beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəhim Zeynalov

Həyatı
Rəhim Abutalıb oğlu Zeynalov 1937-ci il mayın 20-də Qərbi Azərbaycanın Noyemberyan (Barana) rayonunun Yuxarı Körpülü kəndində anadan olmuşdur. O, orta məktəbdə əlaçı oxumaqla öz nümunəvi davranışı, qayğıkeşliyi, yoldaşlarına səmimi münasıbəti və fəallığı ilə seçilirdi.

R.A.Zeynalov 1959-cu ildə ADU-nun mexanika-riyaziyyat fakultəsini riyaziyyat ixtisası üzrə bitirdikdən sonra Azərbaycan EA Astrofizika Sektoruna (1960-cı ildən Şamaxı Astrofizika Rəsədxanası) işə göndərilmişdir. Həmin ildən "Günəş sisteminin kiçik cismləri" şöbəsində kiçik elmi işçi kimi elmi fəaliyyətə başlamış və rəsədxana tikintisi üçün seçilmiş ərazinin astroiqliminin öyrənilməsində aktivlik göstərmişdir. O, eyni zamanda keçmiş SSRİ-də istehsal olunmuş 6 metrlik teleskopun qurulmasına yer seçmək üçün SSRİ EA Baş (Pulkovo) Astronomiya Rəsədxanasının 1960-1961-ci illərdə təşkil etdiyi Kəlbəcər-İstisu astronomiya ekspedisiyasına rəis muavini kimi rəhbərlik etmişdir. Bu, o zaman bütün dünyada ən nəhəng teleskop sayılırdı və onun qurulmasına yer seçmək üçün SSRİ məkanında 40 ekspedisiya təşkil edilmişdi.

1962-ci ilin fevral ayında ŞAR onu SSRİ EA-nın Leninqrad (S.Peterburq) şəhərində yerləşən Nəzəri Astronomiya İnstitutuna şöbə müdiru, professor Q.A.Çebotaryovun rəhbərliyi altında "Yerin süni peyklərinin hərəkət nəzəriyyəsi" üzrə hazırlıq və təcrübə keçmək üçün bir il müddətinə ezam etmişdir.

R.A.Zeynalov ezamiyyət vaxtı bitdikdən sonra da hələ iki il orada qalmalı olmuşdur.

Presessiya və mutasiya hadisələrini öyrənərkən orada düsturların uzun-uzadı çıxarışları onu qane etmirdi. Kitabda bu onlarca səhifəni əhatə edirdi. O, olduqca sxematik, yəni riyaziyyatın "ikilik prinsipini" tətbiq etməklə yekun nəticələri almağa birbaşa nail olur. Bununla bağlı şöbədə onun müzakirəsi təşkil olunur. Bu iş "Astronomiya salnaməsi" şöbəsinin müdiri, Dövlət mükafatı laureatı, professor D.K.Kulikovun çox xoşuna gəlir.

R.A.Zeynalovun istedadı, qısa müddətdə hazırlığı və elmi yaradıcılığa olan həvəsi institutun direktoru, Sovet İttifaqında "Göy mexanikası" məktəbinin əsas banilərindən olan, SSRİ EA-nın müxbir üzvü M.F.Subbotinin diqqətini cəlb etmiş və həmin il onun aspiranturaya daxil olmasını tövsiyə etmişdir. O, müvəffəqiyyətlə imtahan verib institutdan "Tətbiqi göy mexanikası" şöbəsinin aspirantı (1963-1966) olur. Ona institutun Elmi Şurasında belə bir mövzu: "Planet, komet və peyklərin orbitlərinin təyinində müxtəlif üsulların müqayisəsi və onların elektron hesablayıcı maşınlarda emalı üçün metodikaların hazırlanması" təsdiq olunur.

Aspirantura müddətində (1963-1966) R.A.Zeynalov YSP-nin ilkin dairəvi orbitlərinin təyini məsələsinə baxmış, çünki bu elliptik orbitlərin təyinində başlanğıc yaxınlaşma kimi qəbul edilir. O, ilk dəfə YSP-nin "İki tam müşahidəsi ilə dairəvi orbitlərin təyini (klassik hal)" və sonra "Üç müşahidədən ikisinin zamanı məlum olmadığı (klassik olmayan) halda dairəvi orbitlərin təyini" məsələsini iki üsulla həll etmişdir.

R.A.Zeynalov 1969-cu ildə institutun direktoru (1964-1975) professor Q.A.Cebotaryovun rəhbərliyi altında SSRİ EA Baş (Pulkovo) Astronomiya Rəsədxanasının (S.Peterburq) Elmi Şurasında "Tam və tam olmayan müşahidələrlə Yerin süni peyklərinin dairəvi orbitlərinin təyini" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

R.A.Zeynalov ŞAR-da (1969-1981) və Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyində (1981-1985) böyük elmi işçi vəzifəsində çalışmışdır.

