Böyük rus şairi Sergey Yesenin İrana gedərkən yolunu Mərdəkandan salır. O, kəndi gəzərkən tez-tez başıbağlı qadınlara rast gəlir. Buraların İran ola biləcəyini düşünən S.Yesenini Mircəfər Bağırov yoldan çıxarır. M.Bağırov böyük rus şairinin Mərdəkanda qalıb dərs deməsini istəyir. Ona görə də onu aldadaraq buranın İran olduğuna inandırmağa çalışır. Beləliklə, S.Yesenin uzun müddət Mərdəkanda qalır.
Bu əhvalatı bizə S.Yeseninin Mərdəkandakı ev-muzeyində olarkən Hacı Miraqil adlı kənd sakini danışdı.
Beləliklə, “Bakı kəndləri bizim gözümüzlə” rubrikasında növbəti yazını hazırlamaq üçün yolumuzu Mərdəkan kəndindən salırıq. Şəhər tipli qəsəbə statusunu 1936-cı ildə alan Mərdəkanın ərazisi 1600 hektara bərabərdir.
Xəzər dənizi sahilindəki bu kurort kəndinin əhalisi 15760 nəfərdir. Qədim yaşayış məntəqələrindən olan Mərdəkan Abşeronun xalq memarlığı mərkəzlərindən olub. Strateji mövqedə yerləşən Mərdəkanda XIII-XIV əsrlərə aid möhtəşəm müdafiə qalaları var. Dəniz kənarı iqlim kurortu, pansionat, sanatoriyalar, kurort poliklinikası hər il yerli və xarici turistlərin bura axınına səbəb olur.
Mərdəkanın adı “Mərdlər məkanı” kimi tərcümə olunur, bu da yaşayış məskəninin qədim Mard tayfaları tərəfindən salınmasına işarədir. Mardların adına isə ilk dəfə Qafqaz Albaniyasında yaşayan tayfaların sırasında rast gəlinir. Müxtəlif xarici səyyahların salnamələrində hələ qədimdən xalq memarlığının mərkəzi sayılan Mərdəkan haqqında məlumatlar var. Bakı milyonçularından Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqalarının burada bağları, yaraşıqlı binaları olub. Məşhur rus şərqşünası İ.N.Berezin “Abşeron yarımadasına səyahət” adlı əsərində Mərdəkanda olmasından, bu kəndin tarixi-memarlıq abidələrinin qeyri-adiliyindən yazıb. Tədqiqatçılar bildirirlər ki, Herodot, Strabon kimi səyyahların da Mərdəkan haqqında yazıları olub.
Qızmar qum üzərində cənnətin bir guşəsi
Kənddə yerləşən məşhur Mərdəkan dendrarisi haqda eşitməyən çətin olar. Parka baş çəkmədən geri qayıtmaq qəbahət olardı. Ziyarətçilər cənnət misallı bu yerə əsasən yay aylarında gəlməyə üstünlük verir. Məlumat üçün bildirək ki, əraziyə giriş haqqı əcnəbilər üçün 4, yerli əhali üçünsə 1 manatdır. Mərdəkan dendrarisi 1890-1920-ci illərdə xeyriyyəçi və neft milyonçusu Murtuza Muxtarovun bağı olub. Dahi rus şairi Sergey Yeseninin ev-muzeyi də bu parkda yerləşir. Hazırda burada 1800-ə yaxın bitki növü, 28 növ heyvan və əylənmək üçün katamaranlar, istirahət guşələri var.
Parkda italyan qotikası üslubunda tikilmiş, bir əsr yaşı olan qədim bina da var. Bu bina bir çox kinorejissorların diqqətini çəkib, “Arşın mal alan”, “Qorxma, mən səninləyəm” və bir neçə başqa filmlərdən kadrlar məhz burada çəkilib. Dendrari parkında banket zalı, 20-yə yaxın qonaq otağı, səyahətə gələnlər üçün otaqlar, elmi laboratoriyalar, süni şəlalə, su quyusu, qayıqla gəzinti üçün göl də var. Ərazidə faydalı olan evkalipt, qalibiyyət, dəfnə ağacı, həmişəyaşıl, ağ çiçəkli kol bitkisi olan mərsin, Avropa zeytunu və s. ekzotik bitkilərə rast gəlinir. Arizona sayağı və üfiqvarı kiparislər, Hələb və italyan şam ağacları, ispan sarı çiçəkli çöl bitkisi olan naz, bir çox cins bitkilər ölkəmizin şəhər və kəndlərinə məhz buradan yayılıb. Qeyri-adi aurası olan dendrari Abşeron nəbatat aləminin tacı hesab edilir.
