beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəfəslə gələn ölüm

Dünya üzrə hər 5 saniyədə 1 nəfər siqaretdən yaranan xəstəlikdən ölür

“Siqaret çəkmək sizin sağlamlığınız üçün ziyandır”,”Siqaret öldürür” və sairə bu kimi sözlər yazılan, onun törətdiyi fəsadların fotoları əks edilən siqaret qutularını yəqin ki, hamı görüb. Buna baxmayaraq milyonlarla insanı zəhərləyən bu tütün məhsulundan istifadə edənlərin sayı kifayət qədərdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən əsrdə 100 milyon insan bu zərərli vərdişin qurbanı olub. Dünyada ən çox siqaretdən istifadə olunan ölkələr arasında Çin, Hindistan, İndoneziya, Braziliya, Banqladeş, Almaniya və Türkiyənin adı çəkilir. Dünya üzrə hər 5 saniyədə 1 nəfər siqaretdən yaranan xəstəlikdən ölür. Bu gün dünyada hər 4 nəfərdən biri, başqa sözlə, 1,7 milyarda yaxın insan siqaret çəkir. ÜST-ün verdiyi məlumata görə, hər il tütün məmulatlarından istifadə 5,4 milyona yaxın insanın həyatına son qoyur. 2020-ci ildə isə, bu rəqəmin 2 dəfə artacağı gözlənilir. XXI əsrdə 1 milyard insanın tütündən öləcəyi gözlənilir.

Statistik məlumatlar Azərbaycan əhalisinin siqaret çəkməkdə heç də digər ölkələrdən geri qalmadığını göstərir. Sağlam Toplum İctimai Birliyinin (STİB) sədri Lalə Mehralının sözlərinə görə, dəqiq statistika olmasa da, təxmini hesablamalara görə, ölkə əhalisinin hər 3 nəfərindən 1-i siqaret çəkən hesab olunur. Başqa sözlə, Azərbaycanda 3 milyona yaxın siqaret çəkən olduğu təxmin edilir ki, bu da dünyada ən yüksək göstəricilərdəndir. ÜST-ün hazırladığı son siyahıda Azərbaycan siqaret çəkən ölkələr arasında 85-ci, adambaşına düşən siqaretlərin sayına görə dünya ölkələri arasında 22-ci yeri tutur.

"Hazırda təxmini hesablamalara görə, hər gün 2 nəfər siqaret çəkənin ağciyər, ağız nahiyəsi vərəminə tutulduğu, 1 nəfərin də "tüstü"dən öldüyü məlumdur. Azərbaycanda isə siqaret çəkənlərin sayı azalmır. Bu sıraya daхil olanların əksəriyyətini isə yeniyetmə və gənclər təşkil edir". deyə Lalə Mehralı qeyd edib.

Siqaret çəkənlər arasında qadınların da payı az deyil. STİB sədri yuxarıda qeyd edilən rəqəmin 10 faizinin məhz qadınlar olduğunu deyir: "Araşdırmalar sübut edib ki, qadınların 42 faizi bunu dəb хatirinə, 84 faizi tənhalıqdan can qurtarmaq üçün, 12 faizi isə digər səbəblərdən edirlər. Siqaret çəkən qadınlarda isə ən çoх uşaqlıq yolu хərçənginin baş qaldırması müşahidə olunur".

Siqaretin dəhşətli zərərli barədə çoxları məlumatlı olsa da, təəssüf ki, ölkədə siqaret çəkənlərin sayı durmadan artır. Buna misal olaraq isə adıçəkilən birliyin Bakı, Sumqayıt və Xırdalan şəhərlərində apardığı monitorinqi göstərmək olar. Hər 3 şəhərdə öncədən təlimatlandırılmış 14 yaşlı yeniyetmə kiçik dükanlardan və iri marketlərdən siqaret almağa göndərilib. Yeniyetmələrin olduğu 30 mağazanın heç birində satıcılar qanunun tələblərinə riayət etməyib və yeniyetməyə siqaret satıb.

