyyətsizlik, bütün istək və arzuların yoxluğu ilə xarakterizə olunur. Xəstələr bütün günü çarpayıda uzanıb, gözlərini bir nöqtəyə dikərək mənasız vaxt keçirir. Özlərinə adi gigiyenik xidmət etmək (əl-üzünü yumaq, başını daramaq və s.) həvəsi olmur. Bu sindrom çox vaxt iradi hərəkətlərin (fəaliyyətin bütün formalarının) tormozlanması ilə birlikdə müşahidə olunur (apato-abulik sindrom). Şizofreniyanın son dövrü üçün xarakterikdir.


Tarix: 27.11.2014 / 12:44 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Ümumi Psixologiya
loading...