Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakının tarixi

Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış 5-7-ci əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğunu göstərir. 5-6-cı əsr mənbələrində Bağavan və Atəş-i Baquan adlandırırlar. Ərəb mənbələrində (10-cu əsr) "Bakuyə", "Bakuh", "Baku", rus mənbələrində (15-ci əsr) "Baka", Səfəvilər dövrü farsdilli mənbələrdə "Badkubə" kimi qeyd edilir. 9-cu əsrin 2-ci yarasında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bakı 10-cu əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, , baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu.
Zəfəran da əkilirdi.İqtisadiyyatında neft və duz əsas yer tuturdu. Ərəb səyyahı Əbu Düləfin (10-cu əsr) məlumatına görə, Bakıdakı iki neft mənbəyindən ildə 720 min dirhəm gəlir götürülürdü. Feodal münasibətlərinin, ticarət və sənətkarlığın inkişafı şəhərin tərəqqi etməsinə imkan yaradırdı. Beynəlxalq ticarət yolları ayırıcında olan Bakı Şərq və Qərb ölkələri arasındakı ticarətdə mühüm əhəmiyyətə malik idi. Bakıya xəzər, slavyan, Bizans, Çin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri gəlirdi. Bakıdan İran, İraq və s. ölkələrə neft ixrac olunurdu.
İçərişəhər
Bakı 10-cu əsrdən liman şəhəri kimi məşhur idi. 11-ci əsrin sonu-13-cü əsrin əvvəllərində Bakı tərəqqi dövrü keçirirdi. 1191-ci ildə Qızıl Arslan Şamaxını tutduqda Şirvanşah IAxsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. 12-ci əsrdə Bakı ikicərgəli qala divarı və xəndəklə əhatə olundu.

Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. 1232-35-ci illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar.

13-cü əsrin 30-cu illərində monqollar Bakıya hücum edib, uzunmüddətli mühasirədən sonra şəhəri aldılar. Bakıda neft çıxarılması və ticarət tənəzzülə uğradı. 14-cü əsrin ortalarına doğru Bakıda ticarət (xüsusilə dəniz ticarəti) yenidən canlandı. Gilan və Şamaxı ipəyinin beynəlxalq ticarətdə əhəmiyyətinin artması ilə əlaqadar Bakının iqtisadi mövqeyi yüksəldi. 14-cü əsrdən Bakıdan Qızıl Orda, Moskva knyazlığı, Avropa ölkələri və s. yerlərə müxtəlif mallar, xüsusən ipək, xalça və s. ixrac edilirdi. Bakıdan Həştarxana, Orta Asiyaya və Xəzərin cənub sahillərinə də mal daşınırdı. 14-cü əsrin 2-ci yarısında Bakının iqtisadi və siyasi rolunun artmasi ilə əlaqədar olaraq Xəzər dənizi bəzən Bakı dənizi də adlanırdı (bu, 1375-ci ildə katalan dilində hazırlanmış atlasda göstərilir). Bakıda indiyədək qalan tarixi-memarlıq abidələri - Buxara karvansarası(14-cü əsr), Qız Qalası yaxınlığında Multani (hind) karvansarası (15-16-cı əsrlər) və s. Şərq ölkələri ilə geniş ticarət əlaqələrinin mövcudluğunu sübut edir. Bakıda hind tacirləri yaşayırdı.

Şirvanşah 1 Xəlilullahın dövründə (1417-62) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar sarayı kompleksi də bu dövrdə tikilmişdir. Bakıda ticarət, sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yüksəlirdi. 15-ci əsrin 2-ci yarısında Böyük Moskva knyazlığı ilə ticarət daha da genişləndi və diplomatik əlaqələr yaradıldı.

1501-ci ildə Şah İsmayıl Şirvana hücum edərək Bakını aldı. Səfəvi hökmdarı I Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi - Osmanlı müharibələri zamanı 1578-ci ildə Osmanlı ordusu Bakını tutdu. 1607-ci ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Mərkəzi hakimiyyətin qüvvətlənməsi, məhsuldar qüvvələrin inkişafını ləngidən feodal çəkişmələrinə, dağıdıcı müharibələrə son qoyulması 17-ci əsrin 40-cı illərində şəhərin yüksəlişinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. 16-18-ci əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu. 17-18-ci əsrlərə aid tarixi abidələr bu dövrdə Bakıda memarlıq, həkkaklığın da inkişaf etdiyini göstərir.
Bakı Sovet dövründə olduğu kimi indiki müstəqillik dövründə də Azərbaycanın paytaxtıdır.


Tarix: 09.12.2014 / 15:49 Müəllif: Aziza Baxılıb: 146 Bölmə: Ümumi Melumat
loading...