L.Mehralının sözlərinə görə, təşkilat nümayəndələri bunu satıcılara irad tutduqda və ölkə parlamenti tərəfindən qəbul olunmuş 21 yaşına çatmamış vətəndaşlara siqaretin satılmaması barədə qanunu xatırlatdıqda onlar müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa çalışıblar. Satıcıların əksəriyyəti qeyd ediblər ki, uşaqlar siqareti adətən ataları üçün alırlar. Həmin yeniyetmə bir neçə parkda yaşlı kişilərə yaxınılaşıb siqaret yandırmaq üçün alışqan istəyib. 20-ə yaxın şəxsdən yalnız 2-i bundan imtina edib və bu yaşda siqaret çəkdiyinə görə ona irad bildirib.

İnsanların sağlamlığı, hətta həyatı bahasına başa gələn bu pis vərdişlə Azərbaycanda, eləcə də bütün dünyada mübarizə günü-gündən daha da gücləndirilir. Bir çox ölkələr siqaret çəkməyi qanunla məhdudlaşdırıblar. Azərbaycanda parlamentə təqdim edilmək üçün “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsi artıq hazırdır. Bu barədə ANS PRESS-ə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.
Onun sözlərinə görə, parlament rəhbərliyi ilə razılıq var və layihəni payız sessiyasına təqdim etməyə hazırlaşırlar:

“Biz yay sessiyası ərzində qanunun əsas müddəlarını Prezident Admnistrasiyasının müvafiq şöbəsi ilə razılaşdıracağıq. Yəqin ki, payızda qanun qəbul ediləcək”.

Deputat layihənin hazırlanmasında bir çox dünya ölkələrinin təcrübəsindən istifadə edildiyini, Ümumdünya Sağlamlıq Təşkilatının tütünlə mübarizə konvensiyasının tələblərinin (Azərbaycan bu konvesiyaya 2005-ci ildə qoşulub) əsas götürüldüyünü bildirib. Konvensiyanın əsas tələbində isə milli qanunvericilikdə “Tütün istehlakının məhdudlaşdırılması haqqında” hüquqi əsasların yaradılması tövsiyə edilir.

“Biz əsasən Türkiyə təcrübəsi üzərində dayandıq. Çünki Türkiyə ən çox siqaret istehlak edilən ölkələrdən biri idi. Türkiyədə uzun illərdir siqaretin məhdudlaşdırılması haqqında müzakirələr gedirdi. Hətta 1998-ci ildə onlarda aralıq qanunu qəbul edildi. Bu qanun Türkiyə ərazisində ictimai nəqliyyat vasitələrində siqaretin qadağan olunması haqqında idi. Bu qanun 10 il işləyəndən sonra onlar ölkə ərazisində qapalı məkanlarda siqareti qadağan edən qanun qəbul etdilər və çox müsbət nəticələr əldə etdilər. Mentalitet yaxınlığını da əsas götürərək məhz onların təcrübəsi əsasında qanun layihəsini hazırlamışıq”, deyə M. Quliyev qeyd etdi.

Komitə sədri hətta Türkiyənin siqaretlə mübarizədə əldə etdiyi uğurlu nəticələrə görə, ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BMT-nin xüsusi qızıl medalına layiq görüldüyünü qeyd edib.

"Qanun layihəsinin ilk variantında siqaretin qadağan olunduğu yerlərin siyahısı göstərilmişdi. “Türkiyə sonradan qanuna dəyişiklik edərək ictimai tədbirlər keçirilən bütün qapalı məkanlarda siqaret çəkilməsini qadağan etdi. Biz də o yolu seçdik. Məsələn, əvvəl yüksək kateqoriyalı restoranlarda, yaxud şəhərlərarası elektrik qatarlarında, tamborlarda və sairə bəzi yerlərdə siqaret çəkməyə icazə verilməsini nəzərdə tutmuşduq. Türkiyə təcrübəsində isə yalnız iki yerdən - həbsxanalarda və ruhi əsəb dispanserlərindən başqa yerlərdə siqaret çəkməyə qadağa qoyulur”.

