Bakının dənizkənarı kəndlərindən olan Nardaranda bir çox meyvə və tərəvəzlər yetişir. Yay mövsümündə buranın havası xüsusilə gözəldir. Ölkəmizin hər bir tərəfindən burada dəniz kənarı bağlarda dincəlməyə gələnlərin sayı həddən artıq çox olur. Hətta xarici ölkələrdən buraya gəlib bağlarda dincələn turistlər bu torpaqda bitən tut, əncir, üzüm (xüsusən ağ şanı), iydə və s. meyvələrdən yeyib dadından doya bilmirlər. Buranın havası barədə sadəcə onu qeyd etmək kifayət edər ki, bir fransız mesenatı ölüm ayağında olan və son günlərini Xəzər dənizi sahilində keçirmək istəyən qızı üçün burada uca bir ev tikdirir. Nardaranın dəniz havası qıza şəfa verir. Onun üçün inşa edilən tikilidən isə sonralar mayak kimi istifadə olunur.
Bağların dənizkənarı hissəsində Ümid Qaya adlı ərazidə qədim Qobustandakı daşlarda olduğu kimi qayalar üzərində müxtəlif işarələr və yazılar mövcuddur. Sara Aşurbəyli yazır ki, bu sahə Abşeronda ən qədim tapıntıdır. Kənd iki tərəfdən qayalıqlarla əhatələnib. Günçıxan tərəf Bilgəh kəndi, günbatan tərəf isə Kürdəxanı və Pirşağı kəndləri ilə qonşudur.
Nardaran kəndinin adının mənası barədə müxtəlif versiyalar irəli sürülür. Bir ehtimala görə, kəndin adı narlar bağı, narlar diyarı, digər variantda mərd insanlar məkanı kimi qeyd olunur, başqa bir versiya kimi isə kəndin adı nurlar diyarı (Nardaran - nurdərə, nur olan yer) kimi təqdim edilir. Bu torpaqda 8-ci İmam Museyi Kazımın (ə) qızı Rəhimə xanım (ə) və onun həyat yoldaşı Mir Əbdullah ağa dəfn olunub. Hazırda onların qəbirlərinin üzərində möhtəşəm ziyarətgah, Nardaran piri tikilib.
Nardaranın tarixinə səyahət
Kəndin tarixi-memarlıq tikililərindən II Şah Abbasın dövründə inşa edilən qədim Hacı Baxşəli məscidi, onunla üzbəüz yerləşən Şah Abbas karvansarası (XVI əsr), Hülakilər dövrünün yadigarı, 1301-ci ildə Qazan xan tərəfindən inşa edilmiş qədim Nardaran qalası, Rəhimə xanım ziyarətgahı (Nardaran piri, X əsr), Şahnəzər məscidi (XVI əsr), məscidin yanında yerləşən mədrəsə kompleksi (X-XI əsrlər), Ağa məscidi (1905-1907-ci illərdə Məhəmməd Əmin Rəsulzadənin atası Şeyx Məhəmməd Əmin tərəfindən tikilib), Hacı Qulaməli məscidi (1910-cı il), su ovdanlarını (bu su ovdanlarından biri "Sehrli xalat" filmində xanın pilləkənləri çıxaraq qaçdığı səhnədə göstərilir) qeyd etmək olar.
Bundan əlavə, 1388-ci ildə inşa olunan hamam və XIX əsrə aid Hacı Abdin, Hacı Ələsgər Ağa hamamları, qədim qəbiristanlıqlar, qədim qəbirüstü yazılı daşlar da maraq doğurur. Kənddə Şirvanşahların dövründə tikilmiş gözəl memarlıq üslubunda olan Xan Bağı mövcuddur. Xan bağından dənizə, kənd qalasına, Ziyarətgaha gedən yeraltı yollar var. Nardaranda Qalagah, Qədəmgah, Küladüz, Əlməgə, Ümid qayası və s. adda qədim yer adları var. Kəndin dəniz kənarında qayalıq hissədə qədim mayakın alt hissəsində Ocaqqulu adlı mağara yerləşir.
