Həyatı
Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub.
Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər.
Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı - ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir.
1524-cü ildə sarayla birdəfəlik vidalaşaraq doğma yurduna - Göyçə mahalına qayıdır. Ömrünün ahıl çağlarında Sarıyaqubda açdığı ilk məktəb Göyçənin elm, irfan, sənət dünyasında mühüm rol oynayır.
Bir əsrlik ömrü saraylarda, səfərlərdə, həyatın ağrılı-acılı yollarında keçən Miskin Abdal əsrlərdən keçə-keçə rəvayətlərə, əsatirlərə büründü. "Miskin Abdal və Sənubər" dastanı şairin ömür yolundan bəhs edən məhəbbət dastanıdır. Dastanın ruhundan aydın duyulur ki, Miskin Abdal dünyasını dəyişəndən sonra bu dastan onun xalq arasında dolaşan şeirləri əsasında yaranmışdır.
"Şah İsmayıl və Miskin Abdal" dastanı isə öz ideya-bədii xüsusiyyətlərinə görə məhəbbət və qəhrəmanlıq dastanlarından fərqlənir. Bu dastanın süjetində real tarixi hadisələr dayanır. "Aslan şahla İbrahim", eləcə də "Yetim Hüseyn" dastanları isə Göyçənin saz-söz ustalarının söylədiklərinə görə Miskin Abdal tərəfindən yaradılmışdır. Miskin Abdal 105 yaşında vəfat edir. Onun yaşadığı ev, uyuduğu məzar müqəddəs ocaq kimi uzun əsrlər ziyarət edilir. 1535-ci ildə Göyçə mahalının Sarıyaqub kəndində vəfat edib.
Tarix: 05.02.2015 / 17:44 Müəllif: Feriska Baxılıb: 173 Bölmə: Qərbi Azərbaycan