Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarnı Qurdlu Qadınlar

Bəlkə də yazının başlığına görə artıq qadınlar məni “qara siyahı”ya saldılar, bir çoxu “qarnı qurdlu elə birinci özünsən ki, bu yazını yazırsan” deyəcək, bəziləri isə yazacaqlarımla razılaşacaq.
Başlamadan qeyd edim ki, yazı bütün qadınlara şamil edilməyib. Mən sadəcə, yazdım, söz sahibi götürəcək...



Bu qarnı qurdluluq ki var, bu, çox qəliz məsələdir. Biri deyir düzdü, o biri deyir yox, elə şey olmaz. “Qarnı qurdlu” ifadəsini qadınların bir-birinə paxıllığı mənasında deyirəm. Qadınların bir-birinin uğurunu qəbul etmədikləri fikri məncə, doğrudur. Ətrafımda bu barədə kifayət qədər hadisə cərəyan edir. Yox, yox, özümü nəzərdə tutmuram. Mən hələ o qədər də böyük uğurlara imza atmamışam. Ətrafımdakı qadınların iş həyatında gördüklərimi nəzərdə tuturam.


Təsəvvür edin ki, bu yaxınlarda bir qadın tanışım gözəllik salonu açmışdı. İndi Azərbaycanda hər nə olmasa da, bir aptek, bir də gözəllik salonu “itə tök”dür. Yağışdan sonra çıxan göbələk kimi, gündə biri peyda olur. Həmin tanışımın atasından qalmış bir kənd evi və torpaq sahəsi vardı, həyatını rayon mərkəzində keçirdiyi üçün kənddəki evi satıb sərmayə etmək və yaxşı gəlir gətirən bir işə girişmək fikrinə düşdü. Uzun müddət müşahidələr aparandan sonra gözəllik salonu açmağa qərar verdi.


Xülasə, salonu açdı, yaxşı mütəxəssislər cəlb elədi, endirimləri sayəsində salonu aşıb-daşmağa başladı. Bir gün telefonda danışanda dedi ki, əmisi qızı düz onun salonunun yanında yeni qadın salonu açır. “Rayonda ayrı yer qalmadı?” deyə soruşdum, dedi ki, mənim yaxşı qazandığımı eşidib, o da həvəslənib...


Nə isə, tanışım əmisi qızına da əl tutub, yeni salonuna dəstək verib, peşəkar ustalar cəlb edib. Bir az keçəndən sonra məlum olub ki, əmisi qızı onun bütün müştərilərini xüsusi güzəştlər sayəsində öz salonuna cəlb edir. Bir-bir bütün ustalarını və müştərilərini itirəndən və gizli nömrələrdən telefon zəngi, mesajlar alan tanışım axırda öz salonunu bağlamaq qərarına gəldi. Zənglərdə və mesajlarda “salonu bağla, yoxsa axırın pis olacaq” kimi hədələr alırdı. Bir müddət sonra məlum oldu ki, zəngləri etdirən elə öz əmisi qızı imiş. Amma sübut edə bilmədi. Demək ki, qadın qadının uğurunu qəbul etmir, hətta qan qohumun belə olsa. Ona görə deyirəm, qadınlar (təbii ki, istisnalar da var) qarnı qurdludur...


Heç xoşum gəlməyən bir yazar var, allahdan gizlin deyil, sizdən nə gizlədim, nədənsə bu qadının şəxsiyyəti məndə qıcıq doğurur (Sonralar öyrəndim ki, bir çoxlarında eyni qıcığı yaradır). Amma adamın üstündə allah var, gözəl qələmi var. Yazdıqlarını oxuyuram və bəyənirəm. Onun şəxsiyyəti məni o qədər də maraqlandırmır, yazdıqları əladır. Bu yaxınlarda eşitdim ki, o qadının yazılarına bir saytda qadağa qoyublar. Nə var, nə var, o saytın redaktorunun xanımı da yazardır və oxşar mövzularda yazırlar. Amma insafla deyim ki, bu redaktorun xanımının yazdığı heç iki köpüyə də dəyməz. Öz ayıbını bilir deyə, oxucunun bəyəndiyi rəqib imzanın yayımını məhdudlaşdırır. Həm də ərinin imkanlarından istifadə edərək. Bu qadın da qarnı qurdlu deyilsə, bəs nədir?


Başqa bir misal. Elə qadınlar var ki, rəqibini sıradan çıxarmaq üçün puluna da heyfi gəlmir. İş həyatına görə qısqanır, amma şəxsi həyatını qurdalayır. Pullu piarçılar tutur, ona qonarar ödəyir, məxfi məlumatlar əldə etməsini və yayımlamasını tapşırır. Vay o gündən ki, onun rəqibinin balaca bir gizli işi ola. Ya sevdiyi var, ya uşağı övladlıqdır, bundan xəbər tutan o piarçı açır sandığı, tökür pambığı. Əvəzində qonararını alır təbii ki. Amma əlində alət olduğu o qadının qarnındakı qurdları da bilir, öz çevrəsində onun haqqında danışır. Pulla iş gördürən elə bilir ki, verdiyi pula görə piarçı susacaq, hər şey aralarında qalacaq, amma dəvədən böyük fil var axı. O piarçıya bir az artıq pul verəndə dədəsinin də sirlərini açıb tökür ortalığa.


Belə bir piar kompaniyasının mən də şahidi oldum. Adlı-sanlı xanımlardan biri, hansı ki onu çox adam tanıyır, bu cür bir piar etdirdi, amma osmanlılar demiş, “əlinə-üzünə bulaşdırdı”. Piarçı onu kimin tutduğunu, nə qədər pul verdiyini, rəqibinə nə böhtanlar atdırdığını öz çevrəsindən olanlara etiraf edib. O çevrədən də bir nəfər söhbət əsnasında mənə çatdırdı və beləcə də kənardan “xanım-xatın”, “abırlı-həyalı” görünən o xanımın nə aşın suyu olduğunu gördük. Bu yerdə içimdən “bu qadın da qarnı qurdlu deyil, bəs nədir?” demək keçdi...


Xülasə, bu qarnı qurdluluq məsələsi yaman qəliz məsələdir, hələ bilmirəm, bəlkə elə mən də qarnı qurdlulardanam. Bəlkə bacarığımı nümayiş etdirmək üçün fürsətim olmayıb? Bəlkə yoxdu o qurdlardan məndə? Bəlkə bu qarnı qurdluluq məsələsi irsidir? Bəlkə sonradan inkişaf edən bir bacarıqdı?


Tarix: 16.05.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 322 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...