Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Həsənli

Ramiz Həsənli — texnika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Texniki Universiteti Metallurgiya fakültəsinin dekan müavini, fakultə Elmi Şurasının elmi katibi, AzTU-nun Müdafiə Şurası nəzdində fəaliyyət göstərən Elmi Seminarın üzvü.

Həyatı
Ramiz Kamandar oğlu Həsənli 8 may 1960-cı ildə Göyçə mahalı Basarkeçər rayonunun Şişqaya kəndində anadan olmuşdur. 1977-ci ildə Şişqaya kənd orta məktəbini, 1983-ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) əla qiymətlərlə bitirmişdir. 1983-89-cu illərdə Neft Maşınqayırması üzrə Ümumittifaq Elmi-Tədqiqat və Layihə-Texnologiya institutunda mühəndis, II kateqoriyalı mühəndis-texnoloq, kiçik elmi işçi, 1989-1993-cü illərdə Azneftmaş Elm-İstehsalat Birliyinin Sahə Mühəndis Mərkəzində I kateqoriyalı mühəndis-texnoloq, elmi işçi, baş elmi işçi, 1993-1999-cu illərdə Bakı Neft-Mədən Maşınqayırma zavodunda mərkəzi zavod laboratoriyasının rəisi, baş metroloq vəzifələrində çalışmışdır.

1991-1994-cü illərdə Xarkov Dövlət Avtomobil Yolları Texniki Universitetinin aspiranturasında qiyabi təhsil almış, 1994-cı ildə müvəffəqiyyətlə dissertasiya işi müdafiə edərək, Ukrayna Ali Attestasiya Komissiyasının qərarı ilə texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. 1990-cı ildən Аzərbaycan Texniki Universitetində (AzTU) əvəzçilik və yarımştatla dərs aparmış, diplom işlərinə rəhbərlik etmişdir.

1999-cu ildən АzТU-dа işləyir. 2001-ci ildə AR AAK-ın qərarı ilə dosent elmi adına layiq görülmüşdür. 2000-2009-cu illərdə Меtallurgiya fakultəsinin dekan müavini, fakultə Elmi Şurasının elmi katibi olmuşdur. 2009-2013-cü illərdə Metrologiya və standartlaşdırma kafedrasının müdir müavini, Texnoloji maşınlar fakultəsi Elmi Şurasının üzvü olmuşdur.Hazırda yenidən Меtallurgiya fakultəsinin dekan müavini, fakultə Elmi Şurasının elmi katibi, AzTU-nun Müdafiə Şurası nəzdində fəaliyyət göstərən Elmii Seminarın üzvüdür.

Respublikanın və AzTU-nun ictimai-siyasi həyatında yaxından iştirak edir. Dəfələrlə Məntəqə və Dairə Seçki Komissiyalarının sədri olmuşdur. Hazırda 31 saylı Dairə Seçki Komissiyasının həlledici səs hüquqlu üzvüdür. Avropa İttifaqı Tempus layihəsinin „Ətraf mühitin mühafizə texnikası“ üzrə AzTU-da ixtisas rəhbəri olmuşdur. Tempus və DAAD layihələri üzrə 2004, 2005, 2007-ci illərdə üç dəfə Almaniyanın Köln Tətbiqi Elmlər Universitetində ezamiyyətdə olmuş, elmi tədqiqatlar aparmışdır.

Kürəvi qrafitli yüksəkmöhkəm çuqunların tədqiqi və tətbiqi sahəsində ölkəmizdə yeganə alimdir. Məhsuldar və qüsursuz işinə görə işlədiyi təşkilatların rəhbərlikləri tərəfindən dəfələrlə tərifnamə və fəxri fərmanlarla mükafatlandırılmışdır. 130-dan çox elmi əsərin, о cümlədən 3 ixtira, 2 monoqrafiya, dərs vəsaitləri və 7 dərsliyin müəllifidir. Bir sıra elmi məqalələri Rusiya, Ukrayna, Çexiya və Bolqarıstanın nüfuzlu jurnallarında nəşr edilmişdir. Çoxsaylı beynəlxalq və respublika elmi-texniki konfranslarının təşkilatçısı və iştirakçısıdır. Onlarla diplom işinə və 11 magistr dissertasiyasına rəhbərlik etmişdir.

AzTU-nun doktorantıdır, doktorluq dissertasiyası üzərində işləyir. Respublika mətbuatında publisistik yazılarla çıxış edir. Evlidir, 2 oğlu var.


Tarix: 05.02.2015 / 18:13 Müəllif: Feriska Baxılıb: 102 Bölmə: Qərbi Azərbaycan
loading...