Həyatımızda geyimlərin, ətirlərin əvəzedilməz rolu var. Lakin çox zaman nə geyindiyimizin, hansı ətirlərdən istifadə etdiyimizin fərqinə belə varmırıq. Biz geyimlərin əynimizdə yaxşı görünməsini, uzun müddət köhnəlməməsini və ucuz qiymətini əsas götürürük. Lakin istifadə etdiyimiz ətir və geyimlərin tərkibi haqqında düşünmürük. Bilmirik ki, müxtəlif kimyəvi tərkibə malik olan ətirlər, süni yolla alınan parçalar həyatımız üçün təhlükə mənbəyidir. Bunu araşdırmalarımız zamanı paltar satıcılarının özləri də etiraf etdilər.
“Cins” parçadan tikilmiş paltar satışı ilə məşğul olan İqbal malları “Sədərk” ticarət mərkəzindən, “optovoy” aldığını söylədi. Satdığı paltarlar arasında pambıq və sintetik olanlar da var. İqbal sintetik paltarların insan orqanizminə ziyan olmasını özü də etiraf edir. Satıcının sözünə görə, müştərilər arasında buna fikir verənlər də var, əhəmiyyət göstərməyənlər də.
Paltar mağazasının sahibi Mikayıl Cavadov isə satdığı malların Türkiyə istehsalı olduğunu bildirdi. “Biz əsasən Türkiyə istehsalı olan paltarlar satırıq. Malı alarkən üstündə siyahı ilə bərabər sertifikat da verilir. Burada istehsal olunmuş paltarın material tərkibi, istehsal edən firma və ölkə qeyd olunur” söyləyən Mikayıl daimi alıcılarının olduğunu və müştərilərinin ona etibar etdiyini vurğuladı.
Satıcı Rafiq Mustafayev isə Pekin fabrikinin istehsalı olan malları satdığını bildirdi. Onun sözünə görə, alıcılar əsasən malın qiyməti və yeri haqqında soruşur. Paltarın tərkibi haqqında soruşanların az olduğunu bildirən Rafiq sintetik paltarların insan orqanizminə zərərli olduğunu etiraf etdi.
Cavid adlı satıcı satdığı paltarlar içərisində pambıq, sintetik və yun qarışığı olanların olduğunu dedi. “Əsasən kostyum satıram, qiymətlərdən asılı olaraq 93% pambıq, 7% sintetik olanlar da olur. 50% yun, 30% pambıq, 20% sintetik olanlar da var. Alıcılar əsasən orta qiymətlərə, yarı təbii, yarı sintetik materiallı geyimlərə daha çox üstünlük verirlər” söyləyən Cavid də etiraf etdi ki, satdığı sintetik tərkibli paltarlar insan orqanizminə ziyandır.
Ətirlərə gəlincə, satıcıların çoxu satdıqları malların məsuliyyətini malı istehsal edən firmaların üstünə atdı.
“Mən ekspert deyiləm ki, satdığım malın tərkibi haqqında bilim. Sertifikat kağızları isə malı topdan aldığımız firmalarda olur. Gedin ətirlərin keyfiyyətini onu istehsal edən firmalardan soruşun” bildirən satıcılara yanaşı, bizə ətirlərin sertifikat kağızını göstərənlər də oldu.
Alıcılar isə məsələyə müxtəlif şərhlər verdilər. Səmayə adlı alıcı paltar alarkən əsasən keyfiyyətə fikir verdiyini söylədi. Səmayə xanım ətirlərin tərkibi ilə maraqlanandan sonra aldığını söylədi. Camal adlı alıcı isə əsasən malı qiymətinin ucuzluğuna görə aldığını dedi. “Tez-tez paltar dəyişdiyim üçün ucuz paltara üstünlük verirəm” söyləyən Xatirə paltarın da insan orqanizminə mənfi təsir göstərdiyini bizdən öyrəndi.
Məsələyə münasibət bildirən tibb elmləri doktoru, professor Qələmxan Məmmədov geyim və ətriyyat vasitələrinin hər birinin sağlamlıq baxımından gigiyenik sertifikatının olmasının vacibliyini vurğuladı. “Gigiyenik sertifikatda göstərilir ki, paltar tərkib etibarı ilə hansı materialdan tikilib. İstifadə olunan ətriyyat vasitəsinin tərkibində hansı qatqılar var” söyləyən həkim sintetik tərkibli paltarların orqanizmin rahatlığına mənfi təsir etdiyini bildirdi. Professorun sözünə görə, belə paltarlardan uzun istifadə nəticəsində insanda müxtəlif problemlər yaranır.
