Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanda Memarlıq XX əsrdə

XIX yüzil-XX yüzilin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş memar, bənna, usta, nəqqaş və memaralıq bəzəyi ustalarından Ustad Tağı (Şamaxı, memar; Şamaxı qəbiristanlığındakı «Yeddi günbəz» türbələr kompleksi, 1816-17), Hacı Məhərrəm (memar; Bakıdakı cümə məscidinin hasarları, 1822), Mirzə Qədim İrəvani (rəssam-nəqqaş; İrəvanda Sərdar Sarayının divar rəsmləri, 1850 illər), Süleyman (xəttat; Abşeronun Əmircan kəndindəki məscidin kitabəsi, XIX yüzil), Mirzə Mehdi (Gəncə, xəttat; indiki Goranboy rayonu Rəhimli kəndindəki qəbiristanlıqdakı türbənin daş kitabəsi, XIX yüzil, Zeynal və Rəcəb (memar; Abşeronun Bilgəh kəndində məscid, 1839), Zeynalabdin (Bakı, memar; Abşeronun Binə kəndində məscid, 1844), Mirzə Cəfər (Şamaxı, nəqqaş), Usta Qənbər Qarabaği (Şuşa, nəqqaş), Səfər (usta Qənbər Qarabağinin qardaşı; nəqqaş), Usta Qurbanəli (Şamaxı; nəqqaş), Şükür Qənbər oğlu (nəqqaş) — hamısı Şəki xanları sarayının dekortaiv tərtibatı və bərpasında iştirak etmişlər, XIX yüzil), Cahangirbəy Əliyev (memar; Ağdaşın baş planı, 1910), Zirvərbəy Əhmədbəyov (mühəndis-memar; Bakıda Təbriz məscidi və s.).
Sovet dövrü Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin (Binəqədi, indiki Rəsulzadə, Bakıxanov, Montin, Məmmədyarov) salınması ilə bağlıdır. Abşeronda fəhlə qəsəbələrinin tikilməsi həmin dövrdə gənc sovet memarlığının ilk nümunələri idi.
Keçmiş SSRİ-də ilk baş planlardan olan «Böyük Bakı»nın baş planı yeni tikiləcək rayonları da əhatə edirdi. Mənzil probleminin həlli ilə bağlı tədbirlərlə yanaşı, Abşeron yarmadasında nəqiliyyat rabitəsi də təkmilləşdirildi. 1926-cı ildə Bakının neft rayonlarını şəhərlərlə bağlayan elektrik dəmir yolu çəkildi. Keçmiş SSRİ-də ilk elektrik dəmir yolu olan bu xətt yol boyu inşa ediləcək tikililər kompleksinin memarlıq həlli ilə bağlı idi. Həmin dövrdə tikilmiş Sabunçu vağzalının binası (memar N.G. Bayev) bu binaların ən maraqlı nümunələrindəndir. İlk yaşayış massivlərindən olan Məmmədyarov qəsəbəsinin salınması ümumittifaq əhəmiyyətli tədbirlərdən biri idi.
1929-cu ildə Azərbaycan Politexnik İnstitutu inşaat fakültəsinin ilk buraxılışı oldu. Fəal yaradıcılıq fəaliyyətinə başlayan gənc memarlardan S.Dadaşov və M.Useynov qısa müddət ərzində bir çox binaların layihəsini hazırladılar və onların tikilməsinə nail oldular. Bunlardan Bayıldakı fabrik-mətbəx (indiki doğum evi), Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) yeni tədris korpusu (hər ikisi 1932), İncəsənət İşçiləri Evi, bir sıra yaşayış binaları kompleksi, Qazaxdakı Pedoqoji Texnikumunun binası (hamısı 1933) diqqəti cəlb edir.
20-ci illərin başlanğıcından Bakıda yaşıllaşdırma və bağ-park memarlığı sahəsində mühüm işlər görülməyə başlandı.
1958 ildə M.Ə.Sabirin heykəli indiki abidə ilə əvəz edildi (heykəltaraş C. Qaryağdı, memarlar Q. Əlizadə, Ə. İsmayılov) yaradıldı. 30-cu illərin əvvəllərində yeni Dənizkənarı Bulvarın salınması (əski bulvarın təbii davamı) Bakının mərkəzi hissəsinin ümumi memarlıq-plan quruluşunun yaxşılaşdırılmasına əhəmiyyətli təsir göstərdi.
