Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın siyasi sistemi

Azərbaycan Respublikasının siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Onun meydana gəlməsində və fəaliyyətində çox müxtəlif amillər rol oynamış və oynamaqdadır. Siyasi sistemin fəaliyyətinin formalaşmasına əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri mühüm təsir göstərir.

Ümumiyyətlə, Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu.

Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşmişdir. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.

Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublika parametrlərinə uyğundur.

Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq Azərbaycan Respublikasında müstəqil şəkildə formalaşan və fəaliyyət göstərən üç hakimiyyət qolu qərarlaşmışdır: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Bu hakimiyyət orqanlarından hər birinin fəaliyyəti Konstitusiya və qanunvericilik aktları ilə tənzimlənir.

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir.

Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti statusuna malik olmasıdır.

Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Orada qanunverici hakimiyyəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir.

Azərbaycanın siyasi sistemində yerli özünü idarətmə orqanları olan bələdiyyələr də mühüm yer tutur. Bu institut yeni yaranmasına baxmayaraq böyük perspektivə malikdir.

Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plyuralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanına malikdirlər.

Azərbaycan dövlətinin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.

Azərbaycan Respublikasının qanunları Azərbaycan Respublikasının bütün ərazisində qüvvədədir.

Azərbaycanda ilk respublika Azərbaycan Xalq Cümhuriyyəti adı ilə 1918-ci il mayın 28-də yaradılmış və 23 ay fəaliyyət göstərmişdir.

1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulmuş və 1991-ci ildə SSRİ dağılanadək davam etmişdir.

1991-ci il oktyabrın 18-də Ali Sovetdə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunmuş və Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilmişdir.

Azərbaycan dövlətinin başçısı
Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. Prezident Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir.

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.

Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.

İlham Əliyev və Mehriban Əliyeva
2003-cü il oktyabrın 15-də İlham Heydər oğlu Əliyev səsvermədə iştirak edənlərin 76,84% səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

2008-ci il oktyabr 15-də keçirilən növbəti prezident seçkilərində ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ikinci müddətə prezident seçilib. Seçkinin rəsmi nəticələrinə əsasən, ölkə üzrə seçicilərin 75,64 faizi (3,7 mln. nəfər) səsvermədə iştirak edib və seçicilərin 88,73 faizi İlham Əliyevə səs verib.

İnsan hüquqları və dövlətin ali məqsədi
Azərbaycan Respublikasında

hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır;

hamı qanun və məhkəmə qarşısında bərabərdir;

kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır;

insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir;

insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır;

insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.

Qanunvericilik hakimiyyəti
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti bir palatadan ibarət olan Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.

Ölkə əhalisi tərəfindən seçki yolu ilə formalaşdırılan parlament qanunvericilik hakimiyyətini təmsil edən demokratik dövlət quruluşunun ayrılmaz institutu, dövlət hakimiyyətinin mühüm qollarından biridir.

Onun fəaliyyəti və səlahiyyəti statusu iki əsas istiqamətdə reallaşır: birincisi Milli Məclis geniş məsələlər kompleksi üzrə ümumi qaydalar müəyyənləşdirir. Həmin qaydalar çərçivəsində icra hakimiyyəti konkret idarəçilik funksiyasını həyata keçirir.İkincisi Milli Məclisin bilavasitə həll etdiyi məsələlər. Bura Milli Məclisin impiçment yolu ilə prezidenti vəzifədən kənarlaşdırmaq səlahiyyətlərinə malik olması və digər məsələlər daxildir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.

Azərbaycan Respublikasının Milli Məclisi ümumi və birbaşa seçkilər əsasında 5 il müddətinə seçilmiş, 125 millət vəkilinin daxil olduğu təkpalatalı parlamentdir. Qanunvericilik fəaliyyətindən əlavə Milli Məclis dövlət büdcəsini təsdiq və ona nəzarət edir.

Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.

