Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mehdi Hüseynzadə (Mixaylo)

Azərbaycan xalqının tarixi qəhrəmanlıq səhifələrində əbədi yer tutan vətənpərvər insanlardan biri də Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadədir. M.Hüseynzadə 1918-ci il dekabrın 22-də Bakının Novxanı kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Rəssamlıq Məktəbini bitirmiş, Leninqrad (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda və Bakıda - indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almışdır.
1941-ci ildə orduya çağırılmış, 1942-ci ildə Tbilisidə piyada hərbi məktəbini qurtarmışdır. Həmin ilin iyulunda Stalinqrad ətrafında gedən döyüşlərdə iştirak etmiş, avqustda Kalaç şəhəri yaxınlığında ağır yaralanaraq əsir düşmüşdür. Ukrayna, Polşa, İtaliya və keçmiş Yuqoslaviyanın hərbi əsir düşərgələrində olmuşdur. M.Hüseynzadə 1944-cü ilin əvvəllərində bir qrup yoldaşı ilə əsirlikdən qaçmış və Yuqoslaviya partizanlarına qoşulmuşdur. Partizan hərəkatının lideri, "Mixaylo" təxəllüsü ilə tanınan Mehdi hitlerçilərə qarşı mübarizədə cəsurluğu ilə əfsanəvi şöhrət qazanmışdır. Məlumatların toplanmasında, düşmən qərargahlarının, körpülərin, hərbi eşelonların, döyüş sursatı anbarlarının partladılmasında, hərbi əsirlərin azad edilməsində fəal iştirak etmişdir. 1944-cü ilin payızında M.Hüseynzadənin başçılığı ilə bir qrup partizanın İtaliyanın Udine şəhərindəki faşist həbsxanasına hücumu nəticəsində 700 hərbi əsir, o cümlədən 147 sovet əsgər və zabiti azad edilmişdir. Mehdi keçmiş Yuqoslaviya Xalq Azadlıq Ordusu 31-ci diviziyasının qərargahı yanında xüsusi kəşfiyyat qrupu yaratmış və onun başçısı olmuşdur. Faşistlər "Mixaylo"nu ələ keçirən, yaxud öldürən adama 400 min lirə mükafat təyin etmişdilər. Növbəti tapşırığı yerinə yetirib geri qayıdarkən faşistlərlə üz-üzə gəlmiş əfsanəvi qəhrəman qeyri-bərabər döyüşdə xeyli düşmən məhv etmiş və ələ keçməmək üçün son gülləsini özünə vurmuşdur. Əvvəl Vitovle, sonra isə Çepovani kəndində dəfn olunmuşdur.

Mehdi uşaqlıqdan qeyri-adi istedadı ilə çoxlarını heyran edirdi. O, bacarıqlı üzgüçü, istedadlı rəssam idi. Mehdinin təhsil aldığı 19 nömrəli məktəbin direktoru yazıçı S.S.Axundov, ilk müəllimi isə məşhur bəstəkar S.Rüstəmov olmuşdur. Onda vətənə, xalqa, torpağa, millətə dərin sevgi hisslərini məhz bu böyük şəxsiyyətlər formalaşdırmışlar.
Bu gün məşhur azərbaycanlı qəhrəmanın adını daşıyan məktəb fəaliyyət göstərir, bundan başqa, qəsəbə, küçə və bir gəmi onun adınadır. 1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Qələbə meydanında unudulmaz qəhrəmanın heykəli qoyulmuş, haqqında kitablar, o cümlədən tanınmış yazıçılar H.Seyidbəyli və İ.Qasımov onun qəhrəmanlıqlarını əks etdirən "Uzaq sahillərdə" povestini yazmış və 1957-ci ildə eyni adlı film çəkilmişdir.
Kinorejissor Tahir Əliyev Sloveniyada olmuş, Mehdinin sevdiyi qızla və 10 nəfər sloveniyalı döyüş yoldaşı ilə görüşmüş, birlikdə qəhrəmanın məzarını ziyarət etmişlər. Rejissor bu görüşün nəticəsi olaraq "Mixaylo" sənədli filmini çəkmişdir. T.Əliyev Mehdinin azərbaycanlı partizan yoldaşları Cavad Həkiminin, Cabbar Quliyevin, Mirdamət Seyidovun, Mikayıl Qulubəyovun və digərlərinin Sloveniyada ehtiramla xatırlandığını bildirmişdir. Nəzərə çatdıraq ki, onların hamısı dünyalarını dəyişmişlər.

