Dövlətin rəsmi fərqləndirici əlamətlərindən biri dövlət bayrağıdır və onun təsviri, əsasən konstitusiyada qanunvericiliklə təsbit olunur. Dövlət bayrağı eyni zamanda, məxsus olduğu dövlətin suverenlik rəmzidir.
Azərbaycan Respubiikasının Dövlət bayrağı 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan milli dövlət atributlarındandır.Azərbaycan bayrağı
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Tiflisdə Azərbaycan İstiqlal Bəyannaməsini qəbul edərək, onun müstəqilliyini elan etdi. Bakı şəhəri bolşevik-daşnak qruplaşmalardan ibarət Bakı Xalq Komissarları Sovetinin əlində olduğu üçün həmin il iyunun 16-da Azərbaycan Xalq Cümhuriyyətinin ilk Milli Hökuməti və Milli Şurası Gəncədə yerləşdirilir. Qeyri-sabit siyasi vəziyyətlə bağlı 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının yeddinci iclasında onun buraxılması, bütün qanunverici və icra hakimiyyətinin Azərbaycanın Müvəqqəti hökumətinə verilməsi haqda iki qərar qəbul edilir.
Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 24 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilir. Türkiyə ilə Antanta dövlətləri arasında Birinci Dünya müharibəsinin sonuna yaxın 1918-ci il oktyabrın 30-da imzalanan Mudros (Mondros) müqaviləsinə əsasən türk qoşunları Azərbaycanı tərk etməli və müttəfiq qüvvələri tərəfindən Bakının tutulmasına mane olmamalı idilər.
Azərbaycan ərazisi üzərində səlahiyyət mandatı almış ingilislər isə ilk bəyanatlarında Azərbaycan hökumətini tanımadıqlarını bildirdilər və bu hökuməti Türkiyənin intriqasından yaranmış bir qurum kimi qiymətləndirdilər. Bunun qarşısını almaq və milli hökumətin tanınmasına nail olmaq üçün Dövlət bayrağının dəyişdirilməsi qərara alındı. 1918-ci il noyabrın 9-da Bakı şəhərində Fətəli Xan Xoyskinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası oldu və burada onun milli bayraq haqqında məruzəsi dinlənildi.Həmin iclasda dövlət bayrağı haqqında aşağıdakı qərar qəbul edildi:
"Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkiz guşəli ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin".
Azərbaycan Respublikasının müstəqillik qazanmasından xeyli əvvəl, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş və 28 aprel rus işğalından sonra 1920-ci il mayın 3-də endirilmiş müqəddəs bayrağımız 70 il sonra 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasət və dövlət xadimi prezident Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilərək, yüksəklərə qaldırıldı.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu"nu qəbul etdi. Bu Konstitusiya qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı.
Bu gün milli tərbiyə və təhsilimizin, milli ideologiyamızın qarşısında duran ən vacib məsələlərdən biri prezident H.Əliyevin "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamına uyğun olaraq milli bayrağımızın tarixini, onun rəng palitrasının və üzərindəki simvolların məna və funksiyalarını təbliğ etməkdən ibarətdir.
Azərbaycanın Dövlət bayrağı "Trikolor" ("üç rəngli bayraq") bayraqlar sırasına daxildir. Dünyada ilk trikolor XVI əsrdə Hollandiyada yaradılmış və qırmızı, ağ, mavi rəngli üç üfüqi zolaqdan ibarət olmuşdur. Müasir dövrdə bir çox dövlətlərin də bayraqları trikolordur. Lakin bizim milli bayrağımız dünyada mövcud olan trikolorlardan rəng düzümü ilə bərabər, üzərində digər simvolların olmasına görə fərqlənir. Onu da qeyd etmək lazımdır ki, müxtəlif dövrlərə və dövlətlərə məxsus bayraqlardakı eyni rəng müxtəlif məna və funksiya daşıya bilər.
