beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəmlo

Həyatı
1893-cü ildə Vedi rayonunun Hand kəndində doğulub və 1931-cı ildə orada vəfat edib.

Qəmlo kimi tarixdə və Vedi camaatının yaddaşında iz qoyan Qəmbəralı Əlirza oğlu təkcə doğulub boya-başa çatdığı Hand kəndində deyil, bütün Ermənistanda qoçaqlığı, cəsarəti ilə ad çıxarıbmış. Sərrast atıcı imiş, atdığı güllə boşa çıxmazmış. Yaxın-uzaq 72 kənddə onun dediyi qanun imiş. Basdığını kəsməz, dost olduğu, duz-çörək kəsdiyi insanlar üçün canını qurban verərdi. Sovet höküməti qurulana qədər Abbasqulu bəy Şadlinskinin Ermənistan ərazisində yaşayan azərbaycanlıları daşnakların hücumlarından qorumaq üçün yaratdığı "Qırmızı tabor”un ən döyüşkən üzvlərindən olub. İstər 1905, istərsə də 1918-çi illərdə daşnaklara qarşı çiyin-çiyinə vuruşduğu bu insanın sağ əli və ən etibarlı adamı sayılırdı.

Bolşevik hökumətinin qurulması ilə əski dostlar da ayrı-ayrı cəbhələrdə yer alırlar. Şadlinski Vedidə bolşevik hökümətinin qurulmasının tərəfdarlarından olduğu halda, Qəmlo yeni hökümətə qarşı çıxır. 72 kəndin dəliqanlılarını başına yığıb, qırmızılarla "çilingağac” oynamağa başlayır. Əski silahdaşının taleyinə biganə qalmayan Şadlinskiyə sonda Qəmlonu ipə-sapa yatırtmaq müyəssər olur.

Beləcə, aradan bir müddət keçir. Qəmbəralı Əlirza oğlunun qardaşı Vəli Hand kəndinin Şura sədri seçilir. Kolxozların yaradılmasıyla münasibətlər yenidən gərginləşir. Kolxozlaşmanın qəti əleyhdarı olan Qəmlo qonşu Şahbuzun Kolanı kəndinin onun kimi kolxoz əleyhdarı olan ağası Kərbəlayı İsmayılla birləşir. Yenidən 72 kəndin dəliqanlılarını başına toplayır. Bolşeviklərin qəfil hücumlarından qorunmaq məqsədiylə də 72 kəndin yeganə giriş-çıxış qapısında keşikçi məntəqəsi qurur.

İstər Kərbəlayı İsmayıl, istərsə də Qəmlo ilə kəsdiyi duz-çörəyə, dostluğa sadiq qalan Abbasqulu bəy Şadlinski bu dəfə də barışıq missiyasını öz üzərinə götürür. Bolşeviklərin kəndə hücumunun qarşısını almaq üçün onlarla görüşüb-söhbətləşmək qərarına gəlir. Kolxoz sədri Xəlil və bolşevik Talıbovla yola çıxan Şadlinski Qəmlo və Kərbəlayı İsmayılla görüşüb, geri dönərkən qətlə yetirilir. Bir vaxtlar ən etibarlı insan sayıb, sağ əli hesab etdiyi Qəmlo tərəfindən. Bu artıq tarixə düşmüş kitaba və ekran əsərinə görə belədir.

Qəmlonun yaxınlarının və Vedi camaatının yaddaş tarixində isə hadisələr bir qədər fərqli cərəyan edir. Bu tarixçəyə görə, Şadlinskinin ölümündə bolşeviklər özləri maraqlı olub. Qətlin Qəmlonun boynuna atılmasına gəlincə, bunu "Şadlinskini öldürməyə yalnız Qəmlonun cəsarəti çatar” şayiəsinin bir qədər inandırıcı görünməsi ilə izah etmək olunur...

Tarixə düşməyən tarixçəyə görə, səfərin ilk günü Qəmlo və Kərbəlayı İsmayılı tapa bilməyən Şadlinski yanındakı atlılarla Qəmlonun qardaşı Vəlinin evinə düşmək məcburiyyətində qalır. Filmdə Vəli Əlirza oğlu Kərbəlayınin köməkçisi kimi təsvir olunub. Onun öz evində qonaqların şərəfinə açdığı süfrə də Kərbəlayının evində qurulan məclis kimi qələmə verilib. Yaddaş tarixçəsinə görə, Vəlinin evində duz-çörək kəsdikdən sonra Şadlinski inad edir. Vəlinin "yollar xətalıdır” təkidiylə cibinə qoymaq istədiyi silahdan da boyun qaçırır.

Abbasqulu bəy Şadlinskiyə Qəmlo və Kərbəlayı İsmayılla görüşmək qismət olmur. Adamlarıyla birgə Qarabağlar (Kəngərli) kəndinin 4-5 kilometrliyində qətlə yetirilir. Hadisədən Kolanı kəndində xəbər tutan Kərbəlayı İsmayıl və Qəmlo özlərini yetirəndə Şadlinski artıq keçinibmiş. Kənd camaatı Xəlilin meyitini qayalıqlar arasından tapıb çıxarsalar da, üçüncü atlının - bolşevik Talıbovun meyiti tapılmır. Saatlarla davam edən axtarış bir nəticə vermədiyindən Talıbov soyadı vedililərin yaddaşına Şadlinskinin qatili kimi həkk olunur.

Bədii məhsulda isə Şadlinskinin ölümündə günahkar olan Qəmlo Kərbəlayı tərəfindən cəzalandırılsa da, gerçək həyatda Abbasqulu bəyin qətlinə görə kimsə həbsə alınmır.

