Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Valideynin şəxsi nümunəsi tərbiyə işində son dərəcə böyük rol oynayır

Bu mövzu bəşər tarixinin hər bir dövründə aktual olmuşdur. Çünki cəmiyyətə yararlı və qiymətli bir şəxsiyyət yetişdirmək işi valideynlərin üzərinə düşən şərəfli bir vəzifədir. Valideynin şəxsi nümunəsi tərbiyə işində son dərəcə böyük rol oynayır. Övlad ata-ana timsalında ictimanı, əməksevərliyi, insanlara münasibəti və s. dərk edir.

Deməli, biz övladımızı düzgün tərbiyə etmək üçün ilk növbədə özünü tərbiyəyə daha çox diqqət yetirməliyik. Bir dahinin sözləri ilə desək, "tərbiyə edənin özünü tərbiyə etmək lazımdır”, çünki tərbiyəçi uşağı öz şəxsiyyəti ilə tərbiyələndirir. Əgər biz öz övladımızı hər bir qayğı və çətinlikdən qoruyuruqsa, bu onun xoşbəxtliyinə yox,gələcəkdəki bədbəxtliyinə bir zəmindir. Cəmiyyətə yararlı bir şəxsiyyət yetirmək istəyiriksə, çətinliklərlə necə mübarizə aparmağı və maneəyə rast gələrkən onu dəf etmək cəsarətini və qabiliyyətini övladlarımıza öyrətməliyik. Gənclərə və yeniyetmələrə qəddarlıq və zalımlıqdan uzaq olmağı, səmimi, qayğıkeş və ədalətli olmağı tövsiyə etməliyik.

Həmçinin, bu keyfiyyətlərdə öz şəxsi əməllərimizlə onlara canlı nümunə olmalıyıq. Biz həmişə valideyn olduğumuzu yadda saxlamalı və unutmamalıyıq ki, övladlarımızı təkcə özümüz üçün tərbiyə etmirik, gələcək vətəndaş, xadim və mübariz bir insan tərbiyə edirik. Əgər pis bir adam tərbiyə etmiş olsaq, onun bəlasını təkcə özümüz deyil, cəmiyyət də çəkəcək.

Müşahidələr göstərir ki, yeniyetmələr əsasən sərbəst vaxtlarında, ailədən və məktəbdən kənar olduqları vaxt pozulurlar. Odur ki, valideyn öz övladının təbii imkan və qabiliyyətlərini vaxtında üzə çıxartmalı və ona lazımi istiqamət verməyi bacarmalıdır. Əlbəttə, quru nəsihətçiliklə də yeniyetməni bezdirmək yaxşı nəticə vermir. Əsasən onun başa düşdüyü tərzdə, həm də fərd üçün maraqlı olan sahələrdən söhbət açmaq, ünsiyyəti daha da rəngarəng və maraqlı edir.

Ailənin bütün üzvlərinin tələbləri yeniyetməyə qarşı eyni olduqda və bu üzvlərin tələbləri ilə əməlləri bir-birinə uyğun olduqda tərbiyədə müsbət nəticə olur. Tərbiyəvi təsirlərin vəhdətdə olmaması isə formalaşma prosesini çətinləşdirir.

İnsan anadan olduğu gündən ömrünün sonuna kimi, tərbiyəvi təsirlərin əhatəsində yaşayır. Bunun üçün valideyn öz övladına elə tərbiyə verməlidir ki, onun hansısa yaşda yenidən tərbiyələndirilməsinə ehtiyac olmasın. O, cəmiyyət üçün faydalı bir şəxsiyyət olsun, cəmiyyət üçün ağır bir yükə çevrilməsin. Valideyn çalışmalıdır ki, övlada məsləhət verərməmişdən və yaxud ona irad tutmamışdan, əvvəl özündən sual etsin: "Mən bununla nəyə nail olacağam?”


Tarix: 06.01.2015 / 16:35 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Valideynə məsləhət
loading...