Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Corat

Coratın əsl yaşını dəqiq bilən yoxdur. Amma bu kəndin adını öz yol qeydlərində çəkən səyyahlar, tarixçilər, eləcə də çar Rusiyası məmurlarının tərtib etdiyi müxtəlif hesab və məlumat kitablarında Coratın varlı yer olduğuna dair kifayət qədər məlumata rast gəlmək olar. Corat qəsəbəsinin tarixi eramızdan əvvəl III, IV minilliklərə gedib çıxır. Xəzər dənizinin Abşeron sahillərindən Dərbəndə qədər bir ərazini əhatə edən Çora vilayətinin eyniadlı paytaxtı Çora tarixin qədim qatlarında böyük liman və ticarət şəhəri kimi yer tutub. Hətta alban katalikosunun iqamətgahı da bu şəhərdə yerləşirmiş.
Bir də qəsəbə məzarlığındakı pirlər, sandıq qəbirlər bu məkanın qədim yaşayış məskəni olduğunu təsdiq edir. Hər kəs bilir ki, pirlər, ocaqlar bütpərəstlik etiqadının nişanəsi olub, onların yaranma tarixi İslamdan əvvəlki dövrlərə aiddir. Düzdür, Corat ərazisindəki pirlərin çoxu bu günümüzə gəlib çatmayıb. Amma övladsız qadınların, lal, şikəst insanların pənah apardığı Lələ pirinin kəramətinə dair möcüzələr hələ də ağızlarda dolaşır. Qəbiristanlıq piri, Dəvə piri, Seyid Muxtar piri, 1918-ci ildə şəhid olmuş türk əsgərinin məzarı - Şəhid qəbri hələ də Corat ziyarətgahlarının arasındadır. Burada ayrı-ayrı şəxsiyyətlərin adları ilə ocaqlar da var - Şıx ocağına, Seyid Mirəziz baba, balıqçı Şıx Ağa, Şıx Kamil, Şıx Ağami ocaqlarına ehtiram böyükdür. Allah hər kəsin saf mətləbini versin!

* * *
Xəzər sahilində yerləşən, münbit torpaqları olan Coratda ta qədimdən əhali balıqçılıqla, tərəvəzçilik-bağçılıqla, maldarlıqla məşğul olub.
İpək yolunun üstündə yerləşən Coratda dəvə də saxlayarmışlar. Əgər belə olmasaydı, təndirdə dəvə ətindən bişən məşhur Corat qutabına Abşeronun digər yerlərində də rast gəlinərdi.

Şaban dayı bizi gülərüzlə qarşılayıb məramımızı biləndə söhbətə başlayır:
- Sumqayıt Corat bağlarının, bostanlarının yerində salınıb. Mənim bir qoca babam vardı. 90-a yaxın yaşı olardı. Bağa qulluq edəndə mən də həmişə ona kömək edərdim. 13 yaşım var idi. Bir gün babamla Sumqayıt çayının dənizə tökülən yerinə yaxın ərazilərdə bağımıza getmişdim. Bağda işləyib yorulanda birdən gözüm iki-üç çanaqlıbağaya sataşdı. Başladım onlarla oynamağa. Bir də gördüm ki, babamın yanında iki nəfər var. Özləri də nədənsə qəzəblə, əl-qolla danışırlar. Tez babamın yanına gəldim. Gördüm ki, həmin adamlar rusdur, onların dediyini babam, babamın dediyini də onlar anlamır. Qonşumuz Əlabbas kişi çar vaxtı kazak olmuşdu, onu çağırdıq. Əlabbas gəlib rusların dediyini bizə başa saldı. Babama dedi ki, Kərbəlayi Baladayı, gələcəkdə burada şəhər salınacaq, zavodlar tikiləcək. Uruslar da burada yeri ölçürlər. Qoy, işlərini görsünlər. Babam da razılaşmırdı ki, nə qədər ki mənim canım sağdı, qoymaram, torpağımı ölçsünlər. 1935-ci il idi. Nə isə, babamı bir təhər sakitləşdirdik, ruslar da torpağı ölçdülər, yerə bir-iki mıxça çalıb getdilər.

* * *
Təbii ki, o zaman nə məktəbli Şabanın, nə də digər coratlıların heç xəbəri də yox idi ki, həmin 1935-ci ildə SSRİ Ağır Sənaye Xalq Komissarlığının kollegiyasında azərbaycanlı mütəxəssislərin iştirakı ilə qərar verilib ki, Abşeron yarımadasında istilik elektrik mərkəzi və sənaye müəssisələrinin tikintisi üçün yer seçilsin. Özü də yeni sənaye şəhəri Abşeron yarımadasının şimal-qərbində, paytaxt Bakının 30-35 kilometrliyində Sumqayıt dəmir yolu stansiyasının yaxınlığında yer ayrılsın. Yeri gəlmişkən, Sumqayıt stansiyası barədə A.Dümanın 1858-ci ildə yazdığı «Qafqaza səyahət» kitabında məlumat verilib.