Bu dövrdə Bakının memarlıq inkişafı 1924-1927-ci illərin baş planında nəzərdə tutulmuş bir sıra iri ictimai binaların tikintisinin başa çatdırılması və yaşıllaşdırılma işlərinin genişləndirilməsi ilə səciyyələnir. Baş planın həyata keçirilməsi sahəsində mühüm tədbirlərdən biri də indiki 28 May küçəsi ilə Bülbül prospektinin (keçmiş) birləşdiyi ərazinin yenidən qurulması idi. S.Dadaşov və M.Useynovun layihələri ilə burada tikilmiş «Nizami» Kinoteatrı və Azərbaycan Respublikası Yeyinti Sənayesi Nazirliyinin keçmiş binası (hər ikisi 1937-1939) həcm-məkan quruluşuna və monumental tikilililərin memarlıq həllinə görə diqqəti cəlb edir. S Dadaşov və M.Useynov burada antik yunan və İntibah memarlığı üçün xarakterik olan üsul və foramlardan yaradıcı şəkildə istifadə etmişlər.
1933-1936 minillərdə Bakıda və respublikanın başqa şəhərlərində geniş miqyasda məktəb tikintisi işləri aparılmışdır. Bunlardan S. Dadaşov və M. Useynov tip layihələri ilə Bakıda və respublikanın başqa şəhərlərində tikilən dördmərtəbəli binaları memarlıq həllinin ifadəliliyinə görə fərqlənir. Bu layihələr üçün milli memarlıq ənənələri ilə yanaşı, klassik formaların tətbiqi xarakterikdir.
Bu dövrdə Azərbaycan memarlarının yaradıcılıq axtarışları yeni memarlığın milli ənənələrlə uyğunlaşdırılması meylləri ilə səciyyələnir. Bu istiqamətin inkişafında S.Dadaşov və M.Useynovun birgə fəaliyyəti aparıcı yer tuturdu.

Gəncənin yenidən qurulması və sonrakı inkişafının 1939-cu ildə təsdiq olunmuş layihəsi (S.Qocamanlı, A.P.Slobodyanik) sovet dövründə Bakıdan sonra respublika şəhərlərinin ən iri baş planlarındandır. Sovet hakimiyyəti qurulduqdan sonra Gəncədə yeni sənaye müəssisələri, məktəblər, institut (Hacı Zərdabi ad. Pedoqoji İnstitutunun binası, 1940, S.Dadaşov, M.Useynov), kinoteatrlar, klub və mehmanxanalar tikildi, Gəncə çayının üzərindən körpülər salındı. Nizami Gəncəvinin 800 illik yubleyi ilə bağlı şairin abidəsinin layihəsi (heykəltaraş F.Əbdürrəhmanov, memarlar S.Dadaşov, M.Useynov) hazırlandı və İkinci Dünya müharibəsindən sonra ucaldıldı (1946; SSRİ Dövlət mükafatı, 1947). Nizami Gəncəvinin anadan olmasının 850 illik yubileyi ilə əlaqədar 80 illərin sonu — 90 illərin əvvəllərində ənənəvi Azərbaycan türbələri tipində layihələşdirilmiş Nizami türbəsində əsaslı surətdə yenidənqurma işləri aparıldı, şairin türbəsinin quruluşu xeyli dəyişdirildi (memar F. İmamquliyev).
30-cu illərin sonunda, həmçinin Yevlax, Xankəndi və Şəki şəhərlərinin baş planlarının işlənib hazırlanmasına başlanıldı. Bu dövrdə memarlığın səciyyəvi xüsusiyyəti respublikada çoxlu məktəb binalarının tikilməsi idi.
1944-cü ildə Azərbaycan SSR XKS yanında Memarlıq İşləri İdarəsinin (ilk rəisi akad. S.Dadaşov) yaradılmasında memarlıq fəaliyyətinə böyük təkan verdi. Azərbaycan xalq təsərrüfatının sonrakı inkişafı üçün yeni sənaye mərkəzlərinin yaradılması zərurəti meydana gəldi. 40-cı illərin ortalarından Sumqayıt və Daşkəsən şəhərləri, sonralar isə Mingəçevir şəhərinin salınmasına başlanıldı.

Dünyada ilk dəfə açıq dənizdə, polad dirəklər üzərində salınmış şəhərcik olan Neft Daşlarının layihələndirilməsi və tikintisi müharibədən sonrakı dövr memarlığın da özəl yer tutur. Neft Daşları 1949-cu ildə Xəzərdə zəngin neft yatağının tapılması ilə bağlı yaranmışdır. Bu qeyri-adi şəhərciyin bədii-memarlıq simasını «adi» yaşayış evləri, mədəni-məişət müəssisəsi korpusları, orijinal küçə-estakada sistemi və s. müəyyənləşdirir.
