Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Balaxanı

Bakı kəndləri arasında Balaxanı tarixən tutduğu iqtisadi mövqeyə və qədim irsinə görə seçilir. Kənd Bakının şimal-qərbində, Abşeron yarımadasının ortasında yerləşir, Sabunçu qəsəbəsi, Ramana kəndi, Digah və Məhəmmədi kəndləri ilə qonşudur. Şimal səmtindəki yüksəklikdə kəndi iki - “Yuxarı” və “Aşağı” - məhəlləyə bölən qədim qəbiristanlıq var. Balaxanının şimal hissəsi “Rzaqulu kəndi”, cənub hissəsi əhali tərəfindən “Canhüseyn məhəlləsi” adlanır. Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi plan-forma quruluşunu saxlaya bilib. Evlər bir-birinə yaxın, ensiz küçələr, ənənəvi həyətyanı sahələri, mövcud məhəllə sistemi ilə seçilir.

Kəndin adının mənası Qılman İlkinin “Bakı və bakılılar” kitabında qeyd olunub: “bala” - yuxarı, hündür, “xana” - ev deməkdir. Balaxana qədim zamanlarda karvansaraların giriş qapısı üstündə olan kiçik otağa (mezonin, yaxud antrosol) deyərdilər. Bunlar yarım mərtəbə şəklində olardı. Hazırda belə otaqlar Bakının 40 kilometrliyində, 1439-1440-cı illərdə tikilmiş Səngəçal karvansarasının və Suraxanıdakı 1713-cü ildə inşa edilmiş Atəşgahın qapısı üstündə var.
Bələdçim Balaxanı kəndinin Xalq teatrında uzun illər rejissor işləyən Akif Əzimovun dediyinə görə, qədimdə burada əksər evlərdə balkonlar (eyvan) olardı. Balaxanı sözünün bir mənasının da kənd sakinlərinin “balxon” dediyi bu eyvanlardan götürülməsi ehtimal olunur.
Abşeronda neft istehsalından öncəki dövrdə (XIX əsrin ortalarınadək) kənd əhalisinin əsas məşğuliyyəti ənənəvi olaraq əkinçilik, bağçılıq, bostan bitkiləri əkini və maldarlıq olub. Kəndin kənarındakı Böyükşor gölünün yaxınlığında üzümlüklərdə məşhur üzüm növləri becərilirmiş.
Vaxtilə Böyükşordan bir az yuxarıda iki kiçik göl də olub ki, bunlara “Qoşanohur” deyirmişlər. Hazırda həmin ərazi quruyub. Kənddən təxminən 1 km şimalda 4 böyük bağ olub ki, onları suvarmaq üçün 15 quyu qazılıbmış. Həmin quyulardan kənd camaatı da istifadə edirmiş. İndi buralarda neft buruqları ucalır.
Həmçinin kəndin qərbində “Norazan dərə” adlanan yerdə də bərəkətli bağlar, dərənin cənubunda isə “Pür-Qübbə” adlanan yüksək bəhrəli əkin sahələri olub. “Qırməki” adlanan yerdən keyfiyyətli qır çıxarılarmış və onunla kənddəki evlərin damları qırlanarmış.

Tarixi abidələr
Abşeronun qədim yaşayış məskənlərindən biri olan Balaxanıda maraqlı tarixi abidələr də var. Kəndin cənubundakı “Boq-boqi” adlanan yerin yaxınlığında vaxtilə Suraxanı atəşgahına bənzər abidə olub. Balaxanı kəndində XVII əsrdə karvansara binasının tikilməsi, kəndin neft və duz istehsalı və ixracı ilə əlaqədar olaraq iqtisadi əhəmiyyətə malik olduğunu göstərir.
Kəndin cənub hissəsindəki köhnə qəbiristanlıqda “Pirə Moulo” piri, kəndin ortasındakı böyük tut ağacının yanında olan “Sənqıran” piri olub. Kənddə bir neçə hamam camaata xidmət edib: “Xan qızı”, “Hacı Nəcəfqulu”, “Hacı Həsən”, “Bala Rza”, “Şirəli”, “Nurbala” hamamları və s.

