Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir həyat yoldaşım olsun istədim…

Bir həyat yoldaşım olsun istədim… Sadəcə ona aid olum, onun üçün döyünsün ürəyim, çırpınsın varlığım…

İşdən gəlməyini səbirsizliklə gözləyim, saata həsrətlə baxım, ətirlənib, bəzənim, qapının zəngi çalınanda ürəyim çarpınsın, qaçıb qabağına... sarılım ona… Hər gün ilk və son dəfə gəlirmiş kimi….

Bir həyat yoldaşım olsun istədim. Məni arvadı gözündə görməsin, sadəcə uşaqlarının anası hesab etməsin, evinin qulluqcusu bilməsin. Onun evinin xanımı, sirlərini bölüşəcəyi ən yaxın dostu olum. Xırda məişət məsələlərini problem etməsin, Ev çirklidirsə, boşqab yuyulmayıbsa, yemək hazır deyilsə, sadəcə gülümsəsin, öpsün yanaqlarımdan, «Bilirəm yorğunsan, bəlkə evə pizza sifariş verək?» desin

Bir həyat yoldaşım olsun istədim. Onun üçün ən dadlı təamları hazırlayım, salatları xüsusi zövqlə bəzəyim, hər gün heç yorulmadan ən gözəl süfrəni onun üçün açım

Bir həyat yoldaşım olsun istədim. İlk tanış olduğumuz, ilk görüşdüyumuz, ilk öpüşdüyümüz günlərin hər birini xatırlasın. Özəl günlərimizdə məni restorana dəvət etsin, yaxud daha romantik dənizin sahilinə aparsın, uzanaq qumun üstünə, ulduzlara baxaq, ötən günləri xatırlayaq.

Mənə hədiyyə almaq üçün bayramları, ad günlərini, özəl anları gözləməsin. Kiçik bir hədiyyə də olsa mənə tez-tez sürprizlər etsin. Bir şokalat da olsa, yolun qırağından üzüb gətirdiyi bir çiçək də olsa...

Yalnız onun üçün bəzənim, onun üçün geyinim. Yeni paltarlar aldığımda bir-bir soyunum-geyinim onun qabağında. O da səbr və sevgi ilə mənə baxsın, hər geyimdə bir cür gözəl göründüyümü heyranlıqla bildirsin. Geyimlərimə qarışmasın, qadağa qoymasın, qoy özüm onun zövqü üçün sevimli paltarlarımdan imtina edim.

Bir həyat yoldaşım olsun istədim. Bəzən dəlilik etsin. Evin ortasında məni qucağına alıb fırlasın, yaşımın hansı dövründən asılı olmayaraq dəcəllik, şıltaqlıq edəcək qədər səmimiyyət olsun aramızda.

Bir həyat yoldaşım olsun istədim. Saçlarımı sağallamaq, məni əzizləmək, dodaqlarımı öpmək üçün gecələri gözləməsin. Ən maraqlı verilişlərimizi divanda onun qucağına sığınaraq, başımı onun çiyninə yaxud dizinə qoyaraq seyr edim. Hərdən də imkan verməyim baxsın, saçlarını qarışdırım, üz-gözünü öpüşlərə qərq edim.

Bir həyat yoldaşım olsun istədim. İstirahət günlərini fərqli məkanda keçirmək üçün əvvəldən planlar qursun. Bir bazar kinoya, bir bazar teatra, birində boilinqə, birində isə sadəcə qol-qola girib küləyin sərin mehi üzümüzə vura-vura yarıqaranlıqda parkda, həyətdə gəzişək, zarafatlaşaq, deyək-gülək.

Bir həyat yoldaşım olsun istədim. Gərgin iş rejimindən 5 dəqiqə də olsa zaman ayırıb, bir sms göndərsin telefonuma, yaxud mailimə «səni sevirəm» deyə…

İşlərimə dəstək versin, məni qorusun, onun arxamda bir dağ kimi hiss edim, atam da, anam da, övladım, hər şeyim olsun o mənim.

Bir həyat yoldaşım olsun istədim. Ən seksual pünyarlarımı onun üçün geyinim, yataq otağımızı ətirli şamlarla bəzəyim...

Hər gecəmizi maraqlı və rəngarəng etmək üçün bir şeylər düşünüm, fantaziyalar qurum, bitməsin, adiləşməsin, sönməsin ehtirasımız, çılğıncasına sevişək yorulana qədər...

Sonra başımı sinəsinə qoyub sevdiyimin ürək döyüntülərini dinləyərək dünyanın ən xoşbəxti kimi yuxuya gedim.

Bir həyat yoldaşım olsun istədim. Onu övladımın atası olduğu üçün yox, övladımı sevdiyimin bir parçası olduğu, məhz ona aid olduğu üçün sevim.

Bir həyat yoldaşım olsun istədim. O qədər ağıllı, o qədər alicənab, o qədər dünyagörüşlü və mükəmməl bir insan olsun ki, heç vaxt qadın-kişi bərabər olmalıdır düşüncələrini oyatmasın məndə. O mənə AZADLIQ versin, mən imtina edim, deyim, yox, istəmirəm, sən daha güclü ol, qoy mən zəif, zərif olum, sığınım sənə. Gücüm də, AZADLIĞIM da, hər şeyim SƏNSƏN deyim… Bunu ürəkdən deyəcək qədər çox sevdiyim Bir həyat yoldaşım olsun istədim


Tarix: 21.12.2012 / 20:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1946 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...