Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Demokratik Cümhuriyyəti dövründə məhkəmələr

1918-ci ilin 28 mayında Azərbaycan Milli Şurası İstiqlal bəyannaməsi ilə müstəqil Azərbaycan Demokratik Respublikasının yarandığını elan etdi. Elə həmin gün F.X.Xoyskinin rəhbərliyi ilə Nazirlər Soveti yaradıldı və 9 nəfərdən ibarət Azərbaycan Milli Hükuməti təşkil olundu. Hökumətin tərkibində digər nazirliklərlə yanaşı, Azərbaycan Demokratik Cümhuriyyətinin Ədliyyə Nazirliyi də yaradıldı və Xəlilbəy Hacıbaba oğlu Xasməmmədov ilk ədliyyə naziri oldu.

Azərbaycan Demokratik Cümhuriyyətinin parlamenti mövcud olduğu 23 ay ərzində 140-a qədər ümumi iclas keçirmiş və həmin dövrdə parlamentə 315 qanun layihəsi təqdim edilmişdir. Bu qanun layihələrindən 32-si Ədliyyə Nazirliyi tərəfindən hazırlanmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti özünün 26 dekabr 1918-ci il tarixli iclasında hökumətin ədliyyə sahəsində deklarasiyasını qəbul etdi. Deklarasiyada deyilirdi ki, ədliyyə hökumətin diqqət mərkəzində olan mühüm sahələrdən biridir. Məhkəmə orqanları olmadan heç bir dövlət mövcud ola bilməz. Heç bir digər inzibati dövlət aparatı məhkəmələri əvəz edə bilməz. Bütün ictimai təhlükəli hərəkətlər məhkəmə prosesində araşdırılmalıdır. Ona görə ki, bir tərəfdən təqsirləndirilən şəxs öz günahını başa düşsün, digər tərəfdən isə o, dövlət aparatının ədalətliliyini hiss etsin. Ona görə də, məhkəmə icraatının dəqiqliyi dövlətin mühüm məsələlərindən biri olmalıdır. Ədalət mühakiməsi xalqa yaxın olmalıdır. Məhkəmə ilə əlaqəsi olmuş hər bir şəxs onun ədalətliyini başa düşməlidir. Əks təqdirdə məhkəmə özünün sosial təyinatına kifayət qədər nail ola bilməz. Ona görə də elə məhkəmə sistemi yaratmaq lazımdır ki, o bütün əhali tərəfindən başa düşülsün.
Beləliklə də, Azərbaycan Demokratik Respublikası təşəkkül tapdığı ilk günlərdən ölkədə demokratik prinsiplər əsasında məhkəmə sistemi yaradılmasına böyük diqqət yetirilmişdir.

Deklarasiyadan göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ədalət mühakiməsinin yalnız məhkəmələr tərəfindən həyata keçirilməsini, təqsirsizlik prezumpsiyası, məhkəmələrin xalqa daha yaxın olması, vətəndaşların məhkəmə və qanun qarşısında bərabərliyi və digər demokratik prinsiplərə əsaslanan məhkəmə sistemi qurulmasını elan etmişdir. Bundan sonra Azərbaycan Demokratik Cümhuriyyətinin ilk ədliyyə naziri Xəlilbəy Xasməmmədovun məruzəsi əsasında Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin 14 noyabr 1918-ci il tarixli qərarı ilə Azərbaycan tarixində ilk dəfə olaraq "Azərbaycan məhkəmə palatası və onun əsasnməsi" təsdiq olunmuşdur. Bakı şəhərində yerləşən məhkəmə palatası bir neçə şöbədən ibarət idi.

