Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dövlət rəmzlərimiz

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında

Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Dövlət gerbinin rəngli və ağ-qara təsviri təsdiq edilsin.
Bu Qanun imzalandığı andan qüvvəyə minir.




Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə (əlavə olunur) təsdiq edilsin.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 16 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, N-5-6, maddə 70) ilə təsdiq edilmiş Azərbaycan SSR-in Dövlət gerbi haqqında Əsasnamə qüvvəsini itirmiş hesab edilsin.
Bu Qanun imzalandığı andan qüvvəyə minir.




Azərbaycan Respublikasının Dövlət gerbi haqqında

Ə S A S N A M Ə

Azərbaycan Respublikasının1993-cü il 23 fevral tarixliQanunu ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir.

Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.

Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq təsviri vurulur:
Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;
Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə;
Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi və Ali Arbitraj Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;
yerli nümayəndəli dövlət orqanlarının binalarına və iclas salonlarına;
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;
Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına.
Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə olunur:
Azərbaycan Respublikası Dövlət möhüründə, bütün dövlət orqanlarının möhürlərində;
Azərbaycan Respublikası qanunlarının, parlamentin qərarlarının, prezidentin fərman və sərəncamlarının blanklarında;
bu Əsasnamənin 3-cü maddəsində göstərilən dövlət orqanlarının sənədlərinin blanklarında (binalarının lövhələrində);
Azərbaycan Respublikası Milli Bankının buraxıldığı kağız və metal pul nişanlarında, Azərbaycan Respublikasının qiymətli kağızlarında, dövlət istiqraz vərəqələrində;
Azərbaycan Respublikası vətəndaşının pasportunda; Azərbaycan Respublikası vətəndaşına verilən diplomatik və başqa xarici pasportlarda;
Azərbaycan Respublikası parlamentinin rəsmi nəşrlərində;
Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda Dövlət sərhəd nişanlarında.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatının möhür və blanklarında.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikası Dövlət gerbinin təsvirinin mütləq vurulmalı olduğu başqa hallar da nəzərdə tutula bilər.

Bu Əsasnamədə göstərilən hallardan başqa Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ Azərbaycan Respublikasının parlamenti tərəfindən verilə bilər.

Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Dövlət gerbinin verilən təsviri ölçüsündən asılı olmayaraq həmişə dəqiq surətdə bu Əsasnaməyə əlavə edilən rəngli və ya ağ-qara təsvirə uyğun gəlməlidir.






Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Azərbaycan Respublikasının Ali Soveti qərara alır:
1. Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin.
3. «Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Əsasnamənin təsdiq edilməsi barəsində» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1956-cı il 5 may tarixli Fərmanı (Azərbaycan SSR qanunları toplusu, 1938-1966-cı illər, c. I, səh. 221; Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, № 5-6, maddə 71, № 12, maddə 161) qüvvəsini itirmiş hesab edilsin.





Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında

ƏSASNAMƏ


1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
2. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan rəngli üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir.
Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir.
Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir.
Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
3. çıxarılıb
4. çıxarılıb
5. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq bu Əsasnaməyə əlavə edilən rəngli və sxematik təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.
6. çıxarılıb
7. çıxarılıb




Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında

Azərbaycan Respublikasının Qanunu


Maddə 1. Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr


1.1. Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.

1.2. Azərbaycan Respublikası onun ərazisindən kənarda Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür.

1.3. Azərbaycan Respublikası əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görür.

Maddə 2. Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılmalı olduğu yerlər

2.1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Prezident sarayının və dövlət iqamətgahlarının üzərində, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Məhkəmə-Hüquq Şurasının, mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikası Milli Bankının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Hesablama Palatasının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının binaları, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin yerləşdiyi binanın üzərində daimi qaldırılır.

2.2. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının binaları üzərində, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iqamətgahları üzərində beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq qaldırılır.

2.3. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının gəmi reyestrlərindən birində qeydiyyata alınmış gəmilərin üzərində qaldırılır.

2.4. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının sərhəd nəzarət-buraxılış məntəqələrinin və sərhədzastavalarının binaları üzərində daimi qaldırılır.

2.5. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi hissə və hərbi gəmilərində aşağıdakı hallarda qaldırılır:

2.5.1. Azərbaycan Respublikasının bayram günlərində;

2.5.2. hərbi andiçmə mərasimində;

2.5.3. hərbi hissələrə və ya hərbi gəmilərə dövlət mükafatları təqdim edildikdə;

2.5.4. hərbi hissələr (bölmələr) və ya hərbi gəmilər xarici dövlətin ərazisində (ərazi sularında) olduqda.

