beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nazim Mustafa

Həyatı
Nazim Mustafa 1957-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının) Ağbaba mahalının (İndiki Amasiya rayonu) Güllübulaq kəndində anadan olmuşdur. 1977-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1988-ci ildə ermənilərin Dağlıq Qarabağa ərazi iddiasından dolayı Ermənistandan deportasiya edilmiş və Bakı şəhərində məskunlaşmışdır. 1990-1991-ci illərdə Azərbaycan Qaçqınlar Cəmiyyətində, 1992-1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda, sonra Milli Münasibətlər İnstitutunda və 2003-cü ildən isə Tarix İnsitutunda elmi işçi vəzifəsində işləmişdir. 2004-cü ilin dekabrından Prezident Kitabxanasında şöbə müdiri vəzifəsində çalışır. Eyni zamanda Tarix İnsitutunun əməkdaşıdır. 1993-2004-cü illərdə eyni zamanda "Vətəndaş", "Avrasiya", "Dövran", "Xalq qəzeti" qəzetlərində işləmişdir.

Yaradıcılığı
Erməni məsələsi ilə bağlı 200-dən çox məqaləsi Azərbaycan, Türkiyə və Gürcüstanda dərc edilmişdir. “Tarixin qara səhifələri. Deportasiya. Soyqırım Qaçqınlıq.” (Bakı, 1988) monoqrafiyasının və Azərbaycan, ingilis və rus dillərində çap edilən “İrəvan xanlığı” (Bakı, 2010) monoqrafiyasının müəlliflərindən biridir. Müəllifin “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı. (1918-1920)” kitabı AMEA Tarix İnstitutu tərəfindən 2014-cü ildə şap edilmişdir. O, həmçinin Azərbaycan və ingilis dillərində çap edilən “Vandalizm. Tarixi adlara qarşı soyqırımı” (Bakı - 2006, yenilənmiş nəşri Bakı - 2014) kitabının tərtibçisidir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərin müəlliflərindən biri kimi, Nazim Yusif oğlu Mustafayev 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının qərarı ilə Nazim Mustafayevə “İrəvan xanlığı” kitabının müəllifləri ilə birgə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanı təqdim edilmişdir. 2013-cü ildə müəllifin yazdığı "İrəvan Şəhəri" əsərinin Azərbaycan və Rus dillərində veb səhifələri yaradılmışdır. 17 May 2013 cü ildə Prezident Kitabxanasında AMEA Tarix İnstitutu ilə birlikdə veb səhifənin təqdimat mərasimi keçirilmişdir.


Tarix: 05.02.2015 / 15:42 Müəllif: Feriska Baxılıb: 182 Bölmə: Qərbi Azərbaycan