Azərbaycan Respublikasının bitki ehtiyatları növ etibarı ilə çox müxtəlif olub, Qafqazın başqa regionlarından üstündür və bütün Qafqazın növ tərkibinin 69%-ni təşkil edir. Burada bitən bitkilər 920 cins olub, 125 fəsiləni özündə birləşdirir. Çox da böyük olmayan bir ərazidə bütün dünyada mövcud olan iri bitki növlərinin demək olar ki, əksəriyyətinə ölkəmizdə rast gəlinir. Qafqaz və digər regionlarda geniş yayılmış bitki növləri ilə bərabər Azərbaycan florasında olduqca çox, bəzən də yalnız Azərbaycana və onun kiçik bölgələrinə xas olan qədim bitki növləri (270 növdən çox) məlumdur.
Respublikanın bitkiləri çox böyük təbii istehsal gücünə malikdir. Onlardan ən yüksək xalq təsərrüfatı və həm də ekoloji əhəmiyyətli sayılan meşələr və çəmənliklərdir.
Azərbaycan az meşəli ölkələrə aid edilir. Meşə fondunun ümumi ərazisi 1178,5 min hektar, 11,6% təşkil edir. Adambaşına 0,14 ha meşə örtüyü düşür. Ərazi üzrə meşələr qeyri-bərabər yayılmışdır. Respublikanın meşə ərazisindən Böyük Qafqazın payına 48,8%, Kiçik Qafqaza 34,2%, Talışa 14,5%, Kür-Araz ovalığına 2,5%, Naxçıvana 0,51% düşür. Meşəsiz bölgələrlə (Zərdab, Biləsuvar, Səlyan) yanaşı sıx meşəli ərazilər də (Balakən - 49,3%, Lənkəran - 44,1%, Zaqatala - 41,5%) vardır. Respublikamızın meşələri birinci qrupa aid olub, əhəmiyyət dərəcəsinə görə aşağıdakı kimi qruplaşdırılır: su qoruyucu - 10,7%, qoruyucu - 69,8%, sanitar gigiyenik və sağlamlaşdırıcı - 11,6%, xüsusi məqsədlər üçün - 1,9%. Əsas meşə sahələri dövlət meşə fonduna (984,5 min ha), ictimai və kommunal təsərrüfat sahələrinə (54,0 min ha) bölünür.
İnsanların gərgin fəaliyyətləri nəticəsində respublika ərazisinin nəinki ayrı-ayrı bitki növləri, hətta bütün təbiət abidələri get-gedə azalır. Əl dəyilməmiş təbiət guşələri təbiətə düşmən və yad olan antropogen təsirlərə məruz qalmış, geniş mənzərələr içərisində toxunulmamış adalara çevrilmişdir. Bitkilər aləminin bütövlükdə öz-özünə tənzimlənmə və təbii inkişaf prosesi kəskin şəkildə azalmışdır. Yüksək dağlıq sahələrdə meşə parklarının genişləndirilməsi olduqca azalmış və meşə sahələri günü-gündən məhdudlaşdırılmışdır.
Kütləvi şəkildə mal-qara otarılması səbəblərindən eroziyaya uğramış meşə sahələri gündən-günə artmaqda davam edir. Düzənliklərdə bataqlıqların quruması nəticəsində su, bataqlıq, çala - çəmən, qamışlıq, yovşan və şoran bitkilərin yayılma sahələri azalmışdır. İri sənaye obyektləri ətrafındakı təbii biosenozlar yox olmaq təhlükəsi qarşısındadır. Yay və qış otlaq sahələrinin bitki kompleksləri güclü dərəcədə tənəzzülə uğramışdır. 15000 ha meşə sahəsi tapdalanıb əzilmiş, 12000 ha isə istehsalat tullantılarının təsirinə məruz qalmışdır.
Bitkilər aləminin öyrənilməsində Azərbaycan Milli Elmlər Akademiyasının Botanika institutunun rolu böyükdür.
