Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əttarlıq

Qədim dövrlərdən bu günə gəlib çatmış nadir və zərif sənət növlərindən biri də əttarlıqdır. Əttar sözü ərəb kəlməsi olub, çeşidli otlardan, bitkilərdən, ağaclardan, çiçəklərdən istifadə etməklə müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan təbii-müalicəvi maddələr, dərman nüsxələri hazırlayan peşəkar insanlara aid edilib. Bu peşənin özü isə min illər boyu əttarlıq sənəti adlandırılıb.

Əttarlara müasir anlamda farmakoloq — əczaçı da demək olar. Lakin əttarların gördüyü iş bununla bitməyib. Onlar eyni zamanda incə rayihəli, gözəl ətirli, zərif qoxulu, ətirli maddələr-mayelər, ətriyyatlar,sular, yağlar, məlzəmələr hazırlamışılar. Bu ətriyyatlardan əsasən kosmetik məqsədlə parfümeriya kimi də istifadə olunub. Bu mənada əttarlar həm də mahir kosmetoloqlar olmuşlar.

Qədim zamanlarda əttarlar insan orqanizmi üçün dörd ünsürün xüsusilə böyük əhəmiyyət daşıdığını qeyd etmişlər. Bunlardan səfra (öd), bəlğəm (selik), sövda (qara öd) və qandır. Əttarlar insan sağlamlığının, insan səhhətinin, hətta saçların tökülməsini belə bu dörd ünsürün münasibətindən yaranan tarazlığın pozulmasında görmüşlər. Bu mənada əttarlar həm də loğmanlara daha yaxın olmuş, qədim təbabətin sirlərinə bələdlikləri ilə fərqlənmişlər.

Azərbaycanda əttarlıq sənəti lap qədim zamanlardan inkişaf edərək bu günümüzə kimi gəlib çatmışdır. Bir çox tarixi mənbələrdə əttarlıq sənətinin Gəncədə, Şamaxıda, Naxçıvanda, Qarabağda və digər bölgələrdə inkişaf etməsi barədə maraqlı faktlara rast gəlinir.

Ərəb tarixçisi Təəbərinin yazdığına görə, hələ IX-X əsrlərdə Azərbaycanda məşhur loğman və həkimlər, o cümlədən öz peşəsinin ustası olan peşəkar əttarlar yetişib. Onların hazırladıqları müxtəlif məcunlar, dərman nüsxələri, məlzəmələr və ətirli maddələr bütün Şərq ölkələrində məşhur olub.

İtaliyalı səyyah Cenkinsonun “Səyahətnamə”sində isə milli əttarlarımızın hazırladıqları müxtəlif növ farmakoloji məhsulların, həmçinin ətriyyatların Avropa saraylarında geniş şəkildə işlədildiyi və şəhrət tapdığı bildirilir. Vaxtilə Azərbaycanı qarış-qarış gəzmiş məşhur fransız yazıçısı Aleksandr Dümanın “Qafqaz səyahəti” əsərində də milli əttarlarımızın sənətinə yüksək qiymət verilmiş, bu ölkədə hazırlanan müxtəlif çeşidli məcunların, dərman nüsxələrinin və kosmetik vasitə kimi işlədilən son dərəcə füsunkar ətirli və təkrarsız rayihəyə malik parfümeriya nümunələrinin Qərb bazarlarında geniş şəkildə yayıldığı bildirilir.

Azərbaycan əttarlarının hazırladıqları müxtəlif təyinatlı dərman nüsxələrindən və ətriyyat maddələrindən Avropa ölkələrinin kral saraylarında xüsusilə məşhur olduğu barədə tarixi qaynaqlarda kifayət qədər məlumatlara rast gəlmək mümkündür.Azərbaycanın 9 iqlim qurşağına malik olması burada dünyanın bir çox ölkələrində rast gəlinməyən nadir çiçək və otların yetişməsinə şərait yaratmışdır.

Qədim zamanlardan bu günümüzə kimi insanlar bu və ya digər cismani narahatlıqlar, müxtəlif xəstəliklər zamanı məhz əttarların məsləhət bildikləri maddələrdən istifadə edərək şəfa tapmışlar. Məsələn, bənövşə yağı əsasən ürək ağrıları, ürək döyüntüləri, qəlb sıxıntıları və narahatlıqlarında istifadə olunub. Qızılgüldən alınan gülab maddəsi isə qan təzyiqini, sinə ağrılarını, ürək döyüntüsünü aradan qaldıran ən təsirli vasitədir. Süsənbər çiçəyinin ləçəklərindən alınan şirə isə həm bəzi daxili xəstəliklər- mədə xorası, bağırsaq narahatlığı, həzm prosesinin pozulması hallarında dərman kimi işlənmiş, həm də uzun müddətli və cazibədar rayihəsi olan ətriyyat kimi tanınmışdır.

İbn Sinanın “Həkimlik sənətinin qanunları” adlı kitabında isə əttarlıq sənəti və əttarların hazırladıqları məhsulların şəfaverici və insanlarda xoş duyğular yaratmaq xüsusiyyətləri barədə zəngin məlumat verilir.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox milli dəyərlərimiz kimi əttarlıq sənəti sahəsində də müəyyən dirçəliş yaranıb. Hazırda ölkə paytaxtında xeyli miqdarda “Yaşıl aptek” (əczaxana) fəaliyyət göstərir. Bu əczaxanalarda əsasən təbii bitkilərdən və onların şirəsindən hazırlanan dərman nüsxələri satılır. Ənənəvi Şərq təbabətinə əsaslanan belə əczaxanalar həmçinin qədim əttarlıq sənətinin dirçəlməsində də böyük rol oynaya bilər. Gələcəkdə xalqımızın min illər boyu istifadə etdiyi, bu gün isə unudulmuş bir çox məcunların, məlzəmələrin, dərman nüsxələrinin və eləcə də ətriyyat növlərinin — parfümeriya nümunələrinin hazırlanması qədim əttarlıq sənətinin dirçəldilməsində güclü stimul rolunu oynaya bilər.Əgər belə olarsa, unudulmaqda olan bir milli sənət sahəsinə yenidən həyat verə bilərik.


Tarix: 10.12.2014 / 10:56 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Ümumi Melumat
loading...