Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəngibasar mahalı

Zəngibasar mahalı – Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) ərazisində, İrəvan quberniyasına daxil olan ən böyük mahallardan biri.

Mahal öz adını bu yerləri kəsib gedən Zəngi çayının adından götürüb. Zəngi çayı İrəvan şəhərinin Qərbindən keçib, Ağrı vadisindən (dəyişdirilmiş adı Ararat düzənliyi) axaraq Zəngibasar mahalı ərazisində Araz çayına tökülür. Ağrı vadisi boyu Zəngi çayının hər iki tərəfində azərbaycanlı kəndləri mövcud olub. 1930-cu illərin repressiyaları zamanı Zəngibasar mahalının Arazqırağı kəndlərinin əhalisinin böyük bir hissəsi baş götürüb Türkiyəyə köçüb.Coğrafiyası
Araz çayının sol qolu olan Zəngi çayı Göycə (Sevan) gölündən başalayaraq Ağmanqan (Qeğam) sıra dağlarının cənub-qərb qurtaracağı yamaclarını yarıb, yaratdığı dərin dərə ilə axaraq 1000-1200 metr mütləq yüksəklikdə İrəvan (Orta Araz) çuxuruna çıxır. Orta dağlıq ərazinin düzənlikdə qovuşduğu hissədən cənub-qərbə, Araz çayının sol sahilinə qədər uzanan düzənlikdə Zəngibasar mahalı yerləşirdi. İlin yaz və payız aylarında vaxtaşırı daşan Zəngi çayı yataqboyu yerləşən düzənlik ərazini basırdı. Ona görə də bu yerlər- Zəngi çayının daşqın sularının basdığı ərazi «Zəngibasar» adlandırılmışdı. «Zəngi» coğrafi adı isə türk tayfalarının birinin adından götürülmüşdür. Zəngibasar rayonunun ərazisi şimalda İrəvan şəhər sovetliyi, cənub-şərqdə Qəmərli (Artaşad), cənub-qərbdə Eçmiədzin (Üçkilsə) rayonları ərazisi ilə həmsərhəd idi. Rayondan cənuba axan Araz çayı sağ sahili boyu Türkiyə dövləti ərazisi ilə sərhədlənir.

Tarixi
Zəngibasarın (Masis) ərazisi Ermənistanda ən geniş sahəni əhatə edən rayonlardan biri idi. 1938-ci ildə yaranan inzibati rayon idi. 1948-ci ildə Stalinin qərarına əsasən Ermənistandan Azərbaycan SSR ərazisinə məcburi köçürülmüş soydaşlarımızın bir qismi 1960-cı illərdə yenidən vətənə qayıdılar.

1920-1988-ci illərdə azərbaycanlıların başının üstündən rus imperiyasının qılıncı asılmışdı. 1988-ci il noyabr ayının son dörd-beş günü ilə dekabr ayının ilk bir-iki günləri arasında azərbaycanlıların bütün Ermənistanda olduğu kimi Zəngibasardan da qovulnası və kütləvi qırğınlara məruz qalması baş verdi..

Zəngibasar rayonu ərazisində 37 kəndin ancaq dördündə (Azadaşen, Kələley, Yenicə və Cəlilabad) ermənilər yaşayırdılar. Zəngibasar rayonunun mərkəzi Uluxanlıda (Masis) erməni əhalisi ancaq 1950-ci ildən başlayaraq məskunlaşmışdı. Buna səbəb ermənilərin 1948-1949-cu illərdə köçürülmüş Uluxanlı azərbaycanlılarının ev-eşiyini ələ keçirməsi olmuşdu.

Zəngi çayının sağ sahilində yerləşən Göykümbət kəndində azərbaycanlılarla yanaşı, ermənilər də yaşayırdılar. Burada da ermənilər 1918-ci ildən sonra kənddən qovulmuş azərbaycanlıların bir qisminin evini zəbt etmişdilər.

Zəngibasar inzibati rayonu ərazisinə daxil olmuş 37 kəndin siyahısı aşağıda verilir:

Çobankərə
Çöllü Mehmandar
Rəhimabad
Qaraqışlaq
Zəhmət (Xaçaparaq və ya Haçaparaq)
Azadaşen
Göykümbət
Cəfərabad
Dəmirçi Şöllü
Böyük Şöllü
Yuxarı Necili
Aşağı Necili
Sarvanlar
Uluxanlı
Ağhəmzəli
Rəncbər
Sarıcalar
Seyidkənd
Həbilkənd
Reyhanlı
Qulucan
Hacıhəsən evləri
İlxı Qoruğu
Oruclular
Kələley (Kələrə)
Zəngilər (Donuzyeyən)
Hacıelləz
Ağcaqışlaq
Arbat
Xərrətli
Cəbəçili
Təzəkənd
Qaradağlı (sonralar Qəmərli rayonu tabeliyinə verildi)
Yenicə
Xaraba Kolanı
Həsənli (İlxı Qoruğu kəndi dağıldıqdan sonra salınmış kənd)
Çarvax (sonralar İrəvan şəhər sovetliyinə verildi)
Əhalisi
Zəngibasar rayonunun əhalisi 1948-ci ildə köçürülməyə başlayanda orada on minlərlə adam yaşayırdı. 1958-1960-cı illərdən sonra yenidən öz doğma yurdlarına qayıdan əhalinin sayı 1988-ci ilin noyabr ayında 29860 nəfərə çatmışdı. Əslində bu rəqəm də çox azaldılmışdı. Məsələn, 1980-ci ildə Yuxarı Necili kəndindəki orta məktəbdə 519 şagird oxuyurdu. 1988-ci ildə Zəngibasar rayonunda 32 orta məktəb vardı. Deməli, 32 orta məktəbi olan rayonun əhalisi 30 mindən xeyli çox olmalı idi. Şübhəsiz ki, siyahıyaalmada ermənilər azərbaycanlıların sayını az göstərirdilər.

Mədəniyyəti
Zəngibasar mahalının Uluxanlı kəndində 1880-ci ildə, Çobankərə kəndində isə 1890-cı ildə rus məktəbləri açılmışdı. O vaxt həmin məktəbləri «şkula» adlandırırdılar. 1887-ci ildə Cəlil Məmmədquluzadə ilk müəllimlik fəaliyyətini məhz Uluxanlı kəndindəki məktəbdə başlamışdı.

İrəvan şəhərindən olan Məmməd Qazıyev (çox ehtimal ki, o, tarix elmləri doktoru, ADU-nun professoru Məmməd Qazıyevin babası idi), Vedili Şəmidi bəy və başqaları Uluxanlı rus məktəbinin direktoru olmuşlar. XX əsrin ilk illərində Uluxanlı rus məktəbində dərs deyən müəllimlərdən biri əslən iranlı olan Məmmədcəfər idi.

İqtisadiyyatı
Zəngibasar əhalisi əsasən həyətyanı təsərrüfatla (bostançılıq, tərəvəzçilik, maldarlıq, bağçılıq və s.) məşğul olubdur. Zəngibasarlıların əli daim torpaqda olduğundan onlar ən ağır illərdə belə çörəyə möhtac qalmayıblar.


Tarix: 09.02.2015 / 12:10 Müəllif: Feriska Baxılıb: 201 Bölmə: Qərbi Azərbaycan
loading...