Balaxanı - neft rəmzi
Balaxanı haqqında söz düşərkən ilk ağla gələn neft olur. Yerin təkindən hasil edilən “qara və ağ yağ” çox-çox əsrlər əvvəllərdən bu kəndin sakinlərinə həm xoşbəxtlik, həm də bədbəxtlik gətirib. Üzdə olan dayaz quyulardan əllə çıxarılan bu qiymətli mayedən camaat həm özü yanacaq və müxtəlif xəstəliklərə qarşı dərman kimi istifadə edirmiş, həm də onu tuluqlara dolduraraq karvan-karvan bütün Azərbaycana və uzaq ölkələrə ixrac edərmiş.
Neft quyularından birində tapılmış daş parçasının üzərindəki yazıdan məlum olur ki, quyu hələ 1594-cü ildə Allahyar Məmmədnur tərəfindən qazılıb. Rusiya Bakını işğal edəndən sonra, 1820-ci ildən etibarən Abşeronun bütün neft quyuları dövlət xəzinəsinin ixtiyarına keçir və onlar ayrı-ayrı adamlara dörd illiyə icarəyə verilərək, əvəzində kirayə haqqı alınırdı. 1825-ci ildə Balaxanıda 82 dövlət və onlarca icarəyə verilmiş neft quyusu olub.
XIX əsrin 70-ci illərini Bakı nefti tarixində “fontanlar dövrü” adlandırmaq olar. Neft hasilatını artırmaq məqsədilə yeni texniki üsullardan istifadə olunurdu. 1869-cu ildə Balaxanıda ilk dəfə olaraq mexaniki vurma üsullu quyu qazılır. Quyu gözlənilmədən elə fontan vurub ki, üç gün ərzində hər tərəf neft gölünə dönüb. 1873-1878-ci illərdə Balaxanıda 47 belə güclü neft quyusu qazılıb. Bu dövrdə xarici şirkətlər Balaxanıda çoxlu torpaqlar əldə ediblər, Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyonçular, rus kapitalistləri mədənlər salıblar. Artıq XX əsrin əvvəllərində Balaxanıda onlarca yerli və xarici neft şirkətləri və onların mədənləri, karxanaları fəaliyyət göstərirdi.
Balaxanıda ilk neft quyusunun şərəfinə abidə qoyulub. Sovet dövründə bu abidə ziyarət yerinə çevrilmişdi, burada pionerlərin boynundan qırmızı qalstuk asılır, gənclərə komsomol bileti verilirdi. Lakin hazırda bu abidədən iz qalmayıb.
XX əsrin əvvəlində Bakıda sol (bolşevizm) təmayüllü inqilabi hərəkat genişlənəndə Balaxanı neft mədənləri bu hərəkatın mərkəzinə çevrilib. Balaxanıda inqilabi hərəkata başlayanlardan biri də keçmiş SSRİ-nin rəhbəri İosif Stalin olib. Stalin Balaxanıda inqilabi iş aparanda onun partiya ləqəbi “Koba” olub. Mühacirətdə yaşamış Azərbaycan yazıçısı Əsəd bəy “Stalin” adlı kitabında onun Balaxanıdakı fəaliyyətindən geniş bəhs edir. Elə inqilabi mövzuda çəkilmiş “Səhər” filmi də Balaxanıda lentə alınıb.

Balaxanılıların sevimli Sabiri
Böyük satirik şair Mirzə Ələkbər Sabir ilk dəfə Bakıya iş, dolanışıq dalınca gələrkən şəhərdə münasib iş tapa bilməyərək Balaxanı kənd məktəbində şəriət və fars dili müəllimliyinə başlayıb. Balaxanı kənd Xalq teatrının rejissoru Akif Əzimovun sözlərinə görə, şair burada qara fəhlələrin əzablı günlərini görüb “Fəhlə” şeirini də qələmə alıb. Onun şeirlərində tənqid hədəfi olan varlılar Sabiri cəzalandırmaq üçün Balaxanıya - Sabirə sığınacaq vermiş insanların üzərinə hücuma keçmişdilər. Sabiri sevən camaat isə şairin müdafiəsinə qalxaraq onları geri qaytarıblar.


Tarix: 09.12.2014 / 16:01 Müəllif: Aziza Baxılıb: 380 Bölmə: Ümumi Melumat
loading...