Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bədirlənmiş Ay yuxumuzu poza bilər

Alimlər inanırlar ki, bədirlənmiş Ay gecə yuxusunu poza bilər.

Tədqiqatçılar "Ay təsiri" effektini ciddi nəzarətli laboratoriya şəraitində yatan 33 könüllü üzərində təcrübə ilə müəyyən ediblər.
"Curren Biology" məcmuəsində qeyd olunur ki, tam qaranlıq otaqda olmalarına baxmayaraq, Ay tam dairəvi formada olduğu vaxtlarda könüllülər yuxuya gec gedir və yuxunun keyfiyyəti aşağı olurdu.

Bu da aşkar edilib ki, təcrübə altında olanlarda melatonin adlanan hormonun da ifrazı xeyli aşağı olub. Məhz bu hormon insan orqanizminin təbii saatı ilə əlaqəlidir.

Hava qaraldıqca insan orqanizmi daha çox melatonin buraxır. İşıqlı vaxtlarda isə əksinə, bu hormon azalır.
Axşam saatlarında güclü işıqlandırma, gündüz saatlarında isə işığın məhdudlaşdırılması da melatonin siklini poza bilər.
Bununla belə, "Current Biology" məcmuəsindəki məqalənin müəllifi, professor Christian Cajochen və onun İsveçrədəki Bazel Universitetindən olan həmkarları hesab edirlər ki, Ayın təsiri onun işığı ilə bağlı olmaya da bilər.

Ayın ritmləri

Könüllülər təcrübənin məqsədindən xəbərsiz olublar və yataq laboratoriyasındakı çarpayılarından Ayı görə bilmirdilər.
Onlardan hər biri ciddi müşahidə altında iki gecə laboratoriyada yatmalı idi.
Nəticələr göstərib ki, Ayın bədirləndiyi vaxtlarda yuxunun dərinliyilə əlaqəli olan beyin fəallığı üç dəfə aşağı olub.

Bu zaman melatoninin də miqdarı az olurdu.
Ay bədirli olarkən yuxuya getmək üçün 5 dəqiqə əlavə vaxt lazım gəlirdi və könüllülər 20 dəqiqə daha az yatırdılar.
Professor Cajochen deyir: "Belə görünür ki, Ay tsiklləri insan Ayı görməyəndə və onun hansı fazada olmasını bilməyəndə də yuxunu təsirləndirir".
Tədqiqatçılar deyirlər ki, bəziləri Ayın təsirinə son dərəcə həssas ola bilərlər.

Birləşmiş Krallıqda yuxu eksperti doktor Neil Stanley deyir ki, miqyasının kiçikliyinə baxmayaraq, bu eksperiment əhəmiyyətli nəticələrə gətirib çıxarıb.
Onun fikrincə, bədirlənmiş Ay mədəniyyətlərə o qədər güclü təsir edib ki, onun insana təsirini də gözləmək olardı.

"İndi qoy alimlər desinlər ki, niyə Ay bədirli olanda bizim yuxumuz da dəyişir" – Stanley deyib.


Tarix: 08.01.2015 / 17:39 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Maraqlı Məlumatlar
loading...