Azərbaycan xalqının qədim sənət və peşələrindən biri toxuculuqdur. Daha doğrusu, bu işlə bağlı olan parça istehsalıdır. Zəngin naxışlı, rəngarəng çeşidli toxumalar — parçalar daim xalq ustalarının bədii fikir və yaradıcı təxəyyülünü özündə əks etdirib, xalqın bədii estetik tərbiyəsinin inkişafında mühüm rol oynayıb. Eyni zamanda dövrünün inkişaf tarixini özündə yaşadır… Onu da deyim ki, parça istehsalı ta qədim zamanlardan lifli materialların: yun, pambıq, ipək, kətan və boyaq bitkilərinin bol olduğu yerlərdə intişar tapıb...
Məlumdur ki, XIX əsrin axırlarında ölkə iqtisadiyyatında müəyyən durğunluq yaranır. Ancaq sənətkarlıq, o cümlədən toxuculuq sənəti öz inkişafından qalmır. Hadisələrin dinamik inkişafı Rusiyada kapitalist münasibətlərinin yeni mərhələyə keçməsinə təkan verir. Kustar istehsalın bəzi sahələrində tədrici inkişaf özünü göstərir. İlk manufaktura müəssisələri yaranır. Boyaq istehsalı artır. Bəzi toxuculuq mərkəzlərində əl dəzgahlarının bir hissəsini buxar maşını əvəz edir. Toxucu kustar fabriklər yaranır. By da qədim irsə malik ənənəvi naxışlı parçaların istehsalına mənfi təsir göstərir. Parçaların dekorativ həlli sadələşir… İstehsalda əsasən üç üsuldan istifadə olunur: toxuma naxış, basma naxış və tikmə naxış. Bu üsulla tafta, qanovuz, darayı, mov, cecim, alaca, tətinlik, xasqırmızı parça istehsalı XX əsrin əvvəllərinə kimi Şamaxı, Gəncə və Naxçıvan şəhərlərində geniş istehsal olunub.
Tafta- Bu parça ipəkdən toxunur, saya və naxışlı olub. “Tafta” sözünün izahı İranda yer adı ilə bağlıdır. Bu parça sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi və rəng harmoniyasının ifadəli həlli ilə digər növ parcalardan fərqlənir. Azərbaycanın milli toxumalarından olan tafta hələ XV-XVIIəsrlərdə Avropa və Rusiyada böyük şöhrət qazanıbmış.
Qanovuz parçanın sap sıxlığı taftaya nisbətən çoxdur. Qanovuzun əriş sapları tovlu olur. Rəngləri də sarı-yaşıl, qara-qırmızı, göy-qırmızı olur. Üzərinə işıq düşəndə bərq vuraraq müxtəlif rəng çaları yaranır. Rəng çalarına görə xalq arasında “şahi”, “cənnəti”, “gecə-gündüz”, “səhər-axşam” kimi adlarla tanınıb. Sapının keyfiyyətindən asılı olaraq iki cür (əsl qanovuz və xam qanovuz) toxunub. Əsl qanovuz əbrişim ipəyindən hasil edilib. Üz örtüyü şəffaf, elastik və zərif olub. Xam qanovuz isə iplik qarışığından hazırlandığına görə üz örtüyü qeyri — şəffaf olur. Bu parça xalq arasında “kasıb qanovuzu” adı ilə də tanınıb.
Darayı kətan qrupuna aiddir. Sıx toxunuşlu, sapı tovlu, bişmiş baramadan (gəci) toxunan, üzü qeyri-şəffaf qədim xalq toxumasıdı. Kətan qrupuna aid toxumalar kimi darayı da arşınnüma və ədədi toxunub. XIX əsrdə bu toxumanın hər iki növü Şamaxı, Gəncə və Şuşa şəhər istehsalında mühüm yer tutub. Darayı toxumalar zolaqlı, həm də dama-dama naxışlı olur. Bu parçalardan əsasən qadın üst paltarlarında istifadə olunarmış. Həmin dövrdə Azərbaycan qadınlarının geyimlərinin çox qismi darayı parçalardan hazırlanıb. Buna Aşıq Ələsgərin şeirlərindən birində də rast gəlirik:
Başında Herat kəlağayı,
Hər paltarı darayıdır.