Azərbaycan Milli Elmlər Akademiyasının çoxillik tarixə malik elmi müəssisələrindən hesab olunan Botanika İnstitutu 1936-cı ildə SSRİ EA-nın Azərbaycan filialında botanika bölməsinin bazasında təsis olunmuşdur. Botanika İnstitutunun təşkil olunması, elmi istiqamətlərinin formalaşması, kadr, materialtexniki bazasının yaradılması və inkişafında böyük rolu olmuş, keçmiş SSRİ EA-nın akademiki A.A. Qrossheym (1936-1947) onun ilk rəhbəri təyin edilmişdir. Sonrakı dövrlərdə İnstituta akad. M.H. Abutalıbov (194-1950; 1962-1978), akad. H.Ə. Əliyev (1950-1952), b.e.d. Ş.O. Barxalov (1952-1957), akad. V.X. Tutayuq (19571962), akad. U.K. Ələkbərov (1978-1988) rəhbərlik etmişlər. 1988-ci ildən 2008-ci ilədək İnstitutun direktoru akad. V.C. Hacıyev olmuşdur.
Botanika İnstitutu beynəlxalq ictimaiyyət tərəfindən tanınmış geniş profilli elmi-tədqiqat mərkəzidir. Hazırda strukturuna görə İnstitut 6 şöbə və 13 laboratoriyanı özündə birləşdirir. İnstitutda 600000 nüsxəyə yaxın herbari materialının qorunduğu Herbari laboratoriyası fəaliyyət göstərir. Təşkil olunduğu zaman cəmi 30-a yaxın elmi işçisi və onlardan yalnız birinin elmi dərəcəsi olan İnstitutda çalışan əməkdaşların sayı hazırda 254 nəfərdir. Onlardan 113 nəfəri elmi işçi, o cümlədən 18-i elmlər doktoru, 68-i elmlər namizədidir.
Elmlər doktorlarından 2 nəfəri AMEA-nın akademiki, 6 nəfəri AMEA-nın müxbir üzvüdür.
Azərbaycanda flora biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi, həmçinin canlıların həyat fəaliyyətinin molekulyar-genetik və fiziki-kimyəvi əsaslarının tədqiq edilməsi institutun əsas elmi istiqamətləridir. 70 il ərzində botaniklər tərəfindən flora aləmi öyrənilmiş, bitkilərin növ tərkibi müəyyən edilmiş, elm üçün, Qafqaz və Azərbaycan florası üçün 10-larla yeni cins və 1000-ə qədər növlər tapılmış, ayrıayrı botaniki-coğrafi rayonlar üçün çoxlu miqdarda növ və cinsin yeni yayılma sahələri müəyyən edilmişdir. Həmçinin faydalı bitkilərin arealları, onların ehtiyatı müəyyən edilmiş, yeni sənaye əhəmiyyətli bitkilər aşkara çıxarılmış, tətbiq olunmuş və bioloji fəal maddələrin yeni alınma texnologiyaları işlənilmişdir. İnstitutda aparılan elmi-tədqiqat işlərinin nəticələri yüzlərlə fundamental monoqrafiyalar və minlərlə elmi əsərlərdə öz əksini tapmışdır.
İlk dəfə olaraq azərbaycan dilində yenidən işlənərək dolğunlaşdırılmış «Azərbaycan florası» çoxcildliyinin I və II cildləri nəşr olunmaq üçün hazırlanmışdır.
İnstitutda görkəmli elm xadimi, akademik C.Ə. Əliyevin rəhbərliyi altında Azərbaycanda biologiyanın molekulyar biologiya, gen mühəndisliyi, bioinformatika və s. kimi yeni istiqamətlərinin müasir səviyyədə inkişafını təmin edən hərtərəfli tədqiqat işləri aparılmış və mühit amillərinə qarşı davamlı bitki sortlarının seçilməsi, bütöv bitkidə yüksək məhsuldarlığın nəzəri əsaslarının işlənilib hazırlanmasına yönəldilmiş nailiyyətlər əldə olunmuşdur. 2001-ci ildə akademik
C.Ə. Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan Respublikasının Bitki Genetik Ehtiyatlarının Milli Proqramı işlənilib hazırlanmışdır. Akademik C.Ə. Əliyev tərəfindən bitkilərlə məhsuldarlıq prosesləri və fotosintezin struktur-funksional təşkili ilə əlaqədar fiziki-kimyəvi və molekulyar biologiya sahəsində beynəlxalq səviyyədə aparılan tədqiqatlar nəticəsində klassik məktəb yaradılmışdır.