Şaban dayı həmin illərin, Sumqayıtın yaranmasının şahidi kimi sözünə davam edir:
- Həmin əhvalatdan bir qədər keçəndən sonra məktəb yoldaşlarımdan biri mənə dedi ki, bəs yerölçənlər yenə gəliblər, özlərinə köməkçi axtarırlar ki, taxtanı gəzdirməkdə onlara kömək etsin. Ayda da adama 30 rubl verirlər. Sən birinci növbə oxuyursan, mən ikinci. Gəl, günortaya kimi sən işlə, günortadan sonra da mən. Ayın axırında da pulu bölərik. Belə də elədik.

* * *
- Sumqayıt Corat bağlarının yerlərində, coratlıların əkin sahələrində salınıb, - deyə Şaban dayı söhbətinə davam edir (indi mənə aydın olur ki, Corat qəsəbəsi niyə sonradan kasıblayıb - torpağı olmayan kənd kasıb olar) - bizim bağların adlarını deyim, qızım, yaz. Şirinbulaqların üstündəki bağlar, Həbib bağları, Çalovur bağları, Astanbəy açıqlığındakı bostanlar, Dəhnə bağları... İndiki 13-cü mikrorayonun salındığı yerə də coratlılar Möməli yeri deyərdilər. Bağların bir ucu Pirəkəşkülə, o biri ucu da ta Şuraabada gedib çıxardı... Kəndin lap yaxınlığında da bağlar var idi.
Bağ demişkən, bu gün Abşeronda ən yaxşı, ən şirəli əncirin Novxanı bağlarında yetişdiyini deyirlər. Məntiqlə düşünəndə anlayırsan ki, gərək Coratın da əncir-üzümü dadda-ləzzətdə Novxanınınkından geri qalmasın. Şaban dayı fikrimi təsdiqləyir:
- Düzdür, qızım. Elə Corat yemişi də adla deyilir. Hayıf ki, yemiş vaxtı gəlmədin, yeyib dadına özün qiymət verərdin. Səttar Bəhlulzadə Corat yemişinin şəklini də çəkib. Biz dədə-babadan bağçılıq, bostançılıq, əkinçiliklə yanaşı, maldarlıq, balıqçılıqla da məşğul olmuşuq.
Xəzərin Corat sahillərində iki vətəgə varmış. Balıq mövsümündə torla o qədər balıq tutularmış ki, yoldan keçənə də pay verərmişlər. Balığı 25, 50 sentnerlik çənlərdə duzlayarmışlar. Vətəgələrdə əsasən Lənkərandan, İrandan gələnlər işləyərmişlər.
Dadlı haşiyə: Yəqin elə buna görədir ki, Corat mətbəxinin ən ləziz yeməkləri balıq xörəkləridir. Xüsusən də balıqdan bişən mütəncəm. Corat xanımları ta qədimdən balıq mütəncəmini belə hazırlayırlar. Balığı təmizləyib yuyur, sonra da parça-parça doğrayır, tavada yağ-soğan qovururlar. Kartofu soyub fal-fal doğrayır, başqa bir tavanın dibinə düzürlər. Balıq tikələrini, yağ-soğanı, doğranmış keşniş-şüyüdü, bir-iki dənə də göy soğanı kartofların üstünə tökürlər. Axta turşu (çəyirdəyi çıxarılmış gavalı, ya da alça turşusu) əlavə edəndən sonra tavanın ağzını kip örtüb vam odun üstündə bişirirlər. Hə, zövqə görə duz-istiot vurmağı da unutmayın.

* * *
Şaban dayının xatirələrindəsə Corat hələ Sumqayıtın zəhərli tüstüsündən boğulmadığı çağları yaşayır:
- Bizim əkin yerlərinin maraqlı adları var idi. Məsələn, Dovşan yatağı... Təəccüblənmə, qızım, dovşan çox olduğundan ora elə ad qoymuşdular. Dovşan yatağında biz də bostan salmışdıq. Heç yadımdan çıxmaz. Bir dəfə cümə günü babamın nökəri məni yerində qoyub kəndə gəldi. Bostan da hektarlarla... Çardaqda oturub bostana göz qoyurdum. Bir də gördüm, dovşanlar sürüylə bostana hücum çəkdilər... Mən bir tərəfdən qovlayıb çıxıram çardağa, bir də görürəm ki, o biri tərəfdən təzədən gəlirlər... Dovşan da birdi-ikidi bəyəm? Toyuq kimi ha kişlə, xeyri yoxdu. Məcbur olub bostanı dolanmağa başladım. Bir tərəfdən də tikanlar ayağıma batıb incidirdi. Çarəsizlikdən başladım ağlamağa...
* * *
Digər əkin yerlərimizin adları da maraqlı idi. Qırım piri, Göycəarxa, Govur dəyirmanı, Umacıq... 17-ci mikrorayonun yerinə Abdul bağının yanı deyirdilər. Duzlağımız var idi, oraya Qara bəyin şoru deyirdilər. Narın duz çıxardı ordan...