Qürbətdə
Təqibdən yaxa qurtarmaq üçün Kərbəlayi ilə Qəmlo aranın sakitləşməsini gözləmək üçün Türkiyəyə keçirlər. Türkiyədə olduqları zaman dostlar Mustafa Kamal Atatürklə görüşürlər. Atatürk onlara geri dönməməyi, Türkiyədə qalmağı məsləhət görür. Qəmlo Vedidə qalan qohumlarının incidiləcəyiniə görə geri qayıdır. Kərbəlayı İsmayıl bu təklifi qəbul edir və ailəsini Türkiyəyə aparır. Doğulduğu Çimən kəndini özünə soyad qəbul edib ömrünün sonuna kimi Türkiyədə mühacir həyatı yşayır.1948-çi il 78 yaşında İlğır vilayətinin Daçburun kəndində dünyasını dəyışib.

Ömrünün Türkiyə dönəmi və Atatürklə görüşündən Qəmloya Paşanın bağışladığı Buxara papağı yadigar qalır. Qardaşı Mehdiqulunun göz bəbəyi kimi qoruduğu papaq böyük qardaşın ölümündən sonra böyük bir nəsli gözləyən faciəyə şahidlik edir.

Doğulub boya-başa çatdığı kənddə məskunlaşan Qəmlo Tanrının qismətinə yazdığı taleyə boyun əyməli olur. Əvvəlki kimi Sovet hökümətinə qarşı çıxmasa da, qoçaqlığı, mərdliyi yenə də dillərdə əzbər idi. Haqqı nahaqın ayağına yazanlar bolşevik hökümətindən çox ondan çəkinirdi.

Qayıdış
Türkiyədən dönüşündən bir neçə il keçmişdi. Qurban bayramı günü kirvəsi onu evinə qonaq çağırır. Heç zaman silahı üstündən əskik olmazdı. Həmin gün ilk dəfə evdən əliyalın çıxır. Bəy nəslindən olan ömür-gün həmdəmi Töhfə xanım qarşısını kəsib, silahını götürməyinə təkid etsə də, "belə əziz gündə kirvə evinə silahla getməyin düzgün olmadığını” söyləyir.

Məclisin şirin yerində, əlinin duz-çörəkdə olduğu bir vaxt ev sahibi başda olmaqla 18 nəfər qəfildən Qəmlonun üstünə hücum çəkir. Həmlə gözlənilməz olsa da, özünü itirmir. Yaralı aslan kimi çarpışmağa başlayır.

Töhfə xanım ərinin ölüm xəbərini alınca sirdaşının qapının dibinə qoyduğu beşaçılanına əl atır. Ata minib kirvələrinin evinə çapır və həyəti güllə-borana tutur.

Bu hadisədən sonra araya qan davası düşür. Qəmlonun qətlində əli olan 18 nəfərdən 17-si öldürülür. Onun mənsub olduğu Seyidlər və Alırzalılar nəslinin də itkisi az olmur. Qəmlo öldürüləndə 4 qardaşından ikisi, bir vaxtlar Şura sədri işləyən Vəli və Nemət daşnaklar tərəfindən qətlə yetirilmişdi. Evin sonbeşkləri Mehdiquluyla Bilalınsa əli yenicə silah tuturdu. Onun qətliylə ailənin də çərxi dönür, doğmaları sürgün və təqib acısını yaşayırlar. Qardaşı Bilal sürgündə dünyasını dəyişir. Nəslin yazılmayan tarixçəsini yaşatmaq, ötənlərə işıq salmaqsa hazırda haqq dünyasında olan Mehdiqulu Əlirza oğlunun qismətinə düşür.

Qəmlo haqqında film
1971-ci ildə Azərbaycanın kino məkanında rejissor Kamil Rüstəmbəyovun çəkdiyi yeni bir bədii film peyda oldu. Azərbaycan kino tarixində öz çəkisi, dəst-xətti olan insanların yer aldığı filmdə baş rolları Adil İsgəndərov, Həsən Məmmədov və Məlik Dadaşov canlandırmışdılar. Həmin filmin çəkilişindən 30 illik zaman kəsiyi ötür.

Mövzusu gerçək həyatdan götürülən film o dövrün tələblərinə uyğun çəkilərək, bəy və mülkədarları aşağılayıb, onları düşmən kimi qələmə vermək məqsədi daşısa da, əslində, qarşıya qoyulan məqsəd 100 % gerşəkləşdirilməyib. Adil İsgəndərovun filmdə yaratdığı Kərbəlayı İsmayıl obrazı mərdlik və yenilməzlik simvoludur. Ağlı və müdrikliyi ilə bolşevik hökümətinin təmsilçisi Abbasqulu bəy Şadlinskidən geri qalmayan Kərbəlayı İsmayılın filimdə səsləndirdiyi bir çox ifadələr hələ sovet dövründə xalqın dilində zərbi-məsələ çevrilib. Filmdə Kərbəlayı İsmayılın sirdaşı kimi təsvir olunan Qəmloya gəlincə, bu obrazla bağlı mübahisələr bu günəcən hələ də davam etməkdədir.

İlk etiraz "nota”sı isə filmin ssenarisinin götürüldüyü "Qarlı aşırım” kitabı çapa çıxdıqdan sonra gəlib. Qəmlonun yaxınları yazıçı Fərman Kərimzadəyə məktub ünvanlayaraq, bütün Vedi mahalında igid, qoçaq insan kimi ad çıxaran Qəmlonun – Qəmbəralı Əlirza oğlunun bədii obrazının təhrif olunmasına öz etirazlarını bildiriblər.


Tarix: 06.02.2015 / 16:21 Müəllif: Feriska Baxılıb: 562 Bölmə: Qərbi Azərbaycan