Elmi Şuranın fəaliyyəti institutun əsas istiqamətləri üzrə AMEA-da təsdiq olunmuş plan və tapşırıqların yerinə yetirilməsinin qiymətləndirilməsi, digər elmi müəssisələrdə aparılan elmi-tədqiqat işləri ilə əlaqələndirilməsi, perspektiv plan və proqramların müəyyən edilməsi, kadr hazırlığının təşkili və s. ilə sıx bağlıdır.
İnstitutda bir sıra şöbələr və laboratoriyalar fəaliyyət göstərir.
Ali bitkilərin sistematikası şöbəsinə biologiya elmləri doktoru R.Q. Əsgərov rəhbərlik edir.
Azərbaycanın ali bitkilərinin biomüxtəlifliyinin öyrənilməsi, bitkiliyin bioekoloji xüsusiyyətlərinin və coğrafi yayılmasının tədqiqi şöbənin əsas elmi istiqamətidir. Azərbaycan florasında yayılmış bitkilərin sistematik təhlili milli dildə hazırlanan «Azərbaycan florası» çoxcildliyinin əsas qayəsini təşkil edir.
Herbari laboratoriyasına biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü S.H. Musayev başçılıq edir. Respublikanın və dünyanın bütün təbii florasından olan bitki nümunələrinin saxlanıldığı Herbarium 1931-ci ildə təşkil o lunmuş dur. Azərbaycanı n yaşı l fondu və milli sərvəti hesab olunan həmin fondda hazırda 600000 nüsxə, 4292 xəritə, 200-dən çox məlumat kartları, 400 bitki tozcuqlarının preparatları, 1142 paleobotaniki kolleksiyalar saxlanılır. Təqdim olunan növlər əsas etibarilə Azərbaycan Respublikasına xas olan floranı, eləcə də Qafqaz, qonşu ölkələrdən - İraq, İran, Fələstin və Türkiyənin florasını əks etdirir. Fondda həmçinin Qərbi Avropa botaniklərinin topladıqları onlarla kolleksiya materialları da vardır. 2004-cü ildən başlayaraq Azərbaycan botanikləri Nyu-York botanika bağının zəngin botaniki bazası ilə əlaqə yarada bilmişlər. Amerika botaniklərinin dəstəyi sayəsində Talış və Naxçıvana iki botanika ekspedisiyası təşkil etmək və coğrafi koordinatların dəqiq ölçü cihazından istifadə etməklə bəzi faydalı dərman bitkilərinin yeni kolleksiyalarını toplamaq mümkün olmuşdur. Bu kolleksiyalar İnstitutun fondunu tamamlamış, eləcə də Nyu-York, Paris, London və Sankt-Peterburqun iri herbari kolleksiyalarına daxil edilmişdir.
İbtidai bitkilər sistematikası şöbəsinə biologiya elmləri namizədi D.N. Ağayeva rəhbərlik edir. Azərbaycanda yayılan göbələklərin növ tərkibi, sistematikası və ekologiyasının tədqiqi, təsərrüfat əhəmiyyəti kəsb edən növlərin bioloji xüsusiyyətləri və coğrafiyasının öyrənilməsi şöbənin əsas elmi istiqamətidir.
Alqologiya və lixenobriologiya laboratoriyasına biologiya elmləri doktoru, prof., AMEA-nın müxbir üzvü N. İ. Qarayeva başçılıq edir. Azərbaycanın ibtidai bitkilərinin (yosunlar, şibyələr, mamırlar) ekoloji-senotik tədqiqi laboratoriyanın əsas elmi istiqamətidir. Yarandığı vaxtdan laboratoriya əməkdaşları tərəfindən 1 monoqrafiya dərc olunmuş, 1 elmlər doktoru və 7 elmlər namizədi hazırlanmışdır.
Geobotanika şöbəsinə biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü V.C. Hacıyev uzun illər rəhbərlik etmişdir.
Respublikanın flora tərkibi və biomüxtəlifliyi, bitkiliyi və bitki örtüyünün (meşələr, yay-qış otlaqları, səhralar) öyrənilməsi, mühafizə və istifadə yollarının araşdırılması, onların tiplərə, formasiyalara və xırda assosiasiya tiplərinə görə təsərrüfat əhəmiyyətinin müəyyən edilməsi, eroziyaya uğramış torpaqların bitki örtükləri ilə zənginləşdirilməsi, məhsuldarlığın illər üzrə öyrənilməsi və qorunması şöbənin əsas elmi istiqamətini təşkil edir. Şöbə əməkdaşlarının səyi ilə müxtəlif miqyaslı bitki örtüyü xəritələri rəngli bitki örtüyü albomu və atlası nəşr edilmişdir.