O, 1973-1977-ci illərdə ilk dəfə olaraq YSP-nin zamanları məlum olmayan müşahidələri ilə onların dairəvi və elliptik orbitlərinin təyininin mümkünlüyünü və dairəvi orbitlərin hesablanması üçün üsullar vermişdir.

R.A.Zeynalov doktorluq dissertasiyası hazırlamaq məqsədi ilə yenidən Nəzəri Astronomiya İnstitutuna uzunmüddətli (1980-1982) ezamiyyətə göndərilmiş və institutun elmi işlər üzrə direktor müavini, professor Y.V.Batrakovun məsləhətçiliyi ilə xeyli tədqiqat və proqramlaşdırma işləri yerinə yetirmişdir. Onun sonrakı (1982-1998) tədqiqatlarında da YSP-nin zamanları dəqiq olamayan çoxlu sayda müşahidələri ilə orbitlərin dəqiqləşdirilməsi, sıfır-punktun vəziyyətinin, fundamental ulduz kataloqlarının və müşahidə məntəqələrinin koordinatlarının təyini problemi üzrə nəzəri araşdırmalar aparmış, müvafiq məsələlərin həlli üsullarını təklif etmiş və onların tətbiqi ilə ədədi nəticələr almışdır.

R.A.Zeynalov göstərilən tədqiqat işləri ilə yanaşı, Astronomiya tarixi üzrə həmçinin müxtəlif illərdə xeyli elmi-kütləvi məsələlərlə də məşğul olmuşdur. O, Nikolay Kopernikə qədər "dünya sistemlərini" araşdırmış, H.C.M.əmmədbəyli və Ə.Ə.Hüseynzadə ilə "Nikolay Kopernik" kitabının (1973) həmmüəllifi olmuşdur. Elmi-kütləvi mövzuda "Novruz kainatin bayramıdır", "Quyruq doğdu və onun mənşəyi", "Şamaxı Astrofizika Rəsədxanası keçmiş şöhrətini özünə qaytaracaqdır", bununla belə "N.Tusi və Marağa Rəsədxanası" və bir neçə elm tarixi üzrə məqalələr dərc etdirmişdir və s. Azərbaycan Ensiklopediyasında da xeyli məqaləsi də dərc olunmuşdur. O, zamanları dəqiq olmayan və hətta naməlum olan müşahidələrlə YSP-nin hərəkət nəzəriyyəsinin müəllifidir.

R.A.Zeynalov beynəlxalq, keçmiş İttifaq və respublika elmi jurnallarında dərc olunmuş 40-dan çox elmi və 30-a qədər elmi-kütləvi əsərin müəllifi, bir kitab və bir orta məktəb dərsliyinin həmmüəllifidir. O, 30-dan çox beynəlxalq konqres, ümumittifaq və respublika konfranslarında (Moskva, Sankt-Peterburq, Novosibirsk, Riqa, Kiyev, Tiraspol, Təbriz, Düşənbə, Daşkənd və s. şəhərlərdə) iştirak və məruzələrlə çıxış etmişdir.

Onun aldığı elmi nəticələr dəfələrlə Beynəlxalq Astronomiya İttifaqının qurultaylarında hesabatlara salınmış, Nəzəri Astranomiya İnstitutunun yubileyində qeyd olunmuşdur. Akademik A.A.Mixaylov, SSRİ EA-nın müxbir üzvü M.S.Zverev, Ukarayna EA-nın həqiqi üzvü Y.P.Fyodorov, Tacikistan EA-nın həqiqi üzvü O.V.Dobrovolski və b. məruzələr zamanı bu nəticələri yüksək qiymətləndirmişlər.

R.A.Zeynalov uzun illərdir rəsadxanada təşkilatçılıq fəaliyyəti də göstərir. O, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında elmi işlər üzrə direktor müavini (1991-1997 və 2001 indiyə kimi), həm də onun Bakı şəhər bölməsinin (1985-ci ildən) müdiridir. Bakı şəhər bölməsinin yaradılmasında onun müstəsna xidmətləri vardır. O, ŞAR-ın Elmi Şurasının üzvüdür. Bir müddət ŞAR-ın "Sirkulyarında" (1991-1997) redaksiya heyətinin üzvü olmuşdur. O, ŞAR-ın bütün ictimai həyatında yaxından iştirak edir.

Son zamanlar rəsədxananın ərazi sərhədlərinin bərpasında o, xüsusi xidmətlər göstərmişdir. R.A.Zeynalov bütün həyatını rəsadxananın yaşamasına və inkişafına həsr etmişdir.

R.A.Zeynalov 1986-cı ildə "Əmək veteranı" medalı ilə təltif edilmişdir. O, L.Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Enerji İnformasiya Elmlər Akademiyasının müxbir üzvü və Avropa Astronomiya Cəmiyyətinin üzvüdür.


Tarix: 05.02.2015 / 19:16 Müəllif: Feriska Baxılıb: 168 Bölmə: Qərbi Azərbaycan