Əsasnamə aşağıdakıları nəzərdə tuturdu:
1. Məhkəmə Palatasının hər bir şöbəsi sədr və ştat üzrə müəyyən adamlardan ibarət olur.
2. Məhkəmə Palatasının sədrlərindən biri böyük sədr təyin edilir.
3. Azərbaycan Məhkəmə Palatası tərkibindəki prokuror və müəyyən qədər prokurorun yoldaşlarından ibarətdir.
4. Azərbaycan Məhkəmə Palatasının idarə forması və onun nəzdində olan prokuror nəzarəti rus imperiyasının 1864-cü ilin və 1917-ci il müvəqqəti hökumətin qanunlaşdırılmış məhkəmə nizamnaməsində nəzərdə tutulanlarla müəyyənləşdirilir.
5. Azərbaycan Məhkəmə Palatasının hakimiyyəti və onun nəzdində yerləşən prokuror nəzarəti bütün Azərbaycan Respublikası ərazisində həyata keçirilir.

Göründüyü kimi, əsasnaməyə uyğun olaraq yaradılmış Azərbyacan Məhkəmə Palatasının səlahiyyət dairəsi bütün Azərbyacan ərazisini əhatə edirdi. Həm də nəzərdə tutulurdu ki, respublika ərazisində mərhələ ilə digər məhkəmə instansiyaları - məhkəmə palataları təsis edilsin. Əsasnamədən əvvəl Azərbaycan Respublikasında hüquq qaydaları və qanunçuluğun möhkəmləndirilməsi məqsədilə Bakı və Gəncə şəhərlərində əvvəllər mövcud olmuş dairə məhkəmələrinin, həmçinin həmin dairə məhkəmələri nəzdində barışdırıcı idarələrin fəaliyyəti bərpa edilmişdi. Azərbaycan Demokratik Cümhuriyyəti ədliyyə naziri Xəlilbəy Xasməmmədovun "Məhkəmə idarələrinin bərpa olunması haqqında" etdiyi məruzəsi əsasında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qəbul etdiyi 1 oktyabr 1918-ci il tarixli qərarda deyilirdi ki, Bakı quberniyasında qanun-qaydaların bərpa olunması və qanuni hökumətin Bakı şəhərinə köçürülməsi ilə əlaqədar olaraq anarxiya dövründə müxtəlif adlarla yaradılmış məhkəmələr və məhkəmə funksiyasına malik bütün komissiyalar ləğv edilsin. Bakı dairə məhkəməsinin və onun tabeliyində olan bütün idarələrin fəaliyyəti bərpa olunsun. Azərbaycan Məhkəmə Palatasında dairə məhkəmələrində baxılmış işlərdən əlavə, respublika ərazisində baş vermiş və Tiflis məhkəmə palatasına daxil olmuş, lakin baxılmamış və baxılmaq üçün Bakıya göndərilmiş işlərə də baxılması nəzərdə tutulurdu. Bu cəhətdən Azərbaycan Məhkəmə Palatası yuxarı məhkəmə instansiyası orqanı hesab olunurdu.

Azərbaycan Demokratik Cümhuriyyəti hökuməti Azərbyacan xalqının son 400 illik tarixi ərzində ilk dəfə olaraq Azərbaycan türkcəsinə dövlət dili statusu verdi və digər dövlət orqanları ilə yanaşı, məhkəmə sisteminin də dövlət dilində işləməsi haqqında qərar qəbul etdi. Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin "Dövlət dili haqqında" 27 iyun 1918-ci il tarixli qərarında dövlət dilinin türk dili qəbul edildiyi, bundan sonra bütün məhkəmə, idareyi-daxiliyyə vəs. vəzzifələr başında duranların bu dili bilənlər olacağı bəyan edilmiş və həm də göstərilmişdir ki, məhkəmə və digər vəzifə başında duranlar bu dili bilənlər olana qədər hökumət müəssisələrində rus dilindən istifadə olunsun. Bir sıra mənbələrdə qeyd edilir ki, Azərbaycan məhkəmə sistemində məhkəmə prosesləri Azərbaycan dilində ilk dəfə yalnız sovet dövründə aparılmağa başlanmışdır. Lakin göründüyü kimi, bu fikir tarixi faktlara əsaslanmır.

Bütün bu göstərilən mütərəqqi qanunlara baxmayaraq Azərbaycan Demokratik Cümhuriyyəti Azərbaycan Respublikasında vahid məhkəmə sistemi qurmağa müvəffəq ola bilmədi.


Tarix: 09.12.2014 / 16:49 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Ümumi Melumat
loading...