Bakının mərkəzi hissəsinin yenidən qurulması 1950-ci illərdə Azərbaycan memarlarının mühüm yaradıcılıq fəaliyyəti kimi davam edirdi. Şəhərin mərkəzində xeyli ərazidə yenidənqurma işəlri aparıldı və yeni binalar tikildi. 50-60 illərdə tikilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və keçmiş V.İ. Lenin Mərkəzi Muzeyi Bakı Filialının binaları (1954; 1955; H. Məcidov), M.F.Axundov adına Respublika Kitabxanası (1960, M.Useynov), Azərbaycan Dövlət Dram Teatrının binası (1960, Q. Əlizadə; M. Məmmədovun iştirakı ilə), Mərkəzi Univermaq (1961, N. Kənkərli) və s. binalar Bakının memarlıq simasını zənginləşdirdi.
Bakıda ilk çoxmərtəbəli yaşayış evləri şəhərin Dağlıq hissəsində — keçmiş Sovet küçəsində (indiki N. Nərimanov pros.) tikilmişdir. İndiki H.Cavid prospekti sahəsində Dağlıq yaylanın tikintisi 50-ci illərin memarlıq təcrübəsində iri tədbirlərdən biri oldu. Burada salınmış Azərbaycan Respublikası EA şəhərciyi kompleksi (1951-66, M. Useynov), H.Cavid prospektindəki yaşayış evləri, əvvəllər tikilmiş Azərbaycan Politexnik İnstitutunun (indi Texniki Universitet) binasının (1931-33, S.Dadaşov, M.Useynov) yenidən qurulması və s. tikililər Bakıda yeni bir abad rayonların meydana gəlməsinə zəmin yaratdı.
İctimai və mədəni-məişət təyinatlı binalar respublikanın başqa şəhərlərində də tikilirdi. Sumqayıt, Daşkəsən, Mingəçevir kimi yeni şəhərlərdə mədəniyyət evləri, Bakıda və rayon mərkəzlərində kinoteatrlar, ticarət müəssisələri, uşaq bağçaları və məktəb binalarının tikintisi kütləvi şəkil aldı. Naxçıvanda Musiqili Dram Teatrının (1961, Ə.İsmayılov, H.Məcidov) tikintisi ilə şəhərin baş planında nəzərdə tutulan mərkəzin əsası qoyuldu. Gəncənin mərkəzi hissəsində tikilmiş uzunsov quruluşu və kadrlar planı monumentl İnzibati bina (1960, Ə.İsmayılov, F. R.Leontyeva) şəhərin memarlığında üstün yerə çıxdı.

50-ci illərdə binaların layihələndirilməsi və tikintisində israfçılığın aradan qaldırılması, tikintində sənaye bazasının genişləndirilməsi ilə bağlı tədbirlər Azərbaycan sovet memarlığında yeni mərhələnin başlanğıcını qoydu. Həmin tədbirlər boş sahələrdə kütləvi mənzil tikintisini nəzərdə tuturdu. Bu isə layihə üsullarının kökündən dəyişdirilməsini tələb edirdi. Fərdi layihələrin yerini ayrı-ayrı hissələri yeni yaradılmış evtikmə kombinatlarında hazırlanan sənaye əsaslı eyni tipli evlərin tikintisi tutdu. Məhz bu üsulun sayəsində qısa müddət ərzində iri yaşayış massivləri salındı.
1960-cı illərdə Azərbaycan şəhərsalma və memarlığın inkişafında keyfiyyətcə yeni dövr başlayır. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri məhz bu illərdə paytaxt tipli böyük şəhərə çevrilmişdir.
Bakının ən görkəmli yerlərində gözəl memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən müasir binalar ucadılmışdır. Bunların tam əksəriyyəti ümummilli liderimiz o zaman Azərbaycanın rəhbərliyinə gəlmiş Heydər Əlirza oğlu Əliyevin şəxsi təşəbbüsü ilə və fəal nəzarəti altında layihələndirilib tikilmişdir.
Təkcə onu qeyd edək ki, nəzərdən keçirdiyimiz dövrdə Bakının təsdiq edilmiş baş planının hazırlanmasında Heydər Əliyevin xidməti əvəzsizdir. O, həqiqətən, paytaxtımızın çağdaş şəhərsalma tələblərinə cavab vermək baxımından gələcək taleyini böyük üzaqgörənliklə həll etmişdir. Bakıda və onun yaxınlığında tikilmiş bir sıra sənaye müəssisələri, bu dövrdə yaradılmış infrastruktur və nəqliyyat sistemi Azərbaycanın bu günkü müstəqilliyi və iqtisadi yüksəlişi üçün əsaslı zəmin yaratmışdır.

