beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fikrət Hüseynli

Həyatı
Fikrət Hüseynli Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Düzkənd kəndində doğulmuşdur. 1988-ci ildə Sovetlər Birliyinin dağılması və Ermənistanda etnik zəmində başlamış deportasiya nəticəsində ailəsilə birlikdə Azərbaycan Respublikasına köçmüşdür. SSRİ-nin dağılması və Azərbaycanın müstəqlillik qazanması ərəfəsində ailəsilə birlikdə çox ciddi problemlərlə rastlaşmışdır. Orta məktəbdə oxuyarkən ictimai-siyasi proseslərdə aktiv iştirak etmiş, 1990-cı il 20 yanvar hadisələrilə bağlı yazdığı ilk şeir onun mətbuatda ilk çıxışı olub. Şeir 20 yanvar hadisələrinin ildönümündə 1991-ci ildə 20 yanvar tarixində "Daşkəsən" qəzetində çap edilmişdir. 15 yaşından mətbuatda çıxış etməyə başlayan Fikrət Hüseynli həmin dövrdə bir sıra gənclər təşkilatında, Türk-Oğuz, Vahid Azərbaycan Uğurunda Mübarizə kimi tələbə-gənclər təşkilatında aktivist kimi iştirak edib. 1993-1998-ci illərdə Azərbaycan Televiziya və Radio Verilişlərinin Hərbi Vətənpərvərlik, Müdafiə Nazirliyinin "Salnamə" və "And" studiyaları ilə hərbi jurnalist kimi əməkdaşlıq etmişdir. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kultrologiya fakültəsinə daxil olub 1998-ci ildə bakalavr, 2000-ci ildə magistr dərəcəsi almışdır. Həmin illər ərzində dövri mətbuatda daim məqalələri ilə çıxış edən Fikrət Hüseynli "Millət", "P.S." və digər nəşrlərdə jurnalist kimi fəaliyyət göstərmişdir. 2001-ci ildə "Ulus" qəzetində fəaliyyətini davam etdirən Fikrət Hüseynli açıq basqılara məruz qalmış, jurnalist fəaliyyətinə görə hakimiyyət nümayəndələrinin göstərişi ilə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sağlamlığına xəsarət yetirilsə də, bununla bağlı 2002-ci ildə açılan cinayət işi araşdırılmadan qapadılmışdır. 2002-ci il Qaradağ Sement Zavodunun özəlləşməsi zamanı baş verən koorrupsiya hallarından yazdığına görə, məhkəməyə verilmiş, həmin dövrdə Səbael rayon Məhkəməsinin sədri işləyən hakim İnqilab Nəsirov tərəfindən həbsi barədə qərar çıxarılmağa çalışılsa da, sonradan beynəlxalq qurumların basqısı səbəbiylə bu qərar dəyişdirilmişdir.

2003-cü ildə "Space" televiziyası və ABŞ-ın Milli Demokratiya İnstitunun birgə layihəsi olan seçkilərlə bağlı proqramlara koordinatorluq etsə də, məhz müstəqil mövqeyinə görə basqılara məruz qalmış, işdən kənarlaşdırılmış, 2003-cü il prezident seçkilərindən sonra basqılara məruz qaldığı üçün müvəqqəti olaraq ölkəni tərk etməyə məcbur olmuşdur. 2004-cü ilin fevralında Azərbaycana dönən Fikrət Hüseynli "Bakı-Xəbər" qəzetində fəaliyyətə başlamış, bir sıra siyasi müəllif yazıları ilə çıxış etmişdir. 2004-cü ilin dekabrından "Azadlıq" qəzetində fəaliyyətini davam etdirmişdir.

"Azadlıq" qəzetində davamlı olaraq Azərbaycan hakimiyyətinin koorrupsiya əməllərindən yazan Fikrət Hüseynli 2006-cı il martın 5-dən 6-na keçən gecə Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində maskalı şəxslər tərəfindən oğurlanaraq işgəncələrə məruz qalmış, bıçaqlanmışdır. Bütün faktların ortada olmasına rəğmən hətta normal həkim yardımı edilməyən Fikrət Hüseynlinin sui-qəsdə məruz qalmasıyla bağlı cinayət işi araşdırılmadan qapadılmış, cinayətkarlar cəzasız qalmışdır. 2006-ci ilin sonlarında basqılar üzündən təkrar olaraq ölkəni tərk etməyə məcbur olan Fikrət Hüseynli 2007-ci ilin əvvəlində Azərbaycana dönərək jurnalist fəaliyyətini davam etdirmişdir.

2008-ci ilin əvvəlində davamlı təzyiqlərə məruz qalması, jurnalist fəaliyyətinə görə həyatına real ölüm təhlükəsi olması üzündən Azərbaycanı tərk etmişdir. Həmin ildən Nederland Krallığında siyasi mühacir kimi yaşayır. Nederland Krallığında Amsterdam ROC-ində (Regionaal Opleiding Centrum van Amsterdam), Amsterdam Azad Universitetində (Amsterdam Vrije Universitet də təhsilini uğurla başa vurmuşdur. Azərbaycanı tərk etməsinə baxmayaraq daim siyasi aktivliyini saxlayır, dövri mətbuatda siyasi yazılarıyla çıxış edir, aktiv bloqqerdi, "Azadlıq" qəzetinin Avropadakı əməkdaşı kimi fəaliyyət göstərir.

İnsan haqları müdafiəçisi kimi də bir sıra fəaliyyətlər edən Fikrət Hüseynli 2013-cü ildə dünyada və Avropada yaşayan bir sıra siyasi mühacirlərlə Demokratik Azərbaycan Hərəkatını qurmuşdur. Hollandiyada siyasi və jurnalistlik fəaliyyətini davam etdirir. 2012-ci il Eurovizion zamanı Amsterdamın nüfuzlu Het Parool qəzetində Azərbaycandakı siyasi vəziyyətlə bağlı iri həcmli məqalə ilə çıxış etmişdir. Nederlandın ən böyük siyasi partiyalarından olan PvdA-nın(Partij van de Arbeid - Əmək Partiyası) üzvüdür.


Tarix: 05.02.2015 / 14:30 Müəllif: Feriska Baxılıb: 209 Bölmə: Qərbi Azərbaycan