Səfəvi adı Səfəvi dövlətinin hökmdarı Şah İsmayılın babası Şeyx Səfiəddindən gəlir. Əslində sünni məzhəbindən olan Səfiyəddin Elxanlılar dövründə təriqətin mərkəzi olan Ərdəbildə böyük nüfuz qazanmış və Elxanlı dövlətinin başçılarının diqqətini cəlb etmişdir. Bu təriqətin bünövrəsini qoyan Şeyx Səfiyəddin İshaqın babası Firuz Şah X əsrdə Anadoludan Ərdəbilə köçmüş türkmən ailəsinə mənsubdur. Səfiyəddin 1334-cü ildə rəhmətə getdikdə oğlu Sədrəddin, ondan sonra da Xacə Əli şeyx oldu. Onların şöhrəti nəinki Azərbaycanda, o cümlədən İraq, Suriya, Anadolu, İran, hətta Bəlx və Buxaraya kimi yayılmışdı.
Səfəvilər dövründə hakim təbəqəni təşkil edən türk tayfaları bunalrdır: şamlı, ustaclu, türkman, rumlu, zülqədərli, əfşar, qacar, təkəli, xumuslu, talas və s.
Səfəvi təriqətinin başçısı İbrahim vəfat etdikdə yerinə 1447-ci ildə oğlu Cüneyd keçdi. 456-cı ildən 1459-cu ilədək Cüneyd o vaxt hələ az tanınan Diyarbəkir hakimi Ağqoyunlu Uzun Həsənin yanında olmuşdu. Uzun Həsən öz düşməni Cahanşahla mübarizədə Səfəvi şeyxlərinin köməyini təmin etmək arzusu ilə öz bacısı Xədicə Bəyimi Şeyx Cüneydə ərə verdi. Cüneyd öz dövlətini yaratmaq məqsədilə Şirvanı zəbt etmək fikrinə düşdü. O, səfərləri boyu müxtəlif ölkələrdən başına toplanmış 10000 tərəfdarı ilə ölkəni işğal etmək və Şirvanşahlar taxtına sahib olmaq üçün Şirvana basqın etdi və döyüşdə məğlub olaraq həlak oldu. Yerinə oğlu Şeyx Heydər keçdi. Heydər Uzun Həsənin qızını aldı və böyük nüfuz qazandı. O, atasının qisasını almaq üçün Şirvan üzərinə yürüş etdi. Döyüşdə şeyx Heydər həlak oldu, ailə üzvləri və uşaqları qaynı Yaqub Xan tərəfındən xilas edildi.
Heydərin böyük oğlu Əli müridlər tərəfindən şeyx elan edildi. Əli Ağqoyunlular tərəfindən öldürüldükdən sonra onun qardaşı 6 yaşlı İsmayıl müridlər tərəfindən qaçırılıb Gilana aparıldı. Burda altı il gizli şəkildə saxlandı və 13 yaşına çatdıqda babası Uzun Həsənin taxtında əyləşmək üçün gizləndiyi Lahicandan yola düşdü. Ətrafına yığdığı ustaclu, şamlu, rumlu, mosullu, hindli, təkəli, çapanlu, qaradağlı, zülqədərli, varsaq, əfşar və qacar tayfaları ilə Aran və Şirvanın bir hissəsini öz hakimiyyətinə keçirdi. Üzünü Azərbaycana tutdu və Ağqoyunlu hökmdarı qarşısında duruş gətirə bilməyib qaçdı. İsfahan, Kaşan, Yəzd, Şiraz və Qum şəhərlərini hakimiyyəti altına aldı. Ağqoyunlu dövləti bununla ömrünü başa vurdu.Şah İsmayıl 1501-ci ildə özünü şah elan etdi.
1508-ci ildə Xorasan xaric Azərbaycan, İran, Ağrı Dağına yaxın yerlərin hamısı, Ərəb İraqı Səfəvi hakimiyyətinə daxil olmuşdu. Şah İsmayıl Ağqoyunlu dövlətinin torpaqlarını ələ keçirmək yolundakı cəhdlərini davam etdirdi. XVI əsrin əvvəllərində qonşuluqda olan dövlətlərin hamısı Səfəvilərin Qaraqoyunlu və Ağqoyunluların varisi olduğunu qəbul etmişdi.