Bitki ehtiyatları şöbəsinə biologiya elmləri doktoru F.Y. Qasımov başçılıq edir.
Azərbaycan florasının mühüm dərman əhəmiyyətli, vitaminli, dubil maddəli, kortizon tərkibli, ətirliədviyyəli, boyaq və s. faydalı, həm də iqtisadi cəhətdən qiymətli bitki növləri haqqında məlumatların toplanması, pasportlaşdırılması, bioekoloji xassələri, ehtiyatı, kimyəvi tərkibi və genetik xüsusiyyətlərinin öyrənilməsi və istifadə yollarının araşdırılması şöbənin əsas elmi istiqamətidir.
Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsinə biologiya elmləri doktoru, professor, AMEA həqiqi üzvü C. Ə. Əliyev rəhbərlik edir. Canlıların həyat fəaliyyətinin molekulyar-genetik və fiziki-kimyəvi əsaslarının öyrənilməsi şöbənin əsas elmi istiqamətidir. Yarandığı vaxtdan şöbə əməkdaşları tərəfindən 7 monoqrafiya çap olunmuş, 5 elmlər doktoru, 37 elmlər namizədi hazırlanmışdır.
Bitki fiziologiyası şöbəsinə biologiya elmləri doktoru V.M. Əli-zadə başçılıq edir.
Stresin hüceyrə və molekulyar mexanizmlərinin, torpaqların toksiki metallar və duzluluq ilə çirklənməsi kimi ekstremal şəraitdə bitkilərdə müdafiə sistemlərinin formalaşması və funksiyasının öyrənilməsi şöbənin əsas elmi istiqamətidir. Yarandığı vaxtdan şöbə əməkdaşları tərəfindən 18 monoqrafiya və 2 izahlı lüğət çap olunmuş, 9 elmlər doktoru, 48 elmlər namizədi hazırlanmışdır. Şöbənin nəzdində 2 laboratoriya fəaliyyət göstərir.
Biofizika laboratoriyasına biologiya elmləri doktoru, professor R.Ə. Həsənov başçılıq edir. Katalitik və enerjiçevirici bioloji sistemlərinin fiziki-kimyəvi tədqiqi laboratoriyanın əsas elmi istiqamətidir. О, yarandığı vaxtdan laboratoriya əməkdaşları tərəfindən 2 elmlər doktoru, 20 elmlər nəmizədi hazırlanmışdır.
İnstitutun kitabxanası 1936-cı ildən fəaliyyət göstərir. Hazırda 400-dən çox oxucusu olan kitabxananın ümumi fondu 120 mindən artıqdır. Burada bir sıra dünya şöhrətli botaniklərin tarixi əsərləri, botanikanın bütün sahələrinə (bitkilərin coğrafiyası, sistematikası, fiziologiyası, geobotanika, paleobotanika və s.) dair ədəbiyyat, 400-dən çox dissertasiya işiləri, 3500-dən çox avtoreferat saxlanılır. Xarici ədəbiyyat fondu üçün xüsusi otaq ayrılmışdır. Burada oxucular 6000 kitab və 9000 dövrü mətbuat nüsxələrindən istifadə etmək imkanına malikdirlər.
Son illər İnstitutun alimləri tərəfindən NATO, İNTAS, STCU, CERP qrantlar üzrə 10-a yaxın müştərək tədqiqatlar aparılmışdır. Həmçinin İnstitutun gənc mütəxəssisləri SOROS, Avropa Elm Fondu, NATO-nun Elm Proqramı, İPRGİ, FEBT, YUNESKO, FAO fondları xətti ilə və dünyanın müxtəlif Universitetlərinin fərdi qrantlarına layiq görülərək ABŞ, Fransa, Macarıstan, Almaniya, Yaponiya, İngiltərə və başqa ölkələrdə tədqiqatlar aparmış və beynəlxalq səviyyəli müşavirələrdə iştirak etmişlər.
Tarix: 09.12.2014 / 15:50 Müəllif: Aziza Baxılıb: 271 Bölmə: Ümumi Melumat