beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlam dişlər gözəl gülüşlər

Ağızdan gələn qoxu demək olar ki, hər kəsi narahat edən problemlərdəndir. Dişlərə düzgün qulluq edilməməsi səbəbilə yaranan bu arzuolunmaz xəstəlik insanları istəmədikləri vəziyyətlərə salır.

Stomotoloq Gülnarə Mirzəyeva ilə söhbətimiz də məhz bu aktual mövzu ilə bağlıdır.

Gülnarə xanım mümkünsə əvvəlcə kariyesin yaranma səbəblərindən danışaq.

Kariyes dedikdə dişlər çıxdıqdan sonra təzahür edən patoloji proses başa düşülür. Bu vaxt dişin sərt toxumları deminerallaşır və boşluq halında qüsur əmələ gətirir. Kariyesin yaranma səbəbləri haqqında müxtəlif nəzəriyyələr mövcuddur:
kimyəvi-parazitar nəzəriyyə
fiziki-kimyəvi nəzəriyyə
trofik nəzəriyyə və s.

Kimyəvi nəzəriyyəyə görə, qida məhsulları ilə ağız boşluğuna daxil olan turşular diş minasına dağıdıcı təsir göstərir. Fiziki kimyəvi nəzəriyyəyə görə, mühitin təsiri ilə yanaşı, dişin özündə də pataloji proseslər gedir. Diş daim daxili və xarici mühitlərin təsirinə məruz qalır. Trofik nəzəriyyəyə görə, isə kariyesin əmələ gəlməsinə diş toxumalarında mübadilənin pozulması səbəb olur.

Bəs ağız qoxusu nədən yaranır?

- Ağız boşluğunda gigiyenik qaydalara əməl olunmadıqda, müxtəlif daxili xəstəliklər zamanı ağız qoxusu (ozostomia) müşahidə olunur. Dişlərin boynunda və çeynəmə səthində diş ərpinin və diş daşlarının yığılması, diş ətinin iltihabı və onun qanaması ağız qoxusunun yaranmasına səbəb olur.

Uzun müddət ağızın bağlı qalması (səhər saatlarında gecə yuxusundan sonra), kserostomiya (məsələn ağızla nəfəs almaq fonunda dərman qəbulu), dil üzərində ərpin olması ağız qoxusunun yaranmasına səbəb olur.

Qeyristomatoloji aspektlər: yaş həddinin dəyişilməsi (tüpürcək həcminin azalması) alkoqol, aclıq , kəskin qoxulu qidalar (soğan, sarımsaq) da bu qəbildən ağız qoxusunun yaranmasına gətirib çıxarır.

Diş daşı nəyə görə əmələ gəlir və onu təmizləmək vacibdirmi?

Bu kifayət qədər ciddi sayılan xəstəliklərdəndir. Diş daşının əmələ gəlməsinin birinci mərhələsi diş ərpidir. Ağız boşluğuna müntəzəm qulluq etmədikdə, habelə çeynəmə prosesində iştirak etməyən və diş qövsündən kənarda yerləşən dişlərdə yumşaq diş ərpi daha çox olur. Qidasında həddindən çox karbohidrat olan şəxslərin dişlərində böyük miqdarda diş ərpi toplanır. Diş daşı bərkimiş və bərkiməkdə olan maddədir. Diş daşlarını təmizləmək vacibdir.

Lokallaşmasından və mənşəyindən asılı olaraq diş ətüstü və diş ətialtı diş daşları aid edilir. Diş ətüstü daşlar təmizlənmədikdə diş səthini və diş ətini örtərək kapilyarlarda qan dövranını pozur. Diş ətaltı daşlar diş ətinin selikli qişasına pis təsir göstərir, onu qıcıqlandırır və bununla da iltihaba yol açır.

Dişləri ağartmaq üçün hansı vasitələrdən istifadə etmək lazımdır?

-Dişləri ağartmaq üçün xalq təbabətində kömürdən, duzdan istifadə edilir. Müasir dövrümüzdə isə dişlərin ağardılmasında diş pastalarından və kalsium ionlarının köçürülməsi üsulundan istifadə olunur.

Diş pastalarında ağardıcılar dişlərin bəyazlaşmasına daha yaxşı təsir göstərir. Bunun üçün dişlər hər gün iki dəfə fırçalanmalıdır, diş fırçalayarkən yumşaq diş fırçalarından istifadə etmək daha məqsədə uyğundur. Ağız boşluğu tam təmizlənməlidir. Bunun üçün dişlərlə bərabər yanaq, və dil də təmizlənməlidir. Dişləri ağartmaq üçün son vaxtlar ultrases aparatlar daha çox dəbdədir.

İnsanlar profilaktik olaraq il ərzində neçə dəfə stomatoloqa müraciət etməlidir?

- Hər 2-3 aydan bir insanlar stomatoloqa müraciət etməlidirlər.

Bəzi diş məcunları dişlərin bəyazlaşmasına daha yaxşı təsir göstərir. Bunun üçün dişlər hər
gün iki dəfə fırçalanmalıdır, diş fırçalayarkən yumşaq diş fırçalarından istifadə etmək daha
məqsədə uyğundur.

Dişləri fırçalayan zaman dilin təmizlənməsi nə dərəcədə vacibdir?

Daha sadə və asan yol dişlərin mexaniki təmizlənməsidir. Dişləri diş fırçası, pasta və ya diş tozu ilə təmizləyirlər. Diş fırçasını seçərkən aşağıdakı kriteriyaları əsas götürmək lazımdır: o, ölçü və forma etibarilə münasib olmalı, diş ətinin selikli qişasını zədələməməlidir. Dişlərin təmizlənmə effektliyi fırçanın codluq dərəcəsindən asılıdır.

Adətən orta codluqda fırçadan istifadə edirlər. Çünki kifayət qədər elastikliyə malik olan fırça dişarası nahiyələrə girərək onları təmizləyir. Diş ətindən qan gəldikdə və dişləri başqa şeylə təmizləməyə imkan vermədikdə daha yumşaq diş fırçasından istifadə olunur.

Diş fırçası işlək, təbii və ya sintetik lifdən olmalıdır. Müəyyən edilib ki, dişləri təmizləmək üçün iki dəqiqə vaxt kifayətdir. Parodont xəstəlikləri olanlara, dişləri kariyes xəstəliyinə meyl göstərən şəxslərə və hamilə qadınlara məsləhət görülür ki, dişlərini 2,5-3 dəqiqə təmizləsinlər.

Dişləri gündə 2 dəfə təmizləmək məsləhət görülür: axşam yatmazdan qabaq və səhər yeməyindən sonra. Ağız boşluğunda olan tüpürcək vəzilərindən ifraz olunan ağız suyunun tərkibində çoxlu mikroorqanizmlər və bakteriyalar mövcuddur.

Onlar kaloniyalar halında dil üzərində, yanağın selikli qişasında, dişlərin üzərində yerləşir. Buna görə ağız boşluğunu tək dişləri fırçalamaqla yox, yemək qəbulundan sonra ilıq su ilə yaxalamaq, müxtəlif eliksirlərdən istifadə etməklə gigiyena qaydalarına əməl etmək lazımdır.


Tarix: 27.12.2012 / 11:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 499 Bölmə: Saglamliq