Payız sessiyasında müzakirəyə çıxarılması planlaşdırılan layihədə dəyişikliklər ediləndən sonra bütün ictimai xarakterli qapalı yerlərdə, restoranlarda, ictimai nəqliyyatda, taksilərdə, tibb, təhsil müəssisələrində bu vərdişi icra etməyə icazə verilməyəcək.

Qanunda əksini tapan daha bir müddəa isə televiziya verilişlərində, filmlərdə Türkiyə təcrübəsindən götürülərək siqaret görüntüsünün məhdudlaşdırılması, antireklam və maarifləndirici tədbirlərin görülməsi tədbirləridir. Komitə sədrinin sözlərinə görə, televiziya kanallarında ayda 90 dəqiqədən az olmayaraq siqaretin zərərləri barədə veriliş və ya reklam roliklərinin verilməsi, tədris müəssisələrinə maarifləndirici dərslərin salınması da qanunda əksini tapacaq.

Qanunun qəbulundan sonra işləməsi üçün təbii ki, əsas olan şərtlərdən biri də cərimə sanksiyalarıdır. Bunu millət vəkili də təsdiqləyir. M. Quliyev qanunun qəbulundan sonra qanunu pozanlara qarşı tətbiq olunacaq cərimələrlə bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələrin ediləcəyini vurğulayıb. Cərimələrin məbləği hələ dəqiq olmasa da bu sahədə də Avropa, Türkiyə təcrübəsi öyrənilib: “Avopada fiziki şəxslər təqribən 50 avro, hüquqi şəxslər isə 300-dən başlayaraq 10 min avroya kimi cərimə edilə bilərlər”.

Musa Quliyev Türkiyədə cərimə sanksiyalarının daha yaxşı qurulduğunu deyir. Belə ki, burada bəzi yerlərdə fiziki şəxslər 50-70 lirə (təqribən 25-35 AZN), hüquqi şəxslər əgər birinci dəfə qanunu pozsalar, 3 min (təqribən 1500 AZN), növbəti dəfələrdə isə bundan 10 dəfə artıq cərimələnə bilərlər: “Bu cərimələr hər dəfə artır və restoran, kafe kimi obyektlərin fəaliyyət lisenziyası əlindən alınır”.

Siqaretin insan orqanizminə ziyanı saymaqla bitmir. Belə ki, nikotinlə bol siqaret qıcıqlanma, allergiya, ürək-damar sistemi xəstəliklərindən tutmuş, əsrin bəlası olan xərçəngə kimi yarada bilər.

Həkim Valeh Qurbanov ANS PRESS-ə açıqlamasında insanların müxtəlif bəhalərlə, sakitləşmək niyyəti ilə istifadə etdiyi və zövq aldığı siqaret, uyuşdurucu vasitələrin üç təsiri olduğunu deyib.

Bunlardan birincisi yüksək temperaturdur. Belə ki, közərən siqaretdə əmələ gələn yüksək temperatur insanın ağız boşluğu, selikli qişa, burun-qulaq sisteminə, tənəffüs yollarına bronxlara təsirindən yanıqlar meydana gəlir, iltihablanma baş verir.

İkincisi siqaretin tərkibində çox zərərli xassəyə malik olan zəhərli nikotinin olması,

3-cü isə yanarkən əmələ gələn xərçəng əmələ gətirən maddənin yaranmasıdır.

“Bəzən insanlar əsəbləri sakitləşdirmək adı altında siqaret çəkir. Əslində siqaret kimi zərərli vərdişin heç bir sakitləşdirici effekti yoxdur. Siqaret prostat vəzinin adenomasına səbəb ola bilər. Bu, kişilərdə ən çox rast gəlinən xəstəliklərdən biridir. 35-40 yaşdan sonra yarana bilər. Bundan əlavə revmatik, arterial xəstəliklərin də əmələ gəlməsində ilk risk faktoru siqaretdir”, deyə həkim qeyd etdi.