Nardaran piri
Sovet hakimiyyəti illərində, başqa ziyarətgahlar kimi, Nardaran pirinin qapısını da birdəfəlik bağlamaq istəyiblər. Bibiheybət piri sovet quruluşunun ən müdhiş çağlarında dağıdılmışdı. Yəqin ki, eyni aqibət Nardaran pirini də gözləyirmiş. Amma nardaranlılar buna imkan vermirlər. Onda başqa vasitələrə əl atılır. Pirin qapısını daşlarla hörürlər. Nardaran əhli gecələr gəlib daşları sökərək ziyarətgahın yolunu açır. Bu hadisə dəfələrlə təkrar olunub. Vəziyyətdən çıxış yolunu axtaran Nardaran ziyalıları axır ki, hökumət adamlarını aldatmaq üçün çıxış yolu tapırlar. Kəndin kolxoz sədri, kənd sovetinin sədri məsələ qaldırırlar: “Nardaran piri möhkəm bünövrəyə malik tikilidir, niyə sökürsünüz? Buranı anbar edib içində buğda saxlamaq olar”. Tədbir baş tutur və Nardaran piri bu yolla xilas edilir. 1951-ci ildən anbara çevrilən tikilidə buğda saxlayırlar. 1956-cı ildən ziyarətgahdan daha anbar kimi istifadə edilmir, əhali yığışıb buranı təmizləyir. Nardaran pirini uçurub-dağıda bilməsələr də tarixi barəsində kitabəni aparıblar. Kənd ağsaqqalları danışırlar ki, o dövrdə Azərbaycanda bərpaçıların çoxu milliyyətcə erməni olub. Onlar qədimliyinə görə daş kitabələrin üzərindəki yazıları pozublar. Rəhimə xanımın qəbrinin üzərindəki kitabələrdən bəziləri də məhv edilib.
Nardaran camaatı böyük sevgi, dərin inamla qoruyub-saxladığı Nardaran pirində tikinti-bərpa işlərinə başlamaq arzusunu bir də 1994-cü ildə həyata keçirmək fürsəti qazanır. Kənd ağsaqqalları ilə məsləhətləşilir. Yenidən inşa ediləcək pirin maketini hazırlamaq bacarıqlı memar Nemət Əsədulla oğluna həvalə olunur. Nemət Əsədulla oğlu yeni tikilinin maketini hazırlayır. Kənd ağsaqqallarının xeyir-duası ilə 1994-cü il avqustun 10-da - Peyğəmbərin (s) mövludu günü tikintinin bünövrəsi qoyulur. Köhnə tikili qədim abidə kimi qorunur.
Nardaran pirinin müxtəlif yerlərində olan üç quyu da saxlanılır. Deyirlər ki, bu quyulardan vaxtı ilə Rəhimə xanım istifadə edərmiş. Quyulardan biri 17 metr dərinliyə malikdir. Onun çox şəfalı suyu var. Bəziləri onu Məkkədə olan müqəddəs Zəmzəm suyunun tamını verdiyini deyirlər. Quyunun bir hikməti də var: ondan nə qədər su götürürsən-götür, elə əvvəlki kimi qalır, suyu nə artır, nə də azalır.
Pirin həyətində «Ürək daşı» adlandırılan bir ziyarətgah da var.
Kəndin məşhurları, yaxud muğamın laboratoriyası
Nardaran kəndi dinə olan bağlılığı və mömin insanların çoxluğu ilə seçilir. Burada tarix boyu məşhur din xadimləri yaşayıb və mədrəsələrdə dərs deyiblər. Hətta əgər Nardaranda evlərin hasarlarında, divarlarda Məhəmməd peyğəmbərin (s.ə.s.), imamların hikmətli kəlamlarına rast gəlmək olar. Burada Şeyx Məhəmməd Əmin Ağa, Şeyx Əhməd Ağa, Şeyx Rəsul Ağa, Şeyx Həsənağa Ağa, Məşədi Məzahir ağa, Axund Molla Hacı Əli və başqa din xadimləri olub. Onların arasında 1937-ci ildə repressiya qurbanları olanlar da var.
Nardaranlılar ədəbiyyat və muğama da böyük önəm verirlər. Şairlərdən Mirzə Abbas Şahin, Hacı Əli Pərişan, Hacı Mahir, Hacı Ələmdar Mahir, vaxtilə Nardaranda şüəra məclisini idarə edən Hacı Molla Şeyx Əli Tuti kimi ədəbiyyatçıların adlarını çəkmək olar.
Kəndin mədəniyyətimizə bəxş etdiyi bir sıra görkəmli şəxsiyyətləri də var. Onlardan kinorejissor Həsən Seyidbəyli, xanəndə Məmmədbağır Bağırzadə, tarzən Ağasəlim Abdullayev, rəqqas Böyükağa Məmmədov kimi sənətkarların adlarını çəkmək olar.
Nardaranda tarixən muğam mədəniyyətinə bağlı insanlar olub. Kərbəlayi Nəğdəli, Məşədi Səməd və başqa muğam biliciləri olub. Axund Hacı Nurbala Rəhimov söhbət əsnasında Xalq artisti Ağaxan Abdullayevin bu barədə maraqlı bir fikrini də xatırlatdı: “Muğam ustamız Ağaxan Abdullayev bir dəfə muğam müsabiqəsində dedi ki, Qarabağ muğamın beşiyidirsə, Nardaran muğamın laboratoriyasıdır”.
Tarix boyu Azərbaycana dəyərli insanlar bəxş edən Nardaran bu gün də inkişaf edir.
Tarix: 09.12.2014 / 16:10 Müəllif: Aziza Baxılıb: 411 Bölmə: Ümumi Melumat