* * *
Corat torpağında yerin altı da qızılmış, üstü də. İndi baxımsızlıqdan yararsız hala düşmüş qədim hamamın azı 500 il yaşı var. Bu hamamın tikilməsinin də maraqlı tarixçəsi var. Demə, əvvəllər hamamın yerində bulaq qaynayarmış. Həmin bulağın suyu bir çox dəri xəstəliyinə şəfa verirmiş. Fikirləşirlər ki, bu bulağın üstündə hamam tikmək pis olmazdı. Çox maraqlıdır ki, həmin hamamda yuyunan zənənlərin bəzisi (əvvəllər qadınlar el hamamına gedəndə bər-bəzəklərini taxarmışlar) sonradan görərmişlər ki, taxdıqları qızıl-tənənin bəzisinin rəngi qaralır. Kişilər rəngi dəyişən qır-qızılı Bakıya aparıb Zərgərpalandakı zərgərlərə şikayətlərini bildirəndə zərgərlər alınarmış, dinmədən malı dəyişərmişlər ki, müştəri razı qalsın. Odur ki, sonradan Coratdan kim hansı zərgərlə alver etsəymiş, ona qəlp qızıl satmazmışlar. Çünki həmin hamamın kükürdlü suyu qızılın qəlpliyini tez üzə çıxarırmış.

* * *
Təəssüf ki, Böyük İpək yolunun üstündə yerləşən Coratdakı karvansaralar bu günədək gəlib çatmayıb. Halbuki, inqilabdan əvvəl bu kənddə dörd karvansara olub. Nasosludan (indiki Tağıyev qəsəbəsi) sonra Sumqayıtçayın üstündəki körpüdən keçib gələn karvanlar Coratda dincəlib yorğunluqlarını alandan sonra Bakıya, Abşeronun içəri kəndlərinə yollanarmışlar. Coratın içindən keçən yolların biri düz Maştağayadək uzanırmış.
Ümumiyyətlə, Sumqayıt salınanadək Corat Bakı camaatının sevimli istirahət yeri olub. Hətta 1918-ci ildə mart qırğını günlərində şəhər sakinlərinin çoxu Corata yığışıbmış. O zamankı el şairi, həm də məşhur meyxanaçı Əsədulla bu barədə şeir də qoşubmuş. Əliağa Vahid, Süleyman Rustəm kimi məşhur şairlər, öz dövründə Abşeronun tanınmış meyxanaçıları Maştağadan Ağtahüseynlə, Balahüseynlə, Saraydan Qılmanla deyişmələri hələ də unudulmayan Əsədullanın həmin şeiri Şaban dayının yadındadır:

Birisin gördüm Yasamaldan qaçan,
Əl götürüb əhli-əyaldan qaçan,
Qabağdakın keçib daldan qaçan,
Ehtiyacın var köməyə, şəhərli!
Heç yeməzdin axta zoğal-qoğalı,
İndi yeyirsən kəpəyi, şəhərli!..

* * *
El ağsaqqalı Şaban dayı özü də yaxşı şeirlər yazır. Zarafatla deyir ki, Coratın yarısı mənim sayəmdə ev-eşik sahibi olub. Aşiq olan cavanlar Şabandan xahiş edərmişlər ki, bəs filankəsin qızına gözüm düşüb, amma Allah saxlamış yola gələnə oxşamır. Sən mənim canım, qıza bir şeir yaz, qonşu ilə yollayım, oxuyub yumşalsın. Şaban dayı da tərsliyi tutan qızları yola gətirməkdə kənd cayıllarına öz istedadı ilə kömək edərmiş. Söhbətin bu yerində bayaqdan bəri qonaqlarına can-başla qulluq edən Şaban dayının xanımına işarə ilə xəlvətcə soruşuram ki, şairliyi onun da köməyinə gəlibmi? Şaban dayının nurani simasına xəfif təbəssüm yayılır, deyir ki, sevgilisinin könlünü almaq üçün poeziyanın qüdrətinə ehtiyac qalmayıb. Amma bir neçə il əvvçəl çap olunmuş kitabından bir şeiri bizə də oxuyur:

Əsir sərin-sərin yellər baharda,
Əcəb gözəl havası var Coratın.
Min il ömür sürsəm, bu gözəl diyarda,
Heç doymaram, səfası var Coratın.

Üç ay yayı bostan olar, bağ olar,
Qovun, qarpız, şamamalı tağ olar,
Xəstə gələn bizim yerdə sağalar,
Hər cür dərdə dəvası var Coratın.