Ancaq siqaretin ziyanı təsiri bununla bitmir. O, yüksək arterial təzyiqin əmələ gəlməsinə, beyinə, ürək-damar sisteminə, ətraflara, qaraciyərə, mədə-bağırsaq sisteminə, görmə, eşitmə qabiliyyətinə mənfi təsir edir.

Həkimin sözlərinə görə, siqaretin qadınlara təsiri daha böyükdür. Çünki orqanizmi daha zərif olan qadınlara siqaretin həm termik, həm toksiki, həm də kanserogen təsiri daha yüksək olur. Hamiləlik vaxtı siqaret çəkmək hətta genetik pozğunluğa belə yol aça bilər.

Siqaretin ən təhlükəli istifadəsi isə spitli içki ilə birgədir. V.Qurbanov içki ilə birlikdə siqaret çəkməyin insan orqanizminə 5-10 qat çox ziyan vurduğunu deyir. Çünki, bu zaman nikotin daha tez həll olunur və orqanizmə tez yayılır, hüceyrələrə toksiki təsirini daha effektiv göstərir, onları sürətlə zədələyir.

“Siqareti yandırandan dərhal sonra onun közündə 100 dərəcədən dəfələrlə artıq temperatur yaranır. Müəyyən filterli, süzgəcli siqaretlər həmin temperaturu nisbətən endirə bilir, zəhərli maddələrin bir qismini saxlayır. Amma nəzərə alsaq ki, əhalinin müəyyən hissəsi, xüsusilə kənd, rayonlarda böyük qismi süzgəcsiz siqaret çəkir, onda həmin temperatur tənəffüs yollarına, bronxlara daxil olur və texniki yanıq yaradır. Bu da hüceyrələrin normal inkişafdan qalmasına, qıcıqlanmaya, bədxassəli şişlərə, bronxun selikli qişasının qalınmaşmasına, ödemə, iltihablaşmaya və sairəyə gətirib çıxara bilir”.

Siqaretin ziyanından ancaq onu çəkməklə deyil, həm də tüstüsünü udmaqla da “faydalanmaq” olar. Çünki tüstüdə ancaq yüksək temperatur olmur, geridə qalan iki amil- kanserogen və nikotin zəhər onda da qalır. Bu təsirlərin hər ikisinə siqaret çəkənlə bir məkanda olan insanlarda məruz qalırlar.

Daxili orqanların məhvinə səbəb olan siqaret insanın xarici görünüşünə də təsirsiz ötüşmür. O, insanın dərisini solğunlaşdırır, dişləri saraldır, qırışların, ləkələrin əmələ gəlməsinə yol açır.

Qeyd edək ki, siqaret üzərində aparılan araşdımalar zərərli vərdişin pis xüsusiyyətini bir-bir üzə çıxarmağa davam edir. Son olaraq əldə edilən tədqiqat nəticələrinə görə, siqaret elə ilk qüllabdan insan orqanizminə ziyan vurmağa başlayır. Amerikalı alimlər onun ziyanını görmək üçün illərin yox, dəqiqələrin kifayət olduğunu deyirlər. Belə ki, ilk qüllabdan sonra bədəndə onkoloji xəstəliklərə səbəb ola biləcək maddələr yaranmağa başlayır.

Unutmayın ki, siqaretlə xərçəngə gedən yol 30 ildən sonra yox, ilk dəfə siqaret çəkəndən 30 dəqiqə sonra başlayır. Bunun üçün də sağlam həyat və gələcək naminə siqaretdən uzaq durun.


Tarix: 22.08.2012 / 02:45 Müəllif: [Ram] Baxılıb: 2398 Bölmə: Maraqlı Məlumatlar