2.6. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi hissələrində onların qərargahlarının binalarında, hərbi gəmilərində isə Hərbi Dəniz Qüvvələrinin gəmi nizamnamələrinə uyğun olaraq qaldırılır.

2.7. Xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya Azərbaycan Respublikasının limanında dayanarkən öz bayrağı ilə yanaşı, beynəlxalq dəniz adətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət bayrağını da qaldırmalıdır.

Maddə 3. Azərbaycan Respublikası Dövlət bayrağının yerləşdirilməli olduğu yerlər

3.1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Milli Məclisinin iclas salonunda, Azərbaycan Respublikası prezidentinin iş otağında, habelə Azərbaycan Respublikası prezidentinin iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salonlarda və otaqlarda, Azərbaycan Respublikası məhkəmələrinin iclas salonunda, Azərbaycan Respublikası Milli Məclisi sədrinin, Azərbaycan Respublikası baş nazirinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin, Məhkəmə-Hüquq Şurası sədrinin, Azərbaycan Respublikası baş prokurorunun, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları başçılarının, Azərbaycan Respublikası Milli Bankı idarə heyəti sədrinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin, Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, Naxçıvan Muxtar Respublikası baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iş otaqlarında daimi yerləşdirilir.

3.2. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası prezidentinin, dövlət nümayəndə heyəti rəhbərlərinin, xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərlərinin nəqliyyat vasitələri üzərində yerləşdirilir.

3.3. Azərbaycan Respublikasının Dövlət bayrağı qanunvericiliklə müəyyənləşdirilmiş hallarda və qaydada andiçmə mərasimi keçirilən yerlərdə yerləşdirilir.

Maddə 4. Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin istifadəsi

4.1. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri beynəlxalq uçuşları həyata keçirən Azərbaycan Respublikası mülki hava gəmilərinin və Azərbaycan Respublikasının hüdudlarından kənara uçuşlar üçün istifadə olunan hərbi nəqliyyat hava gəmilərinin üzərində vurulur.
4.2. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti sərhəd gəmilərinin və qayıqlarının fərqləndirici nişanı kimi istifadə olunur.
4.3. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri Azərbaycan Respublikasının dövlət mükafatlarının, habelə qanunvericiliklə nəzərdə tutulmuş hallarda rəsmi döş nişanlarının elementi kimi istifadə edilir.

Maddə 5. Azərbaycan Respublikası Dövlət bayrağının digər yerlərdə istifadəsi

5.1. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla (asıla) bilər.

5.2. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, müəssisə və idarələr tərəfindən keçirilən tədbirlər zamanı qaldırıla (asıla) və ya yerləşdirilə bilər.

5.3. Dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır (asılır) və ya yerləşdirilir.

Maddə 6. Azərbaycan Respublikası Dövlət bayrağının rəsmi tədbirlər zamanı istifadəsi

6.1. Azərbaycan Respublikasının Dövlət bayrağı dövlət hakimiyyət orqanları tərəfindən keçirilən rəsmi tədbirlər və mərasimlər zamanı qaldırılır (asılır) və ya yerləşdirilir.

Maddə 7. Azərbaycan Respublikası Dövlət bayrağının matəm günlərində və matəm mərasimlərində istifadəsi

7.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş vəya müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində Azərbaycan Respublikası Dövlət bayrağının dəstəyinin və ya dirəyinin yuxarı hissəsinə eni 10 santimetr olan qara lent bərkidilir və (və ya) Dövlət bayrağı bayraq dirəyinin yarısına qədər endirilir.

7.2. Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 8. Azərbaycan Respublikası Dövlət bayrağının digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi

8.1. Azərbaycan Respublikasının Dövlət bayrağı qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, həmin bayraqların ölçüsü Azərbaycan Respublikası Dövlət bayrağının ölçüsündən böyük ola bilməz.

8.2. Azərbaycan Respublikasının Dövlət bayrağı digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda, Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır.

Maddə 9. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər

9.1. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

9.2. Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin «Panton» rənglər kataloqunun Blue 313 C rənginə, qırmızı rənginin — Red 185C rənginə, yaşıl rənginin — Green 3405 C rənginə uyğunluğu təmin edilməlidir.

9.3. Azərbaycan Respublikasının Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir.

9.4. Azərbaycan Respublikasının Dövlət bayrağı ya bayraq dirəyi, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır.

9.5. Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun.


Maddə 10. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər

Azərbaycan Respublikasının Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz.

Maddə 11. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Azərbaycan Respublikası Dövlət bayrağının bu qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.