Mərdəkan dendrarisi
Mavi Xəzərin qoynunda yerləşən və Bakının digər kəndlərinə baxanda yaşıllıq cəhətdən bəxti gətirən Mərdəkanda çoxlu istirahət və əyləncə mərkəzləri fəaliyyət göstərir. Kəndin mərkəzindəki məşhur “Qaranquş” sanatoriyası da onlardan biridir. Orada olarkən sanatoriyada təmir-tikinti işlərinin aparıldığının şahidi olduq. Bundan başqa, Mərdəkanda “Heydər məscidi”ndə də yenidənqurma işləri aparılırdı.
Kəndin mərkəzindəki məscid 1893-cü ildə yerli sakin Heydər Almazov tərəfindən tikdirilib. Heydərin arvadı rus olduğuna görə onu “rus Heydər” deyə çağırırmışlar. Məhz məscid tikdirəndən sonra bu ləqəb üzərindən götürülüb.
Mərdəkanda qədim hamamlar çox olsa da onlar baxımsız qalıb. Şirvanşahlar dövrünə aid olan Xanbaba hamamı 1482-83-cü illərdə yerli əhali tərəfindən inşa olunub. Ziley hamamını XIX əsrin əvvəllərində mömin və xeyirxah bir mərdəkanlı qadın tikdirib. Bu hamam qadınlar üçün nəzərdə tutulubmuş.
Məşhur mesenat və neftxuda Hacı Zeynalabdin Tağıyevin 1885-1924-cü illərdə yaşadığı ev Mərdəkanda hələ də qalır. Kənddə Qumluq, Qala, Xərmən, Qoyunbulağı, Seyidlər məhəllələri var. Qədimdə mərdəkanlılar Uzundərə adlanan yerdən taxıl anbarları kimi istifadə edirmiş. Mərdəkanda Pir Həsən adlanan ziyarətgah eyniadlı kənd sakininin ismini daşıyır. Ziyarətgah milyonçu Murtuza Muxtarov tərəfindən 1907-ci ildə tikdirilib. Onu da qeyd edək ki, H.Z.Tağıyevin, onun qızı Sara xanımın məzarları məhz Pir Həsəndə yerləşir.
Bir başqa tarixi abidə — axund Əbdül Turabın məqbərəsi 1908-ci ildə mühəndis İ.K.Ploşkonun layihəsi əsasında tikilib. Məqbərənin sifarişçisi Hacı Zeynalabdin Tağıyev olub.
Mərdəkanlılardan qorunan qalaMərdəkan qalası
Mərdəkanda baş çəkdiyimiz növbəti məkan orta əsrlərə məxsus “Dördkünc qala” oldu. Bu əzəmətli və möhtəşəm qala 1187-ci ildə inşa olunub. Qalanın tikintisi zamanı balıqqulağı və əhəngdən, yumurta sarısından, keçi və dəvə yunundan istifadə edilib. Hündürlüyü 22 metr, 76 pilləsi, 6 otağı olan qala müdafiə məqsədilə tikilib. Böyük müharibələr nəzərə alınaraq qalanın içində ərzaq anbarı kimi istifadə etmək üçün 108 quyu qazılıb. Sonra yeraltı tunellər vasitəsilə digər qalalarla əlaqə yaratmağa çalışıblar. Kənd axundu Hacı Əhməd deyir ki, əvvəllər bizi qoruyan qalanı indi mərdəkanlılardan qoruyurlar. 60 yaşlı kənd sakini misal da çəkir: “Qonşuluğumuzdakı Şağan kəndində də qədim bir qala var idi. İndi həmin qaladan əsər-əlamət qalmayıb. Yerli şağanlılar qalanı parçalayaraq daşlarından özlərinə ev tikiblər. Yadıma gəlir, 1992-93-cü illərdə Mərdəkan qalasını da uçurmaq istəyirdilər. Sonra o, tarixi abidə kimi qeydə alındı və qorunmağa başladı”.
