Həyatı
İsa Alıyev 8 oktyabr 1953-cü ildə Dərələyəz mahalının (indiki Ermənistan SSR) Yexeqnadzor rayonunun Qalaser kəndində anadan olmuşdur. Orta məktəbi 1970-ci ildə bitirmiş, 1970-75-ci illərdə keçmiş D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunun "Siyasi iqtisad" ixtisası üzrə qəbul olmuş və oranı bitirmişdir. 1975-ci ildə əyani aspiranturaya qəbul olmuş, 1976-77-ci illərdə Ordu sıralarında hərbi xidmətdə qulluq etmişdir. 1982-ci ildə Azərbaycan EA İqtisadiyyat İnstitutunda "Aqrar sənaye birliklərində iqtisadi mənafelərin əlaqələndirilməsi" adlı 08.00.01 siyasi iqtisad ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmiş, 2005-ci ildən isə "Azərbaycanda aqrar sahədə iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi" adlı doktorluq dissertasiyasını 08.00.05 ixtisası üzrə müdafiə etmişdir.
AMEA İqtisadiyyat İnstitutu direktor vəzifəsini icra edən iqtisad elmləri doktoru, baş elmi işçi, institutun Elmi Şurasının üzvü Alıyev İsa Hüseyn oğlu uzun müddətdir ki, elmi-tədqiqat işlərini yerinə yetirməkdə və onlara rəhbərlik etməkdə, eləcə də yüksək ixtisaslı elmi kadrların hazırlanmasında mühüm təcrübəyə, nüfuza malik olan elm adamlarımızdandır. Onun rəhbərliyi və iştirakı ilə bir sıra – Respublikamızın milli iqtisadiyyatının və müstəqilliyinin məntiqini ifadə edən, aqrar sahənin idarəolunması ilə bağlı elmi tədqiqat işləri yerinə yetirilmişdir. O, 1991-95-ci illərdə "Respublikamızın ASK-nın təsərrüfat mexanizminin təkmilləşdirilməsi", 1995-2000-ci illər ərzində isə "Aqrar münasibətlərin bazar tələblərinə uyğun təkmilləşdirilməsi" adlı elmi-tədqiqat işlərinə rəhbərlik etmiş və mühüm təsərrüfat əhəmiyyətli nəticələr əldə etmişdir.
İ.H.Alıyev eyni zamanda bir sıra hökumət və dövlət əhəmiyyətli işlərin də yerinə yetirilməsində bilavasitə və bilvasitə iştirakçı olmuş, bir sıra monoqrafiyanın müəllifi kimi də tanınmışdır. Onun 6 fərdi, 8 kollektiv monoqrafiyası, 130-a yaxın elmi məqalə, tezisi və qəzet yazıları vardır. Bunlardan aşağıdakıları qeyd etmək olar: "Aqrar sənaye birliklərində iqtisadi mənafelər. Bakı, "Elm" nəşriyyatı, 1978, 7 ç.v.; "Azərbaycan Respublikasında aqrar sahədə iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi", Bakı, Elm, 2003, 20 ç.v. (kitab AMEA RH tərəfindən mühüm əhəmiyyətli iş kimi qiymətləndirilmişdir); "Aqrar sahənin inkişafının təkmilləşdirilməsi və regionlarda islahatların keyfiyyətcə aparılması", Bakı, Universitet nəşriyyatı, 2004, 7 ç.v.; "Milli iqtisadiyyat və aqrar sahənin inkişafı problemləri", Bakı, Elm, 2006, 24 ç.v.; "Qloballaşma şəraitində aqrar sahənin dayanaqlı inkişafının təmin olunmasının sosial-iqtisadi problemləri", Bakı, Elm, 2008, 25 ç.v. (O, həmçinin iyirmiyə yaxın beynəlxalq (Bakı, Minsk, Moskva, Kiyev) və 50-yə yaxın respublika konfranslarının simpoziumlarının iştirakçısı olmuşdur.) Eləcə də İ.H.Alıyevin rəhbərliyi və redaktorluğu ilə onlarla əsərlər də yazılmışdır. O, həmçinin 1980-ci ildən pedaqoji fəaliyyətlə də məşğuldur. Rəhbərliyi ilə 6 elmlər namizədi müdafiyə etmişdir.
- "Mən də beləyəm", 2005, 331 səh. şer kitabının müəllifidir. - Evlidir. 2 oğlu və 2 qızı vardır. - 2003-cü ildə VEKTOR Beynəlxalq Elm Mərkəzi tərəfindən "XXI əsr Azərbaycan ziyalıları" Beynəlxalq layihəsinin qalibi olmuş və "XXI əsr Azərbaycan ziyalıları" Beynəlxalq ensiklopedik kitabına adı salınmışdır. - 2004-cü ildə "V.S.B – Simurq" Fundamental Araşdırmalar Bürosu tərəfindən "Məsuliyyətli və mübariz Azərbaycan vətəndaşı" diplomuna layiq görülmüşdür.
Kitabları
"Aqrar sənaye birliklərində iqtisadi mənafelər. Bakı, "Elm" nəşriyyatı, 1978, 7 ç.v.
"Azərbaycan Respublikasında aqrar sahədə iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi", Bakı, Elm, 2003, 20 ç.v.
"Aqrar sahənin inkişafının təkmilləşdirilməsi və regionlarda islahatların keyfiyyətcə aparılması", Bakı, Universitet nəşriyyatı, 2004, 7 ç.v.
"Mən də beləyəm", 2005, 331 səh. (şeir kitabı)
"Milli iqtisadiyyat və aqrar sahənin inkişafı problemləri", Bakı, Elm, 2006, 24 ç.v.
"Qloballaşma şəraitində aqrar sahənin dayanaqlı inkişafının təmin olunmasının sosial-iqtisadi problemləri", Bakı, Elm, 2008, 25 ç.v.
Haqqında yazılanlar
Tapdıq Əlibəyli, "Sözün işığında bir ömür yaşanır", Poetik buta" (kitab),Bakı, 2013,səh.38-42.
Tapdıq Əlibəyli, "Alim də, şair də ziya yiyəsi", "Sözün dan yeri" (kitab),Bakı, 2014,səh.49-63.
Tarix: 05.02.2015 / 16:24 Müəllif: Feriska Baxılıb: 219 Bölmə: Qərbi Azərbaycan