Əzəmət, vüqar, yenilməzlik rəmzi olan qalalar xalqımızın öz torpağına necə möhkəm bağlı olduğunun daha bir göstəricisidir. Qız qalası, Ramana qalası, Mərdəkan qalası, Koroğlu qalası, Əlincə qalası və onlarca digər qalalarımız həm də yüksək tarixi memarlıq dəyərlərinə malikdir. El sənətkarlarımız özlərinin bütün sənət təxəyyülünü, arzu-istəklərini, xalqın bədii-estetik və mənəvi duyumunu qalalarda da əks etdirmişdir.
Azərbaycanda ən qədim qalalar sillop tikintiləridir.
Sillop tikintiləri Eneolit, ən çox Son Tunc, III Dəmir dövrələrinə aiddir. Erkən orta əsr qəsr və qalaları son sillop tikintiləri sayılır.
Sillop tikintilərinin adı qədim yunanlar tərəfindən əfsanəvi nəhənglərə (silloplara) aid edilən Migena mədəniyyəti tikilisinə verilmiş və Meqalit abidələrinə aid edilmişdir. Meqalit tikintilər təbii və ya kobud yonulmuş iri sal daşlardan hörülmüş abidələrə deyilir. Menhir, dolmen, örtülü sərdabə, İromlex, daş qutular, sillop tikintilər meqalit tikintilərə aiddir.
Sillop tikintilərin əsas xüsusiyyəti onların iri və yonulmuş qaya daşlarından, inşaat məhlulu (gəc, sement) işlədilmədən tikilməsidir. Bu qalaların giriş yolu, adətən, bir yerdən olurdu, təhlükə zamanı qapını əvəz edən iri sal daşlarla bərkidilirdi. Sillop qalalar yerləşdikləri ərazinin relyefinə uyğun olaraq düzbucaqlı, trapesiya, oval və başqa planlarda tikilirdi.
Sillop tikintiləri İtaliyada Balcar və Malta adalarında, Mərkəzi və Cənubi Amerikada, keçmiş SSRİ ərazisində (Krım, Sibir və s.) mövcuddur.
Azərbaycan ərazisindəki sillop tikintiləri eramızdan təxminən min il əvvələ aid tikililərdir. Aparılan arxeoloji tədqiqat işləri göstərmişdir ki, sillop qalaları Azərbaycanda çox geniş bir ərazidə, xüsusən Kiçik Qafqaz dağları ətəklərində və Naxçıvan ərazisində yayılmışdır. Yerli əhali bu tikintiləri «qalaça» və ya «hörüldaş» adlandırır.
Kiçik Qafqaz rayonlarının sillop tikintilərindən fərqli olaraq, Naxçıvan ərazisindəki bəzi qalaçaların müdafiə divarları yonulmuş nəhəng daşlardan hörülmüşdür. Bunlardan İlk Dəmir dövrünə aid Oğlanqala özünün miqyası və möhtəşəmliyi ilə seçilir.
Azərbaycanın qədim qalaları bir, iki və üç divardan ibarətdir. Üç cərgə divarı olan qalalar müdafiə üçün daha möhkəm və əlverişli idi. İlk və üç cərgəli sillop qalaların divarları bir-birindən 10-15 m aralı olub, bir-birinə paralel şəkildə tikilmişdir.
Qeyd edək ki, Azərbaycanda sillop tikintiləri ilk dəfə 1927-ci ildə İ.İ.Meşşaninov tərəfindən müəyyən edilmişdir. Bu abidələrin geniş ərazidə qeydə alınıb öyrənilməsi isə Azərbaycan arxeologiyasının əsasını qoymuş tədqiqatçılardan biri olan görkəmli alim İ.M.Cəfərzadənin adı ilə bağlıdır. Azərbaycanda 1948-ci ilədək 120-yə qədər sillop tikintilər məlum idi.
1961-1963-cü illərdə Azərbaycan EA Tarix İnstitutunun yaratdığı arxeoloji ekspedisiya Xaçbulaq yaylağında Tunc dövrü kurqanlarını və daş qutu qəbir abidələrini tədqiq edərkən, burada bir neçə sillop tikintilərini də qeydə almışdır (Nağaradağ, Çobandaşı).
Arxeoloji tədqiqatların nəticələri göstərir ki, Azərbaycanda qalaların əsasən üç tipi olmuşdur:
I. Məbədləri və din xadimlərinin əmlakını qorumağa xidmət edən qalalar. Ləkit məbədi (Qax rayonu), Yovur qala (Ağdam rayonu), Xanəgah (Pirsaat çayı kənarında) və s. qalalar bu qəbildəndir.
II. Feodal şəhərlərinin yaranması ilə meydana gəlmiş şəhərtipli qalalar. Bu tipli qalalar bəzən iki və üç qat divarlarla və xəndəklə əhatə olunurdu. Bu qalalar üçün dördkünc, dairəvi və yarımdairəvi bürclər xarakterikdir. Qəbələ, Dərbənd, Beyləqan və Bakı qalaları şəhər tipli qalalara misaldır.
III. Sığınacaq rolu oynayan qalalar. Bunlar daha möhkəm və əlçatmaz yerlərdə tikilirdi. Məsələn, Çıraqqala, Cavanşirqala, Əlincə qala, Gülüstan qalası, Qız qalası, Buğurt qalası və s.
Uzaq keçmişin yadigarı olan bu abidələr xalqımızın tarixini, mədəniyyətini öyrənmək baxımından dəyərli mənbələrdir. Onları sevə-sevə qoruyub saxlamaq, təbliğ etmək, gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur!
Tarix: 09.12.2014 / 16:56 Müəllif: Aziza Baxılıb: 147 Bölmə: Ümumi Melumat