Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Neft daşları

Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Xəzər rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən “Qara qayaların” ətrafında tikilmişdir. Abşeron yarımadasının 42 km-də cənubi-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadada dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir. 1949-cu il noyabrın 7-də Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye məqsədilə karbohidrogenləri əldə etməklə öz tarixində yeni səhifə açdılar. Həmin gün Neft Daşları yatağının 942 m dərinliyindən Xəzər nefti fəvvarə vurdu. Qeyd etmək lazımdır ki, hələ XIX-cu əsrin əvvəllərində (1798-1830-cu illər) Xəzərdən (Bibi-Heybət) ilk neft alınmışdır. Ancaq sənaye istehsalı yalnız 1925-ci ildə başlamışdır. Belə ki, Bakı buxtasında dənizin bir neçə metr dərinliyində və ağac dirəklərin üstündə yerləşən cəmi bir quyu qazılmışdı. Sonralar Abşeron yarımadasının sahil zonasında neft və qaz ehtiyatları olan Pirallahı-Dəniz, Gürzən-dəniz, Banka-dargin yataqları işlənməyə başlamışdır. Düzdür, bu yataqları yalnız şərti olaraq, dəniz yataqları adlandırmaq olar, çünki öz başlanğıcını bunlar qurudan götürürlər.

Neft Daşlarının (Bakının 110 km-də) isə quru ilə heç bir əlaqəsi yoxdur. Neft Daşlarının yerində olan daşlı, qayalı sahəni ram etmək cəhdi ilk dəfə 1948ci il noyabrın 14-də hava şəraiti pis olan bir gündə olmuşdur. Bortunda görkəmli Azərbaycan geoloqu Ə. Əliyev və buruq üzrə mütəxəssis, 1947-ci ildə yaranmış “Azneftkəşfiyyat” – təşkilatının rəhbəri S. Orucov olan kiçik bir gəmi (“Pobeda”) adacıqlara yaxınlaşdı və mütəxəssislər kiçik bir adaya düşdülər. Onlar burada ilk burğu qurğusunu və burğuçular briqadası üçün cəmi 14 kv. m olan evcik tikdilər. Sosialist Əməyi Qəhrəmanı Mixail Kaveroçkin 1949-cu il noyabrın 7-də neft verən ilk quyunu həmin bu sahədə qazımışdır. Qeyd etmək lazımdır ki, Neft Daşlarını fəth edənlərin bir çoxu 1951-ci ildə birinci dərəcəli SSRİ Dövlət mükafatına layiq görüldülər. 1951-ci il fevralın 18-də Neft Daşlarının nefti ilə doldurulmuş ilk tanker boşaldılmaq üçün Dübəndi limanına yan verdi. Bir neçə aydan sonra isə dənizin 20-25 metr dərinliyində estakadalar və burğu, texnoloji sahələr tikilməyə başlandı. Elektrostansiyaların, nasos-kompressor kompleksinin, köməkçi sexlərin, neftçilər üçün yaşayış 5-9 mərtəbəli evlərin ümumi sahəsi 1960-cı ilin əvvəllərində 70 min kv metr idi. Beləliklə, Neft Daşları dəniz möcüzə -şəhərinə çevrildi. 60-cı illərin axırında özünəməxsus “küçə” vəzifəsini yerinə yetirən estakadaların ümumi uzunluğu 200 km-dən çox idi.

Neft Daşları ilə Bakını radiotelefon rabitəsi birləşdirir. İnsanları, qida məhsullarını və başqa əşyaların daşınmasında Mİ-8 vertolyotundan istifadə olunur. 2000-dən çox əhalisi olan Neft Daşları Azərbaycanın ən şərq yaşayış məntəqəsidir. 1949-cu ildən burada 1940 quyu qazılmışdır, 160 mln ton neft, 12.3 mlrd kub. metr qaz əldə edilmişdir. Hər gün Neft Daşlarında 15-16 ton neft verməyə imkanı var. Bu göstərici “Çıraq-1” stasionar platforması ilə müqayisədə (sutkada 2 min ton) əlbəttə çox deyil. Ancaq yaddan çıxarmaq lazım deyil ki, Azərbaycanda neft sənayesinin inkişafına məhz Neft Daşları təkan verdi. Bunun nəticəsində bu gün Azərbaycanda 1994-2003-cü illərdə bağlanmış 23 iri neft sazişlərinin həyata keçirilməsi uğrunda dünyanın 14 ölkəsi, 33 xarici neft kompaniyaları işləyir. Qeyd etmək lazımdır ki, Azəri, Çıraq, neft ehtiyatı 640 mln ton, qaz 100 mlrd. m kub, qaz kondensatı 100-150 mln ton olan Günəşli, təbii qaz ehtiyatı 100 mln ton olan karbohidrogen struktur bloku D-222 sazişlərində “Lukoyl” da iştirak edir. Azərbaycanın “ARDNŞ” və Rusiyanın “Lukoyl” arasında əlaqələrin daha da genişlənməsi üçün 1999-cu ildə Bakıda memorandum imzalanmışdır. Ancaq bunların hamısı Neft Daşlarından başlamışdır. Ola bilsin, bir neçə vaxtdan sonra bu estakadalar, neft yataqları, neft buruqları artıq olmasın. Ancaq neft Bakısının bir rəmzi kimi, insanların ağlı və şücaəti kimi Xəzərin əfsanəvi Neft Daşları insanların yaddaşında əbədi qalacaqdır.


Tarix: 09.12.2014 / 16:29 Müəllif: Aziza Baxılıb: 132 Bölmə: Ümumi Melumat
loading...