Qalanın içəri tərəflərinin hədsiz dərəcədə bərbad və baxımsız olduğunu söyləyən kənd ağsaqqalı aidiyyəti qurumların tarixi abidəyə biganə münasibətindən gileyləndi: “Kəndin icra nümayəndəsinin başı torpaq və bağ alğı-satqısına qarışıb. Kənd bələdiyyəsi də maklerliklə məşğuldur. Kənddə o qədər tarixi abidələr var ki… Hamısı baxımsızlıqdan məhv olub gedir. Turistlər gəlir, amma heç bir tarixi abidədə bələdçi yoxdur ki, onları gəzdirsin. Məncə, bu kimi işlərlə daha çox Mədəniyyət və Turizm Nazirliyi məşğul olmalıdır”.
Şeyxin Mərdəkandakı nəzir qutuları
Kənd axundu ilə söhbət edə-edə gəlib çıxırıq “Dördkünc qala” aidəsinin yanındakı qədim məscidə. Məscidin girişindəki nəzir qutusunu görən Hacı Əhməd deyir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) keçən ay kənddəki ziyarətgah və məscidlərin önünə yeni nəzir qutuları qoyub. Əlavə edir ki, yığılan nəzir əslində məscidə çatmalıdır. Amma gəl gör ki, şeyxin idarəsi yığılan pulları toplayıb aparır: “Hətta onu da deyim ki, tarixi abidələrin qarşısına da yaşıl rəngli nəzir qutuları quraşdırıblar. Ağzına da qıfıl vurublar. QMİ-dən tez-tez gəlib həmin nəzir qutularını yoxlayırlar”.
Hacı Zeynalabdin Tağıyevin vəsiyyəti
Mərdəkan səfərimizin yekununda reportajımız boyu bizə bələdçilik edən Hacı Əhməd neft maqnatı Hacı Zeynalabdin Tağıyev barədə iki maraqlı və ibrətamiz əhvalat danışır.
Bir gün axund Hacı Turab Hacı Zeynalabdin Tağıyev üçün Quran, daha doğrusu, “Yasin” surəsini oxuyub tərcümə edir. 82-ci ayəyə, yəni “Allah bir şeyə iradə eləsə, ona ”Ol!" deyər, o da dərhal olar" ayəsinə çatanda Hacı Zeynalabdin soruşur ki, axund, mənim bu qədər var-dövlətim var, Allah istəsə, bir anın içində əlimdən ala bilərmi. Axund cavab verir ki, bəli, ala bilər.
Bundan az sonra Azərbaycanda sovet hakimiyyəti qurulur. Bütün sərvəti əlindən alınan Hacı Zeynalabdin vəsiyyət edir ki, öləndə onu Hacı Turabın ayağının altında dəfn etsinlər.
Bu barədə başqa bir rəvayət belədir. Bir dəfə Hacı Zeynalabdin faytonda gedərkən sınıq bir arabaya minən axund Hacı Turabla üzbəüz gəlir. Hacı tez faytonu saxlatdırıb onu axunda bağışlamaq istəyir. Hacı Turab faytonu almır və deyir: “Təşəkkür edirəm, mən nəyim varsa onunla kifayətlənirəm. Verdiklərinə görə də ilahiyə minnətdaram. Hər şey varlını da bir anda dilənçiyə çevirə bilən Allahın əlindədir”.
Hacı Zeynalabdin o vaxt bu sözə önəm verməsə də hər şeyi əlindən alınandan sonra bu uzaqgörən kişinin sözlərini xatırlamamış deyildi. Ona görə də vəsiyyət edir: “Məni onun ayağı altında basdırın, çünki onun ayağının bildiyini mənim başım bilmir”.
Bakı kəndlərindən biri olan Mərdəkanda səyahətimizi bu bazar da beləcə yekunlaşdırdıq.
Tarix: 10.12.2014 / 10:59 Müəllif: Aziza Baxılıb: 261 Bölmə: Ümumi Melumat