“Müxtəlif kimyəvi birləşmələrdən ibarət olan ətirlərin tərkibində şenol, tsiklik quruluşlu kimyəvi maddələr var. Tibb həmin maddələri insan orqanizmi, dərisi üçün təhlükəli sayır. Xüsusən kontinigen tərkibi olan maddələr çoxluq təşkil etməsi insan orqanizminə zərərlidir. Əgər ətirin tərkibində həmin maddə az faizlə olarsa, bu, sertifikatda göstərilməlidir. Bu zaman ətirdən istifadə etmək olar. Buna xüsusi diqqət vermək lazımdır. Təkcə ətir deyil, eyni zamanda kosmetik vasitələrə də məhsulun tərkibini bəlli edən etiketlər vurulmalıdır” söyləyən Q.Məmmədov mənşəyi bəlli olmayan materiallardan hazırlanan məhsulları təhlükəli hesab edir.
Həkim eyni zamanda “ikinci əl” adı altında satışda olan paltarları sağlamlıq baxımından təhlükəli olduğunu bildirdi. Tərkibcə pambıqdan hazırlanan geyim vasitələrinin insan orqanizmi üçün heç bir təhlükəsinin olmadığını qeyd edən Q.Məmmədov “cins” paltarlarının zərərsiz geyim olduğunu bildirdi. Sonda ekspert fikrini belə ifadə etdi: “Cins tərkibli paltarlar adətən pambıqdan hazırlanır. Belə cinslərin insan orqanizmi üçün zərəri yoxdur”.
Məsələyə münasibət bildirən həkim-dermatoloq Pərvanə Məhərrəmi ətirin kimyəvi qatqılarla zəngin olduqda, orqanizm üçün təhlükə törədə biləcəyini bildirdi. Belə ətirlərin istifadəsi zamanı spreyin dəri ilə təması nəticəsində dəridəki həmin yerdə bədxassəli şişlərin yaranmasına səbəb olduğunu vurğulayan Pərvanə xanım orijinal olmayan, ələxüsus kəskin ətirlərin qoxuların bronxit asma, allergiyanıın yaranmasına səbəb olduğunu bildirdi.
Geyimlərə münasibət bildirən həkim təbii məhsullardan hazırlanmış geyimlərin insan orqanizminə zərərsiz olduğunu qeyd etdi. Süni yolla, sintetik parçalardan hazırlanmış paltarları isə xəstəlik mənbəyi adlandıran Pərvanə Məhərrəmi bəzən bunun ağır nəticələndiyini bildirdi.
Təmiz “cins” paltarların insan orqanizminə mənfi təsir etmədiyini bildirən xanım Məhərrəmi dəfələrlə emal olunmuş məhsullardan alınan “cins” parçaları ziyanlı sayır. Həkim sintetik paltarlardan istifadəni dəridə müxtəlif xəstəliklərin əmələ gəlməsinə, sinirin pozulmasına, qan dövranının pozulmasına səbəb ola biləcəyini xatırlatdı.
“Xarici ölkələrdən gətirilmiş, “ikinci əl” adı altında satılan paltarlar isə ümumiyyətlə xəstəlik mənbəyidir. Belə paltarlar müxtəlif infeksiya daşıyıcısı ola bilər. Geyinilmiş paltarlar dəridə “kontakt dermosit”, dəri xəstəliklərinə gətirib çıxarır. Bundan başqa, əgər geyinilmiş paltarın sahibi keçici xəstə olubsa, mütləq paltar da xəstəlik daşıyıcısı olur” qeyd edən P.Məhərrəmi ətir və paltar alarkən diqqətli olmağı tövsiyyə etdi.
Əlbəttə ki, satıcı heç zaman malının qüsurlu cəhətlərini bildirməyəcək. Gərək biz də öz növbəmizdə geyim və ətir alarkən bir az diqqətli olaq. Ucuz mal axtarıb, sağlamlığımız üçün xəstəlik tapmayaq.
Tarix: 08.01.2015 / 14:29 Müəllif: Aziza Baxılıb: 129 Bölmə: Saglamliq