Dövlət bayrağımızda üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini bildirən "türkçülük, islamçılıq və müasirlik" düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Onun fikrincə,
TÜRKLƏŞMƏK milli ənənələrin dirçəlməsi, milli dilin,ədəbiyyatın, tarix və mədəniyyətin yüksəldilməsi, İSLAMLAŞMAQ islamda milli dini-əxlaqi və ümumbəşəri dəyərlərin inkişaf etdirilməsi,
AVROPALAŞMAQ isə Avropa elm və texnikasının nailiyyətlərini öyrənib onun nəticələrini öz milli elm və mədəniyyətinin inkişafına istiqamətləndirmək, Qərb demokratiyası ənənələrindən istifadə etmək deməkdir.
Dövlət bayrağımızdakı qırmızı zolaq üzərindəki rəngli aypara və ağ rəngü səkkizguşəli ulduz rəmzləri Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il iyunun 21-də Gəncədə qəbul etdiyi qırmızı rəngli və üstündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının üçrəngli milli bayrağımızda kiçildilmiş formasından ibarətdir. Bu simvol Azərbaycan bayrağına əski Osmanlı İmperatorluğunun bayrağından götürülməklə, özündə əsgi türk mifalogiyalarından gəlmə türkün tanrı ilə bağlılığını ifadə edir.
Hələ Demokratik respublika dövründə görkəmli şairlərimiz milli bayrağımıza ideya-məzmun və bədii sənətkarlıq cəhətdən diqqəti cəlb edən şerlər həsr etmişlər.
1919-cu ilin aprel ayında Parlament binası üzərində dalğalanan üçrəngli bayrağa həsr etdiyi "Azərbaycan bayrağına" adlı şerində görkəmli şairimiz Əhməd Cavad yazmışdır:
Allahın yıldızı, o gözəlpəri,
Sıqınmış qoynunda Aya, bayrağım!
Cümhuriyyətin dövlət atributlarına, o cümlədən milli bayrağımıza xalqın qəlbində məhəbbət hissi oyadaraq təsəvvürlərdə, şüurlarda onların müqəddəsləşdirilməsi, daha doğrusu, bu müqəddəsliyin milli varlığımıza hopmasına nail olunması cəhdi dövrün ictimai-bədii fikrini düşündürən məsələlərdən idi.
Qəhrəmanlar oylağı, igidlər yatağı, məzlumlar pənahı olub, yeraltı və yerüstü sərvətlərinin zənginliyi coğrafı mövqeyinin əiverişliliyi ilə seçilən gözəl bir diyarın başı üzərində onun öz milli simvolu olan bayrağın dalğalanması şair və yazıçılarımızın vətəndaş qəlblərini fərəhlə doldurur və onlar bu bayrağı qəlbən vurulduqları sevgililərinə tay tuturlar. Bu hal Cəfər Cabbarlının şerlərində də diqqəti cəlb edir.
O, "Azərbaycan bayrağına" yazdığı "Sevdigim" şerində Dövlət bayrağının çoxmənalı rənglərini belə təsvir edir:
...Can alıcı bir görkəmlə dağ başında durduqca
Oxşadıqca baharyeli açıq-dağınıq tellərin.
Nazlı yelin omuzunda saçlarına vurduqca
Birər-birər oxşayırsan bütün Turan ellərin.
Altun köksün hilal-yıldız, işıqları öpüncə,
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdigim.
Altaylardan, Altundağdan doğma səslər gəliyor,
Yaşıldonlu, mavigözlü, al duvaqlı sevdigim.
Qollarilə türk ellərin bütün qucmaq istiyor,
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdigim.
Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatının gücləndiyi bir dövrdə - 1990-cı il noyabrın 29-da respublika Prezidenti tərəfindən "Azərbaycan SSR- in adının və Dövlət bayrağının dəyişdirilməsi haqqında" fərman verilmişdir. Həmin fərman 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin növbəti çağırışının ilk sessiyasında təsdiq olunmuşdur. Fərmana müvafiq olaraq "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında əsasnamə"də tərtib və təsdiq olundu.
Tarix: 09.12.2014 / 15:49 Müəllif: Aziza Baxılıb: 154 Bölmə: Ümumi Melumat