beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diabet xəstəliyi ilə bağlı təlimlər keçirilir

“Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində ilkin səhiyyə xidməti göstərən tibb işçiləri üçün təlimlərə başlanılıb. SİA-nın xəbərinə görə, layihənin məqsədi respublikanın şəhər və rayonlarında təlim məktəbləri yaratmaqla, ilkin səhiyyə xidməti göstərən tibb işçiləri, şəkərli diabet xəstələri, risk qrupuna aid əhali arasında bu xəstəlik və onun fəsadlarının profilaktikası barədə bilik, bacarıq, müəyyən vərdişlərin artırılmasına nail olmaqdır. Layihə çərçivəsində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şəki və Şirvanda lazımi avadanlıqlarla təchiz edilmiş 7 diabet məktəbi yaradılıb.


İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində ilkin səhiyyə xidməti göstərən tibb işçiləri üçün təlimlərə başlanılıb. Təlimlər 7 diabet məktəbinin hər birində 15 həkim, 30 tibb bacısı olmaqla, 105 həkimə və 210 tibb bacısına keçilir. Bu məqsədlə tədbirlər planı və təlim paketi hazırlanıb. Noyabrın 4-nə kimi davam edəcək təlimləri İSİM-də təlim keçmiş həkim-endokrinoloqlar və tibb bacıları aparırlar. Təlimlərdə şəkərli diabetlə bağlı həkimlər və tibb bacıları maarifləndirilirlər.

Növbəti mərhələdə diabetli xəstələrə və risk qrupuna aid əhaliyə təlimlərin keçirilməsi nəzərdə tutulur. Məqsəd həm şəkərli diabeti olan insanların, həm də risk qrupuna daxil olan əhalinin bu sahədə biliklərinin artırılmasıdır. Biliklərin artırılması məqsədilə ümumilikdə 70 təlim 105 həkim üçün, 140 təlim 210 tibb bacısı üçün, 770 təlim 1155 diabetli xəstə üçün, 700 təlim 1050 risk qrupuna aid olan insan üçün keçiriləcək. Beləliklə, üç hədəf qrupu üzrə 2520 insana 1680 təlim keçiriləcək. Bundan əlavə, maarifləndirmə məqsədilə buklet, kitabça, poster, təlim materialları paketi, risk qrupuna aid əhali və xəstələr üçün məlumat paketi hazırlanacaq.


Tarix: 28.12.2012 / 14:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 244 Bölmə: Saglamliq