Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqların dərs oxumağa marağını artırmaq üçün nə etmək lazımdır?

Müsahibimiz "Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmovadır.

- Narınc xanım, erkən yaşlardan uşaqların nitq bacarıqlarını inkişaf etdirmək və bu sahədə müşahidə olunan gerilikləri aradan qaldırmaq üçün nə etmək lazımdır?
- Nitq bacarığının formalaşması üçün psixi inkişaf normal səviyyədə olmalıdır. Nitq, qarşısındakı insanın dediklərini eşitmək, anlamaq ,cavabı beyində hazırlayıb səsləndirmək kimi mürəkkəb bir prosesdir. Bu prosesin yaranması üçün səs və tənəffüs sistemi, artikulyasiya orqanları düzgün koordinasiyalı işləməli, eşitmə, görmə, hərəki bacarıqlar, emosiyalar lazımi qədər inkişaf etməlidir. Hər bir uşaq məlum yaş dövrlərində müəyyən bilik, bacarıq və vərdişlərə yiyələnməlidirlər. Bu bacarıqlara sahib olmamaq inkişafdan geri qalmaqdır. İnkişaf geriliyi özünü müxtəlif sferalarda göstərir: əqli, nitq, fiziki, emosional, sosial və sair. Valideynlər çox hallarda uşaqların geriliyini anlamaqda və qəbul etməkdə çətinlik çəkirlər. Onlara elə gəlir ki,uşaqlar böyüdükcə lazım olan bilik,bacarıq və vərdişləri qazanacaqlar.Əslində isə bu hal inkişaf geriliyinin daha da dərinləşməsi ilə nəticələnir.Uşaqlarda nitq çətinlikləri bir sıra hallarla müşayiət olunur: uşaq danışmır, balaca uşaq kimi danışır, adlandırma mərhələsindən geri qalır.Yaxud əşyanı tanıyır, adını söyləyir, cümlə qurmur. Ünsiyyət prosesində - jest, hərəkət, işarələr və sair işlədir. Daha sonra aydın olmayan nitq müşahidə oluna bilər. Nitqdə duruxmalar ola bilər. Uşaq danışmaq istəməyə bilər. Nitqin düzgün inkişafı ətrafdakı bir çox amillərdən asılı olub tədricən formalaşır.Nitqin inkişafına bir neçə amil təsir edə bilər. Məsələn, musiqi, oyun, tapmacalar, nağıllar, şeirlər, yanıltmaclar və sair. Ananın bətnindəki uşaqla düzgün ünsiyyət qurması gələcəkdə onun tez danışmasına kömək edir. Hamiləliyin ilk günlərindən etibarən bətndaxili uşaqla ünsiyyətdə olmaq lazımdır.Uşaq ata-ana məhəbbətini hiss etməlidir. Körpə dünyaya gələndən sonra da diqqət azalmamalıdır. Analar körpəni yedizdirərkən onunla göz təması qurmalı,danışdırmalıdırlar, yuxuya gedərkən həzin səslə layla oxumalıdırlar. Bir müddət sonra körpə səslər çıxararaq anaya qarşılıq verəcək. Uşaqlar ətrafındakı səsləri, nitqi dinləyərək dili və danışmağı öyrənirlər. Körpə uşaqlar səsə qarşı çox hissiyyatlı olurlar. Uşaqla danışarkən düzgün və səlis nitqdən istifadə olunmalıdır, çünki körpə danışılan hər şeyi başa düşür, beyninə yığır, lazım olduğu vaxt sizə cavab verəcək. Körpəni qucağınıza alanda və ya əlindən tutub ictimai yerlərdə gəzdirdikdə əşyalarla tanış etmək lazımdır. Körpələr müxtəlif elektrik əşyalarının səsindən qorxursa, həmin səslər olan yerə aparmayın. Bu qorxu körpənin nitqinin ləngiməsinə səbəb olar. Uşaqlarla kiçik yaşlarda müxtəlif oyunlar oynamaq gələcəkdə onun intellektual səviyyəsinin yüksəlməsinə təsir edir. Qeyd edim ki, nitqi anlamanın inkişafında dövrlər bu cür sıralana bilər: 0-6 ay. "Qığıldama”dövrü. Uşaq səsə qulaq asır, tanıyır, qığıldayır. Hecalar ifadə etməyə çalışır. 6-12 ay. Hecaları birləşdirməyə çalışır.Eşitdiyi səsləri təqlid edir.Bir neçə sözlərlə əmrlərə tabe olur.Məsələn:al, dur, əlini ver, öp və s. Lüğət 10 söz. 12-18 ay. Sadə cümlələr qurur. Sifət və əvəzlikdən istifadə edir.(mən,sən) Əşyaların adlarını tanıyır. Lüğət 10-25söz. 18-24 ay.Uşaq iki sözlü cümlələrin sayını artırır. Dediyi sözlərin mənasını anlayır. Lüğət 50 sözə yaxın olur. 24-36 ay. Çoxhecalı sözlər deyir. Tərkibində 3-4 söz olan mənaca yaxın cümlələr qurur.Çoxlu suallar verir. L-R hərflərinin səslənməsində qüsur ola bilər. Lüğət 1000 sözdən ibarət olur. 4 yaşında.Qrammatik cəhətdən düzgün cümlələr qurur. Əşyaları qruplaşdırır. Lüğət 2000 sözdən ibarət olur. 5 yaşında.Bütün sözləri təmiz deyir.Mətni təkrarlayır,əşyaları fərqləndirir,fikir yürüdür,nağıllarda doğru və ya yalnışı ayırd edir.Lüğət ehtiyatı 3000 sözdən ibarət olur. Uşağın nitqinin formalaşması prosesinə düzgün müdaxilə olunmalıdır. Nitqdə olan qüsurlar vaxtında valideynlər və ya mütəxəssislər tərəfindən aşkarlanmalı və korreksiya edilməlidir. Qeyd etmək lazımdır ki, inkişaf geriliyi olan uşaqlarla ciddi təlim proqramı əsasında müntəzəm olaraq pedaqoq, psixoloq, loqoped məşğul olrsa, müsbət nəticələri qısa müddət ərzində əldə etmək mümkündür. Ləngimə nə qədər tez aşkar olunub müdaxilə olunarsa, mövcud problemi aradan qaldırmaq bir o qədər asan olar. Bu baxımdan valideyinlər uşaqlarını müşahidə etməli,onlara maraq və qayğı göstərməlidirlər. Hər hansı bir problem hiss etdikdə, narahat olub dərhal mütəxəssisə müraciət etmək lazımdır.

