Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Milli musiqi alətimiz- Kamança

Azərbaycan xalq çalğı alətlərinin kamanlı-simlilər qrupunun ən parlaq nümunəsi kamançadır. Kamança, muğamlarımızın ifasında əsas olan trioya (tar, kamança, qaval) daxildir. Kamançanın müxtəlif növləri başqa adlarla Şərq və Orta Asiya xalqları arasında yayılmışdır.

Kamança ifaçılığının Azərbaycanda yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayaraq xanəndəlik sənətinin inkişaf etməsi ilə bağlıdır. İlk nümunələri balqabaqdan, hind qozundan hazırlanar, fil sümüyü ilə bəzədilərmiş. Bir və ikisimli kamançanın nə vaxtsa yaylı qopuzdan formalaşması güman edilir.

Onun tarixi də digər xalq çalğı alətlərimiz kimi çox qədimə söykənir. Kamança Orta əsr klassiklərinin əsərlərində geniş təsvir olunmuşdur. XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Seyid Əlinin «Musiqi məclisi» rəsm əsərində bərbət, dəf və kamança alətləri təsvir edilmişdir. Əbdülqadir Marağai əsərlərində başqa musiqi alətləri ilə yanaşı, kamançanın da adını çəkmiş və onun haqqında məlumat vermişdir. XVII əsrdə Azərbaycana səyahət etmiş alman səyyahı E.Kempfer kamançanın üçsimli və bəzən də dördsimli alət olduğunu, çox gözəl səs tembri ilə səsləndiyini qeyd edir.

Nizami Gəncəvinin «Xosrov və Şirin» poemasında kamança belə təsvir edilir:

Kaman Musa kimi yanır, inləyir,
Çalan xanəndəni durub dinləyir.
Oxuyan bir gözəl qəzəl başladı
Bu keyfi-işrəti çox alqışladı.

Kamançadan xalq çalğı alətləri orkestrində və ansambllarda əsas melodiyanı aparan solo aləti kimi istifadə edilir. Sayı əvvəlcə bir, sonra iki, üç və nəhayət doqquz simli olmuşdur. Müasir dövrümüzdə dörd simdən ibarət olan kamança sol dizin üstündə qoyularaq çalınır.

Keçən əsrdə üçsimli, dördsimli və hətta beşsimli kamançanın mövcudluğu məlumdur. Azərbaycan Tarix Muzeyinin etnoqrafiya fondunda saxlanılan XIX əsrə aid beşsimli kamança bu baxımdan maraqlıdır. Həmin muzeydə görkəmli bəstəkar Zülfüqar Hacıbəyova məxsus olan bir kamança da nümayiş etdirilir. Üç simdən ibarət olan bu kamançanın çanaq və qol hissələri yüksək zövqlə təbii sədəflə bəzədilmişdir.

XIX əsrə aid edilən bu alətin maraqlı cəhəti ondan ibarətdir ki, onun çanağı yarı hissədən şaquli şəkildə kəsilmiş və üzərinə dəri çəkilmişdir. Kamança çanaq, qol və çanağın içərisindən keçərək, onun hər iki hissəsini birləşdirən şişdən ibarətdir. Çanaq, qol və aşıqlar qoz ağacından xüsusi dəzgahda yonulma üsulu ilə hazırlanır. Çanağın üzünə nərə balığının dərisindən hazırlanmış üzlük çəkilir. Kamanla çalınan kamança tut və yaxud qoz ağacından, kaman isə at tükündən hazırlanır. Alətin səslənməsinin yaxşı təmin edilməsində qol ilə simlər arasındakı məsafənin dəqiq təyin edilməsi vacib şərtdir. Ümumi uzunluğu 700 mm, çanağının hündürlüyü 175 mm, eni 195 mm-dir.

Diapazonu kiçik oktavanın «lya» səsindən üçüncü oktavanın «lya» səsinə kimidir. Kamança üçün notlar «sol» açarında yazılır və yazılışından bir ton yuxarı səslənir. Xalis kvarta, kvinta intervalları ilə köklənir. Azərbaycanda gözəl kamança çalanlar sırasında Habil Əliyev, Şəfiqə Eyvazova və başqalarının adları xüsusi qeyd edilməlidir.


Tarix: 10.12.2014 / 11:06 Müəllif: Aziza Baxılıb: 130 Bölmə: Ümumi Melumat
loading...