Maddə 12. Yekun müddəaları


12.1. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

12.2. Bu qanun qüvvəyə mindiyi gündən 1991-ci il 5 fevral tarixliAzərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında» Əsasnamənin 3-cü, 4-cü, 6-cı və 7-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.

12.3. Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


Azərbaycan RespublikasıMilli Məclisinin 1993-cü il 2 marttarixli qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Dövlət himni haqqında
ƏSASNAMƏ

Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir.
Azərbaycan Respublikasının Dövlət himninə dərin ehtiram bəsləmək onun hər bir vətəndaşının vətənpərvərlik borcudur.

Azərbaycan Respublikasının Dövlət himni aşağıdakı hallarda ifa olunur:
Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının başlanması və qurtarması zamanı;
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman;
dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;
hər gün Azərbaycan Respublikası milli televiziya və radio verilişlərinin əvvəlində və axırında;
Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr münasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi xadimlərinin, milli qəhrəmanlarının, elm, ədəbiyyat və incəsənət xadimlərinin şərəfinə abidələrin və lövhələrin açılışı zamanı;
dövlət və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən;
Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçıları qarşılanarkən və yola salınarkən — müvafiq ölkənin Dövlət himni ifa olunduqdan sonra.Azərbaycan Respublikasının qanunvericiliyində Azərbaycan Respublikası Dövlət himni hökmən ifa olunduğu başqa hallar da nəzərdə tutula bilər.
Azərbaycan Respublikasının Dövlət himni orkestr, xor, orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və alətlər vasitəsilə ifa olunur. Bunun üçün səsyazma vasitələrindən də istifadə edilə bilər.
Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa olunur.

Azərbaycan Respublikasının Dövlət himni «Azərbaycan Respublikasının Dövlət himni haqqında» Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli Qanunu ilə təsdiq edilmiş mətnə və musiqi redaksiyasına tam müvafiq surətdə ifa olunmalıdır.

Azərbaycan Respublikasının Dövlət himni camaat qarşısında ifa olunarkən oradakılar himni ayaq üstə dinləməli və ya oxumalıdırlar.

Hərbi hissələrdə, hərbi gəmilərdə, dəxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanlarında Azərbaycan Respublikası Dövlət himninin ifa olunması, habelə himn ifa edilərkən hərbi qulluqçuların, daxili işlər və milli təhlükəsizlik orqanlarının sıravi və rəis heyətinə aid şəxslərin əsgəri rəsm-təzim etməsi hərbi nizamnamələrlə və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir.

Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni əlifba kitabının birinci səhifəsində dərc olunur.
Ümumtəhsil məktəblərində, texniki peşə, orta ixtisas məktəblərində, ali məktəblərdə və başqa tədris müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının Dövlət himninin öyrənilməsinə və ifasına həsr edilir.

Respublika və beynəlxalq idman yarışları keçirilərkən Azərbaycan Respublikası Dövlət himninin ifa olunması qaydası respublika və beynəlxalq idman təşkilatlarının mövcud praktikası nəzərə alınmaqla müəyyən edilir.

Respublika idarələri və təşkilatları xarici dövlətlərin ərazisində təntənəli tədbirlər keçirərkən Azərbaycan Respublikasının Dövlət himni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara müvafiq surətdə, onların olduqları ölkənin praktikası və yerli adətləri nəzərə alınmaqla ifa edilir.

Azərbaycan Respublikası Dövlət himninin daxili işlər, sərhəd xidməti vəmilli təhlükəsizlik orqanlarında, tədris müəssisələrində, idman yarışları zamanı, habelə Azərbaycan Respublikasının idarələri və təşkilatları tərəfindən xarici dövlətlərin ərazisində tədbirlər keçirilərkən ifa olunması qaydaları bu Əsasnamənin tələbləri əsas götürülməklə müəyyən edilir.

Bu Əsasnamənin dəqiq yerinə yetirilməsinə nəzarət etmək dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqlarının və digər içtimai qurumların rəhbərlərinə həvalə olunur.

Azərbaycan Respublikasının Dövlət himni haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Musiqisi Üzeyir Hacıbəyovun, mətni Əhməd Cavadın olan «Azərbaycan marşı» Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edilsin.



AZƏRBAYCAN MARŞI

Musiqisi Üzeyir Hacıbəyovun,
Sözləri Əhməd Cavadındır.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət,
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!


Tarix: 10.12.2014 / 10:58 Müəllif: Aziza Baxılıb: 420 Bölmə: Ümumi Melumat
loading...