Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Amerikalı alimlər yuxu pozğunluğunu tənhalıqla əlaqələndirirlər

Bu barədə "WebMD" xəbər verir. Araşdırmanı Çikaqo Universitetindən Liann Karinanın rəhbərliyi ilə bir qrup mütəxəssis aparıb. Onların işi ilə bağlı hesabat "Sleep" jurnalında dərc olunub.

Tədqiqatda ABŞ-ın Cənubi Dakota ştatının 95 sakini iştirak edib. Könüllülər arasında orta yaş həddi 40-a yaxın təşkil edib. Alimlər onlara tənhalıq, depressiya, narahatlıq və stresslə bağlı bəzi suallar veriblər, eləcə də onlardan yuxunun keyfiyyətini və gündüz saatlarında yuxusuzluqla bağlı subyektiv fikir söyləməyi xahiş ediblər.

Bundan əlavə, həftə ərzində bütün iştirakçılar biləklərinə xüsusi qolbaq taxıblar. Bu elektron qurğunun köməyi ilə tədqiqatçılar yuxunun davamlılığını ölçüblər, həmçinin yuxu fazalarının dəyişməsini və gümrahlığı qeydə alıblar.

Alimlər aydınlaşdırıblar ki, özlərini tənha hiss edən iştirakçılar gecələr başqalarına nisbətən daha tez-tez yuxudan ayılırlar. Bu zaman qəfildən oyanmaların tezliyi birbaşa yalqızlıq hissinin ifadə olunmasından asılı olub. Bu hissin yuxunun davamlılığı və ya onun keyfiyyətinin subyektiv qiymətləndirilməsi ilə heç bir əlaqəsi aşkar olunmayıb.

Karinanın sözlərinə görə, yuxu pozğunluğuna sosial təcridin şəxsi qavranışı səbəb olur. O, sonda qeyd edib ki, tədqiqatın nəticələri sosial və psixoloji amillərin insan sağlamlığına təsirini sübut edir.


Tarix: 08.01.2015 / 13:55 Müəllif: Aziza Baxılıb: 17 Bölmə: Saglamliq
loading...