- Uşaqların məktəbə hazırlığı və motivasiyası məsələləri psixoloji baxımdan necə tənzimlənə bilər?
- Bu da uşaqların əqli inkişafında çox vacib məqamlardan biridir. Sentyabr qabağı valideynlər övladları ilə birlikdə məktəbə hazırlaşırlar. Xüsusən, uşaq 1-ci sinfə gedirsə, bu hazırlıq daha fərqli və daha gərgin tempdə olur. Təzə kitab, qələm, çanta, geyim və sair alınır. Uşaqlar isə məktəbə getmək üçün həvəslə sentyabrın 15-ni gözləyir. Vaxt gəlib çatır, məktəbə gedir və hər şeyin düşündüyü kimi olmadığını görür. Evdə 10:00-da hətta daha gec oyanan uşaq indi isə 07:00-da durmalı, saatlarla oyuncaqları ilə oynayan uşaq indi 45 dəqiqə oynamadan müəllimini dinləməli, çətin proses olan düzgün yazmağı öyrənməlidir. Üstəlik bu prosesdə valideynləri yanında olmayacaq, onu qapıda müəlliminə verib gedəcək. Müəllimi isə 20, hətta daha çox uşağa diqqət göstərdiyi üçün ona tam - valideynləri kimi diqqət göstərə bilmir. Uşaq bəzən bu dəhşətli görünən sistemə tab gətirə bilməyib mənasız ağlamalarla və ya məktəbə getmək istəməməklə öz etirazını bildirir. Bu zaman məktəb fobiyası üzə çıxır - qarnı ağrayır, ürəyi bulanır, tez-tez tualetə gedir, hətta qızdırması qalxır. Valideynlər isə bunun ya bəhanə olduğunu düşünüb ,övladını məcburən məktəbə ağlaya-ağlaya göndərir ya da mədə-bağırsaq həkiminə göstərərək mədəsində problem olduğunu düşünür. Bu çətin dönəmdə balacanın psixoloji durumu heç yada da düşmür. Uşaq ancaq bir fikrə konsentrə olur - MƏKTƏB GƏLDİ, ANAM-ATAM GETDİ. "Məktəb olmasaydı, mən yenə evimdə "sultan” idim”. Dünya sistemində uşaqların məktəbə hazırlığı 3 yaşından etibarən başlanır. İlk öncələr pedaqoji (3-4 yaş) hazırlığı, sonra əlavə olaraq psixoloji (4-5 yaş), sonda isə təlim-təhsilə hazırlıq mərhələsi də (5-6 yaş) əlavə olunur. Uşaqlarda yalnız pedaqoji hazırlıq (saymağı və şeir bilməsi, sadə riyazi hesablamaları, əlavə dili, hərfləri tanıması ) heç də məktəbə hazırlığı demək deyil. Məktəbə hazırlıq sistemi mütləq pedaqoq, psixoloq, loqoped, həkim tərəfindən kompleks şəkildə aparılmalıdır. Məktəbəqədər yaş dövründə uşaqların ağız aparatının dəyişilməsi ələlxüsus dişlərin çıxması uşaqlarda müxtəlif səslərin tələffüzünə maneə törədir. Bu da ünsiyyət zamanı öz təsirini göstərir. Uşağın pedaqoji hazırlığı olsa da, psixoloji hazırlığının tam olmaması, məsələn, şeiri gözəl bilib, hətta evdə ailə üzvlərinə danışıb, müəllimə söyləyə bilməməsi bu səbəbdən yaranmış problemdir. Həkimlə birlikdə öncədən tənzimlənən yuxu və qida rejimi də uşaqların məktəbə tez adaptasiya olmasına yardımçı olur. Valideyn uşağının gigiyenik sağlamlığına önəm verdiyi qədər psixoloji sağlamlığına da diqqət etməlidir. Müəssisənin yemək şəraitinə, yataq otağına, təmizliyə önəm verdiyi qədər mütəxəssislərin də peşəkarlığına önəm verməlidir. Əziz valideynlər, bu gün uşağınızın nə yeyəcəyini düşündüyünüz kimi, nə öyrənəcəyinə də xüsusi diqqət edin. Uşaqlarımız üçün məktəb gələcək həyatında ən önəmli yeri tutur.