Şah İsmayıl 1510-cu ildə Mərv yaxınlığında Özbək xaqanı Şeybani xanın ordusunu məğlub edib Xorasan vilayətini əlinə keçirdi. XVI əsrin ilk ilinin axırında Səfəvi dövlətinin torpaqları Amudərya çayından Fərat çayına kimi uzanıb gedirdi.
Səfəvi ordusu 1514-cü il avqust ayının 23-də Makunun cənub-qərbindəki Çaldıran düzündə Osmanlı hökmdarı Yavuz Sultan Səlimin ordusu ilə başladığı döyüşdən məğlubiyyətlə çıxdı və geri çəkildi. Səfəvilər bu hərblə Ərzincan, Diyarbəkir, Mardin və Anadolunun bəzi vilayətlərini əldən verdilər.
Şah İsmayıl 1524-cü ildə rəhmətə gedənə kimi şimaldakı Şirvanşahları və Şəkini Səfəvilərə tabe etmişdi. Oğlu I Təhmasib (1524-1576) dövründə Şirvan torpaqları Səfəvi dövlətinin tərkibinə daxil edildi və Şəkinin hakimiyyətinə son qoyuldu.
Osmanlı hökmdarı Qanuni Sultan Süleyman 1534,1535,1548,1554-cü illərdə dörd dəfə Səfəvilərin üstünə yeridi. Qanuni bu hücumlarla hər hansı nəticəyə yetişə bilmiyəcəyini başa düşüb 1555-ci ildə Təhmasib ilə Amasyada sülh sazişinə qol çəkdi. I Təhmasibin ölümündən sonra bir müddət Azərbaycanda hakimiyyət mübarizəsi getdi. Bundan istifadə ədən Osmanlı Sultanı III Murad ordusuyla 1578-ci ildə Cənubi Qafqaza daxil olub Şamaxı və Dərbəndi işğal etdi. 12 il çəkən Osmanlı-Səfəvi ixtilafı 1590-cı ildə imzalanan İstanbul sazişi ilə nəticələndi. O dövrdə hakimiyyətə gələn Şah Abbas Azərbaycanın cənub-şərqi istisna olaraq qərbdəki torpaqları Osmanlı imperiyasına təhvil vermək məcburiyyətində qaldı.
Səfəvi türk dövlətinin başına təzəcə keçən I Şah Abbas (1578-1629) Osmanlı İmperiyası ilə mübarizə edə bilmək və Azərbaycanı yenidən ələ keçirmək üçün bəzi mühüm reformalara əl atdı. Təzə hərbi hissələr yaradıldı. Ancaq həddən artıq səhvə yol verildi və dövlət idarələrinə fars mənşəli şəxslər təyin edildi. Dövlətin paytaxtı 1598-ci ildə Qəzvindən İsfahana köçürüldü. Bununla da idarə türk ənənəsindən aralanmağa və tənəzzülə başladı.
Səfəvi dövləti XVIII əsrin əvvələrinə qədər yaşasa da, türk dövlətçilik ənənəsindən tamamiə uzaqlaşaraq fars şahlarının ənənələrini yaşatmağa başlamışdır.
Dövlətin varlığına 1736-cı ildə Nadir şah son qoyub.
Paytaxtı Təbriz, Qəzvin (1555) və İsfahan (1598) şəhərləri
Hakimiyyətdə olan hökmdarlar:
1501-1524 Şah I İsmayıl
1524-1576 I Təhmasib
1576-1577 II İsmayıl
1578-1587 Məhəmməd Xudabəndə
1587-1629 I Abbas
1629-1642 I Səfi
1642-1666 II Abbas
1666-1694 Süleyman
1694-1722 Sultan Hüseyn
1722-1732 II Təhmasib
1732-1736 III Abbas
Səfəvi dövləti
Tarix: 26.11.2014 / 17:38 Müəllif: Aziza Baxılıb: 141 Bölmə: Tariximiz ve rayonlarimiz