60-cı illərin sonu — 80-ci illərdə Bakıda bir sıra iri ictimai bina və qurğular tikilmişdir. Bunlardan Dövlət Sirki (Ə.İsmayılov, F.Leontyeva), Respublika Sarayı (V.S. Şulgin, B.İ.Ginzburq, E.R.Melxisedekov, mühəndis K.Kərimov), «Bakı» (H.Məcidov), «Qarabağ» (E.R.Mixisedekov), «Azərbaycan», «Moskva», «Abşeron» mehmanxanaları, Baş poçtamtın yeni binası (son 4 binanın layihəsi M.Hüseynovdur; N.Axundova və A.N.Oltetsianın iştirakı ilə), Respublika Statistika İdarəsinin binası (T.Xanlarov və b.), Bakı Dəmir Yolu Vağzalı (Ş.Zeynalova, Y.N.Kozlov, X.Rəhimova), Nərimanov rayon İcra Hakimiyyətinin binası (T.Xanlarov), Dövlət siyasi partiyalar və ictimai hərəkatlar arxivinin binası (Ş.Zeynalova, Y.Qədimov), «Nigah sarayı» (İ.Əliyev) «Gülüstan» şadlıq sarayı kompleksi (H.Əmirxanov, N.Hacıbəyov, T.Şarinski, F.Rüstəmbəyova, N.İsmayılov, K.Kərimov; Azərbaycan SSR Dövlət mükafatı, 1982), "Şərq bazarı" ticarət mərkəzinin 1-ci növbəsi (U.V.Revazov, P.İ.Yarinovski), Yüngül atletika maneji (Z.Quliyeva), Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin binası (T.Xanlarov, H.Muxtarov), Azərbaycan Respublikası Prezident Aparatının binası (T. Abdullayev) və s. binalar şəhərin memarlıq görkəmini daha da gözəlləşdirmişdir. Bakıda iri ictimai tikililərdən İdman Sarayı (T.Abdullayev, O.İsayev, Y.Qədimov, T.Xanlarov), "Şərq bazarı" kompleksinin 2-ci növbəsi (U. Revazov, P. Yarinovski), 18 mərtəbəli Hesablama Mərkəzi (T. Xanlarov, H. Muxtarov) və s. tutum-məkanquruluşu və şəhərsalma həlli baxımından diqqəti cəlb edir.
Bu dövrdə yaradılmış Bakının gözəl güşələrinin birində yerləşən xarici ölkələrin dövlət başçıları üçün tikilmiş iqamətgahın müəllifi memar Rasim Əliyev xatırlayır ki, burada aparılan işlər zamanı Heydər Əliyev tikintiyə azı həftədə iki dəfə gəlib, tikintinin problem və çətinlikləri ilə şəxsən tanış olurdu. Hələ işin layihə mərhələsində o, binanın memarlıq planında otaqların beynəlxalq diplomatik fəaliyyətin tələblərinə uyğun olaraq yerləşdirilməsi məqsədilə memarlara əsaslı göstərişlər verirdi. Bina üçün zəruri olan müxtəlif tikinti materialarının Bakıya xarici ölkələrdən yollanması yalnız Heydər Əliyevin qayğıları və təşkilatçılıq qabiliyyəti sayəsində mümkün olmuşdur. Binanın ətrafında salınmış park zonası üçün Heydər Əliyev hətta ağac növlərini özü seçmişdir. Bir sözlə iqamətgahın yaradılmasında Heydər Əliyevin memarlıq istedadı və Beynəlxalq siyasi təcrübəsi üzvi sintez halında təzahür etmişdir.
Bakının sürətlə genişlənməsi nəticəsində şəhərin ayrı-ayrı rayonları arasında nəqiliyyat əlaqəsi çətinləşdiyindən metropoliten tikintisi zərurətə çevrildi. Maraqlıdır ki, hələ Bakının baş planının 1932-ci il variantında metro tikntisi nəzərdə tutulurdu. 1967-ci il noyabrın 6-da Bakı metropoliteninin 1 növbəsinin 1-ci sahəsi (5 st.) açıldı. Həmin dövrdə Bakı keçmiş SSRİ-də metro nəqliyyatına malik olan 5-ci şəhər idi.
1976 il dekabrın 31-də «Nizami» stansiyasının açılması ilə Bakı metropoliteninin 1-ci növbəsinin (12 st.) çəkilişi başa çatdı. 1985 ildə metropolitenin 4 stansiyasından ibarət 2-ci növbəsi, 1989 ildə isə 2 stansiyadan ibarət 3-cü növbəsi işə düşdü.
