Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həşim bəy Hacıyev

Həşim bəy Hacıyev — Azərbaycan Zəngəzur qəzası maarif müdiri.

Həyatı
Həşim bəy Kərbəlayı İbrahim bəy oğlu Hacıyev ‎1897-ci ildə Zəngəzur qəzası Sisian mahalının Şıxlar kəndində anadan olmuşdur. Azərbaycanın Zəngəzur qəzası Sovet hakimiyyəti tərəfindən ermənilərə bəxş ‎edilən ilk torpaqlarımızdandır. 1920-ci ilin noyabr-dekabr aylarında bolşeviklərin ‎birbaşa göstərişləri ilə Azərbaycanın ən səfalı qəzalarından olan Zəngəzur, guya ‎daş-kəsəkdən ibarət və kənd təsərrüfatı üçün əhəmiyyətsiz olduğuna görə ‎‎(Orconikidze, Mikoyan və Stalinin canfəşanlığı ilə) ermənilərə bağışlanılmışdı. ‎Zəngəzurun əhalisinin mütləq çoxluğunu azərbaycanlılar təşkil etdiyindən, sovet ‎hakimiyyətinin ilk illərində onların da nümayəndələri müxtəlif vəzifələrə təyin ‎edilirdi. Belə vəzifələrə təyin edilənlərdən biri də Həşim bəy Kərbəlayı İbrahim ‎bəy oğlu Hacıyev olmuşdur. ‎

Həşim bəy 1897-ci ildə Zəngəzurun Sisian mahalının Şıxlar kəndində ‎dünyaya gəlmiş, dövrünün sayılıb-seçilən adamlarından olmuşdur. Atasını erkən ‎yaşlarında itirən Həşim bəy babasının – o dövrün və qəzanın məşhur xeyriyyəçisi ‎hesab olunan Hacı Hüseynalı bəyin himayəsində böyümüş, ona gözəl təlim-‎tərbiyə verilmişdi. Həşim bəy ilk təhsilini molla məktəbində aldıqdan sonra ‎dünyəvi təhsil almaq üçün babası Hacı Hüseynalı tərəfindən Kazan şəhərinə göndərilir. Həşim bəy Zəngəzur mahalında ‎yüksək təhsil görmüş birinci azərbaycanlı olmuşdur. ‎Sovet hakimiyyətinin ilk illərində Həşim bəy Zəngəzurun Qapan (indiki ‎Qafan rayonu) dairəsində İcraiyyə Komitəsində və maarif şöbəsində, habelə ‎məktəb direktoru vəzifəsində işləyir. Bir müddət Mincivan-Qapan dəmiryolu ‎xəttinin çəkilişinə rəhbərlik edir. ‎

Zəngəzur əhalisinin firavan dolanması üçün bir çox xeyriyyəçilik işləri ‎görür. Babasından qalan var-dövləti ehtiyacı olan müsəlmanlara paylayır. ‎

‎20-ci illərin ikinci yarısında Həşim bəy Zəngəzur qəzası maarif şöbəsinin ‎müdiri təyin edilir. O, burada da öz xeyriyyəçilik işlərini davam etdirir. ‎Himayəsinə sığınan hər bir müsəlman ailəsinə köməklik göstərir. Elə buna görə də ‎bütün qəzanın sevimlisinə çevrilir. Lakin Ermənistan SSR adlanan bölgədə bir ‎azərbaycanlının belə sürətlə vəzifələrə yüksəlməsi ermənilərin diqqətini cəlb edir ‎və o, 1931-ci ildə ermənilər tərəfindən zəhərləndirilib öldürülür. ‎

Belə az ömür sürməsinə baxmayaraq, Həşim bəy kifayət qədər çox ‎uzaqgörən millət nümayəndəsi olmuşdur. Onun xeyriyyəçilik işləri hələ də ‎Zəngəzurdan olan bir çox adamların hafizəsində, xatirəsində yaşamaqdadır. Onun ‎himayəsinə sığınan bir çox azərbaycanlı balaları göstərdiyi şəxsi maliyyə yardımı ‎və özünün şəxsən iştirakı ilə Bakıya gətirilmiş, burada ali təhsilə yeni iş ‎yerləriələnmişlər. Onların bir qismi sonralar müxtəlif bölgələrdə yüksək vəzifələr ‎tutmuşlar. Onun himayəçiliyi ilə təhsil almış şəxslərdən Naxçıvan Vilayət Partiya ‎Komitəsinin ikinci katibi işləmiş, sonralar Naxçıvan Yollar İdarəsinin rəisi olmuş ‎Əjdər Hacıyevi, Kəlbəcər, Beyləqan, Saatlı, Masallı, İmişli, Abşeron rayonlarında ‎Rayon Partiya Komitəsinin katibi və başqa vəzifələrdə işləmiş Zəfər Məmmədovu, ‎Təbrizdə SSRİ konsulluğunda çalışmış, sonralar maliyyə nazirinin müavini ‎olmuş Mürsəl Məmmədovu, Naxçıvanda Meşə təsərrüfatı idərsinin rəisi olmuş ‎Məhərrəm Məhərrəmovu və başqalarını göstərmək olar.‎

Hazırda Həşim bəyin nəvə və nəticələri Azərbaycanın universtetlərində və Azərbaycan Milli Elmlər Akademiyasında, Milli ordumuzda çalışırlar.


Tarix: 06.02.2015 / 17:08 Müəllif: Feriska Baxılıb: 138 Bölmə: Qərbi Azərbaycan
loading...