Azərbaycan Respublikasının Milli Məclisi Baş nazirin təyin edilməsinə razılıq verir və Nazirlər Kabinetinə etimad gostərilməsi məsələsinə baxır. Azərbaycan Milli Məclisi Prezidentin təqdimatına əsasən Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apellyasiya məhkəmələri hakimlərini təyin edir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin impiçment qaydasında vəzifədən kənarlaşdırılması Milli Məclisin səlahiyyətlərinə aiddir.

Milli Məclis bütün bunlarla yanaşı dövlətlərarası müqavilələrin təsdiqi və ləğv edilməsi, referendum təyin edilməsi, Hesablama Palatasının yaradılması məsələlərini həll edir. Azərbaycan Respublikasının Milli Məclisi öz işini ildə iki dəfə çağırılan (yay və payız) sesiyaları vasitəsi ilə həyata keçirir.

İcra hakimiyyəti
Azərbaycan Respublikası Konstitusiyasına müvafiq olaraq icra hakimiyyətinin vahid sistemini yuxarı, mərkəzi və yerli icra hakimiyyəti orqanları təşkil edir. Bu sistem dövlət orqanlarının və qulluqçularının əsas çoxluğunu əhatə edir və geniş hüquqlara malikdir. Qanunların icrası icra hakimiyyətinin əsas funksiyasıdır.

Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.

Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçkilər əsasında 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının siyasi sisteminə görə Prezident dövlətin başçısıdır.

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Prezidentə geniş səlahiyyətlər verilmişdir. O, Milli Məclisin razılığı ilə Baş Naziri təyin və azad edir, Nazirlər Kabinetini istefaya göndərir, Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir. Prezident Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir. Azərbaycan Respublikasının Prezidenti Hökümətin fəaliyyətinə birbaşa nəzarət edir.

Prezident Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.

Bütün bunlarla yanaşı Prezident Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququna malikdir. Prezident ona təqdim olununmuş qanunları 56 gün ərzində imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər.

Prezident hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası beynəlxalq müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır

Azərbaycan Respublikasının Prezidenti Təhlükəsizlik Şurasını yaradır və ona rəhbərlik edir. Dövlət başçısı fövqaladə və hərbi vəziyyət elan olunması barədə fərman verərək 24 saat ərzində Milli Məclisin təsdiqinə verir. Azərbaycan Respublikasının Prezidenti Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.

Azərbaycan Respublikasının siyasi sistemində Prezidentin xarici siyasət fəaliyyətndə səlahiyyətləri genişdir. Prezident rəsmi səfərlərdə, beynəlxalq danışıqlarda ölkənin ən səlahiyyətli təmsilçisi kimi çıxış edir.

Bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamələrini qəbul edir, dövlətin xarici ölkələrdə, beynəlxalq təşkilatlarda diplomatik nümayəndələri təyin edir və geri çağırır.

Məhkəmə hakimiyyəti
Azərbaycan Respublikasının Məhkəmə sistemi Azərbaycan konstitusiyasına uyğun olaraq, Respublikada fəaliyyət göstərən, məhkəmə hakimiyyətinin vahid vəzifələri, təşkilati və fəaliyyət prinsipləri altında birləşmiş bütün məhkəmələrin məcmusundan ibarətdir.

Azərbaycan Respublikası məhkəmə sisteminin quruluşu "Məhkəmələr və hakimlər haqqında" 1997-ci il 10 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmişdir.

Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.

Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir.

Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Prezidentin təqdimatına əsasən Milli Məclis tərəfindən təyin edilən 9 hakimdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Milli Məclisin qərarlarının, İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunu müəyyən etmək səlahiyyətlidir.

Konstitusiya Məhkəməsi qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisəli məsələləri həll edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Ali Məhkəmə mülki, cinayət və digər işlər üzrə, İqtisad Məhkəməsi isə iqtisadi mübahisələrlə baxılması üzrə məhkəmə icraatını həyata keçirirlər.


Tarix: 09.12.2014 / 16:15 Müəllif: Aziza Baxılıb: 180 Bölmə: Ümumi Melumat
loading...