Bakı metropoliteni yüksək memarlıq-bədii səviyyəsilə, inşaat keyfiyətilə, memarlıq və təsviri sənət sintezindən uğurlu istifadə edilməsi ilə maraq doğurur.
1976-cı ildə 850 illik yubileyi təntənə ilə keçirilmiş Əcəmi Naxçıvaninin yaratdığı nadir sənət inciləri — Yusif ibn Küseyr və Mömünə xatın türbələri demək olar ki, dağılmaqdan xilas edilərək bərpa olunmuşdur. Respublikanın başqa yerlərindəki abidələrdə də yenidənqurma işləri aparılmış, Bərdə türbəsi, Mərəzədəki Diribaba türbəsi, Həzrə və Kələxana türbələri ilkin görkəminə qaytarılmışdır. Şuşa, Şəki, Şamaxı, Ordubad, Bakı və s. şəhərlərin memarlıq abidələrinin bərpası üzrə intensiv və planlı iş aparılır. Bu baxımdan, Bakıdakı orta əsr Azərbaycan daş memarlığının incisi sayılan Şirvanşahlar sarayı ansamblının bərpası özəllikcə gözədəyəndir. Son illərdə Gəncədəki qədim ictimai və dini tikililərin bərpası və onlardan səmərəli istifadə edilməsi memarlıq tədqiqatçılarının gərgin əməyi və səyi nəticəsidir. Şəhərdəki Bala Bəhmənli, Qızılıhacılı, Ozan, Zərrabı məscidləri, karvansara və s. abidələr əsaslı surətdə bərpa edilmişdir.

Bununla belə, son yüz ildə Azərbaycanın memarlıq irsi böyük itkilərə uğramışdır.
Bu azmış kimi 1990-cı ildən Ermənistanın Azərbaycana qarşı başladığı Qarabağ müharibəsi nəticəsində ümumi Qarabağ və ətraf rayonlar (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Ağdam) işğal olundu. Bu ərazilərdə qalan çoxsaylı Azərbaycan abidələri məhv edildi.
Tarixən formalaşan Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması problemləri ilə bağlı müxtəlif qərar və tədbirlər həyata keçirilmişdir. Şəki (196 8), Bakının İçərişəhər hissəsi, Şuşa və Ordubad (hər üçü 1977 ildə) şəhərləri, Lahıc qəs. (1980) Nardaran kəndi (1992), Dəvəçi rayon Şabran ş. (2002), Qax r. İlisu k. (2002), Ordubad r. Arpaçay vadisi (2002), Dəvəçi r. Çıraqqala (2002), Şəki rayon Kiş kəndi (2003), Hacıqabul rayon Pir Hüseyn xanəgahı (2004) Azərbaycan memarlığı tarixi qoruğu elan edilmişdir.
Respublikanın Naxçıvan, Gəncə, Şamaxı kimi tarixən formalaşmış şəhərlərində qorunan zonaların təşkili sahəsində də geniş iş aparılır. Şəhərlərdə və başqa yaşayış məntəqələrində tarixi baxımdan dəyəri olan mədəni irsin qorunması problemlərinin işlənməsi həm də respublikanın Quba, Qazax, Lənkaran, Lahıc, Bərdə, Zaqatala və b. şəhərlərin, eləcə də Abşerondakı Nardaran, Qala, Mərdəkan, Zaqatala rayonlarındakı Tala kimi yaşayış məntəqələrinin planlaşdırılması və tikintisində əldə edilmiş təcrübənin geniş yayılması məqsədi daşıyır.
Bakının 2000-ci ilədək baş planında hazırda sənaye zonası ilə ayrılan (Şərq və Qərb) tikinti rayonlarının memarlıq-planlaşdırma və tutum-məkan cəhətdən birləşdirilməsi, ərazi çatışmamazlığını nəzərə alaraq, istifadədən qalmış və nefti tükənmiş mədənlərdən, eləcə də bir sıra sənaye müəssisələrinin köçürülməsi nəticəsində boşalan sahələrdən tikinti üçün istifadə edilməsi nəzərdə tutulur. Həmin baş planda göstərilir ki, Bakının sərhədlərinin genişlənməsi, böyük ərazidə yaşayış massivlərinin salınması şəhərin coğrafi görkəmini və miqyasını dəyişdirəcək, onun memarlıq-bədii simasını yeniləşdirəcəkdir.


Tarix: 10.12.2014 / 10:46 Müəllif: Aziza Baxılıb: 279 Bölmə: Ümumi Melumat
loading...