Uluxanlı məktəbi barədə
"Qafqaz təqvimi" (rus. "Кавказский календар") məcmuəsinin 1892-ci il tarixli nömrəsində İrəvan quberniyasında Uluxanlı məktəbinin ilk yeni tipli məktəblərdən biri olması və 1881-ci ildə fəaliyyətə başlaması barədə məlumat verilmişdir. Allahverdi Hacı Hüseyn oğlunun evində yerləşən bu məktəbin ilk müdiri o zamanın tanınmış maarifçisi Muxin olmuşdur. Xanlar bəy Həsənbəyov fənn müəllimi, Hacı Məşədi Hüseyn oğlu şəriət müəllimi, Məmməd bəy Lütfəli bəy oğlu Qazıyev, Əbdüləli Bağır oğlu Muxtarov, Rəhim Xəlilov və başqaları burada işləmişdir.
Tanınmış ədəbiyyatşünaslardan və tənqidçilərdən Əziz Şərifin “Molla Nəsrəddinin yaranması” və Qulam Məmmədlinin “Molla Nəsrəddin” kitabında qeyd olunur ki, “keçən əsrin 80-ci illərində (XIX əsr nəzərdə tutulur – Z.M.) Uluxanlı kəndində ilk dünyəvi məktəb açıldı. Görkəmli maarifçi Cəlil Məmmədquluzadə müəllimlik fəaliyyətinə Uluxanlı məktəbində başlamışdır”.
Əziz Şərif “Molla Nəsrəddinin yaranması” kitabında bu məktəb haqqında lazımi məlumatlar vermişdir.
Mədəni irsimizə hörmət əlaməti olaraq respublikada yüksək səviyyədə həyata keçirilən tədbirlər sırasında Uluxanlı məktəbinin 125 illik yubileyinin qeyd olunması, məktəbin keçdiyi yol, məzunları və burada müəllim işləmiş böyük ədib və dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinə ithaf olunan “Zülmət səltənətində məşəl” adlı ensiklopedik toplu- kitabın 2006-cı ildə nəşr olunması təqdirəlayiq haldır. Kitab Uluxanlı məktəbinin keçmiş direktorlarından biri olmuş İsmayıl Abdulla oğlu İsmayılov və dünyasını çox cavan yaşlarında dəyişmiş Eldar Hüseyn oğlu Həsənovun birgə müəllifliyi ilə işıq üzü görmüşdür. Burada Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əvəzsiz xidmətləri olan ünlü ziyalıların tərcümeyi-hal – oçerkləri oxuculara təqdim edilmişdir.
Tarix: 09.02.2015 / 12:10 Müəllif: Feriska Baxılıb: 250 Bölmə: Qərbi Azərbaycan