2006-cı ildə Prezident İlham Əliyevin Sloveniyaya rəsmi səfəri zamanı razılaşdırılmaya əsasən 2007-ci ildə M.Hüseynzadənin abidəsi açılmışdır.
Döyüş dostları qeyri-adi rəşadətə, çevikliyə və zəngin biliyə malik olan mərd azərbaycanlı partizanın həyatı, maraqlı döyüş yolu haqqında xatirələrini həmvətənlərinə danışmışlar. M.Hüseynzadə dəfələrlə alman zabiti, italyan karabineri və ya kəndlisi libasında düşmən yuvasına girərək lazım olan məlumatları toplamışdır. O, bir neçə dildə yaxşı danışır, istehkamçı işini əla bilir və avtomaşını ustalıqla idarə edirdi.
"Mixaylo" təxəllüsü ilə tanınan Mehdinin şöhrəti artıq bütün partizan birləşmələrinə yayılmışdı. O, səmimi insan, qayğıkeş, mehriban dost olmuşdur. Onun düşmənə endirdiyi zərbələrin sayı-hesabı yox idi. Bütün yoldaşları bu cəsur insanla fəxr edərdi.
M.Hüseynzadə keçmiş Yuqoslaviyanın Qabaredo qəsəbəsində yerləşən IX korpusun nəzdində kəşfiyyat komandiri vəzifəsində çalışarkən daha məsuliyyətli və hər an təhlükələrlə üzləşən tapşırıqlar yerinə yetirmişdir. Bu vaxtlar Mixaylo Triyest şəhərindəki faşist hərbi xəstəxanasını partlatmış, Opçinodakı 270 nəfərlik kinoteatrı yerlə-yeksan etmiş, Qoritsiya şəhərində hərbi ləvazimatla dolu bir maşını qaçırmışdı. Mixaylonun adı gələndə bərk qorxuya düşən faşistlər onu hər yerdə cidd-cəhdlə axtarırdılar. Sonuncu döyüşdə axırıncı gülləsini əsir düşməsin deyə, öz ürəyinə sıxmış Mixaylonu partizan yoldaşları böyük ehtiramla dəfn etmişlər. Çepovani adlı bir yerdə qəhrəmanın qəbir daşında bu sözlər həkk olunmuşdur: "Rahat yat, Azərbaycan xalqının qəhrəmanı, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır".



Qəhrəmanın xatirəsinə dəyərli töhfə olan "Uzaq sahillərdə" bədii filmində Mixaylo rolunun əvəzolunmaz ifaçısı, xalq artisti Nodar Şaşıqoğlundan bu roldan sonra xalq arasında ona münasibətin necə olduğunu soruşanda aktyor demişdir: "Filmin şöhrəti doğrudan da, böyük idi. Bakıda hər hansı bir restorana girməyim kifayət idi, pulsuz-parasız qulluq göstərir, avtoqraf istəyirdilər. Yadımdadır, 1958-ci ildə Asiya və Afrika xalqlarının kinofilmlərinin Daşkənd festivalında filmin ilk baxışından sonra Tofiq Tağızadə ilə küçəyə çıxmışdıq. Bizi saysız-hesabsız tamaşaçı qarşıladı. Bu filmdən sonra mən tamaşaçılardan, hətta almanlardan minlərlə məktub almışdım. Film Amerika, Polşa, Çexoslovakiya və digər ölkələrdə uğurla nümayiş etdirilmişdiE
"Mixaylo"dan sonra tamaşaçılar heç bir rolumu qəbul etmədilər. Bütün rollarımda məni yalnız Mixaylo kimi gördülər." Bu çoxsaylı tamaşaçı məhəbbətinin əsasında azərbaycanlı qəhrəmanın rəşadəti, igidliyi, vətənə, xalqa, torpağa sədaqəti dururdu.
Onun həyat yolu indiki və gələcək nəsillər üçün bir örnəkdir.
M.Hüseynzadənin qəhrəmanlığı haqqında xaricdə də çoxlu kitablar çap olunmuşdur.
Hər il dekabrın 22-də Mehdi Hüseynzadənin - partizan "Mixaylo"nun xatirəsi ehtiramla anılır, gənc nəsil qəhrəmanın oxuduğu Novxanı kənd orta məktəbində tədbirlər keçirir, onun heykəli önünə tər çiçəklər düzürlər. Qəhrəmanlar heç vaxt ölmürlər. Onlar öz əməlləri ilə mənsub olduqları xalqın qəlbində əbədi yaşayırlar.


Tarix: 09.12.2014 / 16:54 Müəllif: Aziza Baxılıb: 234 Bölmə: Ümumi Melumat
loading...