Mov kətan hörüklü parçadır. Həm saya, həm də zolaqlı və dama-dama naxışlı olur. Sap sıxlığı tafta toxumaya nisbətən seyrəkdir. Burada soyuq rənglərə nisbətən isti rənglər üstünlük təşkil edir. Parçanın yerliyi əsasən qırmızı rəngli, enli zolaqlardan ibarət olur. Zərif toxunuşu, rəng əlvanlığı ilə fərqlənən mov parçalar xalq məişətində, xüsusilə toy-bayramlarda daha çox istifadə olunub.
Cecim dekorativ toxuma olub, yun, pambıq və ipək liflərdən hasil edilib. Qalın, davamlı, möhkəm və ağır qırçınlı olur. Azərbaycanın əsasən aran və qisməndə dağətəyi bölgələrində (Ağcabədi, Şuşa, Cəbrayıl, Ağdam, Bərdə, Ordubad) ipəkçiliyin daha çox inkişaf etdiyi yerlərdə istehsal olunub.
Alaca — xalq arasındas “al”, “ala”, “alışan” adı ilə tanınıb. Əsasən yundan, ipəkdən toxunub. Kətan hörüklü, sıx toxunuşlu möhkəm və davamlı qədim toxumadır. VI-IX əsrdə Azərbaycanda toxunduğu -istehsal olunduğu məlumdur. Xalqımızın mədəniyyət abidəsi olan “Kitabi — Dədəqorqud“ da alaca parçadan yorğanüzündə istifadə edildiyi bildirilir. XVI — XVII əsrdə yaşamış bir çox aşıqların qoşmalarında azərbaycanlı qadınların alaca parçadan paltar geydiyinə rast gəlinir. Aşıq Abdulla qoşmalarının birində yazır:
Abdulla uymadı dünya malına,
Libasına, qumaşına, alına.
Sarı Aşıqda da oxuyuruq:
Geyibsən alacanı,
Tər saxla alacanı.
Yarın ala gözləri
Az qala ala canı.
Misal gətirdiyimiz bu qoşmalardan məlum olur ki, o, dövrdə qadınların geyimində alacandan tikilən paltarların xüsusi yeri olubdur.
Tətinlik- Məişətdə geniş istifadə olunan bu parça da yun, ipək və iplikdən toxunub. Müxtəlif rəngli zolaq və mil-mil naxışları olub. Yer hanasında toxunan cecimi parçadır. Alaca parçadan seyrək toxunuşu, nisbətən enli mili və zolaqları ilə fərqlənir. XIX əsrdə tətinlik yerli istehsal kimi Gəncə və Şuşa qəzalarının toxuculuq sənayesində xüsusi yer tutub.
Xasqırmızı parça əsasən Gəncə istehsalı olub. Tətinlik parçaya nisbətən nazik toxumadı. Tünd-qırmızı yerlikdə sarı, yaşıl, göy, ağ, qara mil və zolaqlara malik olur. Xasqırmızı parçadan kişi və qadınlar üst köynəyi tikdirərmiş.
XIX-XX əsr Azərbaycan toxuma naxış parçalarının bəzi texniki-dekorativ xüsusiyyətləri Orta Asiya, Ukrayna və Moldava xalqlarının kustar toxumalarının bədii tərtibatında müşahidə olunub. Bu oxşarlığı xalqların yaxınlığında, sosial-iqtisadi vəziyyətlərin eyniliyində və mədəni-ticarət əlaqələrin bir-biri ilə bağlılığında müəyyən olunub.
Göründüyü kimi, o dövrün kustar toxuma parçaları məhz bu cür xüsusiyyətləri özündə əks etdirib. Ancaq bütün bunlara baxmayaraq o, inkişafda olan və güclü təzyiq göstərən fabrik mallarının rəqabətinə davam gətirə bilməmişdir...
Tarix: 10.12.2014 / 11:04 Müəllif: Aziza Baxılıb: 171 Bölmə: Ümumi Melumat