Təkcə Quba rayon mərkəzi xəstəxanasının ağ ciyər xəstəlikləri şöbəsində 310 nəfər vərəmli xəstə qeydiyyatdadır
1982-ci ildən qeyd olunan Beynəlxalq vərəmlə mübarizə gününün tarixi 1882-ci il martın 24-də alman mikrobioloqu Robert Koxun xəstəliyin törədicisi olan vərəm çöplərini kəşf etməsi ilə bağlıdır. Dünyada ən geniş yayılmış yoluxucu xəstəliklərdən biri olan vərəmin insana yoluxması hava-damcı yolu ilə baş verir.
Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə son bir neçə ildə vərəmli xəstələrin sayı 10 minə yaxındır. Təkcə Quba rayon mərkəzi xəstəxanasının ağ ciyər xəstəlikləri şöbəsində 310 nəfər vərəmli xəstə qeydiyyatdadır. Şöbənin müdiri Məhəmməd Haşimovun sözlərinə görə, 5 ildir Qubada vərəm xəstələri Ümumdünya Səhiyyə Təşkilatinin "Dots" proqramına əsasən müalicə olunur. Məhəmməd Haşimov bildirir ki, xəstələrə bütün dərmanlar pulsuz verilir.
Bununla belə, Quba rayon mərkəzi xəstəxanasının şöbə müdiri həyəcan təbili çalaraq bildirir ki, rayonda vərəmə yoluxan xəstələrin sayı ildən-ilə artır. Əgər 5 il əvvəl rayonda qeydiyyatda olan vərəm xəstələrinin sayı 180-200 nəfər idisə, ötən il bu rəqəm 260 nəfər təşkil edib. Vərəmli xəstələrin sayının artmasına gəlincə isə Məhəmməd Haşimov bunu xəstəliyin davamlı inkişaf etməsi və insanlarda səhiyyə maarifinin azlığı və ya heç olmaması ilə əlaqələndirir: "Xəstələrin sayı artır. Bunun səbəbi apteklərdən vərəmə qarşı dərmanların yığışdırılmasıdır. Bildiyimiz kimi xəstələr apteklərdən dərmanları alıb qaydasız şəkildə istifadə edirdilər".
Vərəmə qarşı dərman preparatları apteklərdə qadağan edildikdən sonra ağciyər xəstəlikləri şöbəsinə 2 aydır xəstəliyə tutulanların kütləvi axınının olduğunu deyən Məhəmməd Haşimov rəqəmin artacağını itisna etmir və əhali arasında xəstəliyini gizlədənlərin az olmadığını da deyir. Şöbə müdiri rayonda infeksion şöbədə şəraitin olmadığını da xatırladıb.
"İndi biz infeksion şöbədə yerləşmişik. Burada heç bir şərait yoxdur. Avadanlıq köhnədir".
Quba rayon mərkəzi xəstəxanasının şöbə müdiri respublika üzrə vərəmlə mübarizə aylığının başlanıldığını, aylıq ərzində xəstəliyin daha çox yayıldığı yaşayış məntəqələrində kütləvi yoxlamalara start veriləcəyini bildirib.
Tarix: 08.01.2015 / 15:46 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Saglamliq