Hər birimiz ətrafımızda olan uşaqları müşahidə edərkən onların müxtəlif psixologiya və müxtəlif davranış tərzi nümayiş etdirdiklərini görürük. Biz isə bu davranış tərzlərinin səbbələrini araşdırır və nədən qaynaqlandığını bilmək istəyirik.
Son zamanlar daha çox müşahidə etdiyimiz – isterik uşaq tipidir.
Qeyd edək ki, isterik uşaqlar valideynlərini "idarə edir” və bunu yetəri qədər bacarırlar. Bu cür idarəetmə manipulyasiya adlanır. Nə qədər qəribə olsa da 3-yaşında uşaqlar artıq profesional manipulyatorlardır. Onlar valideynlərinin zəif damarını bilir və bundan öz istəklərini yerinə yetirmək üçün istifadə edirlər. Başqa sözlə, uşaq bir şey istəməyə başladıqda, məsələn: nəyinsə alınmasını tələb edərkən qarşı tərəfi məcbur etmək üçün, ağlamağa, ayağını yerə vurmağa, yerdə sürünməyə və s.bu kimi isterik hərəkətlər etməyə başlayır. Bu zaman bəzi valideynlər, ətrafdakıların qınağından utandığı üçün, yaxud bu davranışın fəsadlarından qorxduğu üçün dərhal uşağın istədiyini etməyə çalışır.Günü gündən bu kimi davranışların sayının artması valideyinlərdə suallar yaradır, bu tərbiyəsizlikdir, yoxsa xəstəlik? Bu hallar görəsən nə vaxta kimi davam edəcək?
Məlumdur ki, kiçik uşaqlar öz hisslərini idarə etməyi bacarmırlar və bu kifayət edir ki, uşaq isterik hərəkətlərə əl atsın. Ancaq təkcə səbəb bu deyil. Bu zaman 2 yaşında olan uşaqda baş verən dəyişikliyi nəzərə almaq lazımdır. Çünki uşaq gözünü ilk açdığı dövrdən hamı onun nazı ilə oynayıb, diqqət göstərib, rahatlığını təmin etmək üçün əllərindən gələni ediblər. Lakin uşaq təxminən 2 yaşına çatanda ətrafdakıların ona qarşı diqətinin azaldığını hiss edir və anlayır ki, valideyn onun dediyini yox, o valideynin dediyini etməlidir. Bu isə uşaq üçün qəbuledilməz olduğuna görə, bu kimi isterik hərəkətlər ortaya çıxmış olur. Uşaqlar isterik hərəkətlər edərkən ən çox əl atdıqları davranışlar bunlar olur: qışqırmalar, özünü yerə vurmalar, tüpürmələr, "mən səni çox istəmirəm”, "səndən zəhləm gedir” kimi ifadələr və s. Balaca manipulyatorlar bunları etməklə valideynlərinə təsir edəcəklərini düşünürlər. Bəzən, isterik uşaqlarda həqiqətən istədiklərinə nail ola bilmədikdə qusma, ürək getmə, qıc olma kimi davranışlar sərgiləyə bilər. Bu cür davranışla valideyinlərinin həyacanlandığını görən manipulyatorlar bundan mütamadi istifadə etməyə başlayırlar.
Əziz valideyinlər uşaqlarda bu kimi isterik davranışlara istənilən yaş dövründə rast gəlmək olar. Bu halların baş verməməsi və aradan qaldırması üçün valideynlər səbrli, soyuqqanlı olub, düzgün yanaşma tərzini tapmalıdırlar. Məsələn belə halda uşağın üzərinə çox düşməmək, başqalarının nə deyəcəyindən narahat olmadan onun sizin istəyinizə tabe olmasını gözləmək lazımdır.Unutmayın əgər biz uşaqlarımızı idarə ediriksə ailədə tərbiyə işi normaldır, əgər onlar bizi idarə edirsə düzgün tərbiyədən söhbət gedə bilməz.
Tarix: 06.01.2015 / 16:48 Müəllif: Aziza Baxılıb: 113 Bölmə: Valideynə məsləhət