Üzümləri tənəklərdə xallanır,
Şirinləşər, günü-gündən ballanar,
Nar ağacdan boynun burar, sallanar,
Alması var, heyvası var Coratın.

Ağ qumları mirvaridir, mirvari,
Gəzməlidir dənizinin kənarı,
Göylərində durnaların qatarı,
Sularında sonası var Coratın.

Yaz gələndə gələr bahar kəndimə,
Coşqun Samur çayı axar kəndimə,
Bu gözəllik çox yaraşar kəndimə,
Al -yaşıldan libası var Coratın.

Çox deyildir Sumqayıtdan aralı,
Xəzərin sahili mehli, havalı,
Burda ömür sürür hamı səfalı,
Gözəl yerdə binası var Coratın.

Düşmən gəlsə, bu torpağa, basılar,
Cəsədləri dar ağacdan asılar,
Məhvlərinə «ölüm» hökmü yazılar,
«Cürət» adlı mənası var Coratın.

Yeri gəlmişkən, Corat sözünün mənası Cürət, Comərd kimi də yozulur. Deyilənə görə, monqol işğalı zamanı Coratda Xəzər sahilinə yanaşan yağılara gəmidən enməyə belə imkan verməyiblər. Bu gün də xalq qəhrəmanı kimi yad edilən Seyid Muxtarın başçılıq etdiyi yerli igidlər vətən torpağını tapdaq edənlərə layiqincə müqavimət göstəriblər. Seyid Muxtar Çalovur bağlarındankı pirdə dəfn edilibmiş. İgidin məzarı illərlə ziyarətgah olub. İndiki şəhidlər xiyabanı həmin pirin yerində qərar tutub. Hərçənd Corat toponiminin başqa açmaları da var.

* * *
Sovet dövründə Corat inzibati tabeliyinə görə gah Saray, sonralar Maştağa və Binəqədi rayonlarının tabeliyində olub, illərdən bəridir, Sumqayıt şəhərinə aid şəhərtipli qəsəbə sayılır. Amma sürətldə böyüyən şəhərin tabeliyində iki qəsəbədən biri olmaq hələ Coratın problemlərini həll etməyib. Qəsəbə ərazisindəki iki qədim hamam (köhnə hamamın yaşı 500-600 il, təzənin yaşı 200 il sayılır), iki qədim məscid (Cümə məscidinin 1007 il öncə, Gülxatın məscidinin isə 300-400 il əvvəl tikildiyi güman edilir) hələ də öz tədqiqatçısını gözləyir. Xatırladaq ki, XX əsrin əvvələlrinədək Coratdakı məscidlərin sayı dörd imiş. Sovet hökumətinin ilk illərində onlardan ikisi uçurdulub. Qəsəbədə söylədilər ki, bu yaxınlarda Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qaffarovun təşəbbüsü ilə Bakıdan, nazirlikdən gəlib bu memarlıq abidələri ilə maraqlanıblar, şəkillərini çəkiblər. Deməli, bu abidələrin də ölkəmizin tarix-memarlıq abidələrinin siyahısına salınacağı günə çox qalmayıb.

* * *
Bir zamanlar Sumqayıt şəhərinin salındığı ilk illərdə bu şəhərin inkişafında, şöhrətlənməsində Coratın və coratlıların rolu böyük olub. Amma zaman keçdikcə Corat torpaqlarında qol-budaq atıb böyüyən şəhər bu qədim yaşayış məskənini öz kölgəsində sıxışdırıb. Torpaq kasadlığı üzündən təxminən 15 minə yaxın əhalisi olan Corat qəsəbəsi bu gün yalnız infrastrukturun inkişafı, tarixi-etnoqrafik qoruq olaraq yaşaması, milli və yerli adət-ənənələrin, xalq sənətlərinin dirçəldilməsi, mədəniyyətin çiçəklənməsi hesabına inkişaf edə bilər. Təbii ki, bütün bunları gerçəkləşdirmək üçün genişmiqyaslı çoxillik plan tərtib edilməlidir. Nə qədər çətin iş və uzun sürən proses olsa da, bu, mümkündür.

* * *
Coratdan belə xoş duyğularla ayrılıram. Doğma Abşeronun İlk dəfə qədəm basdığım bu qəsəbəsini daha abad, güzəranını daha firavan, insanlarını daha xoşbəxt, nikbin, gələcəyə inamlı və tarixi daha da əziz tutaraq yaşadan bir məkan kimi görmək arzusu ilə yazıma xitam verirəm. Xoş sorağını eşidib, uğurlarına sevinək, Corat!


Tarix: 09.12.2014 / 16:17 Müəllif: Aziza Baxılıb: 433 Bölmə: Ümumi Melumat
loading...