- Uşaqların bəzən dərs oxumaq istəyi çox aşağı olur, ya da onlar dərsdən yayınırlar. Bu barədə nələri bildirmək olar?
- Bəli, bir sıra hallarda uşaqlar dərs oxumağı, ev tapşırıqlarını yerinə yetirməyi böyük problem hesab edirlər. Mütəxəssislərin fikrincə, bunun başlıca səbəbi diqqət əskikliyidir. Müşahidələrimiz göstərir ki, əgər uşaq dərs oxumamaq üçün hər vasitəyə əl atırsa, burada nə isə bir çatışmazlıq var. Uşağınız bütün cəhdlərinizə baxmayaraq, yazı masasında oturmursa və ya oturduqdan sonra qələm, pozan ilə oynayırsa, ayaqyoluna getmək, su içmək kimi bəhanələrlə heç cür diqqətini cəmləyə bilmirsə, bu zaman məktəbdə müəllimi ilə danışmalı, onun davranışını, diqqətini nə dərəcədə cəmləyə bilməsini öyrənməliyik. Əgər ciddi bir problem varsa, mütləq bu sahə üzrə mütəxəssislə görüşmək lazımdır. Uşaqların dərs oxumağa həvəsləndirilməsində ətraf mühitin rolu danılmazdır. Dərs oxumaq üçün nəzərdə tutulan otaq təmiz olmalı, yazı stolunun üstündə yalnız dərs vəsaiti qoyulmalıdır. Ən vacibi, əgər mümkünsə yazı masası üzü divara doğru döndərilsin. Bu vəziyyətdə otaqdakı başqa əşyalar arxa planda qalacaq və bu da uşağınızın diqqətini cəmləməsinə kömək edəcək. Xüsusilə ibtiadi sinifdə evə verilən tapşırıqları çox vaxt valideynlər həll edir. Bu halla hər birimiz qarşılaşmışıq. Ancaq bu doğru hərəkətdirmi? Yox, əsla. Əslində valideynlər sadəcə dəstək olmalıdırlar. Məsələn, "dərs oxumaq vaxtın gəldimi?”, "dərsin başlamasına 10 dəqiqə qalıb, hazırlaş” deyərək uşaqları sınamaq olar . Valideyn ev tapşırıqlarının yerinə yetirilməsinə yalnız nəzarət edə bilər, prosesdə iştirak edə bilməz. Statistikaya görə, məktəbə tez getməyə başlayan uşaqlar ev tapşırıqlarını yerinə yetirməkdə çətinlik çəkirlər. Çünki onlar diqqətini uzun müddət cəmləyə bilmir. Bunun üçün də müəllimlər tapşırıqları uşaqların yaş və qavrama səviyyəsinə uyğun verməlidirlər. Bundan başqa müəllimlər dərsdə sinfin ən yaxşı və ən pis oxuyan şagirdini nümunə kimi göstərməməlidir.Yəni, təlim zamanı bütün şagirdlərə fərdi yanaşılmalıdır. Uşaqlara hədsiz dərəcədə çox dərs, tapşırıq da vermək olmaz. Misal üçün, 1-ci sinif şagirdi ilə 30 dəqiqədən çox məşğul olsaq, istədiyimiz nəticəni ala bilməyəcəyik.


Tarix: 06.01.2015 / 16:10 Müəllif: Aziza Baxılıb: 171 Bölmə: Valideynə məsləhət
loading...